“VƏTƏN nədən başlayır?.. ƏLİFBA–nın ilk hərfindən...”

 

Əgər yadınızdadırsa, bir neçə il bundan əvvəl, ibtidai siniflərdə keçilən, əcayib şəkillər və mətnlərlə dolu “ƏLİFBA” dərsliyi haqqında yazdığım “Qorxulu Əlifba”, daha bir il sonra “Əvəzolunmaz Yəhya Kərimovun Azərbaycan dili dərsliyi” başlıqlı məqalələr, hər iki dərslik müəllifinin (əgər onlara “dərslik” demək mümkün idisə) təhqirlər dolu, əsəbi cavablarıyla “dəf edildi”.

Lakin növbəti dərs mövsümü, uşaqlarımızı illərlə “maarifləndirmiş” bu “kitablar” tədris dövriyyəsindən çıxarıldı.

İbtidai təfəkkürü “Qorxunc Əlifba”yla formalaşmış bəsit düşüncəli vətəndaşlar isə bizimlə qaldı...

“Müstəqillik dövründə ədəbiyyat” bölməsinin “Dramaturgiya” fəsli, müəllifin ali tədris üçün hazırladığı digər fəsil və bölmələrdən öz “yığcamlığı” və “lakonikliyi” ilə seçilir. 1991-2005-ci illərin dramaturji proseslərini, aparıcı dram əsərlərinin ədəbi-elmi təhlilini, milli dramaturgiya tarixində xüsusi xidmətləri olan ədiblərin həyat və yaradıcılığını əhatə etməli olan bu fəslə müəllif nədənsə, cəmi bircə səhifə ayırmaqla kifayətlənib.

“Müstəqillik dövründə dramaturgiya sahəsində də müəyyən əsərlər yazılmış, lakin bunların heç də hamısı tamaşa qoyulmamış və ya çap olunmamışdır. Hər halda bu dövr ərzində də dramaturji xeyli əsər teatrlarımızın səhnəsinə yol tapa bilmişdir. (?) Məsələn, tarixi-əfsanəvi mövzuda bir neçə əsərin uğurlu tamaşası həyata keçirilmiş, geniş tamaşaçı auditoriyası qazanmışdır.” (?)

“...Əlbəttə, bununla biz heç də qəti surətdə demək istəməzdik ki, guya psixologizm bizim istər sovet dövrü nəsrimizdə və ya dramaturgiyamızda yetərincə olmamışdır. Əsla! Çünki dramaturji yaradıcılığı teatrımızın tarixində bütöv bir mərhələ təşkil edən İ. Əfəndiyevin çoxsaylı pyesləri, B. Vahabzadənin, N.Xəzrinin əksər əsərlərindəki psixoloji ovqatlarla dolu olan insan xarakterləri, içəriyə, daxilə, iç dünyaya (?) ünvanlanan bir sıra incə nüanslar “bir mən də var məndə məndən içəri” kəlamında səslənən aforizmi necə danmaq olar. (Cümlənin anlaşılmazlığına bəlkə də bir qədər aydınlıq gətirə biləcək sual işarəsinin yoxluğu, onun məntiqsizliyini bir az da qabardır. –A.Məsud) Bizim zənnimizə görə hər hansı istiqamətə yönələn ifrat meyl həmişə iflasa uğrayır; (?) xarakterlərin istər zahiri, istərsə də daxili portreti vəhdət təşkil etməyəndə bir qayda olaraq həmişə itirir. (?..) Başqa sözlə desək, ziyadəlik heç vaxt istənilən keyfiyyət göstəricisi ola bilməz. (?..) Aristotelin dediyi kimi hər şey əndazə daxilində gözəldir, simmetriyada, ahəngdarlıqda göyçək olur. (?..)

