Tərcümeyi-halım

 

(sənədli roman- xatirə)

 

Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövqeyində dayanması ilə yaxın dövr tariximizin səhifələrinə öz imzasını həkk edib. 1990-cı illərin ortalarında – Azərbaycan xalqı üçün olduqca narahat bir dönəmdə qələmə aldığı “Tərcümeyi-halım” əsərindən parçaları oxucularımıza təqdim etməklə unudulmaz Famil Mehdini bir daha ehtiramla xatırlamağı özümüzə mənəvi borc bildik.

Dostlarım varmı? Varsa kimdir? Yoxsa, niyə yoxdur? Məsəl var: dostlarının kim olduqlarını de, deyim ki, sən kimsən. Mən həmişə öz-özümə düşünmüşəm: görəsən həyatda həqiqi dostluq varmı? Bu sualı özümə təsadüfi verməmişəm. Çünki o qədər bir-birinə dost deyən, can deyib, can eşidən adamlar olub ki, sonralar bir-birindən uzaqlaşıb, araları soyuyub. Hətta bir-birinə qənim kəsilibdir. Yaxud adamlar görmüşəm ki, aralarında ünsiyyət olub, biri digərinə dost sözünü işlətməyib. Ancaq dar ayaqda bir-birinə əsl fədakarlıq nümunəsi göstəriblər. Ona görə də dostluqla, yoldaşlığın, insanlıq ünsiyyətinin sərhədləri mənə o qədər aydın olmayıb.

Mən dost, yoldaş seçərkən həmişə atamın nəsihətlərinə əməl etmişəm. Onun vaxtilə dediyi sözləri sırğa eləyib qulaqlarımdan asmışam. Əsil-nəsilli adamlarla ünsiyyətdə olmağı üstün tutmuşam. Bir adamla çörək kəsməzdən əvvəl yaxşı-yaxşı ölçüb-biçmişəm. Götür-qoy etmişəm ki, görüm onunla mənimki tutar, ya yox. Hər şeydən əvvəl aramızda məslək, əqidə, insanlıq, allahsevərlik yaxınlığına fikir vermişəm.

Bu dediyim sözlər Rəşid Babayev və Əli Abbasova daha çox aiddir. Bu insanlarla əlaqələrimin mənəvi kökləri olub. Ata-babadan arada yaxınlıq olub. Sonralar onların hər ikisi böyük qardaşım Fikrətlə yaxın dostluq, qardaşlıq ünsiyyətində olublar. Bu hisslər təbii şəkildə mənim də qanıma keçibdir. Rəşid ixtisasca üzümçü aqronom idi. Bu onun institutda aldığı ixtisas idi. Ancaq candan gəlmə ixtisası insanpərvərlik, canıyananlıq, xeyirxahlıq idi. Rəşid uzun illər sovxoz direktoru işləmişdi. Arada bir Xruşşovun vaxtında kənd təsərrüfatı mütəxəssisləri irəli çəkilən zaman Rəşid Zülfüqar oğlu da bir neçə il raykom katibi oldu. Təsərrüfatın, mədəniyyətin inkişafı üçün özünü öldürürdü. Rəşid iş vaxtı çox ciddi, prinsipial idi. Adamlara möhkəm tələbkarlıqla yanaşırdı. Ancaq onlardan qayğısını da əsirgəmirdi. Onun yanına gələn işçilər heç vaxt naümid geri qayıtmazdı. Açıq, səmimi adamlardan xoşu gəlirdi. Tənbəli, araqarışdıranı, əlsiz-ayaqsızlara dirsək göstərənləri görəmöyə gözü yox idi.

Rəşid yoldaşlıqda, dostluqda son dərəcə səmimi idi. Onda allah vergisi vardı. Bir dəfə Rəşidi görən bir də görüm deyər, uzun illər unutmazdı. Tanıdığı, tanımadığı adamların hamısı ilə nəzakətli davranırdı. əyilmək, qulluq göstərmək, yarınmaq kimi halları qətiyyən bacarmazdı. Süfrəsi həmişə qonaq-qara üzünə açıq olardı. Əminə xanımın açdığı süfrələr də özünün rəngarəngliyi ilə yanaşı həm də səliqə-sahmanı ilə fərqlənirdi.

