Tərcümeyi-halım
(sənədli roman- xatirə)
Görkəmli
şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli
ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam
olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında
özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və
yaradıcılıq yolu keçib. Mərhum şairimiz
işıqlı əməllərilə, hər zaman əsl vətəndaş
mövqeyində dayanması ilə yaxın dövr tariximizin səhifələrinə
öz imzasını həkk edib. 1990-cı illərin
ortalarında – Azərbaycan xalqı üçün olduqca
narahat bir dönəmdə qələmə aldığı
“Tərcümeyi-halım” əsərindən parçaları
oxucularımıza təqdim etməklə unudulmaz Famil Mehdini
bir daha ehtiramla xatırlamağı özümüzə mənəvi
borc bildik.
(İxtisarla)
(Əvvəli olub)
Ayağa qalxdım və
ucadan dedim:- Bir dəqiqəliyə mənə qulaq asın. Sizə
deyiləsi sözüm var. Siz çox mədəniyyətsiz
və tərbiyəsiz adamlarsınız. Siz nankor və
çörək tapdalayanlarsınız.
Onlar oturduqları yerdə
donub qalmışdılar. Bəlkə də qulaqlarına
inanmırdılar. Sonra bir neçəsi ayağa qalxmaq,
xoruzlanmaq istədi.
Mən onların stoluna
yaxınlaşdım və daha ucadan sözümü davam
etdirdim:- Siz görün nə qədər
vicdansızsınız ki, Azərbaycan süfrəsinin
başında oturub onu mundarlayırsınız. Siz azərbaycanlıları
faşistlərlə eyniləşdirirsiniz. Süfrə
üstü olsa da mən sizə tüpürürəm. Sizin
zatınızı, kökünüzü lənətləyirəm
ki, onlardan da sizin kimi nadanlar törəyiblər.
Qırmızı heyvərəsifətin
biri səndələyə-səndələyə qabağa
yeridi, mənə yaxınlaşdı, azərbaycanca dedi:- Siz
nə haqla bizi təhqir edirsiniz? Heç bilirsiniz bu süfrədə
kimlər oturub? O başda oturan erməni xalqının
böyük professoru Antonyandır. O birisi də... bu birisi də...
Mən onun sözünü
yarımçıq kəsdim:- O Antonyana Bakının
çörəyi haram olsun. Bakıda böyüyüb.
Bakıda təhsil alıb. Bakıda professor olub. İndi
Yerevana qaçıb gedib. Burada onun yanında azərbaycanlıların
əleyhinə belə tərbiyəsiz sözlər
danışılır. O da susub diqqətlə qulaq asır, ləzzət
alır.
Mən bu sözləri deyəndə
Abbas Abdulla artıq sağ tərəfimdə
dayanmışdı. Əlini kürəyimə vurdu, yəni
“molodes”. Sonra dilləndi: – Sizin qarşınızda dayanan isə
Azərbaycan şairi Famil Mehdidir. Mən də şair Abbas
Abdullayam. Famil müəllimin sözünə bir şeyi əlavə
edirəm: – O çörək sizə haram olsun. Siz
özünüz faşistsiniz və faşistdən əmələ
gəlməsiniz.
Burada, bu dəqiqədə
iki şey ola bilərdi. Ya bu on beş-iyirmi adam ayağa
qalxıb biz dörd nəfəri boğub məhv edə bilərdi,
ən böyük ehtimal bu idi. Ya da ki... Lakin elə bil
qurbağanın gölünə daş atdın.
Yaltaqlana-yaltaqlana irəli yeridilər:-
Bağışlayın, spirtin təsirindəndir.
Qanmayıblar. Bir az da siz düz başa düşməmisiniz.
Biz tarixi dostlarıq.
Biz bu saxta sözlərdən
imtina etdik. Lakin əl çəkmədilər. Zorla stolumuzu
götürüb stollarına birləşdirdilər. Tez badələri
doldurub sağlığımıza tost dedilər. Adama bir-iki
qurtum da biz içdik. Nə qədər etdilər, oturmadıq.