“...Bir sözlə, çox qədim dövrlərin sınaqlarından çıxmış, cilalanmış bütün ədəbi növ və onun müvafiq janrlarına dair elmi-nəzəri fikrin sabitləşdirdiyi, (?) artıq bir növ həyatın və sənətin az qala obyektiv qanunlarına çevrilmiş bütün müddəalarına hökmən əməl etmək lazımdır.” (Tərcüməyə ehtiyacı var. – A.Məsud)

(səh.454)

“Əmək, zəhmət adamlarının bədii portretlərini yaratmaq, onların əməyinin poeziyasını cəsarətlə ədəbiyyata gətirmək kimi, indi bəyənmədiyimiz sovet dövrü ədəbiyyatında bir qədər ziyadəlik olsa da, hər halda, gözəl nümunələri olan bu xeyirli işi unutmaq ədalətsizlikdir. (?..) Ona görə də boşuna, mənasız – məzmunsuz, insanın nə hiss və duyğularına, nə də ağıl və şüuruna təsir edən əsərlər efir və ekranda, dövri mətbuatda baş alıb gedir.”

(“Müasir Azərbaycan ədəbiyyatı

dərsliyi”, 2-ci c. səh. 451)

Dərslik müəllifinin ali filoloji tədrisə gətirdiyi növbəti töhfə – onun “intuitiv uzaqgörənliklə” seçib bəyəndiyi və milli teatr tariximizə “bəxş etdiyi” yeni dramaturqlardır. Milli dramaturgiyamızın yeni dövr tarixinin “ətraflı təhlilindən sonra” müəllif” müasir dramaturgiyamızın formalaşmasında xüsusi xidmətləri olan” dramaturqlara keçir:

“...Bu əsərlərin hər birisində tarixin müxtəlif mərhələlərində milli azadlıq, müstəqillik, torpaq, el-oba, vətən təəssübü çox müasir səslənir. (?) Buraya (Haraya?.. - A.Məsud) Ə.Səmədlinin “Barışıq olmayacaq”, İ. Vəlizadənin (?) “Xoş amallar qurmanı”, R. Novruzovun (?) “Hələ sevirəm deməmisən”, (“sevirəm” sözündə yenə dırnaq yoxdur. – A.Məsud) Y.İsmayılovun (?) “Didərginlər” və s. (Burda, nə qədər qəribə də olsa, cümlə bitir. – A. Məsud)

səh. 453.

“Dramaturgiya” bölümündə yer almış dramaturqlar siyahısı bir neçə cümlədən sonra digər “görkəmlilər” in simasında davam edir:

“...Müstəqillik dövründə sosial planda yazılmış dram və komediyalara aşağıdakıları misal göstərə bilərik: (misalları “dram və komediyalara” necə göstərmək olar?.. – A. Məsud) M. Quliyevin (?) “Ayı meşədən qaçır”, H.Arzulunun (?) “İtilənən zəncirlər” (zəncirlər də itilənərmiş... – A. Məsud) və s.

(səh. 453)

Dərsliyin “Tənqid və ədəbiyyatşünaslıq” bölməsi də bu vəziyyətdədir:

“Ədəbi tənqid bu illərdə də öz yol yoldaşlığını ədəbiyyatdan əsirgəməyərək çağdaş ədəi prosesə daha yaxından nüfuz edərək yaranmaqda olan onlarca bədii əsərləri, yeni müəlliflərin yaradıcılığını izləyir və onların hər birinin həm ayrılıqda, həm də ümumi kontekstdə alaraq, (?) oxucu ilə yazıçı arasında körpü rolunu oynayır və imkan daxilində onların dəyərlərini ədalətlə üzə çıxarır. (?)

(həmin nəşr, səh. 455)

...Oxucunun qiymətli vaxtını almamaq xatirinə sitatları burda saxlayıram...

Bəli, yuxarıda tanış olduğunuz bu heyrətamiz dərs mətnlərinin müəllifi – 20 ilə yaxın müddət ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinin – Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının rəhbəri, ali filoloji təhsil üçün neçə-neçə dərsliklər yazmış tanınmış ədəbiyyatşünas alimdir.