Rəşidin çox erkən böyrəkləri xəstələnmişdi. Akademik Mirməmməd Cavadzadə Moskvadan Bakıya təzə gələndə ilk dəfə böyrəyində cərrahiyyə əməliyyatı apardığı adamlardan biri də Rəşiddir. O vaxtdan Cavadzadə ilə dostlaşmışdılar. Hər iki böyrəyi daşla dolu olan Rəşidi Allahdan sonra onun özünün qeyri-adi həyat eşqi, dözümü, inamı, bir də Cavadzadə yaşatmışdı. Rəşid zahirən çox gözəl oğlan idi. Ölənə qədər gözəlliyini itirmədi. Heç kəs ona “xəstədir” deməzdi. Hətta bir dəfə Moskvada böyük bir professorun qəbulunda olurlar. Professor onların üzünə baxır və soruşur:- Xəstə sizin hansınızsınız? Rəşid deyəndə ki, mənəm, professor təəccüb qalır:- Axı, bu sir-sifətdə, gözdə xəstəliyin əlaməti hiss olunmur.

Ancaq bir ayın təxminən on beş, iyirmi gününü yorğan-döşəkdə olurdu. Mənzilində otaqlardan biri aptekə oxşayırdı. Həyat yoldaşı əminə xanım o qədər Rəşidin dava-dərmanları ilə məşğul olmuşdu ki, həmin sahədə az qala bir mütəxəssis qədər biliyə, məlumata malik idi. Bununla belə Rəşid heç vaxt xəstəlikdən danışmazdı. Yoldaşlarının yanında deyib-gülərdi. Qonaqlara, yoldaşlarına süfrə açdırmağı, məclisin şən keçməsini, xoş zarafatlarla isinməsini çox sevərdi.

Rəşidin alimlər, yazıçılar, şairlər, bəstəkarlar arasında da çoxlu dostu vardı. Onlardan biri də şair Qabil idi. Qabilin sadəliyi, səmimiliyi, yumoru, həm də cəsarətli şerləri Rəşidin çox xoşuna gəlirdi. Rəşid Bakıya gələn kimi birlikdə görüşərdik. Hərdən Ağdama da gedərdik. Qabilin hər Ağdama gəlməsi Rəşid üçün toy-bayram olardı.

Rəşid iyirmi-iyirmi beş il böyrəklərin əzab-əziyyətinə dözdü. Ağrı-acını vecinə almadı. Ancaq Moskvada kardioloji mərkəzdə ürək iflicindən vəfat etdi. Deyirlər öləndə də “uf” demədi. Ölümü özünəməxsus məğrurluqla qarşıladı. Son nəfəsi ağzından çıxana kimi üzündən təbəssüm əskik olmadı. Mən Rəşid və onun kimilərə ancaq qardaş gözü ilə baxmışam. Ona qohum demək, dost demək çox az olardı. Mən Rəşiddən işdə ciddiliyi, prinsipiallığı, ailədə səmimiliyi, əlsiz-ayaqsızlara canıyananlığı, qayğı göstərməyi, yoldaşa, dosta sədaqəti, məhəbbəti, hətta zahiri səliqə-sahmanı, təmizliyi eyni zamanda yaramazlara, dələduzlara nifrət və qəzəbi öyrənməyə çalışırdım.