Çünki yığıncağın vaxtına az
qalırdı. Hamısı ayağa qalxdı. Klarnet
çaldılar, böyür-başımızda oynaya-oynaya
bizi maşına oturtdular...
Biz Gəncəyə, yay
kinoteatrına çatanda təntənəli gecə lap yenicə
başlanmışdı. Yerli yazıçı Altay Məmmədov
sözə başlamışdı. İlk cümlələrini
deyirdi. Bizi rəyasət heyətinə
çağırdılar. Keçib ikinci sırada oturduq.
Qarşımızda şəhər partiya komitəsinin gecəni
idarə edən ikinci katibi və onun da yanında
üçüncü katib – milliyyətcə erməni olan
qadın əyləşmişdi.
Biz oturan kimi ikinci katib geriyə
qanrılıb əsəbi halda dedi: – Niyə gecikirsiniz?
Mən üzr istədim:-
Maşınımız yolda xarab oldu.
Aradan 5-10 dəqiqə
keçmiş bir də bizə tərəf
çöndü: – Yaxşı hərəkət eləmirsiniz.
İntizamı pozursunuz.
Mən yenə
üzrxahlıq etdim və onu da dedim ki, çox da gecikməmişik:
bir-iki dəqiqə. Bu cavabım onun xoşuna gəlmədi.
Bundan bir qədər sonra yenə üzünü bizə
çevirib əmr formasında dedi:- İki şerdən
artıq oxumayın...
Onun bizimlə sərt
danışmağının tək gecikmək yox, başqa səbəbi
də vardı. Birincisi, təzə gələndə, biz
şəhər partiya komitəsi binasında çox qəribə
bir faktın şahidi olduq. Binanın birinci və ikinci mərtəbəsində
sağ dirsəyi stula söykənmiş iki ayaqüstü
şəkil vardı. Bədən eyni idi. Baş müxtəlif.
əslinda ikisi də Leninin şəkli idi. İkinci şəkildə
başı götürüb yerinə N.Nərimanovun
başını qoymuşdular, yəni çəkmişdilər.
Ancaq simmetriyanın pozulduğu dərhal nəzərə
çarpırdı: bədən balaca, baş iri. Mən ilk
tanışlıqdan sonra dözməyib bunu ikinci katibə
dedim. Həm də rəhbərlərin adət etdiyi formada
yox, bir az ütüsüz dedim. Xoşuna gəlmədi.
Heç üzümə də baxmadan “Onu biz də bilirik. Vəsait
ucundandır”,- dedi.
Sonra təlimatçıya
deyəndə ki, Bağır müəllimi tap, mənə
bir balaca çıxış yazsın, dilim dinc durmadı:-
Mirzə Ələkbər Sabir haqqında beş-üç kəlmə
söz demək nə çətin şeydir ki, ona görə
Bağır müəllimi
çağırtdırırsınız,- dedim. Düz
deyirdim, ancaq yersiz deyirdim. Bunu dərhal özüm də
başa düşdüm. Özümü
sındırmadım. “İstəyirsiniz mən yazım,-
dedim.
“Çox sağ ol, – dedi, –
Siz zəhmət çəkməyin. Şerinizi yazarsınız.”
Bununla da bu söhbətlər
qurtardı. Gəncə Pedaqoji İnstitutunda
görüşqabağı iclas zalının açarı
tapılmadı. Çox əlləşdilər, aça bilmədilər.
Axırı balta gətirdilər, qapını qırıb
açdılar. Mən çıxışımda balta məsələsini
xatırlatdım və dedim ki, görünür, Sabir bu
gün də bizə çox lazımdır. Camaat
gülüşdü. Bu söz də katibə
çatmamış olmazdı... Görünür katibin qəzəbi
daha çox gündüzkü bu söhbətlərlə
bağlı idi.
