YUVASINI ARAYAN QUŞ

             

İnsan tərifi, vəsf edilməyi tənqiddən çox sevir. Bəlkə də dildə bunun əksini xoşladığını təkid edən tək-tük qeyri-adilər tapıldı, amma hər halda əksəriyyət mədh olunmaqdan daha artıq həzz alır, həm də buna yetərincə maildir, nəinki üzünə qarşı nöqsanlarının, əyər-əskiklərinin deyilməsindən.

Görünür səbəbsiz də deyil.

Oxşanmaq, əslində layiq olduğumuzdan da artıq öyülmək canımıza-qanımıza ana südüylə hopur.

 Hələ ağlımız söz kəsməyən andan analarımız ən şairanə kəlmələri, ən şirin mübaliğələriylə bizi əzizləyə-əzizləyə tərifə alışdırır.

 "Analarımız" - yəni yalnız azərbaycanlıların anaları yox, milliyyətindən asılı olmayaraq hamınınkılar.

Ona görə də tərifə susamaqda bütün dünya təxminən elə bir-birinə uyğun kimidir.

Adi adam tərifdən xoşhallanırsa, tərif eşitməkçün sinov gedirsə, hökmdarların bunu daha artıq istəməsində, imkanlarını da nəzərə alsaq, bunu daha artıq təşkil etdirməsində əcaib bir şey yoxdur. Sadəcə, əndazə məsələsi var. Ən yüksək qiymətlərə layiq insanı da qədərindən artıq, ölçüsündən çox tərif edəndə tərif də dadsızlaşır, şiti-şoru çıxır. Təriflənən də asta-asta o xumarlandırıcı göyəqaldırmaların həqiqət olmasına inanmağa başlayır.

Lakin orta əsrlər Şərq saraylarının mühitinə daldıqca onu anlayırsan ki, taxt-tac yiyələri bu şeirləri tərif kimi yox, ain, dua, dövlət şərqi və marşları kimi qavrayırmışlar:

 

Cahanda yox sənə tay, ey əmir, ədalətdə,

Nə səydə, nə əməldə, nə də səxavətdə.

Şərəf nə varsa, fələklər sənə əta etmiş,

Hünər nə varsa, səni malik oXuda etmiş.

Cahan əmirləri içrə tayın görən yoxdur,

Sənə bərabər olan şah nişan verən yoxdur.

Əsər ki mədhinə həsr olmadı, əsər olmaz,

Qılıncla nizən işə düşməsə, zəfər olmaz!

 

Bu qəsidənin sərlövhəsində "Onun mədhi" yazılıb. Təbii ki, digər vərəqləri çevirincə bu şeirin birbaşa hansı hökmdara ithaf edildiyi aşkarlanır. Amma "onun" yerinə istnilən digər şahın da adı qoyularsa, mahiyyət dəyişməz.

Aydın məsələdir ki, bunu həmin şeirləri dinləyərək qəbul edən, töhfələrə layiq görən hökmdar da duymamış deyildi.

Bu mədhiyyələr, bir növ, sufi təriqətlərində vəcd məqamına yetmək üçün dərvişlərin etdikləri rəqslər, dinlədikləri musiqilər kimiydi.

Bu qəsidələr ab-hava yaradırdı, bu tərifnamələr dərbar təmtərağı və cah-cəlalının bir ayrılmaz parçazı, özəl bir süsü idi.

Tərifdən-tərifə təfavüt var. Bir var sıradan olan insanlar bir-birini tərif eləsin, bir də var bunu şair etsin.

Həm də gözəli, təbiəti, hansısa bir başqa məxluqu yox, hökmdarı tərif etsin, özü də bir dəfə, üç dəfə, beş dəfə yox, elə peşə olaraq durmadan, gecə-gündüz tərif etsin.

Qərb ədəbiyyatlarında da bu var, Şərqdə də.

 

Şair,

Hökmdarın hüzurundasan

Bir göyərçin

Uçub girməz

Qartal yuvasına.

Oxumaz bir bülbül

Şahin qəfəsində.

Bizsə

uçuruq, oxuyuruq,

harda gəldi,

necə gəldi...

 

Bu misralar Vaqif Səmədoğlunundur. Mənə hədiyyə etdiyi dəftərə yazdığı şeirlərindən biridir.

Və sözüm şahin qəfəsində oxumaq istəməyən bülbül yox, ömrü uzunu şahın qəfəsində oxumuş, sözə qiymət verməyi bacaranlar tərəfindən çox istedadlı olduğu təsdiqlənmiş, sözün bülbülü olduğu etiraf edilmiş şair haqqındadır.

 

 

***

 

Hamımıza əziz olan iki məzarlıq var.

Əslində, bütün məzarlıqlar sayğıya, sevgiyə layiqdir.

O əbədi sükut məskənlərində insanlar, ailələr, nəsillərçün ölümləriylə, qayıdışsız gedişləriylə bir az da gözəlləşmiş, munisləşmiş kimsələr uyuyur.

Amma bizlərdən ötrü iki paytaxtımızdakı iki qəbiristanlıq bütün başqa məzarlıqlardan seçilir.

Təbrizdəki "Məqbərət üş-şüəra" ("Şairlər məqbərəsi") və Bakıdakı "Fəxri xiyaban".

Orada da, burada da milləti millət edən, tarix içərisində yurdun başını ucaldan, bütöv xalqın övladı sayılan parlaq zəkalar əbədi rahatlıq tapıblar.

"Fəxri xiyaban" 1948-ci ildə yaradılsa, ilk ağuşuna aldıqlarından biri Üzeyir bəy Hacıbəyov olsa da, az sonra daha əvvəl dünyadan köçmüş Həsən bəy Zərdabi də, Hüseyn Ərəblinski də, Cəlil Məmmədquluzadə də, Əbdürrəhim bəy Haqverdiyev də, Cəfər Cabbarlı da, Müslüm Maqomayev də... orada qovuşmuş, yanaşı olmuş, bu ünvanı Azərbaycandan ötrü müqəddəsləşdirərək and yerlərimizdən birinə çevirmişlər.

Təbrizdəki Sorxab məhəlləsində qərar tutan "Məqbərət üş-şüəra"nınsa yaşı çoxdur.

Mücirəddin Beyləqani də oradadır, Xaqani Şirvani də, Zülfüqar Şirvani də oradadır, Hümam Təbrizi də, Məğribi Təbrizi də, Lisani Şirazi də, Şəkiba Təbrizi də...

