“Xilaskar” gözlədiyimizdən də
yüksək səviyyədə qarşılandı”
2009-cu il noyabrın 25-dən dekabrın 4-nə qədər İrəvan Dövlət Azərbaycan Dram Teatrı qardaş Gürcüstan Respublikasında 9 günlük qastrol səfərində olub. Bu haqda daha ətraflı məlumat almaq üçün teatrın direktoru İftixar Piriyevlə görüşdük.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı repertuar zənginliyi ilə həmişə diqqəti cəlb edib. İlk dəfə mən bu teatrın səhnəsində müqtədir sənətkarımız İlyas Əfəndiyevin “ Boy çiçəyi ” ( “Sən həmişə mənimləsən”) pyesinə tamaşa etmişəm. Quruluş və aktyor oyunu çox xoşuma gəlib. İkinci baxdığım tamaşa dramaturq İftixar Piriyevin “Körpü” əsəri olub. Sonra mən həm bu teatrı , həm də “Körpü” pyesi haqqında mətbuatda çıxış etdim. 2008 – ci ildə çapdan çıxmış pyeslər kitabını teatrın direktoru İftixar Piriyevə xatirə olaraq verdim. Bir gün İftixar müəllim mənə telefon açdı və şad bir xəbər verdi. O mənim Ulu Öndərimiz H.Əliyevə həsr etdiyim “Xilaskar” pyesini bəyənmişdi. Əsər keçən il Ümummilli liderimizin ad günü ərəfəsində çox böyük uğurla tamaşaya qoyuldu. Sözün düzü mən çox böyük həyəcan keçirirdim. Cəsarət edib bu mövzuya müraciət etməyim həm böyük şərəf , həm də böyük məsuliyyət idi.
Keçən ilin may ayından başlayaraq bu əsər respublikamızın rayonlarında səhnə üzü gördü. Hər dəfə də alqışlarla qarşılandı. Teatrın ədəbi hissə müdiri Çingiz Ələsgərli mənə bildirəndə ki, teatr Gürcüstana qastrol səfərinə gedir və “Xilaskar” pyesi də repertuardadır. Əlbəttə, çox sevindim, fəxr etdim . Sonra AZTV- də səhər proqramında bu tamaşaya həsr olunmuş verilişə və yaradıcı heyətin videoyazılarına baxdım. “Xilaskar” pyesi bugünə qədər 45 dəfə tamaşaya qoyulub, hər dəfə də xalq tərəfindən sonsuz rəğbət hissi ilə qarşılanıb.
Fürsətdən istifadə edərək mən teatrın yaradıcı kollektivinə, rəhbərliyinə təşəkkürümü bildirirəm . Arzu edirəm ki, teatr öz tamaşaçılarını daha yeni-yeni əsərlərlə sevindirsin.
Aqşin Babayev, yazıçı – dramaturq
– İftixar müəllim, müasir dövrdə bir çox teatrlar nəinki xaricdə, hətta respublika daxilində belə qastrol səfərlərindən imtina edirlər. Siz isə qardaş respublikaya qastrol səfərinə gedib, uğurlu nəticələrlə geri qayıtmısınız. Mümkünsə, bu barədə danışın?
– Gürcüstanda yaşayan azərbaycanlılara mədəni xidmət göstərmək məqsədi ilə hörmətli nazirimiz Əbülfəs Qarayevin təşəbbüs və qayğısını həyata keçirən İrəvan Teatrının Gürcüstan Respublikasına geniş tərkibli heyətlə, 9 günlük qastrol səfərinin təşkili soydaşlarımız tərəfindən yüksək dəyərləndirildi. Belə tədbirlərin davamlı olacağına əminliklərini və bunun əhəmiyyəti barədə ağız dolusu danışdılar.
– İftixar müəllim, biz də öz növbəmizdə bu gözəl təşəbbüsü həyata keçirən Sizləri alqışlayıb, təbrik edirik. İndi isə, zəhmət olmasa qastrol təəssüratlarınız barədə ətraflı məlumat verin?