Göründüyü kimi, dərslik mətni qismində təqdim olunan bu əcaib mətnlər – ədəbi, elmi məntiqsizliklərin, əsassız və əlaqəsiz fikirlərin, qəfil çılğınlıqlarla səbəbsiz eyforiya hallarının bir-birini əvəzlədiyi bütün bu absurdun yazı stolunun arxasında yox, müəllifin öz dağınıq fikirlərini bölüşdüyü hansısa ədəbiyyat havalı məclislərdə yarandığına əsas verir.

Dərsliyin acınacaqlı durumundan, kitabın hələ hazırlıq prosesində xəbər tutmalı olsa da, bunu nədənsə, sezməyən, yaxud, sadəcə “başağrısı” qazanmaq istəməyən digər məsul şəxslərin – elmi şura, yaxud redaksiya kollegiyası (əgər belə bir şura, yaxud kollegiya ümumiyyətlə varsa) uzvlərinin, habelə elmi redaktorların və rəyçilərin bütün bu baş verənlərə göz yumması vəziyyətin dramatizmini bir qədər də ağırlaşdırır.

Adıçəkilən dərsliyin (Müasir Azərbaycan ədəbiyyatı – 2007) qüsuru təkcə yuxarıda nümunə gətirdiyim bu “mətnlər cəngəlliyi” ilə bitmir.

Kitabın digər nöqsanı, onun ümumilikdə dərslik tələblərinə cavab verməyən qaydada tərtib olunmasıdır. Bu, ilk növbədə, orta məktəb ədəbiyyat dərsliklərinin uğursuz tərtib ənənəsinin davamı kimi meydana çıxan sistemsizlikdir. Yəni ədəbi proseslərin sahmansızlıqla, əksər halda, dağınıq təhlillərlə verilməsi, müxtəlif tarixi mərhələlər və dövrlər üzrə dərslikdə yer almış ədəbiyyatların çox vaxt tədris səviyyəsinə uyğun gəlməməsi, dövrlər və janrlar üzrə ədəbi seçimlərin düzgün aparılmaması, bir sıra aparıcı əsərlərin burda öz əksini tapmaması, yaxud dərslikdə yer almış görkəmli ədiblərin dövrlər üzrə düzgün müəyyənləşdirilməməsi, (bu sıradan, ədəbiyyata 20 –30-cu illərdə gəlmiş xalq yazıçısı Əli Vəliyevin hansı məntiqləsə 60-cı illərin ədəbi prosesinə salınması) xronoloji ardıcıllığın gözlənilməməsi, ədiblərin həyat və yaradıcılıqlarının, dərslik şərtiliklərinə uyğun surətdə – vahid ədəbi və texniki formatlar üzrə yox, müxtəlif üslublar və həcmlərlə tərtiblənməsi, hər ədibin həyat və yaradıcılığından sonra yer almalı olan mühüm əsərinin elmi-ədəbi təhlilinə rast gəlinməməsi, mövzulara uyğun lüzumlu ədəbiyyat müntəxəbatının yoxluğu və sair və ilaxır (nöqsanlar hədsiz çoxdur) məqamlar ümumi “mənzərəyə” aydınlıq gətirir.

Kitabın dərslik şərtiliyini pozan digər məqam – burda yer almış fəsil və bölmələrdə bəzən dərslik müəlliflərinin nə vaxtsa, hansı münasibətlərə görəsə yazdıqları və bu səbəbdən, çox vaxt yazıldığı keçmiş dövrlərin ab-havasını özlərində saxlayan publisistik yazılara – dərslik mətni tələblərinə cavab verməyən oçerk, məqalə və monoqrafiya xarakterli əsərlərə rast gəlinməsidir.

