İki Akademik Şəxsiyyət: biri vardır, biri yox...

 

“Mənim Azərbaycanlılarım” silsiləsindən

 

Biz maddi sərvətlərimizdən  daha çox mənəvi sərvətlərimizi qorumalıyıq.

 

Kamal Abdulla

 

Hər kəsin bu dünyada bir missiyası olur. Kamal Abdulla isə başqalarından fərqli olaraq iki iş üçün doğulub: birincisi elm, ikincisi ədəbiyyat. Mən daha çox ikinci barədə danışmaq istəyirəm. Çünki ikinci Kamal Abdullanı Azərbaycan nəsrində Birincilərdən etdi.

...Mən Kamal müəllimi o, hələ Azərbaycan Mədəniyyət Fondunun sədri olandan tanıyıram. İlk görüşümüz də yadımdadır: Üzeyir Hacıbəyov küçəsindəki Yazıçıların binasının altında kirayəyə bir yer götürmüşdülər. Mən də ora- Kamal müəllimin yanına tez-tez gedib-gəlirdim. Hələ sovetin qılıncının dalı-qabağı kəsən vaxt idi. Görüşlərimizin birində Kamal müəllim Azərbaycan mədəniyyətinin qayğıları ilə bağlı qayğı ilə danışır, Fondun məqsəd və məramı haqqında, gələcək perspektivlər barədə fikirlərini bölüşür, məni də bu işə cəlb etmək istəyirdi.

– Sən də gəl biz birlikdə daha yaxşı işlər görə bilərik...

– Mən sizə informasiya dəstəyi verə bilərəm. Hələlik buna söz verirəm,- dedim.

Kamal müəllim razılaşdı, sonra əlavə etdi:

– Bilirsən, tarixən belədir ki, milləti, xalqı, cəmiyyəti mədəniyyətinə görə tanıyırlar. Bizi SSRİ-dən o yana tanımırlar, amma tanımalıdırlar. Gərək dünyaya sübut edək ki, biz varıq, bizim qədim və müasir mədəniyyətimiz var. Hər bir Azərbaycanlı ilk növbədə buna çalışmalıdır. Qoy Dövlət siyasətlə məşğul olsun, biz isə Mədəniyyətlə...

Kamal müəllim həm də əsl Mədəniyyət fədaisi kimi heç bir dövlət qurumunun dəstəyi olmadan Azərbaycan Mədəniyyətinin inkişafı, təbliği, xaricdə tanıdılması üçün böyük işlər gördü.

...Bir müddətdən sonra biz MK Aparatında bir yerdə işləməli olduq. Kamal Abdulla rəhmətlik Aydın Məmmədovla birlikdə yeni Əlifbamızın Konsepsiyasını hazırlayırdı. Latin qrafikası, habelə bu qrafika ilə bağlı üstünlüklər və çətinliklər barədə biz vaxtaşırı müzakirələr də edirdik. İşin ən çətin hissəsini Kamalla Abdulla və Aydın Məmmədov görmüşdü. Mən o zaman anladım ki, Kamal Abdulla həm də elm fədaisidir. Biz dostlarımız arasında ona “Akademik” deyirdik. Kamal müəllim əslində o zamandan bu ada layiq idi.

... Kamal Abdulla hazırda bizim ən nümunəvi Ali təhsil ocaqlarımızdan birinə rəhbərlik edir. Bir dəfə onun yanına getdim, qəbul otağında köməkçisi dedi ki, məşğuldur. “İçəri girəndə sizin gəldiyinizi deyərəm”, – əlavə etdi. Bir neçə dəqiqədən sonra köməkçisi içəri girib dərhal da çıxdı:

– Kamal müəllim sizi gözləyir, –dedi.

Mən içəri girəndə Kamal müəllim durub gülərüzlə dedi:

– Sən qapı arxasında gözləməməlisən! Xoş gəlmisən!..

... Düzü həmin görüşə qədər mən onu Elm, Mədəniyyət fədaisi kimi tanıyırdım. Görüşüb ayrılanda o, mənə bir kitab bağışladı: “Kədərli Seçmələr”. Böyük məmnuniyyətlə oxuyacağımı bildirdim. Oxudum. Bu təfəkkür Adamının poetik fəlsəfi dünyası, bədii-estetik düşüncələri məni alıb apardı. Daha sonra o biri əsərlərini –“Yarımçıq Əlyazma”, “Gizli Dədə Qorqud”, “Unutmağa kimsə yox”, “Sehrbazlar dərəsi”, “300 Azərbaycanlı”, “Hekayələr” kitablarını oxudum.

Kamal Abdullanın demək olar ki, bütün bədii-fəlsəfi əsərlərində incə bir lirizm də var; o, öz lirik qəhrəmanlarına nağıllarda təsvir edilən İlahi Gözəl kimi yox, bir İnsan kimi baxır – doğulan, yaşayan, ölən insan! Unudan, unudulan, barışan, barışmayan, yaddaşı olan, yaddaşı olmayan İnsan! Başa düşülən, başa düşülməyən İnsan! Bu İnsan üçün yer var, göy var, yol var – o, yol gedir və bu yolun nə əvvəli, nə də sonu var! İnsan yol gedir, sevinir, kədərlənir, məşəqqət çəkir... qaranlığa düşür. Qaranlıq heç də pis şey deyil, burda azmaq da, işıq yandırmaq da olar! Azanlar əlbəttə ki əbədi qaranlıqda qalır. Xeyirxahlar, müdriklər, xoş niyyətli təfəkkür adamları Tanrının işıq payından mükafat alır. Kamal Abdullanın “məni itirin qaranlığın içində, bəlkə onda bilərəm mən işığın qədrini...” deyimində də böyük Həyat eşqi var, böyük Sevgi var. O, beləcə bizi də İnsan olmağa, həyatı sevməyə və düşünməyə çağırır.