Həmin məzarlıqda ilk dəfn olunansa Əsədi Tusi olub. XI əsrin alimi və şairi.

Lakin nə qədər ki Əsədi Tusi oradakı yeganə şair idi, ora sadəcə qəbiristanlıq idi. Azacıq sonra - 1088-ci ildə Qətran Təbrizi də ora gömüləndə bu yerin mənası dəyişir.

Qətran orada torpağa tapşırılan ikinci şairdisə də, məhz onun gəlişiylə bura dönüb olur Şairlər Məzarlığı.

 

 

***

 

Başqa bir yöndə isə Qətran artıq şəriksiz birincidir.

O, farsca yazıb-yaratmış, "Divan" bağlamış ilk məşhur Azərbaycan şairidir. Söz tariximizdəki mühüm bir qanadın, XI əsrdən başlayaraq doqquz əsrdən artıq müddətdə anadilli şeirimizlə yanaşı yaşayıb irəliləyən farsdilli ədəbiyyatımızın başlanğıcını qoyan Qətran Təbrizidir.

Bu, yaxşıdır, yamandır - ayrı mövzudur.

Amma bu, tarixin danılmayacaq həqiqətidir.

Qətran ilkdir.

 

***

 

Ey mənim can sirdaşım, ruzum, ilim, ayım mənim,

Ey gözüm nuru, günəşüzlüm, sən ey Ayım mənim!

Nizə boylum, kirpiyi peykanmisallım, dilbərim,

Ey qara zülfü kəməndim, qaşları yayım mənim.

Sərv qamətlim, nədəndir ruhuma biganəlik?

Yoxsa səndən naümidlikdir fəqətpayım mənim?

Ol qədər hicrində gördüm mən ziyanlar, indi bax,

Xəstədir məhzun ürək, gözlər - axan çayım mənim.

Varsa inciklik belə, ey canımın sultanı, bil,

Xatirindən çıxdımı haqqım mənim, sayım mənim?

Sən mənə can tək yaxınsan, mən sənə candan yaxın,

Tək şirindillikdə, əfsus, olmadın tayım mənim.

 

 Bu şeir Qətran Təbrizinindir və bir məhbuba, sevgili yara həsr olunduğu güman edilən misraların hədəfi başqadır.

Yox, şair istəklisinə üz çevirərək məcazi anlamda "sultanım" demir. O elə gerçəkdən hökmdarı nəzərdə tutur və hökmdarlara da qız-gəlinə olan sayaq bu cür gözəlləmələr bağışlamaq çoxəsrlik ənənəydi.

Qətran həm şairlik məharətində və təəssüf ki, həm də bu ənənəyə can-başla sadiqlikdə müasirləri və sələflərinin çoxunu kölgədə qoydu.

Haçansa həmin sədaqətin onun özünü də kölgədə qoyacağının fərqində deyildimi?

 Bu barədə heç düşünmürdü, ya şairliyin təyinatı, məramı barədə onun qənaəti başqa idi?

 O, saray şairi idi, mədhiyyəçi idi və bununla fəxr edirdi.

Saray şairi və mədhiyyəçi olmağa Qətran zəmanəsinin baxışı başqa idisə də, o dövrlərin içərisində də büsbütün ayrı yol tutan, qələmini saraya fəda etməyənlər də vardı axı...

 

 

***

 

Əbu Mənsur Qətran Azərbaycani 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində doğulub.

 Onillərlə firavan, xürrəm ömür sürən bu şairin yadigar misraları bir tərəfdən onun şadlıq şəhəri Şadiabadda doğulduğunu nişan verirsə, digər tərəfdən ömrünün o biri - qəmli tərəfini, üzdən görünən bəxtiyarlığın alt qatında dərdin, nisgilin olduğunu da anladır:

 

Bu şəhərdə mən sənə xidmətdəyəm, can qəm dolu,

Çox da ki Şadiabadda xəlq edib Allah məni.

 

 Haralı olmasıyla bağlı bu, Qətranın özünün sözüdür. Amma bir qisim təzkirəçilər onun doğum yeri haqda fərqli mülahizələr irəli sürmüş və əsası, qaynağı olmayan bu fikirlər sonralar müəyyən çaşqınlıqlar da doğurmuşdur. Ona görə də min il əvvəlin olmuşları haqqında qəti qərar verməzdən öncə ortada olan, güman gələn məxəzlərin hamısını tutuşdurmaq gərəkdir.

 

***

 

 Hacı Xəlifə "Kəşf əz-zünun" əsərində tutarlı sübut gətirmədən, qaynaq göstərmədən Qətranın Urmiyadan olduğunu bildirir.

Yenə heç olmazsa həmin mənbə Qətranı bu yox, digər Azərbaycan şəhərinə bağlayır.

 Şairimizi Orta Asiyada dünyaya gətirən mənbələr də var.

 Dövlətşah Səmərqəndi yanlışlıqlar, uyğunsuzluqlarla dolu olan, ona görə də tək indi deyil, lap tərtib edildiyi XV yüzildən başlayaraq sən deyən belbağlanası mənbələrdən sayılmayan "Təzkirət üş-şüəra"sında Qətranı Tərməzli edir.

Dövlətşahın tərsavand soraqlarının azdırdığı Şəmsəddin Sami bəy də "Qamus ul-əlam"da sadəcə "Tərməzlidir" yazmır, "Təbrizlidir" yazanlara da arxayın-arxayın qabarır.

 Amma Qətranın öz dilindən qopan sözlərin əks olunduğu "Divan"ı görənlər və daha dürüst qaynaqlardan bəhrələnən əksər təzkirəçilər Qətranın Təbrizli, Şadiabadlı olmasına heç şübhə etməmişlər.

"Tərməz" sözünün həm yazılışca, həm səslənişcə "Təbriz" sözünə bənzərliyi, bir də qüdrətli şairi özününkü etmək istəyənlərin çox yüzillər öncə ədəbi gedişata atdıqları şayiə toxumu beləcə qaynaqlarda cücərib.

