"Bakıdakı
yazarlarla sıx əlaqələr qurmaq istəyirik"
GÜNEYLİ SOYDAŞLARIMIZ SƏTTAR MAHMUDOĞLU VƏ
FƏRHAD EYVƏZİ AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ
MƏDƏNİYYƏTİNİN İRANDA GENİŞ TƏBLİĞİNƏ
ÇALIŞIRLAR
Təbriz şəhərində
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində
ardıcıl fəaliyyət göstərən Səttar
Mahmudoğlu və Fərhad Eyvəzi bugünlərdə
Bakıda olublar. Əməkdaşımızla söhbət
zamanı güneyli soydaşlarımız həm özləri,
həm də Təbriz və Tehranda Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin təbliğilə bağlı
gördükləri işlər barədə geniş məlumat
veriblər.
Səttar Mahmudoğlu Təbrizdə
tibb fakültəsinin mexanika bölməsinin məzunudur. Lakin
dəqiq elmlər sahəsi üzrə mütəxəssis
olması ilə bərabər, hər zaman ədəbiyyat və
mədəniyyət sahəsinə böyük maraq göstərib:
"Uşaqlıqdan bəri Azərbaycan musiqisi və ədəbiyyatı
ilə yaxından maraqlanmışam. Evimizdə Baba
Mahmudoğlu, Zeynəb Xanlarova, Teymur Mustafayev və
başqalarının səsləri yazılmış kasetləri
dinləyərək böyümüşəm". Hələ
tələbəlikdən Azərbaycan ədəbiyyatı ilə
maraqlanan S.Mahmudoğlu universitetdə təhsil
aldığı zaman Azərbaycan türkcəsində "Səhər"
jurnalı nəşr etdiklərini deyib: "Səhər"
dərgisi tələbələr arasında keçirilən
nəşrlər müsabiqəsində iki dəfə
mükafata layiq görülüb. Bacardığımız qədər
Azərbaycan ədəbiyyatının jurnalda çapı
üçün çalışmışıq. Həmin
jurnalda Məmməd Araz, Zəlimxan Yaqub və başqa
tanınmış Azərbaycan şairlərinin əsərləri
çıxıb. Alim Qasımov başda olmaqla istər musiqi,
istərsə də incəsənətin digər sahələrində
çalışan dəyərli sənət adamları ilə
müsahibələrimiz olub". S.Mahmudoğlu Azərbaycan və
fars ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərinə yaxından bələddir. Bu da ona ədəbiyyatın
təbliği yönündə apardığı işlərdə
kömək edir.
Fotorəssam Fərhad
Eyvəzi də "Səhər" jurnalında
S.Mahmudoğlu ilə birgə
çalışdığını, daha çox incəsənətin
rəssamlıq və kino sahəsilə
maraqlandığını vurğulayır. Artıq 8 ildir ki,
Tehranda yaşadığını deyən F.Eyvəzi sənədli
filmlər çəkdiyini, Bakıya gəlməkdə məqsədinin
yazıçılarımızın dram əsərləri və
ssenarilərini alıb, İranda ekranlaşdırmaq
üçün aparmaq olduğunu bildirir.
"Fəaliyyətiniz
təkcə Təbrizlə məhdudlaşırmı, yoxsa digər
şəhərlərdə yaşayan azərbaycanlılarla da
əməkdaşlıq mövcuddur" sualımızı
cavablandıran S. Mahmudoğlu Təbrizdə
çalışmağın bir qədər asan olduğunu
söyləyir: "Amma Azərbaycan türklərinin
yaşadığı digər bölgələrdə də ədəbiyyat
və mədəniyyətimizin təbliği ilə məşğul
olanlar var. Onlar barmaqla sayılacaq qədər az olsalar da, biz həmişə
bir-birimizlə əlaqə saxlamağa
çalışırıq. Doğrudur, bu ünsiyyət
yalnız şəxsi əlaqələr vasitəsilə baş
tutur, lakin hər halda cəhd edirik. Bir layihəmiz olanda birgə
fəaliyyətə əsaslanırıq".