Görüş
qurtarar-qurtarmaz, katib bir təlimatçını
qızışdırıb Abbas Abdullanın üstünə
saldı. Hətta həmin partiya işçisi Abbasa
söyüş söydü. Abbas Abdulla əsəbiləşib
irəli cumdu:- Köpək oğlu, sən öl ağzına
bir şapalaq çəkərəm. Qoduğun
danışdığı sözə bir bax!Partiya
işçisi vəziyyətin tündləşdiyini, mənim
də məsələyə daha geniş (qızım sənə
deyirəm, gəlinim, sən eşit) müdaxilə etdiyimi
görüb küçükləndi:- Ə, Abbas, nə
özündən çıxırsan. Biz yerliyik. Mən də
Gürcüstandanam. Mən sənə ərk eləyirəm.
Abbas yenə dilləndi: –
Tüpürüm sənin kimi mədəniyyətsiz yerlinin
üzünə. Çox nahaq yerə eləyirsən. Sənin
evdə arvadına ərkin çata bilər, mənə yox!
Dramatik gərginlik bununla da
soyudu. Mehmanxanaya, oradan da qatara tələsdik. Aradan bir həftə
keçməmiş eşitdik ki, Mərkəzi Komitədən
Mirzə İbrahimova zəng vurublar. Deyiblər ki, Gəncə
şəhər partiya Komitəsindən şikayət məktubu
var. Yazırlar ki, şairlər gəlib burada sərxoşluqla
məşğul olublar, Sabir gecəsini pozublar. “Antipartiyni” (o
vaxt ən dəbdə olan söz idi) şerlər oxuyublar.
Mirzə müəllim
soruşub: – Məktubda kimlərdən şikayət olunur?
Cavab veriblər Famil Mehdi,
Cabir Novruz (yazıq Cabir heç Göygölə də getməmişdi,
gündüz bir qram da dilinə vurmamışdı).
Mirzə müəllim
telefonda danışanın sözünü ağzında
qoyur:- Mən məclislərdə onlara yüz qram konyak
içirdə bilmirəm. Onlardan sərxoşluq eləyən
olmaz. O ki, qaldı “antipartiyni” şer məsələsinə,
qardaş, daha bəsdir, qurtarın bu söhbətləri... əl
çəkin bu cavanlardan...
İçki ilə aram
olmayıb. Qaydasında içənlərə rəğbət
bəsləmişəm. Çox içənlərə, sərxoşlarla
mənimki qətiyyən tutmayıb. İçki məclislərinin
uzanması məni həmişə darıxdırıb. Hətta
mənimlə bağlı məclislərin uzanmasını
istəməmişəm. Qohumlarım Süleyman həkim,
Elxan həkim məni hər dəfə Şuşaya aparanda
xahiş edirdim ki, hətta yeməyə də Şuşada
vaxt sərf etməyək. Onun əvəzinə şəhərdə
gəzək. Cıdır düzünə çıxaq. Topxana
meşəsinə baxaq. Dağların təmiz havasını
udaq. Qatarda, tramvayda, küçədə, piyada gedəndə,
uşaq üçün süd almaq növbəsində
dayananda, bir sıra iclaslarda, yığıncaqlarda olduğu
kimi, təntənəli məclislərdə də bir
çox halda şer haqda düşünmüşəm. Ancaq
bunu hamıdan gizlətmişəm. Düşünmüşəm
ki, bir cür baxarlar, məni başa düşməzlər.
Xüsusilə məclislərdə deyilən boğazdan
yuxarı, yalan təriflər məddahlıq əsəblərimi
yerindən oynadıb. Kəsdiyim bir tikə çörəyi
zəhərə döndərib. Bəzən dözməyib
narazılığımı bildirmişəm, özümə
“düşmən” qazanmışam. Bu haqda “Sağlıq”
şerim də var:
Vay-vay,
Yenə məclis, yenə da
sağlıq!
