Rəngkarlığın şahzadəsi

 

O, rəssamlıq tariximizə ilk rəngkar qadın kimi daxil olub. Sənət tariximizdə öz dərin izlərini qoyub gedib. Özü də tanrının onun üçün ayırdığı qısa bir zaman ərzində...

Cəmi 41 il ömür yaşadı. Tanınmış rəssam kimi adı sənət aləmində böyük hörmətlə çəkilir, xatirəsi əziz tutulur.

Vəcihə xanım xatirələrdə tayı-bərabəri olmayan, son dərəcə Nadir istedad sahibi olan bir rəssam, öz peşəsinə fanatikcəsinə vurulmuş bir insan kimi qalıb. Bugünün özündə də onun şahzadə qəddi-qamətindən, ipək xasiyyətindən, könülləri fəth eləyən təbəssümühdən, əsl kübar davranışından məhəbbətlə danışırlar. Vacihə xanım Azərbaycan ziyalılarının əsl nümayəndəsi idi. Bir şəxsiyyət kimi heç kəsə bənzəməzdi.

Xoşbəxtlikdən mən bir neçə dəfə onun emalatxanasında olmuşam. Heç elə bil bu adam qırx beş il öncə dünyasını dəyişməyib. Burda elə bir səliqə-sahman var ki, sanki bu dəqiqə Vəcihə xanım qapını açıb içəri girəcək. Çöhrəsindən əskik olmayan xoş təbəssümü ilə sənə xoş gəldin deyəcək. Bu, neçə illərin ənənəsidir. Vəcihə xanımın emalatxanasında həmişə səliqə-sahman olmalıdı. Nəvəsi, Rəssamlıq Akademiyasının məzunu Aqşin Mirfeyzullazadə də bunu təsdiq edir. O da sevimli nənəsinin yolunu seçib. Rəssam olmağı qərara alıb.

Vəcihə xanım 1924-cü ildə Bakıda İçərişəhərdə anadan olub. Amma əslən Bakılı deyil. Atası, Kərbəlayi Əli Səmədov əslən Qars azərbaycanlılarından, anası Rübabə xanım isə Məsumeyi-Qumda yaşayan azərbaycanlılardan idi.

Valideynlərinin musiqiyə və incəsənətə böyük məhəbbəti balaca Vəcihədə uşaq yaşlarından rəssamlığa həvəs oyatmışdı. Qızının rəssamlığa olan marağını görən Kərbəlayı Əli onun üçün dünya muzeylərində saxlanan şedevrlərin reproduksiyaları çap olunmuş kiçik kataloqlar alır. Bu, rəssamlığa sonsuz həvəsi olan Vəcihə üçün böyük bir bayram idi. Beləcə, yeddinci sinfi bitirən Vəcihə Ə.Əzimzadə adına dövlət rəssamlıq məktətəbinə daxil olur. 1944-cü ildə buranı uğurla bitirib, təhsilini Moskvada Surikov adına Rəssamlıq məktəbində davam etdirir.

– Moskvada təhsil aldığım illər mənə çox şey verdi. Mən V. Yakovlev və P.Korin kimi korifeylərdən dərs almışam. Onlar mənə rəsmin əsaslarını öyrətmişdilər, rəngkarlığın xüsusiyyətlərini başa salmışdılar və mən yavaş-yavaş anlayırdım ki, əsl sənət nədir... Sessiyalar arası tətillərdə Bakıya gəlirdim. Yay istirahətini isə ailəmlə keçirirdim. Çox işləməkdən əsla yorulmurdum. Desəm ki, işlərimdən həzz alırdım, səhv etmərəm. Yay tətillərindən qayıtdıqdan sonra işlərimi müəllimim P.Korinə göstərirdim. Gözlədiyimin əksinə olaraq o, işlərimi yüksək qiymətləndirirdi.

