Əmir Pəhləvan:
“Şərqdə hər
bir yenilik insanları həyəcan içində saxlayır”
YAZIÇI-REJİSSOR 7 İL ƏVVƏL QƏLƏMƏ
ALDIĞI BİR PYESİNİN QƏRİB SƏHNƏ
TALEYİ BARƏDƏ DANIŞIB
Bu yaxınlarda yazıçı-rejissor Əmir Pəhləvanın pyesi əsasında hazırlanan, hələ geniş auditoriyaya təqdim olunmayan yeni bir tamaşasına baxdım. Qeyd edim ki, 7 il bundan əvvəl qələmə alınan pyes həmin ərəfədə də Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib, amma pyes illər uzunu ortaya çıxmayıb. Bununla belə, pyes xeyli müddətdir ki, Musiqili Komediya Teatrında səhnələşdirilib. Tamaşanın Musiqili Komediya Teatrının repertuarında yeni bir səhifə açacağına inam var. Bu müsahibədə yazıçı-rejissor Əmir Pəhləvan həmin pyes və onun səhnə taleyi barədə fikirlərini bölüşüb.
– Bir pyesin taleyinin nə ilə nəticələnəcəyini 7 ildir ki, gözləyirsiniz.
Zənnimcə, pyes əsasında
hazırlanan tamaşanın
yüksək səviyyədə
alınması sizin intizarınıza tezliklə
son qoyacaq.
– Təbii ki, 7 il əvvəl Nazirliyə təqdim etdiyim pyesin yubanmasının obyektiv və subyektiv səbəbləri var. Öncə pyes əsasında hazırlanan tamaşanın adını şərti olaraq “Xanım, toyun mübarək” adlandırdıq, sonrakı prosesdə yenə də şərti olaraq “Buna da şükür” adının üzərində dayandıq. O dövrdə tamaşanın ssenarisinə baxış keçirildi və bundan sonra müqavilə bağladıq. Müqaviləyə əsasən pyesin tamaşa variantı Musiqili Komediya Teatrında hazırlanacaqdı. Qeyd edim ki, Musiqili Komediya Teatrının o vaxtkı direktoru və bədii rəhbəri Hacıbaba Bağırov pyesi böyük maraqla qarşıladı. Hətta rəhmətlik “qismət olsa, mən də bu tamaşada bələdiyyə rəisini oynayardım” demişdi. Ancaq tale elə gətirdi ki, Hacıbaba Bağırov dünyasını dəyişdi və bir il ərzində onu əvəz edən sərəncamçı direktor Elxan Ocaqov teatrın şura üzvlərini toplayaraq pyes üzərində yenidən fikir mübadiləsi apardı, tamaşanın məşqlərinə başlanmasına dair qərar verildi. Həmin ərəfədə rejissor işinin çətinliyi bizi yubada bilərdi, o mənada ki, teatrın rejissorları yeni tamaşa üzərində işləyirdilər. Buna görə də tamaşanın quruluşu gənc və istedadlı rejissor Namiq Ağayevə həvalə olundu. Tamaşanın son məşqləri getdiyi zaman Əliqismət Lalayev Musiqili Komediya Teatrına direktor təyin olundu. Hələ əvvəldən pyes barədə Əliqismət Lalayevin də xəbəri var idi. Buna görə də pyesin daha səviyyəli formada ortaya çıxması üçün bizə bir qədər də zaman ayırdı. Bu zaman çərçivəsində tamaşada iştirak edən gənc aktyor truppası bir qədər ruh düşkünlüyünə qapıldı. Bunun nəticəsidir ki, onların əksəriyyəti müxtəlif səbəblərdən tamaşadan çıxdılar. Buna baxmayaraq yeni aktyorlar cəlb olundu və bütün hazırlıq işləri bitdikdən sonra tamaşaya baxış keçirildi. Həmin günün səhəri xəbər göndərdilər ki, Nazirliyin nəzdində dövlət studiyası yaradılıb və həmin studiya tezliklə Musiqili Komediya Teatrının tərkibində işlək bir mexanizmə çevriləcək. Təbii ki, bu tamaşa da həmin studiyanın ilk əsəri kimi təqdim olunacaq.
– Gözləmək olar ki, lap yaxınlarda yeni tamaşa ictimaiyyətə təqdim olunsun?
– Doğrusu,
7 il ərzində
o qədər söz verilib ki, artıq
inamımı bir qədər itirmişəm.
Əsərin taleyi o qədər
daşlı-kəsəkli olub
ki, bu ilin
axırına qədər
məsələnin həll
olunacağına inanmıram.