Yaxın ünsiyyətdə olduğum adamlar sırasında dost sözü həm də Əli Abbasova çox yaraşır. Əli ata-babadan yerli-yataqlı adamlardır. Qarabağın məşhur Kəbirli camaatının böyük bir hissəsi onların qohum-əqrəbasıdır. Otuzuncu illərdə bir günün içində Əlinin atası Pənah kişini, qardaşlarını, əmisi uşaqlarını, əmisi nəvələrini, təxminən on beş-iyirmi nəfəri bir həftənin içində haqsız yerə tutub güllələyiblər. Bir neçə ay bundan əvvəl 30-cu illərdə güllələnib indi bəraət alanların qəzetlərdə siyahısı verilmişdir. Təxminən iyirmi nəfərə qədər Pənahov familli (Əlinin atası, əmiləri və qohumları) verilmişdi. Dəhşətə gəldim. Hökumət vaxtilə Qarabağda adı, hörməti olan böyük bir nəsli tamam məhv etmək istəyib. Qadınları, uşaqları didərgin salıblar. Əli ata-babasının yolu ilə gedib, qoyunçu olub. Otuz ildən çoxdur ki, nəinki Qarabağda, bütün Azərbaycanda Əli Abbasov qoyunçuluğun professoru sayılır. Mütəxəssis professorlar da, akademiklər də, respublikada bu işə rəhbərlik edənlər də, adi çobanlar da onun yanına məsləhətə gəlir. Qarabağda ən ətli, ən yunlu, ən çox bala verən də, zahiri cəhətdən gözəl qoyunlar Əlinin fermasında olub. Əli Ağdamda Natəvan adına sovxozda uzun illərdir ki, qoyunçuluq briqadiridir. Həmin o sovxoz ki, Rəşid Babayev ona rəhbərlik edib. Yeri gəlmişkən demək istəyirəm ki, təbiətcə tünd olan Rəşid, həmyaşıd olmalarına baxmayaraq, Əlinin yanında özünü uşaq kimi aparırdı. Əli onun bəlkə də ən çox hörmət etdiyi adamlardan idi. Əli öz yüksək mədəniyyəti, başqalarına qayğısı, Allahını tanıması, insafı-mürvəti, işgüzarlığı, böyük-kiçiyin yerini bilməsi, abır-həyası, böyük sadəliyi, həm də müdrikliyi ilə əsl keçmiş kişilərin yadigarıdır. Mən həmişə ondan ata-babaların, keçmiş Qarabağ ağsaqqallarının iyini almışam. Ondan sadəlik, səmimiyyət öyrənmişəm. Kişilik, dostluq, sədaqət dərsi almağa çalışmışam. Əli haqqında fikirlərimi onun haqqında vaxtilə yazdığım “Qan işığı” oçerkində verməyə çalışmışam. Oçerkdə Əlinin xarakterinin açılmasına kömək edən maraqlı bir detal var. İstisudan qalxıb Dəlidağ yaylaqlarına gedərkən, böyük bir uçurumun yanında maşını saxlatdırıb, həmin hadisəni Əli Pənah oğlu özü mənə danışıbdır: Maşınla bir neçə il əvvəl burdan gəlib keçirmişlər. Maşında Əli, qardaşı Saday, dostunun beş-altı yaşlı uşağı imiş. Həmin bu uçurumun başlanğıcında maşın yoldan çıxır, dərəyə tərəf sürüşür. Əli atılıb canını qurtara bilərdi. Bəs dostunun uşağı?

Özü belə deyir:

– Uşağı qucaqlayıb bərk-bərk qucağıma sıxdım. Maşın dərənin dibinə yumarlandı. Maşın yumarlandıqca bizi içəridə ora-bura çırpırdı. Mən uşağı daha bərk sinəmə sıxır, çalışırdım ki, əlimdən çıxmasın. Maşın dərənin dibinə çatdı. Yaxınlıqda qoyun otaran çobanlar tökülüb gəldilər. Maşının qapısını sındırdılar. ƏIvvəl Sadayı çıxartdılar. Elə o dəqiqələrdə uşağın üzünə baxdım. Yaş məni boğdu. Quzu kimi qucağıma qısılıb üzümə baxırdı. Dinib-danışmırdı. Deyəsən başa düşüb bərk qorxmuşdu. Rəngi ağappaq ağarmışdı. Əlimin altında ürəyi sürətlə döyünürdü. Qaldırıb üzündən öpdüm: – Qorxma,- dedim,- indi gedərik. Uşaq isə elə hey susub üzümə tamaşa edirdi. Nəhayət bizi də dartıb çıxartdılar. Mən başımdan, qol-qıçımdan zədə almışdım. Xoşbəxtlikdən uşağa heç nə olmamışdı. Öz uşağım olsa, heç o qədər həyəcan keçirməzdim. Axı, amanat idi, dost uşağı idi!

Qələm yoldaşlarımla, dostlarımla əlaqələrim daha çox yaradıcılıq telləri ilə bağlı idi. Ancaq bununla belə biz bir-birimizin həyatına, taleyinə də biganə qalmamışıq. Əli Vəliyev, Mirzə İbrahimov, Süleyman Vəliyev, Bayram Bayramov, Məmməd Rahim, Nəbi Xəzri, Sabir Əhmədli, Cəmil Əlibəyov, Əlfi Qasımov, Qabil, Çingiz Hüseynov, Xəlil Rza, Nəriman Həsənzadə, Tofiq Mütəllibov, Şükür Xanlarov, Məmməd Araz, Şahmar Əkbərzadə, Ənvər Rza və başqa yazıçı və şairlərlə sıx əlaqəmiz olubdur. Xüsusilə çətin məqamlarda, dar gündə onların köməyini hiss etmişəm. Haradasa, mən də onlara kömək əlimi uzatmışam. Bir-birimizə arxa-dayaq olmuşuq. Dərd- sərimizi bölüşmüşük. Bizi birləşdirən tellər daha möhkəm olduğundan küsəndə də, inciyəndə də, necə deyərlər, dərhal hər şeyi vurub dağıtmamışıq.

