Gürcüstanlı uşaqlar Azərbaycan səhnəsində
Bakıda səfərdə
olan Gürcüstanın "Basti-Bubu" uşaq ansamblı
və "Bzikebi" qrupu Heydər Əliyev Sarayında
konsert proqramı ilə çıxış edib. Konsert Mədəniyyət
və Turizm Nazirliyinin, Gürcüstanın Azərbaycandakı
səfirliyinin və "Lider Media Holdinq"in təşkilati
dəstəyilə baş tutub.
Konsert proqramında
ansambl üzvləri maraqlı, rəngarəng ifalar təqdim
ediblər, "Alisa", "Gözəl və Div",
"Ələddin, Jasmin və Cin", "Buratino" kimi
nağıl qəhrəmanlarını səhnədə
canlandırıblar.
Xatırladaq ki, on
beş ildir fəaliyyət göstərən, 8-11
yaşlı uşaqlardan ibarət olan "Bzikebi" qrupu
2008-ci ildə uşaqlar arasında keçirilmiş
"Eurovision" müsabiqəsinin qalibi seçilib. Qrup səhnədə
gürcü dilində mahnılarla yanaşı, Azərbaycan
dilində "Gəl-gəl, a yaz günləri"ni ifa ediblər.
Sevinc MÜRVƏTQIZI