“Dədələr
yolu” göstərildi
Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş “Dədələr yolu” sənədli filminin ilk nümayişi keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev giriş sözü ilə çıxış edərək yenidən təmirdən çıxan bu mədəniyyət ocağına toplaşanları salamlayıb. Daha sonra nazir Azərbaycan ədəbiyyatında, ədəbi mühitində sanballı mövqeyə malik olan Zəlimxan Yaqub haqqında fikirlərini bölüşüb: “Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını, mədəniyyətini ölkəmizdə və dünyada layiqincə təmsil və təbliğ edən dəyərli şairimiz, ziyalımızdır. Onun haqqında danışmaq çox çətindir, çünki o həm də çox böyük natiqdir”.
Millət vəkili,
professor Nizami Cəfərov Z. Yaqubun yaradıcılığının məziyyətlərindən danışıb:
“Zəlimxan Yaqub hər şeydən əvvəl xalqımızın
dəyərli ziyalılarındandır.
Onu
digər qələm sahiblərindən fərqləndirən
başlıca cəhət
bütövlükdə Azərbaycan
poeziyasını yaradıcılığında
əks etdirməsidir.
Özündən, öz
yaradıcılığından öncə Dədə Qorqud, Koroğlu, Aşıq Qurbanidən misallar gətirir. Bu da onu
digərlərindən fərqləndirir”.
“Zəlimxan Yaqub yaradıcılığı o qədər
çoxşaxəlidir ki,
hansı aspektdən baxsan, hər dəfə yeni bir şey kəşf
edirsən. Onun yaradıcılığında aparıcı bir xətt – Dədə Qorqud xətti, Turan xətti var. Elə biz
də bu xəttin köməkliyi ilə filmi müvəffəqiyyətlə hazırlaya bildik”. Bu fikirləri filmin rejissoru Tofiq Məmmədov səsləndirib.
Səhnəyə çıxan yubilyar Z.Yaqub, prezident İlham Əliyev başda olmaqla, şəxsiyyətinə və yaradıcılığına diqqət göstərən hər kəsə təşəkkürünü bildirib: “Bu axşam mənim ruhumun bayramıdır. 60 yaşını qeyd etməyə hazırlaşan Zəlimxan Yaquba qanad verən ulu öndər Heydər Əliyev irsini yaşadan, Azərbaycan xalqının arzularını həyata keçirən İlham Əliyevə səmimi qəlbdən təşəkkür edirəm. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın aşıq sənətinə, muğama göstərdiyi diqqət təqdirəlayiqdir. Buna görə ona öz minnətdarlığımı bildirirəm. Böyük insan, ziyalı, poeziyanın gözəlliyini dərk edən Əbülfəs müəllimə, çəkilişlərin baş tutduğu ölkələrin səfirliklərinə çox sağ olun deyirəm”.
Sonda tədbir iştirakçıları “Salnamə” sənədli filmlər studiyasının təqdim etdiyi 48 dəqiqəlik “Dədələr yolu” filminə baxıblar. Filmin ssenari müəllifləri Aydın Dadaşov və Mövlud Süleymanlı, rejissoru Tofiq Məmmədov, operatoru Elxan Rüstəmov, musiqi tərtibatçısı İsmayıl Dadaşovdur.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2009.- 25 dekabr.- S.7.