 Təbii ki, şairin təvəllüd yeri, dədə-baba yurduyla bağlı özünün mötəbər sözü varkən bu təhər qovuq iddialar bir göz qırpımında dağılıb gedir. Qətran şeirlərini oxuyaraq məftun kəsilmiş, onu "əfsəh üş-şüəra" ("şairlərin ən gözəl danışanı"), "əbləq ül-füsəha" ("sözü gözəllərin ən üstünü"), "əkməl ül-büləğa" ("füsunkar natiqlərin ən kamili") adlandırmış qəsidə ustası Ənvəri Əbivərdi 1134-cü ildə Qətran şeirlərindən ibarət tərtib etdiyi, öz xəttiylə köçürdüyü "Divan"ın müqəddiməsində istinadsız və sübutsuz onu Gilana bənd etmişdir.

 Amma buna nə deyirsiniz ki, Qətranı artıq XXI əsrdə qəsb etmək, azərbaycanlılıqdan çıxarmaq istəyən tamam başqa ünsürlər də peyda olub?!

İnternetə dürtülmüş fitnəkar "Sadval" saytının "Qafqaz Albaniyası - Ləzgistan" səhifəsində Nizami, Məhsəti kimi, Qətranın da azərbaycanlı olmadığı, şairin təxəllüsünün də ləzgi dilində "Qızılquş" mənası verdiyi göstərilir.

 Görəcəkli günlərimiz varmış! Azərbaycanın sərvətlərindən nələrisə qoparmaq, yağmalamaq, oğurlamağa gücü çatmayanda başqasınınkılaşdırmaq indinin yox, yüzillər əvvəlin, şahidi oldunuz ki, lap min il irəlinin qəziyyəsiymiş.

Beləykən bir an da olsa sayıqlığı əldən vermək yaramaz.

Vətənin sərhədi gözün üst qapağıyla alt qapağının arasıdır, - söyləyən hikmət, əlbəttə, haqlıdır.

 

***

 

Qətran həyatı boyu yazıb-pozub və məntiqlə zəngin irsi olmalıymış.

Həm də saraylarla daimi və sıx ünsiyyətləri göz önünə alınarsa, Qətranın ədəbi mirası günümüzə salamat gəlib yetişməliydi. Çünki əlyazmaların bahalı kağızlarda, mahir xəttatlara köçürdülməsi, naxışlanması, cildlənməsi, nüsxələrinin artırılması kasıb şairlərin rahatca girə biləcəyi kol deyildi. Sarayda isə bunu gerçəkləşdirmək xeyli asan idi. Hər dərbarda məvacibi elə mütəmadi olaraq mətnlər köçürdüyü üçün alan xəttatların miqdarı oradakı şairlərin sayından çox idi ki, az deyildi.

Bir sarayın digər saraya yolladığı hədiyyələr sırasına adətən seçmə əlyazmalar da qatıldığından xəzinələrdə bolluca şeir məcmuələri - "Divan"lar, "Məsnəvi"lər, cünglər, bəyazlar bir ucdan hazırlanaraq ehtiyada saxlanırdı.

 Bu minvalla gərək Qətranın əlyazmalarının əlindən indi tərpənmək mümkün olmayaydı.

Amma belə olmayıb.

 Onun adı bəlli bir para əsərləri var ki, hələ onları gördüm deyən yoxdur.

 Yaxın və Orta Şərqin köhnəlməz nəsihətlər kitabının müəllifi Şəms ül-Məali Qabus ibn Vəşmgirin oğlu İskəndər Qətranla simsar imiş.

 Atası "Qabusnamə"ni İskəndərə həsr etdiyi kimi, Qətran da məsnəvilərindən birini dostuna ithaf edib.

 Dövlətşah, Qətranın bu əsərinin adını da verir: "Vamiq və Əzra". Oradaca başqa bir əsərinin də adını çəkir: "Quşnamə".

 Əmin Əhməd Razinin XVI əsrin saxlancı olan "Həft iqlim"i isə digər itkin Qətran əsərinin sorağını çatdırır: "Qövsnamə".

Amma Əmin Əhməd Razi bundan başqa Qətranın dörd müxtəlif vəzndə olan digər dörd məsnəvisindən də bəhs açır. Həm də onun məlumatı işarə edir ki, bu məsnəviləri təzkirəçi bilavasitə görüb, oxuyub. Çünki həmin məsnəvilərin hansı vəzndə olduğunu, həm də yəqin ki, hansı ovqatda səsləndiyini əyaniləşdirməkçün onları müasirlərinin yaxşı tanıdığı əsərlərlə tutuşdurur - məsnəvilərdən birinin Caminin "Söhbət ül-əbrar", ikincisinin Zülalinin "Zərrə və Xurşid" vəznində olduğunu, üçüncüsünün həzəc və dördüncüsünün mütəqarib bəhrində yazıldığını bildirir.

Qətran da lüğətçilikdə gücünü sınayıbmış. Onun "Ət-təfasir" əsərinin də bugünlük adı ortadadır.

Bu, fars dilində ilk izahlı lüğətdir.

Görkəmli İran ədəbiyyatşünası Vəhid Dəstgirdinin "klassik elmlə əsrimizin bilikləri arasında keçid nöqtəsi olan möhkəm bir körpü" adlandırdığı Məhəmmədəli Tərbiyət (1875-1940) "Daneşməndan-e Azərbaycan" ünvanlı əsərində Qətran lüğətinin farsların öyündüyü, lüğətçiliklərinin tarixində ən mükəmməl və zirvə əsərlər saydıqları Əsədinin "Müstəşhədat", Əbu Həfs Sədin "Risalə", Əlaəddinin "Zübdət ül-luğə" kitablarının üçündən də əvvəl meydana gəldiyini iftixarla bəyan edirdi.

Bəs bu Qətran incilərinin özləri haradadır?

 Hanı o məsnəvilər, hanı o lüğət?

Hələ ki, elmin bu suallar qarşısında dili qısadır.

 Amma onların tapılacağına ümidi də kəsmək düz olmaz, çünki gah o, gah bu qaynaqdan "gördüm", "oxudum" əks-sədaları qalxmaqdadır.

 

 

***

 

İranda, Orta Asiyada, Türkiyədə və Hindistandakı əlyazma xəzinələrində neçə-neçə pırtlaşıq düyünlərə kələf ucu ola biləcək və inadlı araşdırıcı nəfəsi dəyməmiş yüzlərlə əlyazmalar mürgüləyir.

1980-ci illərin əvvəllərində Ermənistanda Moskvanın təşkilatçılığıyla keçirilən bir konfransda iştirak edərkən fürsətkən Matenadarana baş vuranda o dövrün özündə də müxtəlif başaldatmalarla, çək-çevirəsalmalarla bizdən gizlədilən fars, ərəb, türkdilli əlyazmaların bir qismini gözdən keçirə bildim.

