Firəngiz Əlizadə: "Telekanallarda Bədii Şuranın yaradılmasına ehtiyac yaranıb"

 

Azərbaycan Bəstəkarlar İttifaqının mahnı və estrada musiqisi bölməsinin iclası keçirilib. APA-nın məlumatına görə, İttifaqın sədri Firəngiz Əlizadənin iştirakı ilə keçirilən iclasa qurumun katibi Eldar Mansurov sədrlik edib. E.Mansurov son illər mahnı yaradıcılığı sahəsində xoşagəlməz halların artdığını, qeyri-peşəkar və təsadüfi adamların özlərini "bəstəkar" adlandıraraq, bu sənətə baş vurub, maliyyə imkanlarının hesabına efiri zəbt etdiklərini söyləyib. Belə hallar üzündən bəstəkarlıq sənətinin nüfuzuna xələl gəldiyini söyləyən E.Mansurov mahnı janrından, sənət növündən daha çox insanların şüuruna təzyiq vasitəsi kimi istifadə edildiyini dilə gətirib. O, həmkarlarından artıq həyəcan təbilinin çalındığı bir məqamda belə bir vəziyyətin normallaşdırılması istiqamətində təkliflər və bu istiqamətdə birgə fəaliyyət gözlədiklərini qeyd edib: "Peşəkar bəstəkarların əsərləri bu gün efirdə səsləndirilmir. Bəstəkarlıq sənətini təhqir etmək olmaz. Küçədən gedən sıradan bir şəxs də özünə bəstəkar desin, mən də. Lazımdırsa, lap telekanallara müraciətlər göndərərək, qeyri-peşəkar musiqi ilə peşəkar bəstəkarın yaradıcılığına fərq qoyulmasını tələb etmək lazımdır".

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə mahnı sənəti sahəsində yaşanan nöqsanların nəinki peşəkar musiqiçiləri, hətta sadə insanları da narahat etdiyini vurğulayıb: "İnsanlar mənə tez-tez zəng edib Bəstəkarlar İttifaqının sədri kimi bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün lazımi ölçülər götürülməsini tələb edirlər. Bəlkə də efirdə səslənən musiqilərin 10 faizi peşəkar bəstəkarların, 90 faizi isə qeyri-peşəkarların payına düşür. Aranjemançılar özləri etiraf edirlər ki, internetdən hazır standart qəlibləri axtarıb tapır, hərəsindən bir parçanı götürüb birləşdirib, mahnı formasına salırlar. Halbuki, onların heç not və ya partitura yazmaq bacarığı yoxdur. Bu məsələləri nizamlamaq üçün telekanallarda Bədii Şura yaradılmasına ehtiyac yaranıb. İstərdik ki, sağlam rəqabətin yaranması üçün bəstəkarlar öz əsərlərini bu şuralara təqdim etsinlər. Telekanalların musiqi redaksiyalarına Bəstəkarlar İttifaqının üzvlərinin cəlb edilməsini çox istərdik. Bununla yanaşı bəstəkarlarımız müasir tələbata cavab verən keyfiyyətli əsərlər yaratmalı və əsərlərini özləri aranjeman etməlidir".

Bəstəkarlardan Sərdar Fərəcov, Mobil Babayev, Vüqar Camalzadə, Nadir Əzimov da Bədii Şura yaradılmasının vacibliyini vurğulayıblar.

İclasın sonunda çıxışlarda vurğulanan problemlərin aradan qaldırılması məqsədilə atılacaq addımlar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
   

 

525-ci qəzet.- 2009.- 30 aprel.- S.7.