– Diqqətinizə çatdırmaq istəyirəm ki, çox böyük uğurla həyata keçirilən bu qastrol səfərinə biz, 26 noyabr 2009-cu il tarixdə, saat 11:00-da Ulu Öndərimizin Tiflis şəhərindəki möhtəşəm abidəsinin ziyarəti ilə başladıq. Bu ziyarət, sözün əsl mənasında bizə çox böyük ruh yüksəkliyi verdi.
Elə həmin gün Tiflis şəhərində Şota Rustaveli adına Gürcüstan Dövlət Dram Teatrının böyük səhnəsində Aqşin Babayevin “Xilaskar” əsərinin tamaşası ilə açılış etdik. Tamaşa gözlədiyimizdən də yüksək qarşılandı və çox böyük alqışlarla qarşılandı. Bu söz yox ki, Ulu Öndərimizin obrazının səhnədə canlandırılması ilə bağlıdır...
– İftixar müəllim, söhbətinizi kəsməli olacağam. Görünür özünüz haqqında danışmağı bir o qədər də xoşlamırsınız. Oxuculara məlumat verim ki, Aqşin Babayevin publisistik janrda qələmə aldığı “Xilaskar” pyesi Ulu Öndərimizin 1993-cü ildəki həyat və fəaliyyətinə həsr olunub. Bu əsərdə Heydər Əliyev obrazını siz çox böyük məharətlə və peşəkarlıqla ifa etmisiniz. Siz Heydər Əliyev obrazının portret cizgilərindən daha çox onun zəngin daxili aləmini əks etdirməyə çalışmısınız. Hamı ilk baxışda Ulu Öndərimizi səs tembri, amiranə hərəkətləri, düz qaməti, ciddi baxışları səlis və rəvan danışığı ilə tanıyırdı. Bu obrazı yaratmaq sənətçidən çox böyük bacarıq və istedad tələb edir. Tamaşa hörmətli rejissorumuz Oruc İzzətoğlu tərəfindən məhz Heydər Əliyev obrazı üzərində qurulub. Siz də bu işin öhdəsindən məharətlə və Ulu Öndərimizə olan sonsuz sevgi ilə gəlmisiniz. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirəm ki, bütün bunları deməsəydim, siz bu haqda oxuculara məlumat verməyəcəkdiniz.
– Çox sağ olun. Təbii ki, mən özüm haqqında heç nə deyə bilmərəm. Qoy bu haqda teatrşünaslar, sənət xadimləri və tamaşaçılar desin. Mən onu deyə bilərəm ki, tamaşada Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı səlahiyyətli səfiri Namiq Əliyev, səfirliyin əməkdaşları Gürcüstan Respublikasının prezident aparatı administrasiyasının rəsmi nümayəndələri, eks prezident cənab Eduard Şevardnadze, Ukraynanın Gürcüstandakı səlahiyyətli səfiri, Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsi, Gürcüstan Respublikasının Diaspora Naziri, Gürcüstan Ali Məhkəməsinin hakimləri, Teatr Xadimləri İttifaqının sədri, SSRİ xalq artisti Qiqa Lordkipanidze, Gürcüstan Respublikasının xalq artistləri cənab Qiorqi Kaftaradze, Dmitri Caiani və Suxumi Teatrının aktyorları, Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri Qoça Kapanadze və teatrın kollektivi, o cümlədən gürcü teatr ictimaiyyəti və Gürcüstanda yaşayan ziyalı soydaşlarımızın böyük bir hissəsi iştirak edirdi. Tamaşaçıların sonsuz sevgi və məhəbbətinin təzahürü olan alqışlar aktyorlarımızı dəfələrlə səhnəyə qayıtmağa vadar edirdi. Tamaşadan sonra qonaqlar iştirakçılara yaxınlaşaraq hər birini təbrik edir, xatirə şəkilləri çəkdirirdilər. Xüsusilə eks prezident cənab Eduard Şevardnadze səhnə arxasına keçərək, kollektivimizi şəxsən təbrik etdi, xatirə şəkli çəkdirdi və bizi öz iqamətgahına qonaq dəvət etdi. Mən dəvəti qəbul edərək, tamaşaya təşrif buyurduğu və iqamətgahına dəvət etməsi münasibəti ilə Eduard Şevardnadzeyə kollektivimiz adından təşəkkür bildirdim. Biz 2 dekabr 2009-cu il tarixdə saat 12:30-da Eduard Şevardnadzenin qonağı olduq. Görüş zamanı Eduard Şevardnadze öncə, vaxti ilə o Bakıda ulu öndər Heydər Əliyevin qonağı olarkən mənim gürcü və azərbaycan dillərində onların qarşısında Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərindən söylədiyim parçaları xatırladı. Daha sonra o, gürcü azərbaycan xalqlarının dostluğunun qədim tarixə söykəndiyini bildirdi və tamaşaya verdiyi böyük dəyər barəsində danışdı. Daha sonra Eduard Şevardnadze Ulu Öndər haqqında səmimi xatirələr danışdı. Görüş yarım saata qədər davam etdi. Sonra mən, Eduard Şevardnadzeyə səmimi qəbula və isti münasibətə görə təşəkkür etdim və ona qədim milli alətimiz olan saz hədiyyə etdim. Səfərimizin mahiyyəti barədə danışdım. Gürcü dilində Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərindən bir neçə bəndi əzbər söylədim.