“Müasir Azərbaycan ədəbiyyatı” dərsliyi haqqında fikirlərimi yekunlaşdıraraq, A.Abdullayev, T.Hacıyev, Q.Namazov, V.Sultanov, T.Hüseynoğlu, İ.Əliyeva kimi ədəbiyyatşünas alimlər tərəfindən hazırlanmış bir neçə, dərslik üçün mükəmməl səviyyədə yazılmış fəsil və bölmələri çıxmaq şərti ilə, ümumilikdə kitabı ali filoloji təhsil üçün uğursuz nəşr nümunəsi hesab edirəm.

Bu gün ölkənin ali və orta təhsilində dövriyyədə olan ədəbiyyat dərsliklərinin bu ürəkağrıdan mənzərəsi milli təhsilimizin acınacaqlı durumunu sərgiləməklə yanaşı, ümumilikdə ölkə üzrə yaşanmaqda olan böyük milli faciədən – ölkənin mədəni- mənəvi həyatını sarmış Ağır Maarifsizlik Durumundan – elmə, təhsilə, ədəbiyyata total etinasızlıqdan xəbər verir.

Bu dağıdıcı dərslik proqramının öz sabit siyasətini neçə illərdən bəri toxunulmaz və dəyişilməz bir ardıcıllıqla yeritməsi, ölkənin gələcək elmi və mənəvi potensialını bu sayaq sezilməz sahmanla altdan-altdan çökdürməyə davam etməsi, üstəlik, bu qorxunc “dərslik əməliyyatının” digər aidiyyətli dövlət qurumları – Milli Məclisin Elm və Təhsil Komitəsi, Nazirlər Kabinetinin elm və təhsil üzrə fəaliyyət göstərən şöbələri, eləcə də Milli Elmlər Akademiyasının müvafiq bölmələri tərəfindən də “sezilməməsi” bu biganəliyin daha ciddi xarakter aldığını və beləliklə, bu milli və dövlət əhəmiyyətli işin son nəticədə, nəzarətsiz və baxımsız qaydada həyata keçirildiyini göstərir.

Ədəbiyyat dərslikləri üzrə kiçik araşdırmalardan hasil olunan bu mənzərə Təhsil Nazirliyinin nəzarəti altında “ərsəyə gəlməkdə olan” digər sahələr üzrə dərsliklərin də yenidən baxılmalı olduğunu üzə çıxarmaqla yanaşı, ümumilikdə dərslik tərtibi mexanizminin köklü surətdə yeniləşməyə, ciddi elmi-pedoqoji yanaşmanı təmin edəcək ensiklopedik tənzimləmə mexanizmi əldə etməyə ehtiyaclı olduğunu günümüzün vacib reallıqları sırasına çıxarır.

Məqalənin sərlövhəsində yer almış “Vətən nədən başlayır?..” misrası, bir çox cəhətlərini bəyənmədiyimiz, lakin Vətənin məhz Əlifbadan başladığını artıq çoxdan anlamış rus xalqının gəldiyi qənaətdir. Savad və intellekt səviyyəsi ilə dünyanın əksər xalqlarını geridə qoymuş rus qardaşlarımızın bu qənaəti, xalqın və millətin mənəvi təkamülündə Maarifin önəmini təsdiqləməklə yanaşı, eyni zamanda, arif Rus Ruhunun mükəmməlliyindən də xəbər verir.

...Bəs bizlər üçün?.. Vətən nədən başlayır?..

 

P.S. Məqaləni yazdığım günlər qəribə bir təsadüflə həmsöhbəti olduğum orta yaşlı bir qadının, 80-ci illərdə A.Qarayev adına uşaq xəstəxanasından güclə yaxa qurtardığını, səhv diaqnoz üzrə “müalicə oluna-oluna” ölüm həddinə çatdırılan körpəsini həkimlərin caynağından alıb evə qaçması barədə dediklərini dinlədikcə, nədənsə, həmin bu dərslikləri – illər uzunu övladlarımızı guya “maarifləndirən”, əslində isə əqli və ruhi şikəstlərə çevirən bu qorxulu kitabları xatırlayırdım...

 

 

A.MƏSUD

 

525-ci qəzet.- 2009.- 19 dekabr.- S.9.