"Sarı maşın"ın uzun yolu

 

Fransız yazıçısı Jül Renarın hansı hisslərin təsiri altında öz gündəliyinə belə bir sətirlər yazdığını başa düşə bilmirəm: "Dostlar paltar kimidir. Nə qədər ki, köhnəlməyib, ayrılmaq lazımdır. Yoxsa onlar özləri bizdən ayrılacaqlar".

Əlli yeddi illik ömrümün yarısından bu yana könül həmdəmi, sevinc, qəm ortağı olduğum Nizami Əlioğlu haqqında bu cümlələri yazdığım məqamda fransız Jül Renarın yuxarıdakı fikrinin yanlışlığına bir daha əmin oldum. Mən isə indi 60 yaşının tamamının ərəfəsində yazı-pozu əhli olan qardaşım Nizami haqqında yubiley yazısı yox, yazdıqlarının bəlkə də ilk oxucusu kimi söz demək istəyirəm.

Neçə illərdir ki, Nizaminin nəsr nümunələrini - ona görə nəsr nümunələri deyirəm ki, o, əlinə qələm aldığı cavanlıq çağlarından bu yana şeir də yazıb və o şeirlərin bir qismi hətta "Azərbaycan" jurnalı kimi mötəbər bir mətbu orqanda da dərc edilib - kitab halında görmək mənim də, müəllifin özü kimi, arzum, istəyim idi.

Həm də əvvəllər mənə elə gəlirdi ki, dostum çox güman, kitabının adını "Sarı maşının yolu" qoyacaq...

Bəlkə də o vaxt bu fikir məndə ona görə yaranmışdı ki, "Sarı maşının yolu" Nizaminin ilk ciddi hekayəsi idi, bu hekayədən qabaq Nizami bir neçə satirik, yumoristik hekayələrlə "Ədəbiyyat və incəsənət" qəzetinin son səhifəsində çıxış etmişdi və "Sarı maşının yolu" hekayəsi az qala sətir-sətir, sözbəsöz mənim gözlərim qarşısında yazılmışdı.

Onda ötən əsrin səksəninci illərinin əvvəlləri idi. Hazırda Güzdək dəmir yolu stansiyasının rəisi işləyən N.Əlioğlu o vaxt həmin stansiyanın post növbətçisi işləyirdi. "Sarı maşının yolu" adlandırdığı hekayə üzərində işləyən Nizami gündə vur-tut iki-üç cümlə yazırdı, elə bil hər sözü sal qayadan külünglə çapıb qoparırdı. O vaxtlar mənim "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri" qəzetlərində, müxtəlif almanaxlarda, hətta Moskva mətbuatında beş-on hekayəm çap olunmuşdu, guya ki, mən artıq "peşəkar" idim. Və mən "peşəkar" ilk hekayəsini gözlərim qarşısında beləcə ağır-ağır, tər tökə-tökə yazan Nizaminin səbrinə, hövsələsinə, əzmkarlığına heyran qalır, qibtə edirdim.

"Sarı maşının yolu" hekayəsini Nizami Əlioğlu, beləcə, cümlə-cümlə yaza-yaza başa çatdırdı. Onun ardınca "Qızıl zayom" adlı ikinci hekayəsini yazdı. Bu hekayələr Nizaminin özünün yaşadığı, keçirdiyi hiss və duyğuların bədii ifadəsi idi.

Yadımdadır, o vaxtlar oturub-durduğumuz, indi çox tanınmış qələm adamı olan dostlarımız da bu hekayələri bəyənmişdilər. Ancaq hər iki hekayə o illərdə uzun müddət redaksiyaları gəzdi...

Nəhayət, 1994-cü ildə gözəl şairimiz, həm də xeyirxah, qayğıkeş bir insan olan Ələkbər Salahzadə üzünü görmədiyi müəllifin irihəcmli "Sarı maşının yolu" hekayəsini baş redaktoru olduğu "Ulduz" jurnalında çap etdi. O zaman iqtisadi çətinliklər ucbatından çox az sayda çıxan jurnalın nüsxələrindən birini mən, işıq üzü görəndən az qala bir il sonra, Nizamiyə çatdıra bildim. Bəli, "Sarı maşının yolu" beləcə uzun oldu...

Həmin o uzun illər isə xalqımızın, eləcə də Nizaminin taleyindən ağrısız-acısız ötüşmədi. Xalqımız doğma torpaqlarımızın müdafiəsi uğrunda erməni işğalçıları ilə Vətən müharibəsinə qalxmışdı.

Orada, Güzdəkdə - dünyaya gəldiyi Dəvəçidən uzaqda dəmir yolunun üstündəki bir təpədə dostumun şəhid oğlu Həzi Cavadov uyuyur...

Həzinin erkən uşaqlıq illəri Dəvəçidə keçmişdi. Orta məktəbi isə Güzdəkdə oxumuşdu. Hər gün stansiyanın lap beş-on addımlığındakı evlərinin qənşərindən böyük-böyük şəhərlərə keçib gedən neçə-neçə qatar görmüşdü. Adamı uzaqlara çağıran bu qatarlar, kökə, torpağa bağlı olan Həzi balamızı yerindən eləyə bilməmişdi. Paytaxta yaxın qəsəbədə böyüyən uşağın arzusu, çox qəribəydi ki, torpaqla ünsiyyət, əkib-becərmək, quş, heyvan saxlamaq idi! Elə buna görə də Güzdəkdə orta təhsilini başa vurduqdan sonra Dəvəçiyə qayıtmışdı. Burada peşə məktəbinə daxil olub, mexanizatorluq kursunu bitirmişdi. Sakit, başıaşağı, dinc bu oğul bala yer şumlayacaq, torpağı əkib-becərəcəkdi.

