Filosof qadınlar YUNESKO-da

 

Müsahibimiz AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun aparıcı elmi işçisi, Şərq-Qərb Tədqiqat Mərkəzinin direktoru, AFSEA-nın “Fəlsəfə” jurnalının məsul katibi, fəlsəfə elmlər doktoru Könül Bünyadzadədir

 

– Könül xanım, siz bu yaxınlarda Parisdə YUNESKO-nun nəzdində yaradılmış Filosof qadınlar cəmiyyətinin ilk Assambleyasında iştirak etmisiniz. Cəmiyyət barədə daha geniş məlumat verməyinizi xahiş edirik.

– YUNESKO-nun sponsorluğu ilə fəaliyyət göstərəcək Filosof qadınlar cəmiyyəti 2007-ci ilin mart ayında təsis olunub və dünyanın 5 regionundan (Afrika, Latın Amerikası və Karib hövzəsi, Asiya, Avropa və Şimali Amerika və Ərəb dövlətləri) 71 dövləti təmsil edən 1304 üzvü birləşdirir.

Məlumat üçün bildirim ki, fəlsəfə tarixində filosof adlana biləcək çox az qadının adı bəllidir. Eyni zamanda, onu da əlavə edim ki, belə qadınlar nəinki öz dövrlərində, hətta sonralar da kifayət qədər sayılıb-seçilən, böyük nüfuz sahibi olmuşlar. Məsələn, təsəvvüf fəlsəfəsində eşq kateqoriyasının yaranışı Rəbiə əl-Ədəviyyənin adı ilə bağlıdır və bu gün də bu sufi xanımın şəxsiyyəti və görüşləri bir çox filosof və tədqiqatçının istinad yeridir. Maraqlıdır ki, XIII əsrin görkəmli sufi mütəfəkkiri Fəridəddin Əttar “Təzkirətü‘l-övliya” əsərində bu xanımı təsvir edərkən: “O, öz ruhi inkişafında elə bir səviyyəyə çatmışdı ki, orada qadın və kişi fərqi qalmamışdı, yalnız insanlıq məqamı var idi”, – deyə bildirmişdi. Fəlsəfə tarixində başqa qadın filosoflar da olmuşdur, sadəcə onların sayı kişi filosofların sayına nisbətdə çox azdır. Filosof qadınlar cəmiyyəti bir növ tarixdəki bu boşluğu doldurmaq məqsədi daşıyır və ilk addım kimi qadın filosoflar haqqında “Kim kimdir” (Who is who) məlumat kitabını və internet səhifəsini hazırlamışdır. Cəmiyyət yeni yaransa da çox geniş planları var və bunların sırasında fəlsəfi konfrans və simpoziumların təşkili, qadın filosofların tədqiqatlarının, ideyalarının bütün dünyada ingilis və fransız dillərində yayılması, hətta Nobel mükafatına təqdim edilməsi kimi maraqlı proyektlər də var. Ümumiyyətlə isə məqsəd – dünya fəlsəfəsində qadının, qadın təfəkkürünün də öz yerinin olduğunu bir daha təsdiqləməkdir.

– Azərbaycandan məhz Sizin dəvət olunmağınız Sizi təəccübləndirmədi ki?

– İlk əvvəl qeyd edim ki, cəmiyyətin ilk assambleyasında postsovet dövlətlərindən yalnız Rusiya, Litva və Azərbaycan təmsil olunmuşdu. Bildiyimə görə, məndən başqa cəmiyyətin üzvləri arasında daha 5 azərbaycanlı qadının da adı vardır. Nədən məhz mənim dəvət olunmağımın səbəbini isə təşkilatçıların araşdırmalarının nəticələri ilə izah edə bilərəm. Belə ki, yalnız son üç ildə mən Türkiyə, Belçika, İtaliya, İndoneziya, Koreya, Əlcəzair və s. kimi ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış edərək ölkəmizi təmsil etmişəm. Bundan başqa, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, rus, ingilis, ərəb və s. dillərdə elmi məqalələrim çıxıb; o cümlədən, “Doğu‘da ve Batı‘da irrasyonel düşüncenin boyutları” adlı iri həcmli kitabım Türkiyənin tanınmış nəşriyyatlarından birində dərc edilib. Əlbəttə, bütün bunlar internet səhifələrində öz əksini tapıb və təşkilatçıların nəzərindən qaçmayıb.

– Assambleyada hansı mövzular müzakirə olundu?