1951-ci il. Vəcihə Səmədova diplom üzərində işləyir. Mövzusu böyük Azərbaycan bəstəkarı və maarifçisi Üzeyir Hacıbəylidir. Vəcihə diplom işini uğurla müdafiə edib institutu bitirir. Müdafiə vaxtı hamı təəccübdən donub qalmışdı. Onların qarşısında “Üzeyir bəy Hacıbəyli Azərbaycan bəstəkarları arasında” tablosu dayanmışdı və həmin anda da professionallığı ilə pedaqoqların yüksək qiymətinə layiq görüldü. Diplom müdafiəsindən sonra Vəcihə xanım aspiranturaya qəbul olunur və tam üç il Moskvada təhsilini davam etdirir. Və sonra da institutda qalıb dərs demək təklifini alır. Amma Vəcihə vətənsiz qala bilməzdi, elə buna görə də əsil vətənpərvər kimi Azərbaycana qayıdıb yaradıcılığa davam etdirir. Beləcə, Vəcihə Səmədova birinci peşəkar rəngkar qadın kimi sənət tarixinə düşür.

Bütün sonrakı illəri Vəcihə xanım dayanmadan çalışaraq, öz həyat yoldaşı və həmkarı Lətif Feyzullayevlə Azərbaycanı qarış-qarış gəzir, bütün dilbər guşələrini dolaşır.

Nağılvari dağ mənzərələri, Kürün zümrüd sahilləri, onun yeni əsərlərinin mövzusuna çevrilir. Yaradıcılıq ezamiyyətlərindən Vəcihə xanım Bakıya çoxlu parlaq etüdlər, mənzərələr və portretlər gətirir. O dövrdə sərgilərdə nümayiş etdirilən “Kəpəz”, “Daşkəsən”, “Toğana kəndi”, “Pambıqyığanlar”, “Kür sahili” əsərləri tamaşaçıların qəlbində silinməz izlər buraxır. Bu sözləri sərginin təəssürat kitabından götürmüşük: “Vəcihə xanımın işlərinə baxa-baxa sanki doğma torpağın rayihəsini hiss edirsən. Vəcihə xanım Azərbaycan rəssamlarının sərgisində “Göy-göl” silsiləsi və “Aktrisa Leyla Bədirbəylinin portreti” işləri ilə çıxış edir. Bu sərgi ona ağlasığmaz bir şöhrət gətirdi. Portretin maraqlı kompozisiya həlli, gözəl işıq qamması, məşhur aktrisanın qamətli, boy-buxununa yaraşan gözəlliyi və bu gözəlliyin böyük məharətlə təsviri bugünün özündə də böyük marağa səbəb olur. Leyla Bədirbəylinin portreti 20-ci əsr təsviri sənətində ən güclü və həmişə söhbət mövzusuna çevrilən əsərlərdən sayılır. Portret Azərbaycanın görkəmli rəssamları tərəfindən rəğbətlə qarşılanmış və gənc rəssamın istedadına böyük maraq oyatmışdı. O dövrün rəssamları Vəcihə xanım haqqında tutarlı sözlər işlədirdilər: “...dünənki tələbənin əlinin gücünə baxın...” və yaxud da “...dünən institutu bitirmiş bu qız necə də istedadlıdır!” Bu, onun istedadına verilən çox böyük qiymət, yeni nəsil rəssamın dünyaya gəlişi idi.

Yaradıcılıq ezamiyyətləri zamanı Vəcihə xanım öz müasirlərinin, Azərbaycan qadınlarının portretlərini naturadan çəkərdi. Bütün bunlar onun gələcək əsərlərinin zəngin materialı idi.

Vəcihə xanımın bir portreti nəyə desən dəyər. “Geoloq Minirə Məmmədbəylinin portreti”. Özünəməxsus kolorit, qəhrəmanın yarısilueti, arxada gümüşü rəngdə dəniz, qıpqırmızı şəfəq xüsusi bir romantiklik verir onun qəhrəmanına. Bu portretin altında qəhrəmanın adı yazılmasaydı belə o bütün geoloqların ümumiləşdirilmiş obrazı olacaqdı. Hər bir geoloq qadın bu gözəl portretdə özünü tapacaqdı.

