Yarım əsr əvvəlin kövrək
söhbəti
NODAR DUMBADZE AZƏRBAYCANA
XÜSUSİ RƏĞBƏTİLƏ SEÇİLƏN
QÜDRƏTLİ QƏLƏM SAHİBİ İDİ
Hələ keçən yüzilliyin 80-ci illərindən başlayaraq xalqlar arasında ədəbi əlaqələrlə bağlı axtarışlar aparıram. Bu məqsədlə Tbilisidə, Sinandalidə, Telavidə, Zuqdididə olmuşam. Yaradıcılığına dərin hörmət bəslədiyim gürcü ədəbiyyatının görkəmli nümayəndəsi Nodar Dumbadze ilə tanışlığım da elə o vaxt baş tutdu. 1984-cü ilin aprel ayında Tbilisidə olarkən Yazıçılar İttifaqına getməyi qərara aldım. Orada mənə bildirdilər ki, Nodar Dumbadze ikinci dəfə infarkt keçirib və həkimlər onunla görüşməyi qadağan ediblər.
İkinci mərtəbədən aşağı düşəndə məni təkrar katibliyə çağırdılar:
– Zəhmət olmasa, gözləyin, biz ona zəng edək ki, Naxçıvandan qonaq var. Oradan gəldiyinizi bilsə, mütləq sizi qəbul edəcək.
Yazıçı ilə telefonla danışdıqdan sonra mənə dedilər ki, N.Dumbadze sizi evinə dəvət edir, saat 14.00-da gözləyəcək. Sonra onun yaşadığı ünvanı mənə verdilər.
Mən axtarıb həmin ünvanı tapdım. Yaşadığı mənzilin qapısında yazıçının özü məni gözləyirdi. Həmin vaxt Nodar Vladimiroviç məni səmimiyyətlə evinə dəvət etdi. Elə ilk dəqiqələrdən böyük ürək sahibi, sadə, son dərəcə təvazökar bir insanla qarşılaşdığımı hiss etdim.
Birdən mənə tərəf dönüb heyranlıqla dedi:
– Dostum, sən ki çox cavanmışsan, lap yaxşı oldu, cavan oxucularımla dərdləşmək mənə ağrılarımı unutdurur.
Mən dinmirdim, yazıçını dinləyirdim. Nodar Dumbadze mənə yaradıcılığından, həyatından maraqlı epizodlar danışırdı. Dedi:
– Azərbaycanı, onun ayrılmaz parçası olan Naxçıvanı
Gürcüstan qədər sevirəm. Azərbaycanlılara
xüsusi rəğbətim
var. Əsərlərimi
bu dilə böyük sənətkarlıqla
və məhəbbətlə
tərcümə edirlər.
Görünür, bunun
da bir çox
səbəbləri var.
Axı, mənim Odlar Yurdu ilə
bir qədər bağlılığım var.
Atam inqilabdan əvvəl Bakıda Sənaye İnstitutunda təhsil alıb. 1937-ci il repressiyasının qurbanı olub. Anam Anikonu da
uzaq Karaqandaya sürgün ediblər...
Burada böyük yazıçı azacıq söhbətinə ara verir, sonra gözlərindəki kədəri, yaşı gizlətmək istəyir. Elə o an hiss edirsən ki, əsərlərində olduğu kimi, həyatda da yumorla, zarafatla danışmağı çox sevir. Bir də ki, ikinci infarktdan sonra qəm, qüssə, kədər, bütövlükdə əsəb onun ömrünü baltalaya, yarımçıq qoya bilər. Ona görə də bir qədər narahat oluram. Bunu duyan yazıçı deyir:
– Narahat olma, Allah gətirib səni buraya, bilirsən, son vaxtlar nədənsə kədərimi hamıdan gizlədirəm... Hə, anamdan danışırdım. O, sürgünə göndərilən gün bəlkə də mən uşaqkən qocaldım. Ağlayırdım, vaqonların dalınca qaçırdım. Anamı apardılar, babam məni Qərbi Gürcüstana – Quriyaya apardı. Şəhərli olsam da, kənd həyatına tez alışdım, bişdim, bərkidim. Artıq 16 yaşımda olanda kənd həyatı məni bir kişi kimi yetişdirmişdi. Anam Stalinin ölümündən sonra Tbilisiyə qayıda bildi. Aman Allah, qoca qarıya dönmüşdü. Bütün həyatını məhv etmişdilər. “Əbədiyyət qanunu” adlı əsərimi ona ithaf etdim. Elə birinci dəfə infarktı da o əsəri yazanda keçirdim. Bu əsərə görə mənə Lenin mükafatı verdilər.