 Onların çoxu öyrənilməmiş, təsviri verilməmiş, adları, məzmunları belə kataloqda düzgün əks etdirilməmişdi - bilməzlikdən, yaxud qəsdən.

 Bəzilərinin adları mənə Salman Mümtaz arxivindən tanış idi.

Necə?

1956-cı ildə 1930-cu illər sovet repressiyalarının digər qurbanları kimi, Salman Mümtaza da bəraət verilməsi Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təhqiq edilərkən bu alimin də ailəsi müsadirə olunmuş əmlakla bağlı müraciət edir.

 Salman Mümtazın əmlakı nə olacaqdı ki!

Bütün var-yoxunu nadir kitablara, əlyazmalara sərf etmişdi, Azərbaycanı, Orta Asiyanı kənd-kənd gəzərək tariximizin bu dürdanələrini toplamışdı.

 NKVD yırtıcılarında savad və səbir nə gəzirdi apardıqları əlyazmaları adbaad qeydiyyata götürəydilər. Qalaq-qalaq sümürüb apardıqlarını sənədlərdə "Bir kisə kitab", "bir kisə əlyazma", "bir bağlama məktub", "bir sandıq şəkil" deyə qeyd etmişdilər.

 Bəraət komissiyası təzminatı ödəmək üçün Salman Mümtazın evindən hansı əlyazmaların aparıldığını, onların qiymətinin neçə ola biləcəyini aydınlaşdırmalıydı.

 Salman Mümtazın evinə gedib-gəlmiş, onun arxivinə bələd olmuş bir neçə alimdən siyahılar, arayışlar alırlar. Sonra o siyahıları tutuşduraraq üst-üstə düşən məqamlara üstünlük verməklə bir son siyahı tərtib edir, əlyazmaların gözəyarı dəyərini çıxararaq Mümtaz ailəsinə o kitabların "qanbahasını" ödəyirlər.

Bakıda, Əlyazmalar İnstitutundakı Mümtaz arxivindən həmin qeyb olmuş, yandırılmış zənn etdiyim kitabların adlarının çoxu mənə bəlli idi.

Matım-mutum onda qurudu ki, yalnız adlarının qaldığını fərz etdiyimiz o əlyazmaların bir neçəsiylə Matenadaranda rastlaşdım. Hələ bunlar əlimə yetişənlər idi. Görmədiyim nə qədər idi, Allah bilir (hər halda erməni də bilir).

Deməli, hələ 1930-40-cı illərdə Dövlət Təhlükəsizlik Komitəsinə daraşmış daşnaklar yalnız nurlu insanlarımızı məhv etməklə kifayətlənmir, ədəbi, mədəni, tarixi mirasımızı da əl altından Ermənistana ötürürlərmiş.

 Ona görə də Ermənistanın işğalının hüdudları əslində görünəndən qat-qat geniş və dərindir ki, bu təcavüzdən bütün yönləriylə axıracan xilas olmadan biz heç özümüzü fərli-başlı tanıya da bilməyəcəyik.

Çünki düşmən yaddaşımızın da parçalarını, tikələrini, qəlpələrini oğurlayıb.

 Və Matenadarandakı bir neçə cüngdə tanımadığım əski Azərbaycan şairlərinin şeirlərilə yanaşı Qətranın da bir silsilə qəsidəsini tapdım.

 O zaman tamam başqa mövzuları araşdırdığımdan Qətran irsi də, rastlaşdığım ayrı naməlum şairlərimizin yazdıqları da məni həmin anda cəzb etməmişdi, bu mətnləri gələcəkdə ehtiyac olarsa necə tapacağım barədə dəftərlərimdə yüyrək qeydlər aparmışdım.

 Nə biləydik bizi qarşıda nələr gözləyir?!

Məhəmmədəli Tərbiyət "Daneşməndan-e Azərbaycan"da Qətranın 12 min beytlik "Divan"ını öz gözüylə gördüyünü deyir.

 Qətranın məsnəviləri, lüğəti bir yana, heç şeirlər külliyyatı da dolğunluğuyla ortada yoxdur axı.

Qətrana mənsub qəsidələrin böyük hissəsi də uzun zaman "fars şairlərinin Adəmi" adlandırılan Rudəkinin ayağına yazılıb.

Ta XIX əsrə qədər.

 Diqqətcil Azərbaycan təzkirəçisi Rzaqulu xan Hidayət "Məcmə ül-füsəha"sında bu qəbil topluları yaradanların çoxundan fərqli olaraq yalnız toplayıcılıqla məşğul olmamış, alimanə incələmələr də aparmışdı. Qətranı "ən uca ulduzlardan daha yüksəkdə bərq vuran, işığıyla gözlərə nur bağışlayan" adlandıran Rzaqulu xan Hindistanda daşbasma üsulu ilə nəşr edilmiş Rudəki "Divan"ının əslində Qətrana aid olduğunu ilk dəfə kəşf etmiş, bu şeirlərin Rudəkiyə mənsub olmadığını ilk növbədə ən üzdə olan bir əlamətlə isbat etmişdir - qəsidələrin çoxu Rudəkidən xeyli sonra yaşamış Azərbaycan hökmdarlarına həsr edilib ki, Qətran da onların saraylarında yaşayıb-yaradıb.

 Sonralar isə Rzaqulu xan Hidayətin açdığı cığırla gedən böyük İran alimi Səid Nəfisi Rudəkiyə həsr etdiyi sanballı araşdırmasında həqiqəti yerbəyər edib, bu yanlış addımın XVI əsrdən etibarən atıldığını, 1595-97-ci illərdə yazılmış "Fərhəng-e Cahangiri"də ilk dəfə bu xətanın yer aldığını, sonra isə əsərdən-əsərə, əsrdən-əsrə keçərək kök atdığını göstərmiş, nüfuzlu alim hökmüylə Qətranın adından ayrı salınmış şeirlərin hamısını rəsmən ona "qaytarmışdır".

Sağlığında həmkarlarının çoxunun həsəd apardığı, bəxtəvərlik oxuduğu Qətranın "Divan"ısa onun öz adıyla ortaya yalnız 1955-ci ildə çıxır. Azərbaycan alimi Məhəmməd Əli Naxçıvani səkkiz müxtəlif nüsxədən yararlanmaqla Qətranın nisbətən bütöv "Divan"ını araya-ərsəyə gətirməyə müvəffəq olur.

