Milli Kitabxanada
Puşkinin 210 illiyi qeyd olunub
Ötən gün Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundov adına Milli Kitabxanada dahi rus şairi A.S.Puşkinin 210 illiyinə
həsr olunmuş kitab sərgisi və bədii mərasim keçirilib. Nazirliyin nəşriyyat sektorunun müdiri şair Çingiz Əlioğlu Puşkin yaradıcılığının
dünya ədəbi irsində tutduğu yüksək mövqedən danışıb.
O, Puşkinin müsəlman
dünyasına bəslədiyi
rəğbətdən söz
açaraq şairin Qurani-Kərimə Tanrı
həqiqətlərini bədii
dillə ifadə edən kitab kimi yanaşdığını
vurğulayıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Puşkini təkcə rus ədəbiyyatının
deyil, bütün bəşər mədəniyyətinin
əbədiyaşar simalarından
biri kimi dəyərləndirib. Puşkinin
yaşadığı qısa
ömürdə böyük
ədəbi- mənəvi
irs yaratdığını
vurğulayan Ə.Vəliyev
belə ədiblərin
xatirəsinin əsrlərlə
yaşamasının təbii
olduğunu qeyd edib: “Çox qısa ömrü yaşayan Puşkin, Səməd Vurğun, Mikayıl Müşfiq, Əhməd Cavad kimi şairlərin tarixə öz imzalarını qoymaları
onların bəşər
mədəniyyətinə xidmət
edən mənəvi irsinin zənginliyindən irəli gəlir. Belə şəxsiyyətlər o qədər
işıqlıdırlar ki,
ziyaları yüz illər sonra da insanların yolunu işıqlandırmağa,
onları öz ideallarının ardınca
aparmağa kifayət edir. Zaman dahilərin xeyrinə
işləyir. Nə qədər
vaxt ötsə də, dahi sənətkarlar
sanki bizə daha da yaxınlaşırlar”.
Rusiya səfiri Vladimir Doroxin belə tədbirlərlə
hər iki ölkə arasında mədəni əlaqələrin
daha da genişlənəcəyinə
inamını ifadə
edib. Səfir Azərbaycanda
rus ədəbiyyatının
və mədəniyyətinin
sevilməsindən məmnun
olduğunu dilə gətirib: “Çox şadam ki, bizim ədəbiyyatımıza,
mədəniyyətimizə Azərbaycanda belə sevgi bəsləyirlər,
qayğı və diqqətlə yanaşırlar.
Puşkin yaradıcılığının
Azərbaycan ədəbiyyatının
tərkib hissəsinə
çevrilməyi buna
ən yaxşı sübutdur”.
“Sodrujestvo” Azərbaycanda Yaşayan Xalqların Həmrəyliyi İcmasının
sədri Tatyana Kərimova Puşkin kimi şairlərin bütün bəşəriyyət
tərəfindən sevilən,
qəbul olunan sənətkar olduğunu deyərək, Azərbaycanda
onun yaradıcılığına
bəslənilən sevgidən
söz açıb.
Tədbirdə aktyorlar şairin yaradıcılığından nümunələr oxuyublar.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 22 dekabr.- S.7.