Günəş şüaları heç kəsə üstünlük vermir

 

ONUN ŞÜALARININ TƏSİRİ İSƏ ƏSASƏN BU NƏHƏNG GÖY CİSMİNİN ALTINDA OLAN HƏR KƏSİN TƏLƏBATLARINDAN VƏ NƏ QƏDƏR DÖZÜMLÜ OLMASINDAN ASILIDIR

 

Güman edirəm ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsində qoyulan problemli məsələlər ölkənin bütün vətəndaşlarına aiddir. Orada hər kəs öz məsuliyyət payını tapa bilər. Məqalədə deyilənlərin hamısı cisim üçün deyil, ağıl üçün qidadır. Məqalədən belə görünür ki, cisimdən fərqli olaraq, ağıl qida olmadan da uzun müddət sakit yaşaya bilər, lap son 20 ildəki kimi. Düşünürəm ki, göstərilən analitik-tənqidi materialın nəşr olunma vaxtı uğurla seçilib. Mən hətta deyərdim, bir qədər gecikib. Bu gün biz qismən də olsa, maddi qida ilə təmin olunmuşuq, lakin artıq bir neçə ildir ki, sükutun hökm sürdüyü tənbəlləşmiş beyinlər haqqında bunu demək mümkün deyil. Odur ki, maddi və əqlinin harmoniyasını yaratmaq vaxtı artıq yetişib.

Mən humanitar elmlər və onlarla əlaqəli sahələrin işçilərinə qarşı irəli sürülən iddiaları forma və mahiyyətcə məqbul hesab edənlərlə həmfikirəm.Tənqid daha da sərt ola bilərdi. Lakin mən başa düşürəm ki, bu məqalə hələ birinci “həyəcan” siqnalıdır, humanitar və ictimai elmlər sahəsində çoxdan vaxtı çatmış islahatların başlanmasına açıq çağırışdır.

Məqaləni diqqətlə oxuyarkən, qeyri-ixtiyari olaraq, elə təəssürat yaranır ki, biz, demək olar ki, lap əvvəldən başlamalıyıq. Elmi tədqiqatları nəzərdə tuturam. Hamıya aydındır ki, əvvəlki metodologiya və əhəmiyyətini itirmiş bir sıra elmi prinsiplər artıq heç nəyə yaramır. Yenilərini isə hələ yaratmayıblar. Bu sahədə baş verən proseslərin səbəblərini bilməyimiz və onlar haqqında nəhayətsiz danışmaq imkanına malik olmağımız daha artıq zaman itkisi, inkişaf sürətinin azalması kimi qiymətləndirilə bilər. Günahkarları axtarmaq isə səmərəsiz və eyni zamanda yanlış hərəkət olardı.

Zənnimcə, əməli fəaliyyətlə məşğul olmağın, ciddi addımlar atmağın vaxtı gəlib çatıb. Daha dəqiq desək: tarixlə məntiqi əlaqəni bərpa etmək, prioritetləri müəyyənləşdirmək; bacarıqlı kadrları cəlb etməklə yanaşı, elmin maddi-texniki bazasını təmin etmək (onlar haqqında akademik Ramiz Mehdiyevin məqaləsində danışılır). Kapitalizm yolu ilə getmək iddiasında olduğumuz üçün isə maddini vətənpərvərlik, yaxud da ölkə və xalq qarşısında borcla əvəzləmək arzusu bağışlanmaz səhv olardı. Kapitalizm cəmiyyətində sosialist düşüncəsi ilə yaşamaq ona səbəb ola bilər ki, biz, təkcə ictimai elmlər sahəsində məşğul olanlar deyil, eləcə də bütün cəmiyyət formasiyalararası məkanda ilişib qalar və yaranmış vəziyyətdən lazımi, düzgün çıxış yolunu tapmarıq.

Bu səbəbdən də akademik Ramiz Mehdiyevin məqaləsi məhz o zaman nəşr olunub ki, elmin maliyyələşdirilməsi üçün dövlətin kifayət qədər imkanları yaranmış və müvafiq olaraq, alimlərdən də ciddi şəkildə, intensiv işləməyi tələb etməyin vaxtı gəlib çatmışdır.

Akademik Ramiz Mehdiyevin məqaləsindəki bəzi fikirlərə münasibətimi bildirmək istərdim. “Hər kəs yaxşı bacardığı işi görməlidir” prinsipindən çıxış edərək, fəlsəfə, dinşünaslıq kimi ictimai elm sahələrində baş verənlərə dair müşahidə və fikirlərimi bölüşmək qərarına gəldim. Onlar mənə daha yaxındır.

