Xalqın ömrünü yaşayan şair

 

Ötən əsrin 60-70-ci illərində cəmiyyət bədii sözlə nəfəs alırdı. Ən yüksək partiya, dövlət kürsülərindən deyilən söz bədii sözün qarşısında aciz idi. Bədii sözün ehtiva etdiyi ideyalar böyük bir ölkəni təlatümə gətirirdi. Sənətkar sözünün ictimai və fərdi qiymət ünvanını tapdığı bu illərdə həsəd doğuran ən böyük maddi və mənəvi sərvət tarixi dəyərləri də özündə birləşdirən, zəngin ifadə istiqamətlərini, poetik sistem müxtəlifliyini ortaya qoymuş ədəbiyyat idi. Təhsil aldığım orta məktəbdə ədəbi jurnalları, qəzetlərdə çıxan bədii nümunələri öz duyum, qavrama hüdudlarında müzakirə edir, ən yaxşı şeir nümunələrini şagird dəftərlərimizə köçürərdik. Xüsusən televiziyada gedən bədii proqramlar geniş əks-səda doğururdu. Bu verilişlərdən biri də “Odlar yurdu” adlı bədii-publisist proqram idi. Bu verilişdə ilk diqqəti cəlb edən aparıcının görkəmi, ədaları, cəsarətli mühakimələri idi.

Dəqiq yadımdadır, “Koroğlu” küçəsinin bu xalq qəhrəmanının adına-sanına yaraşmayan miskin görkəmindən nümayiş olunan süjet geniş əks-səda doğurdu. O vaxtın yetirdiyi gənclik, həm də ona görə cəsarətli, riyakarlıqdan uzaq bir ruhda formalaşırdı ki, sözlə əməl arasında bərabərlik vardı. Poeziyada ilk addımlarını atan Məmməd İsmayıl bu silsilə verilişlərin, dərc etdirdiyi ilk şeir kitablarındakı məcraya sığmayan poetik ehtirasların, cığal, üsyankar şair harayı ilə gəncliyin sevdiyi sənət adamlarından oldu.

1970-1975-ci illərdə BDU-nun filologiya fakültəsi sanki sənət məbədi idi. Nüfuzlu söz sahibləri ilə görüşlər, ardı-arası kəsilməyən ədəbi gecələr, disputlar və s. Təhsil aldığımız bu fakültə üçün qürur duyurduq. Ən çox oxunub müzakirə edilən şairlərdən biri də Məmməd İsmayıl idi. Onun poeziyasında kimsə öz uşaqlığının acı taleyini xatrılayır, başqası nakam sevgisi üçün məlhəm axtarır, digərləri (axı onların çoxu da şeir yazırdı) poetik sözün yeni duyumunu, sözə çəkilmiş şair sığalının mərhəmliyini, istisini tapırdı.

 

Nə az, nə çox, on ay keçib ilindən,

Təzə-təzə sözlər bitir dilindən.

“Yanıqlıyam” anasının əlindən, –

Nə yaxşı ki, xalasına bənzəyib.

 

və ya

 

Yarın soyuqluğu yara dağ olar,

Ürək istəməsə, unutmaq olar.

Bilmirəm, nə qədər yas tutmaq olar,

Qurumur gözümün yaşı bir ildir.

 

lll

 

Vüsalla hicranın yolu bir qarış,

Kimin xeyrinədir gedən bu yarış,

Sənə deyəmmərəm barışma, barış,

İç bu məhəbbəti, ağı deyil ki?!

 

və ya

 

Qırdım öz əhdimi mən bilə-bilə,

Haqqın var, yanımdan keç gülə-gülə.

Əriyim oduna qoy gilə-gilə,

Mən səni sevmişəm, səndən xəbərsiz.

 

Bu misraları gəncliyin sevgi ünvanına, sənət yaddaşına çevirən yanmış, acımış, kövrəlmiş, bəzən aciz qalmış poetik “mən”in səmimiliyi idi. Poeziya da elə sevgi deyilmi? Səmimi olmayanda heç nə onun köməyinə gəlmir. Digər tərəfdən, Məmməd İsmayıl ilk şeirlərindən ədəbiyyata püxtə şair kimi gəlmişdi. Anasının müqəddəs südü ilə qəlbinə hopmuş şairlik vergisi şeirlə dinib-danışan bir mühitlə həmahəng idi.