Birgə nəşr
etdikləri "Günəş" jurnalı haqqında da
danışırlar: "İranda çıxan "Günəş"
jurnalı azərbaycanlı gənclərin birgə səyilə
nəşr olunur. Jurnalda kimsənin ayrıca vəzifəsi
yoxdur. Onun işıq üzü görməsi
üçün hamımız birlikdə
çalışırıq. Hamımızın ortaq maddi vəsaiti
əsasında ərsəyə gələn jurnalın nə
ayrıca mətbəəsi, nə də xüsusi
redaksiyası var. Ancaq bütün çətinliklərə
baxmayaraq, Azərbaycan və bütün türk ədəbiyyatına
sevgimiz bizim daha da səylə
çalışmağımıza, çətinliklərin
öhdəsindən gəlməyimizə yardımçı
olur".
Jurnalın Tehranda - Fərhad
Eyvəzinin kirayə qaldığı evdə
yığılan son nömrəsi min nüsxə tirajla
çap olunub. Soydaşlarımızın bildirdiyinə
görə, artıq 4-cü nömrəsi işıq
üzü görən "Günəş"in tirajı hər
dəfə maddi vəsaitdən və tələbatdan
asılı olaraq dəyişir. Dərginin hər sayı bir
mövzuya həsr edilir. İndiyədək üç dəfə
oxucuların görüşünə gələn jurnalın
dördüncü sayında da maraqlı materiallar yer alıb:
"Son sayı qədim el bayramımıza Novruza həsr
etmişik. Jurnalın son nömrəsində mərhum ustad Bəxtiyar
Vahabzadə, şair Ramiz Rövşən, Nobel
mükafatçısı Orxan Pamukla bağlı materiallar yer
alıb".
S.Mahmudoğlu
Bakıdakı yazarlarla sıx əlaqələr qurmaq istədiklərini,
bunun üçün səylə
çalışdıqlarını bildirir: "Biz də, ədəbiyyatla
maraqlanan bir çox gənclərimiz də yeni nəslə mənsub
azərbaycanlı ədiblərin əsərlərilə əsasən
internet vasitəsilə tanış olurlar. İnternet
saytlarının köməyilə Rəşad Məcid, Səlim
Babullaoğlu, Qəşəm Nəcəfzadə, Ədalət
Əsgəroğlu və başqalarının əsərlərini
oxumuşuq. Qəşəm Nəcəfzadənin
"Ölülər bizə gülür" kitabını
orada yayımladıq, maraqla qarşılandı".
Güneyli
soydaşlarımız indiyə qədər xalq
yazıçısı Anarın "Sizsiz" əsərini
və bir çox başqa nəsr nümunələrini,
şairlərimizin şeirlərini oxuduqlarını, dünya
ədəbiyyatında baş verən proseslərin Güney Azərbaycan
ədəbiyyatına da təsirsiz ötüşmədiyini
deyirlər: "Səid Muğanlı, Eyvaz Taha, Seyid Heydər
Bəyaz, Duman Ərdəm, Aydın Araz kimi müasir ədəbi
prosesləri izləyən və postmodernizm üslubunda yazan
şair və nasirlərmiz var. Bizdə sərbəst şeir
geniş yayılıb və poeziya nəsri qabaqlayır. Amma
Azərbaycan türkcəsində yazan görkəmli nasirlərimizdən
Gəncəli Səbahi, Haşım Tərlan, Eyvaz Tahanın əsərləri
də rəğbət doğurur".
Söhbətin sonunda Azərbaycan
ədəbiyyat və mədəniyyət nümunələrini
İrana apararaq fars dilinə tərcümə etmək,
kitablar buraxmaq, sənədli filmlər çəkmək istədiklərini
bir daha qeyd edən güneyli qonaqlar gələcəkdə
buradakı yazarlarla əməkdaşlığı genişləndirmək
niyyətində olduqlarını da vurğulayırlar: "Azərbaycan
ədəbiyyatına, yazar dostlarımıza gözəl
ab-hava, parlaq gələcək arzulayırıq".
Sevinc MÜRVƏTQIZI