Deyirlər ki, millət heç vaxt öz həqiqi sənətkarını tapa bilmir; tapırsa da, itirəndən sonra tapır. Şükür Allaha, biz Kamalı itirməmişik. Kamal Abdulla millətimiz üçün, ədəbi dünyamız üçün nadir tapıntılardan biridir.

Adam dağdan uzaqlaşdıqca o, balacalaşır; adam dağa yaxınlaşdıqca onun həqiqətən əzəmətli və nəhəng olduğunu anlayır.

Ziya Bünyadov  Akademik Ziya Bünyadovla bir neçə dəfə görüşümüz olub. Amma ilk və son görüşlərimiz mənim heç vaxt yadımdan çıxmır. Elə ilk görüşümüzdən başlamaq istəyirəm.

Astarada “Limonlu Sovxoz” deyilən bir qəsəbə var; bura Kijabə kəndi də deyirlər. Mən bu kəndin adının hardan qaynaqlandığını bilmirəm. Amma onu bilirəm ki, dağ ətəyində yerləşən bu qəsəbədə ilin bütün fəsillərində sitrus meyvələri, xüsusilə ətri adamı bihuş edən limon olur. Buna görə də camaat bura “limonlu sovxoz” deyir. Burda gözəl bir Qonaq evi vardı. Rayona gələn ən hörmətli qonaqları bura gətirərdilər; qonaqlar buranı görəndən sonra çox vaxt elə buradaca dincəlməyə üstünlük verərdilər. 1980-ci illərin əvvəllərində Bakıdan bir qrup tanınmış ziyalını Astaraya dəvət etmişdik; akademik Ziya Bünyadov da onların arasındaydı. Biz onları həmin o “limonlu sovxoz”un Qonaq evinə apardıq. Görüşün təşkilatçılarından biri də mən idim və tapşırmışdılar ki, Ziya müəllimə qarşı daha diqqətli olum. Ziya müəllimlə təmasımız və söhbətlərimiz beləcə başladı və biz Qonaq evinə gələndə Ziya müəllim mənə “komsomolçu dostum” deyirdi. Sonralar öyrənəcəkdim ki, Akademikə hər adamı bəyəndirmək olmur və onun mənə isti münasibəti, hətta mənimlə yaxından maraqlanması o demək idi ki, o, artıq məni “qəbul edib”.

... Ziyafət zamanı Ziya Bünyadov dedi:

– Bilirsiz də, mən Astarada anadan olmuşam, atam-anam burda yaşayıb, işləyiblər. Uşaqlığım Göyçayda keçib, qalan ömrüm isə Bakı ilə bağlıdır. Amma mən Azərbaycanlıyam... Məni heyrətləndirmək nadir hallarda mümkündür, amma bu balaca rayonun camaatı, görüşdən aldığım təəssüratlar həqiqətən məndə heyrət doğurdu...

Ziya müəllim çox məsələlərdən danışdı, müxtəlif mövzulara toxundu. Hətta onunla razılaşmayanlar da oldu. Lakin mənim yadımda qalan ən mühüm məqamlardan biri də bu oldu ki, o, Astarada dünyada ən çox zəhləsi getdiyi şeyə – yaltaqlığa, yalançı tərifə rast gəlmədiyinə görə məmnun qalmışdı...

... Onunla sonuncu görüşüm 90-cı illərin əvvəllərində oldu. Sabir Rüstəmxanlı mənə bir qovluq verib, dedi, “Ziya müəllim otağında gözləyir, apar ver Akademikə”. Getdim, Bakı Soveti metrosunun yanındakı Akademiyanın Rəyasət Heyətinin möhtəşəm binasının içinə girib pilləkənlərlə Ziya müəllimin kabinetinə tərəf qalxdım. O, məni görən kimi mehribancasına görüşüb hal-əhval tutdu, ilk sualı da bu oldu:

– De görüm, Axundovdan yazdığın əsərin axırı nooldu? (Bizim əvvəlki görüşlərimizdə o, bilirdi ki, vaxtilə Azərbaycan KP MK-nın katibi işləmiş, müharibədə, Xarkov ətrafında partizan hərəkatında iştirak etmiş Vəli Yusif oğlu Axundov haqqında sənədli povest yazıram).

Dedim:

– Getdim Xarkova, onun cəbhə yoldaşlarını tapdım, görüşdüm... Sonra oğlu Rauf Axundova göstərdim... Sevindi. Radiopyes hazırladım, maraqlı alındı...

Ziya müəllim razılıqla başını tərpətdi, sonra qabağındakı bir yığın kağızı eşələdi, amma axtardığını, tapa bilməyib, dedi:

– Tvoy ministr kəllədi! (biz tərəflərdə savadlı və iti təfəkkürü olan adamlara “kəllə” deyirlər; o, Sabir Rüstəmxanlını nəzərdə tuturdu; Sabir müəllim o vaxt Mətbuat və İnformasiya naziriydi, mən də onun köməkçisi). Sənə deyim ki, Azərbaycanda ən demokratik nazir Sabirdir...

– Elədir, Ziya müəllim, –dedim.

– Yaxşı, salam söylə... Pressadan muğayat olun!

...Onu bir daha görmədim. Bizim dağ boyda alimimizin dağ qürurunu qırx birinci ilin dəhşətli Vətən Müharibəsi sındıra bilməmişdi; amma burda, Bakıda, evinin kandarında Akademiki vəhşicəsinə güllələdilər. Və biz daha bir əsl Vətəndaşımızı itirdik...

 

 

Kamran NƏZİRLİ

 

525-ci qəzet.- 2009.- 19 dekabr.- S.22.