Bakıda Avropa Şurasının 60 illiyi qeyd edilib

 

TƏDBİRDƏ DEYİLİB Kİ, AVROPA ŞURASI QARABAĞ MÜNAQİŞƏSİNDƏ OBYEKTİV MÖVQE TUTMUR

 

Dünən Bakıda Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Avropa Şurasının 60 illiyi münasibətilə konfrans keçirilib.

Konfransı açan Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan 8 il əvvəl bu beynəlxalq qurumun tam hüquqlu üzvü olmaqla hədəflərini özü üçün müəyyən edib. Onun sözlərinə görə, Azərbaycan artıq bu hədəflərin bir çoxuna nail olub: “Ölkəmiz Avropa Şurasına üzv olmaqla bir tərəfdən Avropa ailəsinə inteqrasiyanı, insan hüquq azadlıqlarının qorunmasını qarşısına məqsəd qoymuşdusa, digər tərəfdən Azərbaycan beynəlxalq tribuna olaraq bu qurumun imkanlarından istifadə etmək istəyirdi. Azərbaycanın strateji mövqeyi, eyni zamanda təbii ehtiyatları Avropa üçün çox əhəmiyyətlidir. Azərbaycan Şuranın üzvü olmaqla dünyəvi bir dövlət kimi tanındı. İndi qurum qarşısında götürdüyümüz öhdəliklərin böyük hissəsini yerinə yetirdiyimizi bəyan edə bilərik. Azərbaycanda artıq vətəndaş cəmiyyəti formalaşıb”.

B.Muradova bu gün Avropa Şurasını Azərbaycanın ən geniş əməkdaşlıq qurduğu beynəlxalq qurum adlandırıb.

Millət vəkili bununla belə Avropa Şurasının hələ işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamasından təəssüfünü bildirib. Əlavə edib ki, AŞ Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv mövqe nümayiş etdirmir. “Avropa Şurasında ötən illər ərzində Azərbaycanın milli maraqları ilə bağlı bir çox qərarlar qəbul olunub. Bununla belə qurum yenə işğalçı ölkə ilə işğala məruz qalan tərəfi eyniləşdirir, yalnız sülh çağırışları səsləndirməklə kifayətlənir. Gözləyirik ki, Avropa Şurasının bu qərəzli mövqeyi ortadan qalxacaq”.

Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, müstəqillik dövründə Azərbaycanın qazandığı uğurlardan biri Avropa ailəsinə üzv olmasıdır. Avropa Şurasına üzv olmaqla isə Azərbaycan çox şey əldə edib. Ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində böyük işlər görülüb. Ümumiyyətlə, son illər qəbul edilən əksər qanunlar Avropalı ekspertlərlə müzakirə olunub, sənədlərdə onların təklif tövsiyələri nəzərə alınıb.

B.Muradova ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarından, KİV-in sərbəst azad fəaliyyətinin təmin edilməsi, atılan addımlardan, insan hüquqlarının bərqərar olması sahəsində görülən işlərdən danışıb. Deyib ki, ölkədə demokratik seçki mühiti ildən-ilə artır. Milli azlıqların hüquqlarını tənzimləyən bütün qanunlar Avropa standartlarına uyğunlaşdırılıb.   B.Muradovanın fikrincə, Azərbaycanqarşısındakı öhdəliklərinə sadiq bir ölkə olduğunu sübut edə bilib: “Deyə bilərlər ki, öhdəliklərdən bəziləri qalıb. Bəli, Dağlıq Qarabağ problemi həll olunmadan bəzi öhdəlikləri yerinə yetirmək mümkünsüzdür. Kimsə bizi qınaya bilməz. Birgə səylər olarsa, etnik separatizmdən qurtula bilərik. Avropa Şurası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı daha ciddi addımlar ata bilər biz bunu gözləyirik”. 

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov dailə əlaqələrin uğurla davam etdiyini söyləyib. O, Azərbaycanın Avropa Konvensiyasına qoşulduğunu, Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğunu xatırladıb. Deyib ki, bu da istənilən vətəndaşa Avropa Məhkəməsinə müraciət etmək imkanı verib. Artıq vətəndaşlar bu hüquqlarından istifadə edirlər. Ç.Əsgərov Azərbaycanın hələ quruma üzv olmazdan əvvəl ölüm hökmünü ləğv etməsini xatırladıb. Deyib ki, ölkəmiz bir çox sahələrdə gördüyü işlərə görə başqa dövlətlərə nümunə göstərib. Azərbaycanın dini sahədəki tolerantlığı da bütün Avropaya nümunə ola bilər.

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek isə xatırladıb ki, 60 il əvvəl qurum yaranarkən 10 üzvü var idi. İndi isə AŞ-nin 47 üzvü var. O, bütün üzv ölkələrlə yaxından əməkdaşlıq edildiyini deyib. Avropa Şurasının ali dəyərlərindən birinin qanunun aliliyi olduğunu xatırladan Kotek əlavə edib ki, qanunların qəbul olunması yaxşıdır, amma onların həyata keçirilməsi vacibdir. “Biz üzv ölkələrə daha çox yardımlar etməli, qanunun aliliyini qorumalıyıq”. 

Sonra yubiley münasibətilə nəşr olunanAzərbaycan və Avropa Şurasıkitabının təqdimatı olub.

Kitabın müəlliflərindən biri Adil Vəliyev nəşr haqqında məlumat verib. Kitabın ingilis dilinə tərcümə olunması planlaşdırılır.

 

 

P.SULTANOVA

 

525-ci qəzet 2009.- 22 dekabr.- S.5.