Bu "Divan" əvvəldən-sonacan Qətranın ayrı-ayrı padşahlara və hökm sahiblərinə həsr etdiyi mədhiyyələrdən ibarətdir.

 Yəni tərkibinə bir neçə tərkibbənd, tərci, müqəttə və rübailər daxil olsa da, bu mədhiyyə qəsidələrdən ibarət bir məcmuədir və divançılığın oturuşmuş yol-yolağasına mütabiq olaraq əslində burada başqa şeir şəkilləri də sıralanmalıydı, qəzəllər də olmalıydı. Söz yox ki, yetərincə məhsuldar və məharətli qələm sahibi Qətran qəzəldən də yan keçə bilməzdi. Elə qəsidələrindəki lirik dəst-xətt onun aşiqanə şeirlərinin də ola biləcəyinə dəlalət edir. Doğrudur, "Divan"da birləşən şeirlərdə də sevgi var.

Amma bu, çaşmış sevgidir.

Ünvanı səhv düşmüş məhəbbətdir.

 

 

***

 

 Bəlkə də bu rəqəm bir qədər şişirdilmişdir, amma hər halda qaynaqlar təsdiqləyir ki, Sultan Mahmud Qəznəvinin (999-1030) sarayında eyni vaxtda xidmətdə olan 400 şair varmış. Bu miqdara şəkk etmək olar. Lakin doğruçuluğu ilə seçilən Məhəmməd Oufi hələlik tanıdığımız ilk məşhur təzkirə olan "Lübab ül-əlbab"da Qəznəvilər sarayında çalışan və ad-san qazanmız 29 şairi xatırladır. 29 məşhurun bir neçə yüzün içərisindən parlaması ehtimalı da əsassız deyil. "Məlik üş-şüəra" ("Şairlər sultanı") deyimi də yalnız bir şairanə ifadə yox, ayrıca vəzifə olaraq ilk dəfə Sultan Mahmudun dərbarında təibiq olunur.

 Bu həmin Sultan Mahmuddur ki, Əbülqasım Firdovsiyə sifariş etdiyi "Şahnamə"nin hər misrasından ötrü ona 1 qızıl sikkə boyun olmuş və rəvayətə görə, 60 min beytə sığan məsnəvini mükafatlandırarkən vədinə xilaf çıxaraq qızıl əvəzinə gümüş vermişdi.

 Guya küsən Firdovsi bu ənamdan imtina edərək Sultan Mahmuda kəskin həcv yazandan sonra şah peşmanlamış, bir dəvə karvanının yükü olan 120 min qızılı şairə göndərmişdi.

 Ancaq qızıl yüklü dəvə qatarı şəhərin bir darvazasından daxil olanda o biri darvazadan Firdovsinin cənazəsi çıxırdı...

Şairlərdən əlavə saraylarda nədimlər də olurdu ki, onlar da xeyli dərəcədə şeirlə, ədəbiyyatla, hikmətlə bağlıydılar.

 Səlcuq sultanlarından Alp Arslanın (1063-1072) və Məlik şahın (1072-1092) vəziri olmuş Xacə Nizamülmülk (1018-1092) "Siyasətnamə"sində Sultan Mahmud Qəznəvinin yanında daim 20 nədiminin bulunduğunu, onların yarısının əyləşib, yarısının ayaq üstə dayandığını yazaraq nədim vəzifəsinin mahiyyətinin nədən ibarət olduğunu belə açıqlayır: "Şah qəbulu qurtardıqdan, böyüklər dağılışıb getdikdən sonra nədimin növbəsi çatır.

 Nədim təbiətən müdrik, təmizəxlaq, üzügülər, təmizməzhəb, sirr saxlayan, pakməslək, yaxşı nağıl danışan, lətifə, ciddi hekayələr söyləməyi bacaran, əzbərdən çoxlu rəvayət bilən, həmişə şirin deyib, şirin gülə bilən, nikbin, xoşxəbər olmalıdır.

 ...Nədimləri xoşxasiyyət, xoştəbiət, alim, təvazökar, səbirli olduqda şahın da bədxasiyyət, bədtinət, bədbin və bədtəbiət olmadığı bilinər.

Şah nədimləri tam mənada təmin edilməli, əyan-əşrəf arasında onlara böyük hörmət yaradılmalıdır".

Və nədimin sahib olmalı olduğu bolluca bilik və bacarıqlar, vərdişlər sırasında bir məqama da diqqət yönəldir Nizamülmülk: "Şaha tərəfdar çıxmalı, şahın ağzından hər nə söz qopsa, "afərin", "mərhəba" deməlidir, müəllimlik edib göstəriş verməlidir".

 Beləliklə, saray şairi, nədim vacib dövlət vəzifələri idi və onlar hökmdarın ruhuna, düşüncəsinə yaxın insanlar sayılırdılar. Ayda-ildə hansısa hökmdara bir-iki mədhiyyə yazan, ənamını alıb gedən, sarayın bu və digər ədəbi sifarişini yerinə yetirən şairlə saray şairi başqa-başqa təfəkkürə, müxtəlif yanaşma tərzlərinə malik yaradıcılar idi.

Saray şairləri üçün şairlik dövlət işinin tərkib hissəsi idi və onlardan ötrü şeirin borcu dövlətçiliyə, siyasətə, bu işi həyata keçirən əsas simaya - hökmdara xidmət idi.

 Onların şeir həsr etdikləri hökmdarlar ədəbiyyatdan bixəbər deyildilər. Mükəmməl savadları şəhriyarlara şeiri yaxşıca hiss etmək keyfiyyəti bağışlamaqdan əlavə çox vaxt özlərini də şeir yazmağa iştahlandırırdı.

Bəyəniləsi şairliyi olan hökmdarları da tarix tanıyır və yalnız şah yox, şair kimi də qəbul edib.

Bir söz, - orta çağın şeir nəzəriyyəsini, qəlboxşayan şeir üçün qəlibləşmiş meyarları beş barmaqları kimi bildiklərindən onlara sadəcə tərif edən qəsidələr yazmaqla "əhsən" eşitmək olmazdı.

Bu qoşqular məzmunundan savayı, şeir kimi də misilsiz, hünər örnəyi olmalı idi.

 Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080-1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi.