Ümumiyyətlə, yaradıcı dostlarım, yoldaşlarımla bağlı deyiləsi, yazılası faktlar çoxdur. Məsələn, Tofiq Mütəllibov mənim şerlərimə görə töhmət almağa razı olub. Nəriman Həsənzadə “Kimin sualı var?” poemasına görə Mərkəzi Komitə tərəfindən sıxışdırılanda ilk dəfə onu mən müdafiəyə qalxdım, əsəri haqqında müsbət rəy yazıb qəzetə və MK- ya göndərdim. Sonralar Mərkəzi Komitə tərəfindən mən vurulanda Nəriman risqə gedib adımı “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyəti üzvlüyünə saldı. Sabir Əhmədli ən ağır zərbələrə məruz qalanda, Əli Vəliyev “Mən qoymaram Sabir Əhmədov mənim kolxozumu dağıtsın” deyəndə Əli müəllimi yumşaldanlardan biri mən olmuşam. Xəlil Rza ən ağır xəstə günlərimdə köməyimə gəlib, kitabıma müqəddimə yazıb. Məmməd Arazla daha ardıcıl şəkildə bir-birimizi müdafiə etmişik. Mən onun haqqında mətbuatda söz demişəm, o mənim. “Əyilmə, dünyam” kitabıma müqəddimə yazıb. Professor Tofiq Hacıyevin, dissertasiya müdafiəsində mənə böyük köməyi olub.

...Qarabağ hadisələrinin qızğın vaxtında tez-tez Ağdamda, cəbhə xəttində – Qatır Məmmədin, Asif Məhərrəmovun, Faiq Baxşəliyevin, Allahverdi Bağırovun batalyonlarında olurdum. Həmin gün isə məndən təxminən bir kilometr aralıda Xromord, Xanabad uğrunda qanlı döyüşlər gedirdi. Səngərdən bütün döyüşün gedişini müşahidə edirdim. Mərmilər vıyıltıyla başımız üzərindən uçur, bəzən də düşüb yaxınlığımızda partlayırdı. Xromordu bizimkilər ikinci dəfə azad etdi. Xanabada hücum pozuldu. Arxadan qüvvə gəlmədi. Gecə, səngərdən geri qayıdan bəzi döyüşçülərdən eşitdim ki, deyəsən Xəlil Rzanın oğlu Təbriz yoldaşları ilə birlikdə həlak oldu. Məni dəhşət bürüdü. Təbrizin Ağdam cəbhəsinə gəldiyini elə həmin gün eşitmişdim. Fikirləşirdim ki, döyüş səngiyəndə axtarıb taparam...

Əfsus ki, Təbrizin özünü yox, meyidini tapdım... Təbrizin toyunda iştirak etmişdim. Sağlıq demişdim. İndi isə...

Gecə yarısı ay işığında mitinq oldu. Təbrizin döyüşçü yoldaşları danışdılar. Sonra mənə söz verildi. Dedim Xəlil Rza kimi cəsur, qorxmaz bir şairin oğlu məhz belə böyük qəhrəmanlıq, rəşadət göstərib şəhid olmalı idi. Daha nə demişdim, heç biri yadımda qalmayıb. Bircə o yadımdadır ki, üç- dörd il əvvəl toyunda bəylik masası arxasında təbrik edib öpdüyüm Təbrizin bu ay işığında əyilib tabutunu öpdüm... Məşhur Ağdam ziyalısı, Xəlilin yaxın dostu Zeynal Məmmədovun qardaşı, həmkarım Cahangir Məmmədovla birlikdə tabutu aparan maşını və onu müşayiət edənləri Ağdamdan xeyli çıxana qədər yola saldıq... Bir neçə gün sonra isə Şəhidlər Xiyabanında başdaşında şəklini öpdüm.

Eyni faciə bu yaxınlarda görkəmli yazıçımız, şəxsiyyətinə və yaradıcılığına hörmət bəslədiyim Sabir Əhmədlinin başına gəldi. Sabirlə, demək olar ki, günaşırı görüşür, zəngləşərdik. Qarabağ hadisələri bizi bir-birimizə daha sıx bağlamışdı. Bir axşam zəng edib dedi ki, oğlum Məhəmmədi əsgər apardılar. Üç gündən sonra Goranboy tərəfə yolladılar. Nədənsə yaman narahatam. Bərkə-boşa düşməmiş uşaqdır. Birdən hazırlıqsız-zadsız döyüşə göndərərlər...

