İrəvan Teatrı "Xilaskar" tamaşasını təqdim edib

 

Aktyor Evində Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Xilaskar" tamaşasına ictimai baxış keçirilib. Dramaturq Aqşin Babayevin eyniadlı pyesi əsasında hazırlanan tamaşada XX əsrin 90-cı illərində Azərbaycanda baş verən hadisələr diqqət mərkəzindədir. Həmin vaxtlar Azərbaycanda gedən proseslər, Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması və ölkəni parçalanmaqdan xilas etməsi Teatrın təqdimatında özünün səhnə təcəssümünü tapıb. Tamaşanın quruluşçu rejissoru və tərtibatçısı əməkdar incəsənət xadimi Oruc İzzətoğludur. Baş rolu əməkdar mədəniyyət işçisi İftixar Piriyev ifa edir. Digər rollar isə Elmira İsmayılova, Süleyman Nəcəfov, Tamilla Abdullayeva, Elnarə Heydərova və başqa sənətçilərə tapşırılıb.

İctimai baxışdan sonra tamaşa ilə bağlı fikirlərini bölüşən O.İzzətoğlunun bildirdiyinə görə, səhnə əsərində xeyli sayda tarixi faktdan istifadə edilib: "Bu əsər publisistik məzmun daşıdığı üçün bu tamaşanı hazırlamaq çox çətin idi. Burada ənənəvi dram qanunları ilə işləmək mümkün olmur. Tamaşada Heydər Əliyevin çıxışları tarixi stenoqramlar əsasında, bir vergülə, bir nöqtəyə də toxunulmadan, onun nitqləri əsasında tərtib edilib". Tamaşanın həm də tərtibatının müəllifi olan rejissor bu barədə də danışıb: "Səhnədə əvvəlcə "istefa" qışqıran insanların şəkilləri hissə-hissə təsvir olunur. Sonra Heydər Əliyevin səyləri nəticəsində birləşən Azərbaycanın simvolu kimi bu qırıq dekorasiyalar bir bütöv halında tamaşanın axırında nümayiş etdirilir. Bu dekorasiya fonunda Heydər Əliyevin xilaskar obrazı daha qabarıq nəzərə çarpır".

Tanınmış aktyor İftixar Piriyev səhnədə H.Əliyevin obrazını yaratmağın ağır, çətin və məsuliyyətli iş olduğunu önə çəkib: "Mən artıq on ilə yaxındır ki, səhnə fəaliyyətimə fasilə vermişdim. Bu gün isə möhtəşəm bir işlə - dahi rəhbərimizin parlaq obrazını yaratmaqla son illərdə ilk dəfə olaraq səhnəyə çıxıram və bundan qürur hissi keçirirəm. Heydər Əliyev həmişə gözümüzün qarşısında olub, bu baxımdan onun obrazını yaratmaq xüsusilə çətindir, bu daha artıq zəhmət və məsuliyyət tələb edir. Amma inanıram ki, yaradıcı heyətlə birgə tamaşaçıların bəyənəcəyi bir səhnə əsəri hazırlamışıq".

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 30 aprel.- S.7.