Məqalə müəllifi bu sahələrdəki vəziyyəti acınacaqlı kimi səciyyələndirir. Bu cür xülasə ilə razılaşmamaq mümkün deyil. Bir faktı nəzərə almaq lazımdır ki, ümumiyyətlə, hətta sovet dövründə də filosofların varlığı məsələsi həmişə problemli və mübahisəli olubdur. Bu gün vəziyyət daha da gərginləşib. Təəssüflər olsun ki, bizdə, demək olar ki, sözün əsl mənasında filosof yoxdur.

Son 100 ildə ancaq “fəlsəfə” fənnini tədris edən müəllimlərimiz olub, yəni bu gün bizdə yalnız fəlsəfi bilik “ötürücüləri” vardır. Pedaqoqların bir hissəsisə son illər tez-tez “fəlsəfə” fənni, metodologiya və filosofun kimliyinə dair fikirlərində bir araya gələ bilmirlər. Bu, təbiidir, çünki fənn mövcuddur, lakin əsaslı metodologiya yoxdur. Biz isə hazır düsturlar əsasında işləməyə və hətta düşünməyə vərdiş etmişik. Bu bizim ümumi problemimizdir. Mən çəkinmədən deyərdim ki, bu, hətta bədbəxtlikdir. Qeyd etmək yerinə düşər ki, metodologiyaya istinad edərək humanitar elmlərlə məşğul olmaq XX əsrin hadisəsi, daha doğrusu, sovet cəmiyyətində elmin siyasiləşdirilməsinin məhsuludur.

Bununla belə, müasir fəlsəfi fikrə hazırkı inkişaf və yaşam mərhələmizin bir çox xüsusiyyətlərini əlavə etmək və mövcud təcrübəyə əsaslanaraq, insan biliyinin bu sahəsini yeni ideya, proqnoz və yanaşmalarla canlandırmaq mümkündür. Bunun üçün ümumilikdə suveren dövlətimizin, eləcə də cəmiyyət və şəxsiyyətin həyatını əhatə edən kifayət qədər yeni material mövcuddur. Bildiyimiz kimi, sosializmdən kapitalizmə keçid yolları heç bir dünya filosofu tərəfindən lazımi səviyyədə nəzərdən keçirilməyib. Bəşər tarixində belə bir təcrübə olmayıb, odur ki, nə nəzəriyyə, nə də praktika yoxdur. Yaşadığımız zamanın çətinliyi, çox ehtimal ki, məhz bundan ibarətdir. Hər şey əksinə alınır: praktika nəzəriyyəni müəyyənləşdirməlidir.

Bu aspektdə səy göstərərək, heç olmasa, son 15 ildə köklü surətdə dəyişmiş siyasi, sosial-iqtisadi və ideoloji şəraitdə şəxsi təcrübəmiz nöqteyi-nəzərindən inkişaf imkanını əsaslandırmaq olardı. İnkişaf istənilən halda var, zəif olsa da, mövcuddur. Bununla belə, yenə də bu gün iqtisadiyyatın bir sıra sahələrində müşahidə edilən inkişaf göstərir ki, artım gözləniləndən çoxdur. Deməli, təhlil və dərketmə üçün material var. Bu, şübhə doğurmayan danılmaz faktdır. Bu illər ərzində keçdiyimiz yol düşünüb təhlil etmək üçün bizə külli miqdarda maraqlı praktik material verir. Bədii şəkildə desək, mövcud çılpaq statistikanın sadə “fəlsəfi libasa” ehtiyacı var.

Kapitalizm və “inkişaf etmiş sosialist cəmiyyətinin” uğursuzluğunu tənqid və ya təhlil etmək öz-özlüyündə gələcək inkişaf problemlərimizi həll etməyəcək. Ən vacibi “indi nə etməliyik” sualına cavab tapmaqdır.

Tarix göstərir ki, ictimailəşmiş ideyanın yaşamaq qabiliyyəti uzunmüddətli olur. Lakin tarix digər bir həqiqəti də bizə anladır ki, yeni struktur və ictimai-siyasi münasibətlərin yaranmasında tətbiq edilən siyasi baxışlar sisteminə çevriləndən sonra həmin bu ideya bəzi deformasiyalara, bəzən isə ciddi dəyişikliklərə məruz qalır. Təəssüflər olsun ki, təxminən ideologiyaya çevrilən bütün ideyalarda bu, baş verir. İdeya hər zaman nəzərdə tutulan yeniliklərin mükəmməlliyi, qeyri-adi, indiyədək məlum olmayan bir şeyin təqdimatı deməkdir. Sonradan “kommunist” cəmiyyətinə çevrilərək iddiasında olan “ədalətli sosialist cəmiyyətinin” yaradılması ideyası da bu həqiqətdən yan keçməyib.