Ürəyim, yaxşı
ki, dözürük, sağıq.
Bir qorxaq az qala pəhləvan
olur,
Bir yaltaq az qala qəhrəman
olur.
Ağsaqqal adlanır
lovğanın biri,
Dargözün, xəbisin, darğanın
biri.
Üç yol bir
sağlığa
Necə içim mən
Gəzir
pıçıltılar qapı dalında:
Ömründə kişilik
nədir bilməyən,
Oturub kişilər
pyedestalında.
Əfsus!
Məclisə bax,
sağlıqlara bax!
Neyləyim, qaldırıb
dolu badəni
içirəm,
bəlkə də
bununçün araq
Yerimdə od vurub odlayır məni.
Günlərin bir
günündə yazıçı dostum rəhmətlik Fərman
Kərimzadə ilə rayona getmişdik. Kolxoz sədri rayon
partiya komitəsinin katibi Fərman və mən günorta bir
yerdə nahar edəsi olduq. Cavan sədr ilk
sağlığı katibin şərəfinə dedi.
İçdik. İkinci badəni bizim
sağlığımıza içməyi təklif etdi. Yenə
içdik. Üçüncü sağlıq yenə də
katiblə bağlı oldu. Təriflər yağdı
başına, hamı içdi. Mən dirəndim, bir stəkana
baxdım, bir katibə. Güclə bir-iki qurtum aldım.
Dördüncü badə sədrin sağlığına
qaldırıldı. Etika xatirinə yenə bir-iki qurtum
içdim. Başım gicəlləndi. Ancaq sağlıqlar
davam edir... Mən stəkanı yalandan dodağıma vurub yerə
qoydum. Tıncıxmışam. Ayağa qalxmaq istəyirəm.
Ancaq düşünürəm ki, yaxşı
çıxmaz. Bir təhər dözürəm. Bu vaxt cavan sədr
yenə ayağa qalxır. Bir daha katibin
sağlığına badə qaldırmağı təklif
edir. Bu dəfə tərifin həddi-hüdudu olmur. Daha tab gətirə
bilmirəm. Partlayıram:- Qardaş, katibin
sağlığına neçə dəfə içərlər?
Öldük, qırıldıq axı! Heç sənin
insafın yoxdur?
Süfrədə pərtlik
yarandı. Fərmanın zarafatı da bu pərtliyi aradan
qaldıra bilmədi. Süfrə sahiblərinin elə bil
başlarına qaynar qazan tökmüşdülər. Hələ
də bişirdilər.
Yenə özüm gərginliyi
azaltmaq istədim:- Gəlin hamımızın birlikdə
sağlığımıza içək. Zəhmətinizə
görə sağ olun.
Ayağa qalxdıq.
Ağızucu xudahafizləşib ayrıldıq. Yolda Fərman
məni ərkyana danladı:- Bir az pis çıxdı. Sonra
nə fikirləşdisə əlavə etdi:- Əşi, bir
yana baxanda lap yaxşı elədiniz. Ə, bu qədər də
yaltaqlıq olar? Zalım uşağının əlinə
girəvə keçən kimi xoda düşürlər. Tormozları
da tutmur.
İçki ilə əlaqədar
qəribə əhvalatların həm şahidi olmuşam, həm
də şahidi olanlardan çox eşitmişəm. Bu hadisə
Yazıçılar İttifaqında olur. Cavan şairlərdən
biri içib qatarda dava salır. Bu faktla bağlı
Yazıçılar İttifaqına məktub göndərilir.
Məktubun müzakirəsi zamanı Əli Vəliyev ayağa
qalxıb başqa bir şairin də adını çəkir
və deyir:- Mən təklif edirəm hər ikisi
Yazıçılar İttifaqı üzvlüyündən
çıxarılsın.
Hamı məəttəl
qalır:- Əli müəllim, filankəsin bura nə dəxli
var?
