"Dəmir" intizam

 

Şeyxov Nəsrullanın dövlət idarələrindən birinə rəhbər təyin edilməsi xalq arasında söz-söhbətə səbəb oldu. Onu yaxşı tanıyanların fikri bu oldu ki, uzun illərdən bəri idarələrdə rəis müavini işləmiş Nəsrulla əməkdaşlar arasında ikinci vəzifədə, yəni rəis müavini vəzifəsində yer almış adam kimi tanındığından təyin olunduğu idarədə birinci şəxs kimi uğurla çalışacağına inam azdır. Nəsrulla müəllimdən gələcəkdə yararlanmaq fikrində olanlar isə onu hey tərifləyir və əvəzsiz adam kimi qələmə verirdilər.

Şeyxov Nəsrulla təzə idarəyə qədəm basan kimi, işə dəmir intizam yaratmaq məramından başladı. O, rus dilində işlədilən ifadələrin hərfi tərcüməsini işlətməkdən qürur hissi duyurdu və özünü rusdilli adam kimi göstərməyə çalışırdı. Nə vaxtsa qəzetlərdə oxumuşdu ki, İngiltərənin sabiq baş naziri Tetçerə rus siyasi ədəbiyyatında "Jeleznaya ledi" deyirlər. Nəsrulla müəllim həm də buna görə "dəmir intizam" həvəskarı idi.

Şəxsən tanıyıb-bildiyi yaxın adamı Caduyeva Pərini özünə köməkçi təyin edəndən dərhal sonra onu yanına çağırıb diqtə etdiyi əmri hazırlamağı tapşırmışdı. Pəri xanım rəisin "dəmir" ifadəsinə öz iradını bildirib demişdi: "Nəsrulla müəllim, bəlkə "dəmir" ifadəsini "möhkəm" mənasında işlədək?"

Bir sözünün iki olmasını xoşlamayan Nəsrulla müəllim köməkçinin bu qeydini qeyzlə qarşılayıb demişdi: "Sənə nə deyirlər, onu da yaz, daha söz münəccimliyi eləmə. "Jeleznıy" sözü "dəmir" mənasındadır, özü də sınmayan dəmir".

Köməkçi-katibə öz iradından dönməyərək belə demişdi: "Nəsrulla müəllim, axı dəmir sınmır, əyilir. Əyilməyən poladdır".

Nəsrulla müəllim özünü qışqırıq qoparmaqdan birtəhər saxlayaraq "Nə deyirsən, polad intizam yazaq? Hay-hay! Dəmir intizam yaz, vəssalam!"

Rəisin əmri divardan asıldıqdan sonra da o, özünə sakitlik tapa bilmədiyindən idarənin məsul əməkdaşlarının toplantısını keçirdi. İdarədə dəmir intizama nail olmağın üstünlüklərindən danışdı və sonda bildirdi ki, iş vaxtı heç kim ondan icazə almadan, hətta idarə işləri ilə əlaqədar olaraq da, heç yana gedə bilməz.

Təzə rəis dəmir intizama nəzarət etməyi yeni müavini Qələmquliyev İrada tapşırdı. İrad müəllim yerinə yetirməli olduğu əsas işləri bir tərəfə qoyub, rəisin bu tapşırığını özünə göstərilən, əlbəttə ki, rəis tərəfindən böyük etimad kimi dəyərləndirərək idarənin dəhlizlərində qaravulda dayanmağa başladı ki, görsün kim işə vaxtında gəlmir, kim işə çıxmır, kim kiminlə dəhlizlərdə söhbət edir və sairə.

İrad müəllim günlərin birində şöbə işçisi Qorxmaz Qorxmazovun bütün gün idarədə olmadığını müəyyənləşdirib, dərhal rəis Nəsrulla Şeyxova bu barədə yazılı məlumat verdi və bunu dəmir intizamın ziddinə olan addım kimi dəyərləndirdi. Nəsrulla müəllim dərhal hiddətlənib, şöbə müdiri Yenilməz Adamovu kabinetinə çağırıb, əvvəlcə ona dəmir intizamın yaranmasına etinasızlıq göstərdiyi barədə xəbərdarlıq etdi. Şöbə müdirinin ünvanına xeyli təhdidlər yağdırandan sonra, nəhayət ki, Qorxmaz Qorxmazovun işə çıxmadığının səbəbini soruşdu: "Qorxmaz Qorxmazov hansı səbəbdən işə çıxmayıb?"