– İftixar müəllim, qastrol səfəri Tiflisdən başqa daha hansı bölgələri əhatə edirdi?
– Böyük bir bölgəni əhatə edən bu qastrol səfərində Marneuli və onun iki kəndində (Kəpənəkçi, Sadaxlı), Bolnisi, Qardobani rayon mərkəzində və Kaspi rayonunun Cələ kəndində tamaşalar oynadıq. Bu səfərin soydaşlarımızda çox böyük ruh yüksəkliyi yaratdığının şahidi olduq. Biz tamaşalar oynamaqla yanaşı Teatr Xadimləri İttifaqında İttifaqın sədr və gürcü teatr ictimaiyyəti, Tiflis Dövlət Azərbaycan Dram, Suxumi Dövlət Dram Teatrının kollektivləri və Rustavi şəhərində hökumət dairələri ilə görüşlər keçirdik.
Biz həmçinin Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı səlahiyyətli səfiri Namiq Əliyev, səfirliyin əməkdaşları ilə birgə Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə Tiflis Dövlət Universitetində Ulu Öndərimizin xatirə guşəsində olduq. Burada biz Ulu Öndərimizin xatirə mərasimində iştirak etdik. Daha sonra biz Gürcüstan Teatr Xadimləri İttifaqında İttifaqın sədri Qiqa Lordkipanidzenin də qonağı olduq. Görüş zamanı Qiqa Lordkipanidze tələbəlik illərindən dostluq etdiyi görkəmli Azərbaycan rejissoru Tofiq Kazımovun fenomenal şəxsiyyəti barədə geniş söhbət açdı.
Hesab edirəm ki, bu səfər təkcə soydaşlarımıza mədəni xidmətlə kifayətlənmədi, eyni zamanda milli teatrımızın və İrəvan Teatrının Gürcüstan Respublikasında geniş təbliğatına çevrildi.
30 noyabr tarixində oynadığımız tamaşadan sonra Tiflis Teatrının hazırladığı Ü. Hacıbəyovun “Ər və arvad” əsərinin tamaşasına da baxa bildik.
– Qastrol səfərinizin uğuru haqqında daha nə deyə bilərsiniz?
– Səfərin uğurlu nəticələrini ehtiva edən üç fəxri fərmanla təltif olunduq. Fəxri fərmanlar Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı səlahiyyətli səfiri cənab Namiq Əliyev, Teatr Xadimləri İttifaqının sədri cənab Qiqa Lordkipanidze və Kvemo Kartli qubernatorunun müavini cənab Hüseyn Yusifov tərəfindən imzalandı. Təltif zamanı Kvemo Kartli qubernatorunun müavini Hüseyn Yusifov bu səfərə görə hörmətli nazirimiz cənab Əbülfəs Qarayevə dərin təşəkkürlərini bildirib kollektivimizə minnətdarlıq etdi və bizi yaz aylarında yenidən qastrol səfərinə dəvət etdi.
Çingiz ƏLƏSGƏRLİ,
Teatrşünas
525-ci qəzet.- 2009.- 23 dekabr.- S.7.