Ancaq Həzi Nizami oğlu bu vacib işlərdən əvvəl daha müqəddəs bir iş görməli - torpaqlarımızı yağı düşmənlərdən qorumalı oldu! Özü də qanı bahasına! 1992-ci ilin payızında, ömrünün bahar çağında, 19 yaşı hələ tamam olmamış qeyrətli oğul Laçında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.

"Sarı maşın..." bax belə, qanlı-qadalı, döngəli, itkili yollardan keçdi. "Sarı maşın..." Nizami Əlioğlu üçün, bir növ, yaşadığı hiss və duyğuları, ağrı-acıları, sözü gücü ilə irəli aparan, mənzilə çatdıran vasitəyə çevrildi, rəmzə döndü. Bu hekayədəki dil aydınlığı, şirinlik, incə və dəqiq müşahidə, təbiilik və səmimilik Nizaminin daha sonralar qələmə aldığı əsərlərində, dərinləşdi.

Və Nizami Əlioğlu 2002-ci ildə çap etdirdiyi, hələ ki, yeganə nəsr toplusunu "İlanlı ev" adlandırdı... Elimizdə belə bir atalar sözü, xalq deyimi var: "İlanı görənə lənət, görüb öldürməyənə lənət..." Rəvayətə görə, şeytan nazilib-nazilib bir xırda yer tapıb cənnətə girmiş, orada Həvva nənə ilə Adəm atanı aldadıb yollarından azdıra bilmişdi... Bəlkə də bu atalar sözündə əksini tapan ilana sonsuz qəzəbin, nifrətin kökü-səbəbi elə oradan gəlir, ilanın keçmişi şeytanla bağlıdır. Şeytan isə öz əbədi vəzifəsini yerinə yetirmək üçün cilddən-cildə girməyi bacarır, necə ki, ilan hər dəfə qabığını dəyişir...

İlanlı ev... Demə, uzun müddət heç birimiz görməmişik ki, doğma ocağımızda ev yiyəsi olan ürəyi düz, qəlbi geniş, xeyirxah, həm də sadəlövh olan bizləri hər an çalmağa girəvə axtaran, fürsət gəzən, zəhəri dilinin altında hazır bir ilan yaşayır...

Öz yurd-yuvasından qaçıb Yuxarı Dadaşlıya, Azərbaycan kəndinə pənah gətirən Mesrop burada Musaya çevrilir, kənddə ona "gözünün üstündə qaşın var" deyən də yoxdur.

Qarabağ hadisələri başlayanda, Ermənistandan soydaşlarımız doğma yurd-yuvalarından qovulub qaçqın düşəndən sonra da kənd əhli Mesropa - Musaya ögey baxmağı ağlına gətirmir.

Bir gün Yuxarı Dadaşlıya Qarabağda erməni işğalçıları ilə döyüşlərdə həlak olmuş ilk şəhidi gətirirlər. Elə bu zaman Mesrop da qeyb olur. Kənd bir-birinə dəyir. Fərziyyələr, gümanlar haçalana-haçalana çoxalır. Hətta kəndin "uçastkovı"sı şəhid atası Mirzəli kişidən, kəndin dəliqanlı cavanlarından şübhələnir.

Musanın axtarışında iştirak edənlərin, onlarla birgə polis rəisinə müraciət edənlərin arasında şəhid atası, traktorçu Mirzəli kişi var. Vaxtilə kəsdiyi duz-çörəyə, haqq-salama hörmət qoyan şəhid atasının ürək sözləridir bunlar: "Vallah, heylə Sənəm bacınız da sabaha kimi gözün yummayıb, - traktorçu Mirzəli kişi danışdı. - Yalvarıb-yapışıb ki, müharibədi dayna, kimlərsə xalqı bir-birinə qırdırıbsa, yazıq Musada günah?.."

Bəs povestdə təsvir edilən Musa - ilan?.. Əlbətdə, əsl xislətini dəyişməyən Mesrop isə erməniliyinə sadiq qalır...

Nizami Əlioğlunun "Əl saxla" hekayəsi millətimizə xas bəşəri insanpərvərlik, humanizim ruhundadır. Yeganə oğlu, əri ermənilər tərəfindən öldürülən azərbaycanlı qadın əsir düşmüş yeniyetmə erməni balasının yalvarışlarına, göz yaşlarına dözə bilmir, əsiri güllələmək istəyən komandirin dizlərini qucaqlayır: "Əl saxla!"

Bu hekayəni qəlbində düşmənə qarşı oxucularından da çox qəzəb, kin-küdurət gəzdirən bir qələm sahibi yazıb. mən bir oxucu kimi qələm dostumun səmimiyyətinə, Azərbaycanlı kişinin qəlbinin, ürəyinin böyüklüyünə, bəşəri humanizminə, onun təsvir etdiyi şəhid anasına inanıram...

Nizaminin povest hekayələrini oxuduqca xalqımızın qəlbinin böyüklüyü ilə öyünə-öyünə, qürurlana-qürurlana həm fikirləşirsən: İlanı bundan sonra da olsa, unutmayaq...

Nizami indi 60 yaşın astanasındadır. Qarşıda isə yol durur. Sonu görünməz ömür yolu, sənət yolu... Qoy bundan sonra da köhnəlməyən köhnə dostum Nizaminin ömür yolunda da, sənət yolunda da yaşıl işıq yansın!..

 

 

Aydın TAĞIYEV,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

525-ci qəzet.- 2009.- 30 aprel.- S.7.