Bu arada yazıçının xanımı Nunuli Ququnava bizi Vere çayına açılan geniş balkonda çay süfrəsinə dəvət edir. Söhbətimizi yenidən davam etdiririk. Öyrənirəm ki, yazıçının xanımı Meqreliyadandır. Nunuli xanım çox səmimi və mehribandır. Bir azdan söhbət yaşadıqları indiki evdən düşür. Deyirlər ki, Eduard Şevardnadze bu mənzili onlara şəxsən özü hədiyyə edib. Bu xeyirxahlığa görə ona da çox minnətdarlıq edirlər. Söhbət övladlarının üstünə gəlir. Yazıçı oğlu Sazanın ölümündən ağrı ilə danışır... Bir azdan qızları Manana və Ketevananın gələcəklərini bildirir. Deyir ki, balaca nəvəsinə öz adını verib. Birinə də anasının adını verəcək.
Məndən soruşur ki,
ən
çox hansı əsərini xoşlayıram.
– Nodar Vladimiroviç, bütün
əsərlərinizi çox
sevirəm. Ancaq daha çox xoşladığım “Kukaraça”dır. Azərbaycanca “Qarabala” deyirik. Bu povestin əsasında
“Kukaraça” adlı
film çəkilib. Bilmək istərdim, bu hadisə real həyatda olubmu?
– Əlbəttə, anam da onu tanıyırdı. Mən
uşaq idim. Bizim rayonun sahə
müvəkkili işləyən
Kukaraça çox namuslu milis işçisi
idi. Onu nahaq yerə öldürdülər. Nişanlısı
isə onun qatilinə məhkəmədə
7 güllə vurdu.
– Sizin məhəllə Kukaraçanı
tez-tez xatırlayırdımı?
– Yox, onun ölümündən
sonra Böyük Vətən müharibəsi
başlandı. Ona
görə də onu unutdular. Amma 1943-cü ildə nişanlısı cəbhədə
həlak olanda Kukaraçanı xatırladılar.
– Bəs,
siz özünüz onu nə vaxt
xatırladınız?
– 12 oktyabr
1979-cu il gecə saat 12-də yuxuda gördüm onu. Bundan yarım saat
sonra ikinci dəfə infarkt keçirdim.
Söhbətimiz insanlar arasında dostluğun, sədaqətin vacibliyindən düşdü. Xalqlar arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirən yazıçı Azərbaycanın yüksəlişindən fərəhləndiyini bildirdi. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə görüşlərindən söhbət açdı, onun böyük siyasətçi olduğunu bildirdi. Naxçıvanın 60 illiyinin təntənə ilə bayram ediləcəyini eşidəndə isə “Səhhətim yol versəydi, məmnuniyyətlə, qədim Naxçıvan torpağını gəzməyə gələrdim”, – dedi.
Yazıçı mənə aftoqrafla bir neçə kitab və öz şəklini bağışladı.
1984-cü il sentyabr ayının 14-də görkəmli
gürcü yazıçısı
Nodar Dumbadze qəflətən vəfat
etdi. Onun həyatdan vaxtsız köçməsinə mən
də təəssüfləndim.
Və nədənsə
həmin xəbəri
ilk dəfə radiodan eşidərkən
bir andaca Kukaraçanı xatırladım.
Həyatdan erkən köçən yazıçının
hələ o vaxt, görüşdüyümüz
zaman gözlərinin dərinliklərində hiss
etdiyim qəribə bir kədər indi də yadımdan
çıxmır...
Musa QULİYEV,
AMEA Naxçıvan
Bölməsinin əməkdaşı
525-ci qəzet.- 2009.- 25 dekabr.- S.7.