1977-ci ildə “Azərbaycan” jurnalının redaksiyasına, İntiqam Qasımzadənin (tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri idi) yanına gəlib M.İsmayılın “Söz vaxtına çəkər” kitabından yazmaq istədiyimi bildirdim. İntiqamın razılığından sonra Məmməd İsmayılın “Axşamlar, səhərlər” və dediyim kitabları zəminində məqalə yazdım. Həmin ilin yeddinci nömrəsində dərc edildi. Az bir vaxtdan sonra Sabir Rüstəmxanlıdan zəng gəldi. Dedi ki, bir qardaşımız səninlə danışmaq istəyir. Bu, Məmməd İsmayıl idi.

– Ə, qardaş, çox sağ ol! Adamı tanımayasan, bilməyəsən, belə ürəkdən, qəlbdən gələn bir məqalə yazasan?!

Yığcam bir təşəkkür mənim üçün xoş olsa da, təəccüblü idi. Çünki belə şeylərə alışmamışdım. Onun mahiyyətindən də bixəbər idim. Heç indi də alışmamışam. Sən demə, yazıçılar özləri haqqında məqalələri çox zaman təşkil etdirirmişlər, hətta özləri oxuyandan, təqdir edəndən sonra çapa göndərirmişlər. Şair ailəsində böyüməyimə baxmayaraq, belə şeylər görməmişdim. Necə deyərlər, nə evdə bişmişdi, nə də qonşudan gəlmişdi. Evdə bişməyən bu əcayib şeyin qonşudan gəlməsini də bu otuz beş ildə rəva bilmədim.

Sonralar Məmməd İsmayılla ayaqüstü görüşlərimiz olardı. Çoxcildlik “Klassik Azərbaycan ədəbiyyatı” kitabxanasının I cildi çıxmışdı. AzərTAc-ın binasının qarşısında rastlaşdıq. Kitabda verilmiş bir əfsanəni danışdı və gözəl sənət nümunələrindən olan “Savalanda yatan igid” şeirni oxudu. (Məmməd müəllim həm də şeirinin ən gözəl ifaçısıdır). On iki bəndlik bu şeiri birnəfəsə dedi. Həmin əfsanəni oxudum və Məmməd İsmayıla verilmiş şairlik vergisinin əzəməti, Allahın xalqımıza səxavətlə bəxş etdiyi M.İsmayıl istedadı ilə fəxarət duydum.

Əsatirlərimizdən birində deyilir ki, Savalanda yatan igid on ildən bir ayrılıb qılıncına baxır, qılıncını qınından sıyırmadığı, qisas vədəsi çatmadığı üçün yenə yatır. Cənub mövzusunda daha bir poetik kəşfin oyatdığı təəssürat bir də onu təlqin edir ki, bu mövzuya yalnız zəruri yaradıcılıq məqamlarında qayıtmaq gərəkdir.

 

Tutubsa dağları dumanlar, çənlər,

Qopar tufan yəqin, yağar qar yəqin.

Bir zaman qılıncla ayrı düşənlər

Qayıdıb qılıncla qovuşar yəqin.

 

Bu əsatirin təlatümə, hayqırtıya çevrilən vətəndaşlıq tutumunun həddi-hüdudu yoxdur, konkret zaman çərçivəsinə sığmır.

M.İsmayılın poetik dili bu tipli şeirlərində yeni bir biçimdə ortaya gəlir. Kövrəkliklə üsyankarlıq, çağırış və təəssüf ovqatı bir-birini əvəz edir. Dilin poetik tükənməzliyini hiss etmək, ondan bəhrələnmək ustalığı üzə çıxır:

 

Bu yatmaq nə vaxtın yatmağıdır ki,

Zamanın günorta çağı gəlibdir.

Oyan, elin-günün göz dağıdır ki,

Öz yuxun özünə yağı gəlibdir?!

 

1976-cı ildən başlayaraq unudulmaz Yaşar Qarayevin rəhbərliyi ilə “Ədəbi proses” kitablarını yazıb çap etməyə başladıq. Təəssüf ki, on iki il davam edən, ədəbi prosesin öyrənilməsi baxımından böyük bir missiyanı üzərinə götürmüş bu məcmuənin nəşri 1985-ci ildən dayandı və hələ də bərpa edilməyib. Bu kitabların müəlliflərindən biri kimi Məmməd İsmayılın da poeziyasını pis-yaxşı təhlil etməyə çalışırdı. Hər dəfə də kövrək, romantik bir ovqatla üzləşir, az qala dağı-daşa uçurmağa hazır olan M.İsmayılın poetik cəngi bəzən elə bu intonasiyaya köklənirdi, sanki dəniz coşub-daşır, sakitləşir və qürbətçilik hissinə bənzər ovqat yaradırdı.