Bu cür ciddi qüsurlar dini ideyalar sahəsində də baş verir. Özünüz baxın və mühakimə edin. Tək Allaha inam, demək olar ki, bütün zamanlarda dəyişməz qalır. Dinlər isə mahiyyətcə imana əsaslanan strukturlardır, onlar həm məzmun, həm də təzahür formalarına görə fərqlidirlər. Müqəddəs kitabları, qayda və ayinləri müxtəlif olan səmavi dinlər – yəhudilik, xristianlıq və islam məhz Tək Allah ideyası əsasında yaranıb. Bu dini sistemlər arasındakı ciddi, əsaslı ziddiyyətlər çoxdan məlumdur. Onların hər birində nəinki Allaha yanaşma müxtəlifliyi, eyni zamanda bu sistemli dünya dinlərinin inkişaf və yayılma tarixində heç vaxt dinlərarası dialoq və ya müzakirələrin mövzusuna çevrilməmiş, bir-birini inkar edən məqamlar da mövcuddur.

Bəs müasir ideyalarla, o cümlədən azərbaycançılıq ideyası ilə vəziyyət necədir? Yenidən akademik Ramiz Mehdiyevin məqaləsinə və kitablarına müraciət edərək belə bir nəticəyə gələ bilərik ki, bu ideyanın birləşdirici rolunu heç kim şübhə altına almır. Bununla belə, müxtəlif siyasətçi və alimlərin ona yanaşma tərzləri fərqlidir. Ancaq mən əminəm ki, akademik Ramiz Mehdiyevdən başqa, heç bir alim və ya siyasətçi indiyədək bu barədə konkret və əyani şəkildə fikir bildirməyə cürət etməyib.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, etnik mənsubiyyətimizə dair onilliklərlə davam edən və aramsız gərgin mübahisə və müzakirələr bizim milli ideyamıza bir-birinin ardınca ağır zərbələr vurur. Mən təəccüblənirəm ki, biz bu cür məsələləri, ümumiyyətlə, nəinki alimlər arasında, KİV-də, həmçinin televiziya vasitəsilə də müzakirə edirik. Mənim səlahiyyətim olsaydı, bu cür müzakirələrə qadağa qoyulmasını təklif edərdim. Bunun azad fikirlə heç bir əlaqəsi yoxdur. Azad söz hüququ milli mənsubiyyəti inkar etmək hüququ olmamalıdır. Bu cür üzdəniraq hüquq bizim azad bir xalq, millət kimi yaşamağımıza mane olur. Bu yolda olan bütün süni maneələr cəmiyyətin inkişafına olduqca mənfi təsir edir. Belə azad fikir kimə və nəyə gərəkdir?

Həqiqəti demək lazımdır ki, türkçülük, turançılıq, belə ideyalara sadiq olan türklərin məhəbbəti bizlərə, azərbaycanlılara öz yolumuzla, paralel olsa da, Mərkəzi Asiyanın türkdilli xalqlarında da olduğu kimi, öz yolumuzla getməyə çox mane olur. Onlar obyektiv surətdə özlərini türkdilli hesab etmələrinə baxmayaraq, istənilən konkret vəziyyətdə özlərini türk kimi deyil, müvafiq şəkildə qazax, qırğız, türkmən, özbək, qaraqalpaq kimi səciyyələndirirlər. Düşünürəm ki, biz də belə etməliyik: özümüzü ilk növbədə azərbaycanlı, daha sonra isə türkdilli xalq hesab etməliyik.

Bu gün müəyyən mənada həm sosializmdən, həm də kapitalizmdən fərqlənən bir inkişaf yolu seçmişik, lakin mən hər zaman hesab edirdim və indi də öz fikrimdə qalıram ki, çoxlarının fikirləşdiyi kimi, qızıl adlanan orta həmişə qızıl olmur, o, bozdur, çox bozdur. Xoşbəxtlikdən, biz artıq bu boz ortadan uzaqlaşmağa başlamış və milli xüsusiyyətlərimizi saxlamaq şərtilə avrointeqrasiya istiqamətində çoxlu addımlar atmışıq. Lakin bu yolun da dərk olunaraq tarixi-fəlsəfi cəhətdən əsaslandırılmağa ciddi ehtiyacı vardır. Zənnimcə, Avropadan keçən yol dünyanın qabaqcıl ölkələri tərəfindən təklif olunmuş alternativsiz variantdır. Avropaya, yumşaq şəkildə desək, kapitalizm dünyasına daxil olmamışdan əvvəlki karantin zonası kimi baxılır. Dolayı yollar, hələ ki, mövcud deyil.

