Müəllim adını ucaldan
Zeydulla Ağayevi 1975-ci ilin 1 sentyabrından tanımışam. Həmin gün
dəqiq yadımdadır;
O gün mən tələbəlik həyatına
qədəm qoymuşdum.
O vaxt Zeydulla Ağayev Xarici Dillər İnstitutunda “Bilik” qəzetinin redaktoru idi. Elə həmin gün redaksiyaya getdim, məni görən kimi soruşdu:
– Yazı
gətirmisən?
– Bəli...
– Ver görüm,- deyə yazını alıb baxan kimi dərhal da əlavə etdi,- sabahkı nömrədə gedəcək.
Sizin kimi tələbələr bizə
hava-su kimi lazımdır, Azərbaycanın
gələcəyi sizsiniz...
Belə isti münasibətə lap mat qaldım.
Redaktorun
hədsiz səmimiyyəti
və mehribanlığı
məni sabahkı günü gözləməyə
ümidləndirdi. Səhər
dərsə gələndə
hamı-tələbələr, müəllimlər “Bilik”qəzeti
oxuyurdu, mən də öz yazımı görəndə
sevindim... Sonralar biz Zeydulla müəllimlə
dost, daha sonralar ailəvi dost olduq. Zeydulla Ağayev qeyri-adi dərəcədə təfəkkür
adamıdır; onun humanistliyi, xeyirxahlığı
və istedadı çoxlarına bəllidir.
Mən
son otuz ildə yüzlərlə yazıçı,
tərcüməçi, publisist,
dilçi, ya da xarici dillərlə
bağlı olan müəllim, tələbə
tanıyıram ki, Zeydulla müəllimin təmənnasız köməyindən
yararlanıb. O, öz
biliyini və təcrübəsini, bütün
imkanlarını və
əlaqələrini ona
müraciət edən
hər insan üçün “xərcləmək”dən
zövq alırdı.
Onun “Məhəbbət
nəğməsi”, “Beş
günün intizarı”,
“Yenilməzlik”, “Dünyanın
düz vaxtı” və s. nəsr kitabları tələbələr
arasında əl-əl
gəzirdi. Zeydulla müəllim həm
də gözəl tərcüməçidir. C.London, A.Konan Doyl, T.Drayzer, E.Heminqvey, S.Moyem, A.Əzimov, A.Heyli kimi böyük yazıçıların əsərlərini
dilimizə çevirib,
çap etdirib. O, Azərbaycan-ABŞ əlaqələrinin
yorulmaz, ardıcıl
tədqiqatçısıdır. Professordur.
Zeydulla müəllim Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq
kimi məşhur yazıçılarla məktublaşırdı,
hətta A.Əzimovun Nyu-York şəhərində
qonağı olmuşdu.
O, Amerikadan ezamiyyətdən
qayıdandan sonra dəfələrlə görüşlərimiz
oldu. Hər dəfə Amerikanı
xatırlayır, oradakı
çox maraqlı görüşlərindən, tədqiqatlarından,
təəssüratlarından danışırdı. Bir
dəfə Vaşinqton
və Kaliforniya Universitetlərindəki elmi
araşdırmalarından, Los-Anceles Universitetində ezamiyyət vaxtı Ayra Levinin “Ölümqabağı
öpüş” romanının
tərcüməsindən və
nəhayət, ABŞ-ın
Luiziana ştatının
fəxri Vətəndaşı
adına layiq görülməsindən xeyli
söhbət elədi.
Mövzumuz genişləndi;
bədii tərcümə,
ana dili, lobbiçilik...
Bu, o zamanlar idi ki,
Ermənistan bizə qarşı müharibə
aparır, faciələrimiz
də təzəcə
başlayırdı. Zeydulla müəllimdən
soruşdum ki, “necə oldu ki Ayzek Əzimovla
görüşdünüz... onun Qubalı olduğunu hardan bildiniz?”
–Bilirsən,
– dedi,- Ayzek
Əzimov kimi nəhəng yazıçı
ilə görüşmək
asan məsələ deyildi. Bu işdə
mənə Maqsud İbrahimbəyovla Leonid Vaynşteyn
kömək etdilər.