Və onun Qətrana verdiyi bu qiymət adi tərif deyil, qüdrətli alimin müəyyənləşdirdiyi diaqnozdur: "Mən həyatımda gördüyüm şairlər arasında həkim Qətranı əsas şair kimi tanıyıram, yerdə qalanlar isə şairlik elminə vaqif olan yox, ümumən şairlik təbi olanlardır".

 Digər bilicinin, Məhəmməd Oufinin (vəfatı 1227) hayıl-mayıl dəyərləndirməsi də bundan geri qalan deyil: "Bütün şairlər qətrə, Qətransa dənizdir. Başqa şairlər zərrə, o isə Günəşdir. Onun şeirləri sənətkarlıqda ustadanə, zəriflikdə hamıdan üstündür".

 

 

***

Allah Qətrana böyük şairlik istedadı vermişdi, amma görünür şairlik istedadı azdır.

Gərək Tanrı insandan o şairlik vergisini istifadə etmək istedadını da əsirgəməyə.

Saray Qətranı məmnuniyyətlə qəbul edirdi. Çünki ağlıyla, qabiliyyətiylə, şeirdəki hünərvərliyilə söz ustaları qafiləsində də, nədimlər cərgəsində də birinciliyə layiq idi.

Və Qətran ilhamını güzərana, yaxud gələcəyə həsr etmək deyə iki yol ayrıcında qalanda yaxşı dolanışığı seçmişdi.

 Əsl şair həmişə bir az tərkidünyadır, hamının əhatəsində olanda da bir az tənhadır, öz içərisindədir.

Qətranınsa hissə qapılmaqla arası yox idi.

Cavanlığında şeirə çılğınca bağlandığı olmuşdu.

Sonra isə "ağıllanmışdı".

Şeirin yüyənini maddiyyata sarı döndərmişdi.

 İllər ötüncə dönə-dönə mədhiyyələr həsr edəcəyi Əmir Məmlana ilk tanışlıq məktubunda-qəsidəsində onun barəsində heç kəsin yaza bilməyəcəyi səviyyədə yazmağa hazır olduğunu deyərək əvəzində nə istədiyini də bildirməyi unutmurdu, umacağını da diqqətə çatdırmağa tələsirdi:

 

 Nəsibim olmasa da heç zaman dərgahın,

Cahanda mən kimi yoxdur bu gün də məddahın.

 İki əmir mənə vəqf edib kiçik bir kənd,

Ki məndən özgə əkinçi o kənddə tutmaz bənd.

Bu gün mənimkidir, ancaq sabah mənimki deyil,

 Mənə bu neməti də çox görənlər olmuş, bil!

Sənə açıb deyirəm, ey əmir, dərdimi mən,

Zərər toxunmamalı heç kəsə bu sözlərdən.

Xeyir xəbərlə açsın qulağını Yaradan,

Səxavətində tayın yox bəşərdə, ey Məmlan!

 

 

***

 

Həyatda yarımaq üçün güclülərə, imkanlılara yarınmaq yolunu tutmaq qəbahətdirmi?

 Başlanğıcda şeirini gətirdiyim daxilən azad sənətkar Vaqif Səmədoğlu bir dəfə bu barədə söz düşəndə özünəməxsus müdriklik və kinayə ilə bir fikir söylədi.

 Onun dediyi təxminən olduğu kimi, uzaqbaşı bir hərf təhrifi ilə belə idi ki, gözəgirənlik şair üçün ümumən mümkündür. Amma gərək girəndə necə çıxmağın yolunu da biləsən. İşdi-şayəd bilsən, onda eybi yoxdur, bir-iki dəfə girmək olar.

Qətransa ömrün müəyyən mərhələsindən sonra özünü elə kökləmişdi ki, nə yazsa, bir ucu gedib mədhə çıxırdı.

 

***

 

Bu, daha qəsidə deyil.

"Bahariyyə" yazıb.

Buluda xitabən yazıb.

Yaz gələndə coşan eşq atəşindən ötən bahariyyələrin nə qədər qan qaynadan, ürək atlandıran sevimli örnəkləri var.

Bu da Qətranın "Bahariyyə"si:

 

...Külək sənə at olar gah, çərx bir meydan,

Yerin də gah ucalıq, gah da çalxanan ümman.

 Ağaclara sulu mərcan ilə bəzək verdin,

Bağa, çəmənliyə firuzə don geydirdin.

 O dilbərin ki fəraq-i qəmində odlanıram,

Ürəkdə ağlayıram, canda od tutub yanıram.

 Ürəyim eşq evidir - eşqi onun güldür, inan!

Qıfıllasam qapını, nur, işıq saçar bacadan.

 

Sanki hər şey yaxşı gedir, əsl bahariyyədir ki, var.

 Və Qətran səni qəfildən şirin yuxudan silkələyib oyadan kimi diksindirir.

Anladır ki, xam xəyala düşmə.

Başa salır ki, qəhrəmanı nə buluddur, nə baharın gözəlliyidir.

 İzah edir ki, bu dəm-dəstgah hamısı məmduhunu - hökmdarı öyməyə bəhanədir:

 

Oturduğun saraya yüz gözəl bəzək vurmuş,

Gəzişdiyin çölü yüz nemət ilə doldurmuş.

 Onun camalına bax istəsən süsən görmək,

Düşübsə sünbülə meylin, əlini zülfünə çək.

 

Beləcə, Qətran özünü bir ömür boyu xərcləyib.

 

 

***

 

 Tərif harada bitir, yaltaqlıq harada başlanır?

 Ya bəlkə bunlar ikisi də eynidir?

Ağıllı adamlar təriflə yalmanlığı fərqləndiriblər.

 Alman yazıçısı Jan Pol (1763-1825) "yaltaqlanmaq asandır, tərifləmək çətin" deyirdi.

Qətran dərrakəliydi, bilgin, bişkin idi, sıravi saray məddahlarından fərqli olaraq yarınmağı layiqli tərif ucalığına qaldıra bilirdi.

Amma Onore de Balzak bu mərəzin fəlsəfəsinin xirtdəyindəncə tutaraq düpbədüz söyləyib: "Yaltaqlıq heç vaxt möhtəşəm qəlblərdən törəmir. O, cılız qəlbcikli adamların qismətidir. O adamların ki, mühüm bir şəxsin ürəyinə, qılığına, mühitinə girməkçün olduqlarından da kiçik olmağı bacarırlar".

Qətranın farsca "Divan"ını tanınmış şərqşünas Qulamhüseyn Begdili Azərbaycan dilinə bütünlüklə sətri tərcümə edərək 1967-ci ildə Bakıda nəşr etdirib.