 

Ümidə çevrilən sahil uzaqdır,

Orda üfüqlərin bükük qəddi var.

Dəniz də sulara çevrilən vaxtdır,

Qəmin sahil adlı sərhəd xətti var.

 

Mən Məmməd İsmayılın şeirlərini “Qaraçı” havasını dinləyərkən də, Müslüm Maqomayevin romantik səsinin sədaları altında da, Anna Germanın ürəkləri yandıran yanğılı səsinə qulaq asarkən də təkrar-təkrar oxumuşam. Ya poeziya məni bu musiqi incilərinə kökləyib, ya əksinə. Yəqin ki, hər ikisi! Sənət ömür haqqında düşüncələrdən o yana deyil!

 

Örtülü qəbirlər ölüm səddimi,

Bu torpaq həyatın son sərhəddimi?!

İnsan boş əliylə köçsə dünyadan,

Qalıb əməliylə yaşayar yəqin.

Görmədin, geriyə qayıtdı Cavid, –

Ölümdən o yana həyat var yəqin.

 

və ya

 

Yelkən qanadında duman, çən gələr,

Dolar qayaların kaha beyninə.

Oğlanlar hardasa görüşdən gələr,

Qızlar gecələri geyər əyninə.

 

90-cı illərin ikinci yarısında sözün urvatdan düşdüyü vaxtlar sevdiyim şairləri tez-tez mütaliə edirdim. M.İsmayılın “Dəlidağın harayı” şeirini oxuyub kövrəldim. Səməd Vurğunun Dəlidağa səfərinə həsr edilmiş bu şeir Laçınlı, Kəlbəcərli, Qarabağlı xoşbəxt günlərimi yada saldı.

 

Sübhün mürgüsündə dərə, dağ yatıb,

Duman ağ örpəyə bürünüb gəlir.

Uzaqdan kimisə sənə oxşadıb

Zirvədən yanına sürünüb gəlir.

 

Dərdimi, təəssüratımı şairlə bölüşmək istədim. Telefon nömrəsini tapıb zəng etdim. Dedim ki, Məmməd müəllim, haralardasız? Xəttin o başından özündənrazı, bir az acıqlı, bir az da ərkyana bir tonda səs gəldi – papağımın altında! Bu ifadəni müxtəlif məzmuna yozmaq olar: Sənə nə var, hardayam?; Keyfim kökdür, hər şey yaxşıdır!; Nə tez yada salmısan? Mən özümə sərf edəni seçdim.

Məmməd İsmayılın codluğunu, sözü birbaşa deməyini bilirdim. (Kaş bütün şairlər Məmməd İsmayıl kimi cod, (məni bağışlasınlar) cığal olaydılar, ancaq bunun müqabilində onun kimi istedad sahibi olaydılar).

Bu telefon “söhbətindən” sonra uzun müddət Məmməd İsmayılın ancaq poeziyasını izlədim. Dedilər özü Türkiyədə, universitetlərin birində dərs deyir.

2009-cu ilin iyun ayında şairin qızı Gülzar İsmayılın atası haqqında məqaləsini oxudum. Məmməd İsmayıl poeziyasının həm məzmun, həm də poetik sistem etibarı ilə bir çox məqamları mənim üçün yenidən açıldı. Şəxsi həyatı olmayan fərd şəxsiyyət olmadığı kimi, həyatın hər üzünü – acısını-şirinini, soyuğunu-istisini dadmamış, duymamış kabinet əhlindən çətin ki, bənzərsiz şair çıxa.

Gülzar xanımın bu məqaləsini oxuduqca Məmməd İsmayıl mərd, əyilməz, dəyanətli şəxsiyyət və ata kimi mənim üçün daha əzəmətli göründü. Uzaq ellərdə yaşayasan, öz xalqına, onun dilinə, elinə belə bağlı olasan.