Rəssamın ən çox müraciət elədiyi obraz, bacısı, memar Solmaz Səmədova idi. Vəcihə xanım sevimli bacısının bir neçə portretini yaradıb. Memar Solmazın zəngin daxili aləmini ustalıqla göstərə bilib.

Vəcihə Səmədovanın çəkdiyi portretlərin, mənzərələrin yaşı əllini keçib. Bu, az vaxt deyil. İndi hər şey dəyişib. Dünyaya baxış da, cəmiyyət də həminki deyil. Dəyişməyən rəssamın parlaq koloritidi, heç kəsə bənzəməyən yaxılarıdı. Vəcihə xanımın bir sənətkar kimi böyüklüyü ondadı ki, bu kolorit, bu yaxılar yalnız ona məxsusdu. Yalnız ona...

1962-ci il. Bolqarıstana səfərindən sonra Bakıda Vəcihə Səmədovanın bu ölkəyə həsr olunmuş sərgisi açılır. Sərgidə təbiətə, memarlıq abidələrinə, bu qəribə ölkənin koloritli insanlarına həsr olunmuş tematik kompozisiyalar, portretlər, mənzərələr nümayiş etdirilir.

2005-ci ildə S.Bəhlulzadə adına böyük sərgi salonunda Vəcihə Səmədovanın 80 və Lətif Feyzullayevin 85 illiyinə həsr olunmuş sərgi açıldı. Bu, iki istedadlı rəssamın birgə nümayiş etdirilən əsərləri sərgini daha parlaq və maraqlı etdi. Yüzdən çox iri həcmli və kiçik əsərlər Vəcihə xanıma məxsusdur. Nəzərə alsaq ki, rəssam qısa bir ömür yaşayıb, bu əsərlər sözün yaxşı mənasında, heyrət doğurur. İnsan da az bir zaman kəsiyində bu qədər parlaq, bir birindən gözəl baxılan işlər yarada bilərmi?

Vəcihə xanım gecə-gündüz işləyirdi. Sanki tanrının onun üçün çox az bir vaxt ayırdığını bilirdi. Sərgidə göstərilənlər Vəcihə xanımın yaratdıqlarının müəyyən bir hissəsi idi. Sərgi böyük rezonans doğurdu. Adətən tamaşaçılar, rəssamın heyranları yalnız bir gün – açılış günündə gəlir və bununla da öz missiyalarını bitmiş hesab edirlər. Bu sərgiyə bir neçə gün dalbadal maraq göstərdilər. Gələnlərin ardı-arası kəsilmirdi. Xüsusilə tələbələr Vəcihə xanımın işlərinə böyük maraq göstərir, onun əsərlərinin hər bir cizgisini, hər bir çalarını diqqətlə öyrənirdilər. Maraqlıdır ki, illər ötməsinə baxmayaraq bugünün özündə də Vəcihə xanımdan öyrənirlər. Onun zəngin irsi gənc rəssamlara bir örnəkdir.

Sərgidə rəssamın təkcə R.Mustafayev adına İncəcənət muzeyində saxlanılan işləri deyil, həm də emalatxanada saxlanılan nadir əsərləri də nümayiş olunurdu.

Vəcihə Səmədovanın yaratdığı əsərlər bu gün də öz əhəmiyyətini, öz təravətini itirməyib. Və tam əminliklə demək olar ki, əbədi yaşayacaqdır. Çünki bu işlər Azərbaycan rəngkarlığının gözəl simasıdır. Gözəl, qamətli, ürəklərə sonsuz fərəh bəxş eləyən yaraşıqlı bir qadının- Azərbaycan rəssamlığının şahzadəsinin özü kimi...

 

 

Çingiz KƏRİMOV

 

525-ci qəzet.- 2009.- 19 dekabr.- S.26.