Əli Vəliyev deyir: – Dəxli
var, özü də çox böyük dəxli var. Filankəs
orda olsa, şübhəsiz o da içib dava salardı.
Bu hadisəni isə Əli Vəliyev
özü mənə danışıb. Mən
eşitmişdim ki, Əli Vəliyev ömründə
yalnız bir yol içib, o da Bağırovun təkidi ilə.
Kəlbəcərin İstisu kurortunda Əli müəllimlə
təxminən iyirmi gün bir otaqda qaldıq. Allah rəhmət
eləsin. Olduqca maraqlı şəxsiyyət idi. Məhəbbəti
də dəhşətli idi, nifrəti də. Həm də bir
uşaq təmizliyi vardı kişidə. Həmin hadisənin
həqiqət olub-olmaması haqqında soruşdum.
Əli Vəliyev dedi: –
İkinci dünya müharibəsi dövrü idi. Xəbər
gəlmişdi ki, Naxçıvan zonasında Azərbaycan əsgərlərinə
pis baxılır. Hətta onları bit basıb. Mir Cəfər
Bağırov məni çağırıb dedi ki, tez
Naxçıvana get, bu faktı yoxla, mən də gəlirəm.
Gedib gördüm, yazılanların hamısı doğrudur.
Tez göstəriş verdim, əsgərləri hamama
apardılar. Saçlarını qırxdırdılar.
Paltarlarını dəyişdilər. Yataqlarını təzələdilər.
Bir sözlə, hər şey qaydasına düşdü.
Bağırov gəlib
çıxdı. Vəziyyətin düzəldiyini
gördü. Mənə dedi, otur maşına, oturdum. Gəlib
dəmiryolda Bağırovun xüsusi vaqonunun yanına
çıxdıq. Özü maşından düşdü.
Mənə də “düş” dedi. Düşdüm. Vaqona
qalxdıq. Yemək stolu hazır idi. Oturduq. Araq şüşəsini
qaldırıb böyük stəkanı doldurdu, öz
qabağına qoydu. İkincisini də limhalim eləyib mənə
uzatdı.
Dedim: – Yoldaş
Bağırov, mən ömrümdə içməmişəm.
“Molçi” – dedi, sonra əlavə
etdi: – İndi mən bir sağlıq deyəcəyəm,
hünərin var içmə. Davay vıpyem za zdorovye
İosifa Vissarionoviça Stalina.
Qulaqlarıma inanmadım.
Götürüb stəkanı başıma çəkdim.
Gözlərimin qabağında qığılcımlar
oynaşdı. Götürüb boşqabıma əlavə
yemək qoydu:
– Ye,- dedi.
Bir az yemişdik ki, araq
şüşəsini götürüb stəkanımı
dolduranda yenə etiraz etdim: – Yoldaş Bağırov, axı...
Sözümü
yarımçıq kəsdi:- Molçi. İndi də
başqa bir sağlıq deyəcəyəm. Özün bil,
içmirsən, içmə. A teper davayte vıpyem za zdorovye
tovarişa Mir Djafara Baqirova.
Bu sözdən sonra necə
içməyəydim? Lap zəhər də olsa, içməli
idim. İçdim. Düz üç gündən sonra
gözümü açıb soruşdum:- Bura haradı, mən
hardayam? Cavab verdilər ki, Naxçıvan xəstəxanasındasınız.
Mənim üçün əvvəlinci
və axırıncı olan içməyimin tarixi belədir.
Odu-budu dilimə vurmuram.
Ancaq Əli Vəliyev də
yaxşı məclislərdən xoşlanardı.
Ağıllı içənlərə söz atar, zarafatla
sataşardı. Elə ki, məclisdə biri içib sərxoş
olardı, Əli müəllim ayağa qalxardı:- Vay, mən
getdim!
(Ardı var)
Famil MEHDİ
525-ci qəzet.- 2009.- 19 dekabr.- S.30.