Sabir kövrək olduğu qədər də dözümlü adamdır. Keçən müharibənin ağrı- acısını ailələri ilə birlikdə o da dadmışdır. Qardaşı Cəmil Əhmədov Polşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O bu adı daşıyan ən gənc qəhrəman idi... Buna baxmayaraq ata ürəyi narahat idi. Dedim ki, maşın taparıq gedərik həm cəbhələrdə olarıq, həm də Məhəmmədlə görüşərik. Bu söhbət şənbə günü olmuşdu. Sabir səbr etmir. Bazar ertəsi bir qohumu ilə Goranboya yola düşür. Orda xəbər verirlər ki, uşaqları apardılar Murova. O günlərdə Murovda, dağların başında, şiddətli qış günündə ağır döyüşlər gedirdi. Sabir Gəncədə tanışların köməyi ilə Murova yola düşür. Yolda rast gəldiyi dəstələrin heç birində Məhəmmədi “gördüm” deyən olmur. Həm də təzə getmişdi, yəqin çoxları tanımırdı. O, heç bir xəbər öyrənə bilməyib Gəncəyə qayıdır. Yazıçı Altay Məmmədovun evində xəbər verirlər ki, Bakıdan zəng ediblər, guya Məhəmməd yaralanıb Bakıya gətiriblər. Demə, ata yolda oğlunun tabutu ilə qarşılaşıbmış... Bakıdan yola salınandan bir həftə sonra əziz Məhəmmədin tabutu evlərinə gətirildi.

Başqa döyüşçülərlə birlikdə Məhəmmədin də uyuduğu Şəhidlər Xiyabanı mənim də tez-tez ziyarət etdiyim müqəddəs yerlərdən biridir... Yaxın yoldaşlarımdan şair Qaçay Köçərli, professorlar Nəriman Nərimanov, İzzət Rüstəmov, mühəndis Allahverdi Nuriyev, Dağbəyi İsmayılov və başqaları da Qarabağ uğrunda, Azərbaycan uğrunda döyüşlərdə öz əziz övladlarını itirmişlər. Görürsünüzmü, mənim yoldaşlarımın, həmməsləklərimin taleyinə nə kimi kəşməkeşli faciələr yazılmışdır?! Nə etməli, bu da tarixdir, tarixin amansızlıqlarıdır...

Gənc yaşlarından istedadlı alim kimi məşhurlaşan, nəhayət dünya miqyasına çıxan, arada bir saqqızı oğurlanıb partiya işinə aparılan, ancaq orada da az vaxt ərzində öz sadəliyi, yüksək mədəniyyəti ilə aşağıların hörmətini qazanan Rafiq Əliyevi də Xəlil Rza kimi ailəyə son dərəcə qayğı və hörmətlə yanaşan insanlardan hesab etmək olar. Biz Rafiq müəllimlə qohum olandan (qudayıq), bir az sonra Sxaltubaya müalicəyə getməli olduq. Bizi Rafiq müəllimin iş yoldaşı Feyzi Qazaxa qədər apardı. Həmkarımız Hümmət Eminov ata-baba evlərində gecələməyi məsləhət bildi. Onun qardaşı Tofiq bizi göl kənarında çox mənzərəli yerdə tikilmiş restoranda qonaq etdi. Axşam evdə ədalətin sazını dinlədik. Ədalət özü Qazaxda yox idi. Ancaq bir müddət əvvəl həmin bu evdə Rafiq müəllimin də iştirak etdiyi məclisdə ədalətin ifasında lentə köçürülmüş mahnıları dinlədik. Gecəmiz o qədər şən keçdi ki, səhərə kimi heç birimiz yatmadıq. Səmimi söhbətlər, hekayətlər, zarafatlar, lətifələr. Hətta zarafatlarda belə utanıb özünü ciddi aparan Rafiq müəllim də bığ yeri yenicə tərləyən vaxtlardn eşqə düşməyindən, bu sahədəki cəsarətindən, qızı görmək üçün evlərinin yanındakı bulağa tez-tez gəlməsindən danışdı.

Fədakarlığını özü belə nəql etdi:

– Qızın atası rayonda orta səviyyəli vəzifəlilərdən biri idi. Hardansa ağlıma gəldi, qızın atasının iş telefonunun nömrəsini öyrəndim və ona zəng etdim. Dedim, bağışlayın, üzr istəyirəm, danışan Rafiq Əliyevdir. Dedi, Rafiq Əliyev kimdir? Dedim, vaxt gələr hamısını bilərsiniz. Bağışlayın, hələlik onu deyirəm ki, mən sizin qızınız filankəsi sevirəm. Xahiş edirəm vaxtı gələndə bizə xeyir-dua verəsiniz. Kişi telefonda əsəbiləşib mənə bərk təpindi. Dərhal dəstəyi yerinə qoydum. İndi də yadıma düşəndə özüm-özümdən utanıram.

 

 

(Ardı var)

 

Famil MEHDİ

 

525-ci qəzet.- 2009.- 23 dekabr.- S.6.