İstənilən şair onu götürüb nəzmə çəkə bilərdi. Amma bu həvəsə düşən olmayıb. Lap götürüb ən lətif bir şəkildə o nəsrən tərcümələri şeirləşdirsəydilər, kim oxuyacaq ki onları!

O şeirlər indi yalnız tarixi mənbə kimi, XI əsr Azərbaycanının, bir sıra sülalələrin, hökmdarların tərcümeyi-halının ayrı-ayrı cizgilərini dəqiqləşdirməkçün kara gəlir.

 O şeirlərdə ürək yoxdur.

 O şeirlərdə gerçək həyat uzaqdan qaraltı kimi görünür.

 

***

 

İslam tarixinə dair kitablarda bir rəvayət var.

 Müsəlmançılığın yenicə yarandığı, hələ yetərincə möhkəm ayaq tutmadığı əyyamlarda bir etiqadlı dindar eşidir ki, filan ucqar kənddə insanlar bir ağacı xaliq sayaraq ona sitayiş edirlər.

Baltasını götürüb dikəlir o ağacı dibindən kəsməyə.

Elə çathaçatda yolunu İblis kəsir.

Qayıdır ki, məni yıxa bilsən, icazə verəcəyəm ki, gedib ağacı qırasan.

Başlayırlar güləşməyə.  

 Elə tutaşan kimi allahpərəst müsəlman İblisin kürəyini vurur yerə, baltasını qaldırır onu öldürməyə.

 İblis yalvarır: "Canıma qıyma, ağacı sındırmağa da getmə, elə edərəm ki, hər səhər balıncının altından bir kisə qızıl taparsan".

 Kişi inanır, baltasını da götürüb qayıdır evinə.

Həqiqətən o gündən başlayaraq hər sabah yastığının altından İblis vəd eləyən qızılları tapır.

 Bir neçə ay belə davam edir, etiqadlı kəndli kef-damaq içində yaşayır və bir gün qızıl kisələrinin dalı kəsilir.

 Hövsələsini basıb üç-dörd gün də gözləyir və nətiçə hasil olmadığını görüncə baltasını götürərək dəbərir İblislə rastlaşdığı kəndə sarı.

Çatan kimi cumur İblisə.

Amma nə illah eləyir, ona gücü batmır. Neçə dəfə girişirsə, hamısında İblis onu çırpır yerə.

 Kişi təəccüblənir: "Axı niyə belə oldu? Nə baş verdi ki, belə qüvvətləndin?"

İblis qımışır: "Mən qüvvətlənməmişəm, sən zəifləmisən. Əvvəl ona görə basılmaz idin ki, sənin içərində təmənnasız Allah eşqi vardı. İndi mənim adamımsan, sənin içərini dolduran tamahdır, nəfsdir, ona görə taqətin azalıb".

 

***

 

Qətran Təbrizdə olub, Naxçıvanda olub, Gəncədə olub...

Hansı saray nazını daha çox çəkirdisə, oradaydı.

Gəzib və qələmi də daim işləyib.

 O, işinin peşəkarı idi.

 Təqribən 1033-1039-cu illərdə Qətran Gəncədə Arran padşahı Əmir Əbülhəsən Əli Ləşkəri Şəddadinin sarayında yaşayaraq ona da bir silsilə qəsidələr həsr etdikdən sonra Təbrizə qayıdır.

Amma Təbrizdə onu sarsıntılı günlər, zəlzələ fəlakəti gözləyirdi.

Tarixi salnamələrin və elə Qətranın özünün bu zəlzələni təsvir edən qəsidəsinin verdiyi bilgilər zəlzələnin şəhəri viran qoyduğunu, dağıdıcı gücü ilə müqayisəsiz bir faciə olduğunu pıçıldayır:

 

Fənaya uğradı Təbriz qəzanın əmri ilə,

Bir anda yetdi fələkdən bu şəhrə gör nə zaval.

 Şəhərdə hər tərəfin altı döndü üst oldu,

Kiçildi qum kimi dağlar, qum oldu dağmisal.

 Əyildi sındı ağaclar, yer oldu dəlmə-deşik,

Yerindən oynadı dağlar, su açdı həm pərü bal.

 Bu yerdə ərşə çatan çoxlu qəsrlər vardı,

Bu yerdə Aydan ötən sərv çəkmiş Ayə sığal.

Həminki sərvlərin qaldı indi bircə yeri,

 Həminki qəsrlərin oldu indi əsli xəyal.

 Əzildi çoxları, onlar cahanı tərk etdi,

Ölənlər öldü, qalan qaldı çox pərişanhal.

 

O dağılan qəsrlərdən biri də elə Qətranın öz mülkü idi. Amma bu göz yaşı, ələm, hıçqırıqlar məngənəsində də Qətran ayıqdır, hissiyyata təslim olmayıb - hökmdarı ruhlandırmaq, onu öymək, zəlzələnin də onun ülviyyətinin müqabilində heç olduğunu nəzmə çəkmək lazımdır.

 Və həmin qəsidədə sərt döngəyə çatıb burulan axın kimi kəskin bir tərzdə misraların səmti dəyişir.

Alt-üst olmuş Təbrizi bir qırağa qoyaraq keçir Əbu Mənsur Məmlanın vəsfinə:

 

Kərəmdə aləm onun qarşısında bir zərrə,

Səbatda, səbrdə Yer, qarşısında bir misqal.

 Döyüşdə canına düşmənlərin bəla sənsən,

Kərəmdə dosta deyirsən: çəkinmə, bəxşişi al.

Gələrsə səcdənə ta cümlə aləmin şahı,

Rəva olar səni bir qiblə sansa bəxt, iqbal.

Unut keçən qəmi artıq, bu dərdi yad etmə,

Düşünmə yersiz, o qəmlər ki ötdü, verdi məlal.

 

 Bu, Qətranın öz düsturudur, hökmdara da məsləhət bilir - keçən gün keçdi, bugünlə yaşa!

 

 

***

 

Bugünlə yaşayanda isə sabaha gedən yol qısalır.

Ağıllı, çox oxumuş, çox bilən Qətran bu həqiqətdən agah olmamış deyildi.

Bilməyinə bilirdi, amma tutduğu cığır başqaydı, getdiyi yol ayrıydı.

Ona görə də yazdıqları bugünə gəlib çatıbsa da, o yazılanlar bugünün deyil.