Mərhum LVaynşteyn mənim
arzumu Nyu-Yorkdakı yəhudi lobbisinə çatdırdı və
görüş baş
tutdu. Məni yazıçının mənzilində arvadı-
Cepson Əzimova qarşıladı və bir neçə dəqiqədən sonra Ayzek Əzimov otaqda göründü və məni mehribancasına salamladı.
Sonra yan otağa keçib əlində bir yekə qovluqla
qayıtdı, “bunlar sizə tanışdır?”
deyə o, mənim hədsiz təəccübümə
səbəb olaraq indiyəcən ona Bakıdan göndərdiyim
bütün məktubları,
tərcümə və
məqalələrimin qəzet
kəsiklərini qarşıma
qoydu. Belə arxiv mədəniyyətinə
yalnız qibtə etmək olardı...
– Zeydulla
müəllim, axı
Əzimovun qırx illik elmi-ədəbi fəaliyyətinin məhsulları
olan kitablarında bildiyim qədər bir dəfə də olsun Qubanın
adı çəkilməyib...Tərcümeyi-halında da
yazılıb ki, Belarusun Petroviçi kəndində doğulub...
3 yaşında
ikən valideynləri
ilə birlikdə
ABŞ-a mühacirət edib...
– Doğrudur,
amma yazıçı
ilə səmimi söhbət zamanı “deyirlər, bizim əsliniz Azərbaycanın
Quba rayonundandır?” (bunu mənə
L. Vaynşteyn demişdi).
“Mən bu barədə ata-anamdan da eşitmişəm” deyə Ayzek Əzimov cavab verdi. “Hə,
hə, 1933-cü ildə
onların söhbətləri
yadıma düşür...”
Bax belə. O, Azərbaycanla
daha çox maraqlanmağa başladı
və eşidəndə
ki, ermənilər Qarabağa iddia edirlər düşüncəli
tərzdə kreslosunun
arxasına söykənib
dedi: “Qəzetlərdə
“Qarabağ” sözü
gözümə dəyəndə
düzü bunun incəliyinə varmırdım.
Bilirsinizmi, günah siz
Azərbaycanlılardadır. Bəli, bəli... ABŞ-a içi bizim
ailəmiz qarışıq
milyonlarla mühacir gəlib. Onlar Amerikaya qaynayıb-qarışıblar.
Kim gəlirsə-gəlsin ABŞ-IN
İKİ DƏMİR ŞƏRTİ VAR: birincisi,
ingilis dilində danışmalısan. İkincisi,
ABŞ-ın qanunlarına
tabe olmalısan! Siz isə ötən
əsrin gəlmə erməniləri qarşısında
heç bir tələb qoymamısınız!” ... Zeydulla müəllim böyük
yazıçıdan ağızdolusu
danışır, aradabir
onun elmi-fantastik əsərlərindən misallar
gətirir, daha sonra isə dünya şöhrətli
yazıçının soykökünün
Quba yəhudilərindən
olduğuna sevindiyini bildirirdi. Həmin söhbətimizin sonunda Zeydulla müəllim belə bir ifadə
də işlətdi:
– Biz Ayzek Əzimov kimi nəhəng şəxsiyyətlərdən sözün yaxşı mənasında istifadə
etməliyik...
...Ayzek Əzimov çoxdan dünyasını dəyişib.
O, ABŞ-da Söz sahibi idi. Biz ondan istifadə edə bilmədik...
... Zeydulla Ağayev
isə ötən ildən bəri yataq xəstəsidir.
İndi bir balaca sağalmaq
üzrədir. O, altmışı
təzəcə adlayıb.
Ömrün daha gözəl
illəri qarşıdadır.
Biz gec-gec görüşürük.
Hərdən zəngləşirik. Belə bir Şəxsiyyətin
Azərbaycan ədəbiyyatı,
tərcümə sənəti,
elmi qarşısında
böyük xidmətlərini
heç kəs dana bilməz.
Biz ondan sözün
yaxşı mənasında
istifadə etməliyik.
Çünki o, bizim Azərbaycanlı
Vətəndaşımızdır.
Kamran NƏZİRLİ
525-ci qəzet.- 2009.- 22 dekabr.- S.7.