Adamov təmkinini pozmadan dedi ki, Qorxmaz Qorxmazov rayona getdiyinə görə işə gəlməyib.

Bunu eşidən kimi Nəsrulla Şeyxov qeyzlə yumruğunu yazı masasına vurub kəkələyə-kəkələyə soruşdu: "Qorxmazov rayona nə üçün gedib və kimdən icazə alıb?"

Yenilməz Adamov dərhal: "Mən icazə vermişəm" - dedi.

Rəis Şeyxov Nəsrulla daha da coşdu: "Sən kimsən ki, icazə verəsən?"

- Necə yəni mən kiməm, bilmirsiniz ki, mən şöbə müdiriyəm, məgər məni tanımırsınız?

Şöbə müdiri Yenilməz Adamovun bu cəsarəti rəisin heç xoşuna gəlmədi və dedi:

- Bilmirsən ki, idarənin əməkdaşlarına hər hansı bir icazəni vermək hüququ məndədir?

- Bilməyinə bilirəm, ancaq siz məsələni aydınlaşdırmadan hücuma keçirsiniz. Bir soruşun ki, Qorxmaz Qorxmazovun rayona getməsinin səbəbi nədir.

Şeyxov Nəsrulla müəllim dərhal soruşdu:

- Nədir səbəbi bu intizamsızlığın?

Yenilməz Adamov bildirdi ki, bu, intizamsızlıq deyil. Rəis Şeyxov tələsik soruşdu:

- İntizamsızlıq deyil, bəs nədir?

Sonra da dedi ki, işçinin heç bir səbəb olmadan işə gəlməməsi əsl intizamsızlıqdır.

Adamov dilləndi:

- Cənab rəis, Qorxmazovun işə gəlməməsinin səbəbi rayonda yaşayan ata nənəsinin dünyasını dəyişməsidir. Sizcə, nənənin dəfnində nəvənin iştirakı intizamsızlıqdır?

Rəis gözləmədiyi cavabı eşidəndə bir qədər tutuldu, lakin bunu büruzə vermədi.

- Hər halda intizamsızlığa yol vermisən, mənim- rəisin funksiyasını sən öz boynuna götürmüsən.

- Nənəsinin qəfildən ölməsi xəbərini gecə yarısı alan Qorxmazov çarəsizlikdən mənim evimə zəng vurub nə edəcəyini bilmədiyini söyləyəndə mən sizin yerinizə ona icazə verməyi vətəndaşlıq borcu hesab etdim. Zavallı Qorxmazov, məgər gecəyarısı sizdən necə icazə ala bilərdi? Ev telefonunuzu bilmədiyindən lap çaşıb qalmışdı.

Rəis Nəsrulla bir qədər fikirləşəndən sonra, bayaqdan boynunu burub tapşırıq almaq üçün müntəzir dayanmış rəis müavini Qələmquliyev İraddan soruşdu: "İndi nə edək?" Qələmquliyev dərhal dilləndi: "Cənab rəis, onu edək ki, əvvəlcə Yenilməz Adamova vəzifə həddini aşdığı üçün töhmət verək və sonra da məsələyə aydınlıq gətirmək üçün Qorxmaz Qorxmazovu çağıraq və yazılı izahat tələb edək".

Qorxmaz Qorxmazovu rəis Şeyxov Nəsrullanın kabinetinə çağıranda o elə bildi ki, rəis və rəis müavini ona nənəsinin vəfatına görə başsağlığı vermək istəyirlər.

Qorxmazov rəisin kabinetinə daxil olandan sonra rəis Nəsrulla Şeyxovun və rəis müavini İrad Qələmquliyevin ciddi görkəmlərindən şübhələndi. Ona oturmağı da təklif etmədilər. Nənəsinin vəfatı münasibətilə heç başsağlığı da vermədilər. İlk sualları bu oldu: "Nə üçün işə gəlməmişdin?"

Qormazov "Nənəm vəfat etdiyinə görə, onun dəfn mərasimində iştirak üçün rayona getmişdim" - deməklə rəisin və rəis müavininin, üzlərinə bir qədər kədər ifadəsi verməklə, süni şəkildə də olsa, onun halına acıyacaqlarını gözlədi.