Bakıdakı mənzilinə zəng etdim. Türkiyə türkcəsi ilə cavab verdilər. Telefon nömrəsini aldım. İki-üç zəngimə cavab verən olmadı. Bir müddət sonra Məmməd müəllimin gümrah səsi gəldi:

– Ə, kimdi?!

– Məmməd müəllim, indi zəng eləyərəm, Şirindildir!

– Ə, sözünü denən!

– Gülzar xanımın məqaləsini oxudum! Məmnun oldum!

Bu adı eşidəndə Məmməd İsmayıl uşaq kimi kövrəldi. Telefonu qapayıb, yenidən zəng etdim. Dedim, Məmməd müəllim, Siz qürbətdəsiz, amma özünüzü qürbətdə saymayın! Bəs mən nə edim? 18 ildir yolumu gözləyən ana-ata məzarına həsrət qalan qürbətdə deyilmi!

Şairin poeziyası, ümumən ədəbiyyatımız, Nizami adına Ədəbiyyat İnstitutunda gedən işlər ətrafında xeyli telefon söhbəti etdik. Ona çatdırdım ki, İnstitutumuzun Elmi şurasında akademik Bəkir Nəbiyev də Gülzar xanımın məqaləsinə istinad etdi, rusdilli ədəbiyyat əleyhinə olanlara cavab olaraq M.İsmayılın Ç.Aytmatovun, O.Süleymanovun hələ sovet dönəmində rus dili vasitəsi ilə türkün sözünü, dilini, tarixini sovet rejiminə sinə gərib göylərə qaldırdığı barədə mülahizələrini təqdir etdi. Mənə elə gəldi ki, bu telefon söhbəti uzun illər mənə doğma olan bir şairin və şəxsiyyətin çox insani cizgilərini mənə tanıtdı.

Bu qeydləri Məmməd İsmayıl haqqında VI cild Ədəbiyyat tarixinə portret oçerk yazarkən qələmə almağı lazım bildim. Çünki dediyim janrda bu yaşantıları yazmağın yeri deyil.

Məmməd İsmayılın poetik sözü qılınc kimi kəsərli, yaz dumanı kimi həzin və kövrəkdir. Onun şeirlərinin fikri tutumunu şair ömrünü – xalq ömrünü yaşamaq, xalq yolunda yanmaq missiyası tutur.

 

Gecənin gecə dərdi

Gündüz günü yaşayır.

O hansı bəxtəvərdi

Öz ömrünü yaşayır.

Aşa bilərmi dağı

Sozalan arxın ömrü?!

Hardadır çay yatağı,

Hardadır xalqın ömrü?!

 

Bu ömrün zaman və məkan tutmumu daha genişdir, bəşəridir.

 

... Mənim qapım yer üzünün qapısı,

Ağacdələn, döy qapımı, döy görüm.

 

Bu vətəndaş, əyilməz şair ömrüdür, həm də adam ömrüdür, insan ömrüdür!

Şairin lirik qəhrəmanı ölümdən o yana bir ömrün varlığından danışır.

Məmməd İsmayılın şeirləri poetik sistem etibarı ilə bütövdür. Onun şeirlərində demək istədikləri bir beytin, bir misranın üzərinə yüklənmir. Şeir bütöv bir varlıq, bir ovqat, bir yaşam kimi doğulur.

XX əsr poeziyası ötən zamanın təlatümləri, çək-çevirləri, meyarları müstəvisində ələnir, seyrəlir. Sənətin bol “söz” yığnağında itib-batdığı bir məqamda ötən yüzilliyin təmsilçisi olan hər qələm əhlindən qalan bir şeir belə sənət nümunəsidirsə, bizi sevindirir, onları seçib yaşatmaq borcumuzu ödəməliyik.

XX əsrdə nadir poetik istedadını sənət incilərinə çevirmiş Məmməd İsmayıl son illər aşıb-daşan bir ilhamla, yanğı ilə, giley-güzar dolu bir ovqatla yorulmadan yazıb yaradır. Bu qeydləri onun Səməd Vurğuna yazdığı misralarla qurtarıram.

 

İndi mən bildim ki, haqlısan, ustad,

Eli sevməyənin bir izi yoxdur.

Bütün zamanların oğlusan, ustad,

Dahinin ölüsü, dirisi yoxdur.

 

 

ŞİRİNDİL

 

525-ci qəzet.- 2009.- 22 dekabr.- S.6.