 Hamısı dünənlə nəfəs alır.

Çünki nəzm kimi kamil olan, hər sözü, hər təşbehi ölçülü-biçili, səliqəli-sahmanlı həmin mənzumələrin ürəyi yoxdur, nəbzi vurmur, cansız, soyuq gözəllərdir onlar.

 

 

***

 

Həmid əd-din Nasir Xosrov Ələvi (1004-1088) "Səfərnamə"sində hicri 438 (1046/7)-ci ildə Təbrizdə Qətranla görüşdüyünü nağıl edir: "Gözəl şeirlər yazırdı, lakin farscanı yaxşı bilmirdi. Yanıma gələrək özü ilə Məncüqün və Dəqiqinin "Divan"larını gətirdi. Oxuyaraq qəliz yerlərini məndən soruşdu. Mən də ona izah etdim. Şərhlərimi yazdı və öz şeirlərini də mənimçün oxudu".

İllərcə bu xəbərin məntiqi dolayısınca alimlər baş sındırıb, hərə bu əhvalatı öz döşünə yatan tərzdə yozmağa cəhd edib.

Biri sübut etməyə çalışıb ki, bir halda Nasir Xosrov Qətranın farscanı yaxşı bilmədiyini deyir, amma həm də özünün yazdığı gözəl şeirlərini oxuduğunu etiraf edir, deməli, Qətran ana dilində - türkcə şeirlər söyləyibmiş.

Bir başqası isə bu nəticəyə gəlib ki, dəri dili və fars dili ayrı-ayrı anlayışlardır. Guya Qətran fars dilinin azəri ləhcəsini yaxşı bilirmiş, həmin ləhcədə şeirlər yazırmış, amma ədəbi fars dili zəif imiş.

Bir başqası mübahisəyə nöqtə qoyduğunu zənn edərək sevincək buyurub - Qətran farscanın yazı dilini yaxşı bilirmiş, danışmağı zəifmiş.

Heç biri deyil.

 Hamısı ləngər vuran, ayaq üstə duruş gətirməyə qadir olmayan özülsüz tutalğalardır.

Qətranın şeirləri əlimizdə - hamısı sağlam ədəbi fars dilində.

Sadəcə, Nasir Xosrovla görüşdüyü ərəfə Qətranın öz izahlı lüğətini tərtib etdiyi çağlar idi, ola bilsin ki, daha təcrübəli saydığı həmsöhbətindən Dəqiqi, Məncüq "Divan"larında olan qədimi sözlərin kökünü, əslini, məna çalarlarını xəbər alırmış. Necə ki, indinin indisində də farsca doğmaca ana dili olan fars oğlu fars yeri gələndə izahlı lüğətləri açır, orta əsrlər şeirində keçən ayrı-ayrı çətin deyişlərin fərqli mənalarını arayır.

 Dili bilməyə-bilməyə həmin dildə gözəl şeirlər yazmaq olardımı?

Əsla!

Qətran farscanı da, ərəbcəni də, öz ana dilini də kamil bilirdi.

 O, sarayın, hökmdarların, münasibət qurmağın, dərbar vəzifəliləriylə yola getməyin dilini mükəmməl bilirdi. Bilməsəydi, hiyləylə, fitnəylə dolu cürbəcür saraylarda bunca uzun müddətdə baş çıxara bilməzdi.

Bu dili yetərincə bilməyənlərin söz deyən dilinin, qələm tutan əlinin, düşünən başının kəsilməsinin tükürpədən təfərrüatları haqqında təzkirə və salnamələrdə qanlı səhifələr az deyil.

 Qətran qılıq dilini bilirdi, meydan dilini bilirdi, güzəranın, dolanışığın dilini bilirdi.

Ömrü yağ-bal içində yaşadı.

Amma hər halda Nasir Xosrov da haqsız deyil.

 Qətranın yaxşı bilmədiyi dil varmış.

 Qətranın yaxşı bilmədiyi dil əsl sevginin dili idi.

Onun damazlıq üçün bircə saf məhəbbət şeiri bizə gəlib çatmadı.

Qətranın yaxşı bilmədiyi dil səmimiyyətin dili idi.

Bircə mənzuməsində belə sidq ürəkdən gələn hansısa açıq etirafı, ürəkboşaltması yoxdur.

Qətranın yaxşı bilmədiyi dil gələcəyin dili idi.

 Bircə isti misrası da özündən sabaha diri gəlib yetişmədi.

 

 

***

 

O yazmağa erkən - 15-16 yaşlarında başlamışdı, tezcə də tanınmışdı, sevilmişdi, amma başqa şeyə gücləri çatmayanda "hələ çox cavandır" deyə dodaq büzən qısqanclarla, paxıllarla da rastlaşmışdı. Dərhal ötkəm-ötkəm cavablarını vermişdi:

 

Ağlı naqislər "Hələ Qətran uşaqdır" söyləyir,

 Yaş əgər azdırsa, ağlın da məgər az olmalı?

 

 Həmin dəliqanlı çağlarında yaxşı bildiyi könül dilini Qətran sarayın ləzzətini duyandan sonra asta-asta unutdu.

 "Mən əslində əkinçiydim, nadanlığımdan şair oldum" söyləyən bu sabiq kəndli balasını unutduğu dil bağışlamadı.

Bəlkə itkin əsərləri də elə buna görə Qətrandan küsərək qeybə çıxmaqla intiqam alıblar?

İxtiyarlığında Qətran məhzun-məhzun ağlamsınırdı:

 

Vəfa quşu, Hüma quşu bu dünyadan qanadlandı,

Uçdu vəhdət aləmindən, bəs haranı yuva saldı?

Yelkənimi dənizlərdə açdı kədər fırtınası,

Qəm çiyninə aldı canı... Can viran bir gülüstandı.

 

Bu, son idi.

 Qoca şair başında köhnə şöhrət havası qalan, lakin artıq yaşlaşmış, səsi sözünə qulaq asmayan müğənni kimiydi.

Daha saraylar heysiz şairə yiyə durmurdu.

Oralara şairin də canısulusu gərək idi.

Ömrü boyu sevgisinin ünvanını səhv salmış, qələmini tacların parıltısına qurban vermiş Qətran son anında vəfa umurdu, ruhunun quşunun harada yuva tapacağından nigaran idi.

Qonası budaq yox idi...

 

 

Hüseynov R.

 

525-ci qəzet.- 27 dekabr.- 2008.- S. 15-18.