– Fikrimcə,
pyesiniz əsasında
hazırlanan, adı hələ də dəqiq məlum olmayan tamaşa Azərbaycan səhnəsi
üçün bir yenilikdir. Nəyə
görə insanlar yenilikdən çəkinirlər?
– Ümumiyyətlə, Şərq aləmində yaranan hər bir yenilik insanları həyəcan içində saxlayır. Bu, indinin deyil, orta əsrlərdən bəri danışılan bir söhbətdir. Zənnimcə, bu da ondan irəli gəlir ki, Şərq xalqları yeniliyə o qədər də hazır deyil. Mən dəfələrlə öz çıxışlarımda buna toxunuram. Və üstəgəl 70 illik kommunist totalitar rejiminin xofu, steorotipləri, şablonçuluğu artıq bütöv bir nəslin həyatına, fəaliyyətinə öz möhürünü vurub. Birdən-birə hansısa yenilik olanda adamlar onu qəbul etmək istəmirlər. Və yaxud qəbul etsələr də, həzm edə bilmirlər. O mənada ki, öz-özlərinə düşünürlər: axı biz belə görmüşük, bu formada olmalıdır, bunun yolu, qaydası budur və sairə. Əslində burda çətin bir şey yoxdur. Sivilizasiyanın bu cür sürətlə inkişaf etdiyi bir dövrdə, inkişaf etmiş Avropa ölkələrinə inteqrasiyanı nəzərə alaraq bir sıra mövzuların yeni formada, yeni rəngdə üzə çıxarılması gərək onları qorxutmasın. Təəssüf ki, onlar yeniliyi qəbul etməkdə bir qədər də tərəddüd edirlər ki, bu da insan iradəsi ilə, onun zəifliyi ilə bağlıdır. Bəlkə başqa komponentlər də var, ancaq mən bu barədə danışmaq istəməzdim. Sadəcə olaraq bir müəllif kimi bu 7 il ərzində çəkdiyim əzabların, gözlədiyim nəticənin əyani formada təzahürünü görmək istəyirəm.
– Tamaşanın məzmunu istər-istəməz diqqəti çəkir. İki gənc evlənmək istəyir ancaq maddi sıxıntıdan dolayı bu arzularını realaşdıra bilmirlər və tamaşa boyunca onların qarşılaşdıqları hərc-mərclik, özbaşınalıq, diqqət mərkəzində dayanır. Əslində bu hamının bildiyi bir problemdir, yəni günümüzdə də hər an rast gəlinir...
– Sovet dövründə tamaşaya hazırlanan əsərlərdə müəyyən cəsarətli fikirlər olurdu. Ancaq indi müstəqil bir dövlətik, demokratik inkişaf yolunu tutmuşuq, heç bir imperiyanın caynaqları altında deyilik. İndi daha çox yenilik olmalıdır. Təəssüf ki, bəzi insanlar “başım dinc olsun” deyə fikirləşərək klassiklərin əsərlərinə müraciət edirlər, bu günün tələblərinə cavab verəcək əsərlərə üz tutmaq istəmirlər, tamaşaçının istəyi ilə hesablaşmırlar. Bütün bunlara baxmayaraq, yaxşı ki, yeniliyin tərəfdarı olanlar, yeniliyi dəstəkləyənlər az da olsa var. Tamaşaya hazırladığımız pyes iki gəncin məhəbbəti üzərində qurulan musiqili komediyadır. İki gəncin başına gələ biləcək hadisələrin fonunda onlara mane olan cəhətlər, amillər tamaşada açıqlanır.
– Musiqili
komediya janrında yazılmış tamaşada
musiqi seçimi istər-istəməz maraq
doğurur. Yeri gəlmişkən, musiqi seçimi rejissor tərəfindən həyata
keçirilib, yoxsa?...
– Rejissorla
birgə tamaşanın
musiqi seçimini etdik. Təsadüfi deyil ki, tamaşada əsas qəhrəman olan Ələmşah obrazının
ifaçısı Konservatoriyanın
bəstəkarlıq fakültəsini
bitirib. Tamaşadakı mahnıların mətni
mənə, musiqisi, aranjeman işi isə həmin ifaçıya aiddir.
Tamaşada rep də var, muğam da, estrada
və xalq mahnıları da. Bütün bunların seçimini birgə həyata keçirərək maraqlı
bir tamaşa yaranmasına kollektiv şəkildə səy göstərmişik. Bir sözlə,
tamaşa seçmə
musiqilər əsasında
ortaya çıxan bir əsərdir. Yəni sırf müzikldir.
Müsahibəni ULDUZ təqdim etdi
525-ci qəzet.- 2009.- 18 dekabr.- S.7.