Fəlsəfənin qollarından biri olan dinşünaslıqdakı vəziyyətə gəlincə, burada daha pis bir mənzərə mövcuddur. Düşünürəm ki, bizdə ilahiyyatçıların olmaması faktı danılmazdır, lakin tez-tez kütləvi informasiya vasitələrində fəlsəfə və ya ilahiyyat sahəsində heç nə ilə fərqlənməmiş insanların adlarının qarşısına “filosof-ilahiyyatçı” sözünü də əlavə edirlər. Hətta televiziya verilişlərində də tez-tez bunları eşitmək olar: “Bu gün studiyamızın qonağı filosof-ilahiyyatçı...”. Yəqin, hesab edirlər ki, əgər insan fəlsəfə və ya din barəsində danışırsa, onu müvafiq olaraq filosof, yaxud da ilahiyyatçı adlandırmaq lazımdır. Təəccüblü orasıdır ki, buna həmin “filosof-ilahiyyatçılar”ın heç bir etirazları yoxdur.

Əgər “filosofluq edən” kimsə insanın və ümumilikdə cəmiyyətin inkişafı sahəsində yeni bir söz deməyibsə, yalnız dini və fəlsəfə fənnini öyrənərək, bu natamam məlumatı başqalarına ötürübsə, və ya namizədlik və doktorluq dissertasiyalarında mənbələrlə işləmək qabiliyyətini nümayiş etdiribsə, belə insanı filosof və ya ilahiyyatçı adlandırmaq qətiyyən düzgün deyil. Akademik Ramiz Mehdiyev bu sahədəki vəziyyəti təhlil edərkən haqlı olaraq qeyd edir ki, Azərbaycanda, prinsip etibarilə, 1-2 nəfər siyasi şərhçi var. Mən də eyni şeyi filosoflar barəsində deyərdim, onlar da 2-3 nəfərdən çox deyil, ilahiyyatçı alim isə, ümumiyyətlə, yoxdur.

İnanmaq çətindir ki, məsuliyyət hissinin oyanacağına və ya vətəndaş borcunun daha yaxşı başa düşüləcəyinə olan ümidlər tez bir zamanda müsbət nəticələrə gətirib çıxara bilər. Hər kəs bu borcu öz bildiyi kimi və çox vaxt səhv başa düşür. Vətəndaş borcu haqqında danışarkən, mütləq onu borcun məişət formasından fərqləndirmək lazımdır. Vətəndaşın dövlət və cəmiyyət qarşısındakı borcu nə silinmir, nə də unudulmur. Bu, maddi deyil, məhz haqqında çox-çox danışdığımız həmin mənəvi borcdur. Fərq çox böyükdür. Zənnimcə, mənəvi borcun yerinə yetirilməməsini, ən azından, ictimai və ya dövlət mülkiyyətinin mənimsənilməsi ilə müqayisə etmək olar. Təəssüflər olsun ki, belə hallarda cəmiyyət ancaq məzəmmət edə bilər, borclu isə özü-özünün hakimidir. Bu, insan və cəmiyyətin qarşılıqlı münasibətlərinin tarixi reallıqlarıdır.

Əlbəttə, Azərbaycan cəmiyyətinin elmi təhlilə ehtiyacı olan ictimai-siyasi problemləri barədə olduqca çox danışmaq mümkündür. Mənə bir şey aydındır – birləşərək və tənqidi layiqli şəkildə (bəzilərinin etdiyi kimi, istehza ilə deyil) qəbul edərək, cəmiyyətimiz, xalqımız və dövlətimizin problemləri üzərində işləməyə, əmək sərf etməyə başlamaq lazımdır.

Tənqidi heç də hər zaman müzakirə mövzusuna çevirmək olmaz, bu, bəlkə də bu gün yersiz də görünə bilər. Düşünürəm ki, akademik Ramiz Mehdiyevin məqaləsində şərhini tapmış nəticələr, hətta, daha çox tənqidə deyil, cəmiyyəti humanitar elmlər sahəsindəki işlərin vəziyyəti ilə tanış etməyə, bədii dildə desək, birgə səylərlə “meşə kənarına” çıxmağa dəvət kimi də qiymətləndirilə bilər. Burada məkan geniş, hava təmiz, düşünmək isə zövqvericidir. Bu “mərasimin” hər bir iştirakçısı, yəni humanitar sahədə çalışan elm adamı yaxınlıqda, böyüdücü şüşə olmadan da görünəcək. Burada günəş şüaları heç kəsə üstünlük vermir. Onun şüalarının təsiri isə başlıca olaraq tələbatlardan, həm də bu əbədi göy cisminin altında kimin nə qədər dözümlü olmasından asılıdır.

Günəş şüaları altında istənilən sağlam toxum cücərə bilər. Ola bilsin ki, bizim də bəxtimiz gətirəcək. Çünki xalqımızın tarixi kökləri dərin və möhkəmdir və onlar bütün yaşananlara rəğmən, sürətli inkişafa qadirdirlər. Azərbaycan tarixində belə hallar çox olub.

 

 

Rafiq ƏLİYEV,

fəlsəfə elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 22 dekabr.- S.5.