Rəis Şeyxov müavini Qələmquliyevə tapşırıq verdi: "Gedin, Qorxmazovun işə gəlməməsinin əsl səbəbini araşdırın və mənə məruzə edin".

Qələmquliyev kabinetinin qapısını açıb yerini kresloda rahatlayandan sonra Qorxmazova belə dedi: "Dəmir intizamı pozmaqda günahlandırılmamaq üçün siz rayonunuza gedib şahidlər tapın, onlardan nənənizin doğrudan da nənəniz olduğunu sübuta yetirən akt alandan sonra icra hakimiyyətində təsdiq etdirin. Nənənizin ata, yaxud ana nənəniz olduğunu sübuta yetirən sənəd də gətirin. Sənəd deyəndə atanızın və ananızın metrikalarının kopiyalarını nəzərdə tuturam. Sonra da rayona nə ilə getdiyinizi göstərən sənəd də gətirməyi unutmayın. Yəni rayona getdiyiniz qatar, yaxud sərnişin avtobusu biletini gətirmək də yadınızdan çıxmasın, yaxşı olar ki, biletlərdə gedib-gəlmə tarixləri də göstərilsin". Rəis müavini Qələmquliyev İrad Qorxmaz Qorxmazovun rayona sənəd dalınca getməsindən ötrü ona rəis Şeyxov Nəsrulladan iki gün də rüsxət aldı.

Qorxmaz Qorxmazov rayona çatan kimi ilk növbədə nənəsinin məzarını ziyarət edib, ona şikayətləndi. "Ay nənə, görürsən də idarəmizin rəisi və müavini başıma nə oyun açırlar, mənə başsağlığı vermək əvəzinə rayona göndəriblər ki, sənin mənim əsl nənəm olduğunu sübuta yetirən sənəd alıb aparım".

Qorxmazov fotoqraf çağırıb nənəsinin şəkli, adı, soyadı həkk edilmiş qəbrinin yanında Qələmquliyevə göstərmək üçün hər ehtimala qarşı şəkil çəkdirdi. Sonra da qohum-qonşudan nənəsinin nəvəsi olması barədə akt da alıb icra hakimiyyətində təsdiq elətdirdi. Rayona gedib qayıtma biletlərini də tapıb digər sənədlərə qoşub Bakıya qayıtdı.

Dəmir intizam tərəfdarı Şeyxov Nəsrullanın qəbuluna düşmək üçün adını siyahıya yazdırdı. Şeyxov Nəsrulla idarədə belə bir dəmir qayda qoymuşdu ki, onun qəbuluna düşmək istəyənlər adlarını hökmən katibə Caduyeva Pərinin siyahısına yazdırmalıdırlar.

Ertəsi gün Qorxmazı rəisin yanına çağırdılar. Rəis Şeyxov Nəsrulla və rəis müavini Qələmquliyev İrad rayondan gətirilən sənədləri nəzərdən keçirdilər, hətta nənənin qəbirüstü şəklinə də xeyli baxdılar. Dəmir intizam əllaməliklərindən, deyəsən, razı qaldılar. Rəis Nəsrulla dedi: "Mən dəmir intizamı sevirəm, intizam olmayan yerdə iş də getməz. Məsələn, mən və mənim hörmətli müavinim İrad Qələmquliyev hətta polis-patrul xidmətində də dəmir intizam yaratmaqdayıq. Biz xidməti maşınımızla gedib-gələndə polislər küçəyə çıxır və yoldan ötən maşınları saxlayırlar ki, hansısa bir hadisə baş verməsin. Səni də dəmir intizama alışdırmaq üçün nənənin həqiqətən nənən olduğunu sübut edən sənədlər istədik və sən də gətirdin. Deməli, dəmir intizamın nə olduğunu özün də yəqin etdin".

Qorxmaz Qorxmazov daha özünü saxlaya bilməyərək hiddətləndi. "Siz mənim başıma gətirdiyinizi dəmir intizam adlandırırsınız? Bəs insanlığınız harada qaldı?"

Rəis Şeyxov özünə toxtaqlıq verərək inamla: "Əvvəlcə dəmir intizam, sonra da insanlıq" - dedi.

 

 

Aprel 2009-cu il

 

Arif HÜSEYNOV

 

525-ci qəzet.- 2009.- 30 aprel.- S.6.