– İki gün davam edən Assambleyada birinci gün cəmiyyətin strukturu, gələcək fəaliyyəti, planları müzakirə edildi. Qeyd edim ki, hər ölkənin özünəməxsus problemləri vardır və bu ölkələrin nümayəndələrindən hər biri məhz öz problemlərinin prioritet olmasına, digərlərini də onların həllinə yönəltməyə çalışırdı.

Bundan başqa, cəmiyyətin məhz qadın filosofları birləşdirməsi və Assambleyada bir çox feminist təşkilatların rəhbərlərinin iştirak etməsi ara-sıra gender, xüsusilə qadın problemlərinin də müzakirə obyektinə çevrilməsinə imkan verirdi.    

İkinci gün iclas “Kişi filosoflar qadın filosoflar haqqında nə düşünürlər” mövzusuna həsr edilmişdi. Birləşmiş Ştatlardan və Fransadan dəvət olunmuş kişi filosofların “Qadın kimdir? Kişi kimdir? – Meyarsız əminlik haqqında”, “Qadın – filosof: mahiyyət nədir” və s. kimi məruzələri dinlənildi və fikir mübadilələri oldu.

Yeri gəlmişkən, qeyd edim ki, bəzən qadınlıq və filosofluq bir-birinə uyğun gəlməyən iki zidd anlam hesab edilir və bu iki kəlməni bir yerdə işlədəndə üzlərdə bir təbəssüm yaranır. Assambleyada bu mövzuya da toxunuldu. Mənim fikrimcə, filosofluq bir peşə və ya məşğuliyyət deyil. Filosofluq bir missiyadır. Filosofluq fərdi çərçivədən çıxaraq daha universal düşünmək qabiliyyətidir. Filosof ideyalar xaosu arasında nəinki öz milləti, ümumiyyətlə bəşəriyyət üçün daha vacib, daha gərəkli, xeyirli ideyanın üzərinə işıq salan, bu ideyanın mahiyyətindəkiləri açıqlamağı bacaran kəsdir. Qadın üçün bu yol bağlı deyil və bu yolla getmək onun qadınlığına xələl gətirmir. Əksinə, onu cinsiyyətdən, maddi məhdudiyyətlərdən yüksəyə qaldıra bilir, ona öz mənini daha yaxşı dərk etdirir və onu bir insan kimi ucaldır. Bütün bunlar onu bir qadın olaraq da saflaşdırır, nəcibləşdirir. Mən bunları müzakirə zamanı öz çıxışımda qeyd etdim və sözlərim geniş müzakirəyə səbəb oldu. Bəziləri qadınlığı insanlıqdan daha yüksək bir zirvə hesab etdiklərinə və bütün olan-olmayan problemləri bu aspektdən araşdırmaq istədiklərinə görə, mənim sözlərim birmənalı qarşılanmadı və fərqli münasibətlər göstərənlər oldu.

Çıxışımın bir xəttini də Azərbaycan qadını haqqında verdiyim məlumatlar təşkil etdi. Mən qeyd etdim ki, Azərbaycan Şərq və Qərbin qovşağında, iki mədəniyyətin qarşılaşdığı və üzvi şəkildə sintezləşdiyi bir məkandır. Bu cəhət Azərbaycan qadınının xarakterində və fəaliyyətində də təzahür edir. Belə ki, Azərbaycan qadını həm Şərq müdrikliyinə, zərifliyinə malik olan, ailə ocağını qoruyan bir xanımdır, həm də bir Qərb qadını kimi cəmiyyətin praktik həyatında aktiv rol oynayan, öz həyat yoldaşına yardım edə biləcək qədər gücə sahib olan bir vətəndaşdır. Mən Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı, onun istər Şərq-Qərb sivilizasiyalarının dialoqunda qadının rolunun əhəmiyyətinə həsr olunmuş beynəlxalq konfransın, istərsə də Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi və bununla bağlı beynəlxalq səviyyəli silsilə tədbirlərin təşkil edilməsində irəli sürdüyü ideyaları və göstərdiyi dəstəkləri buna misal göstərdim. Bildirdim ki, PhD dərəcəsini fəlsəfə sahəsində alan Mehriban xanımın fəlsəfi təfəkkürü onun bütün fəaliyyətində özünü göstərir və təbii ki, bu cəhət onu dünyanın digər birinci xanımlarından fərqləndirir, onlardan daha yüksəkdə tutur. Çıxışım böyük maraqla qarşılandı, hətta cəmiyyətin növbəti iclasını Azərbaycanda keçirmək kimi təkliflər irəli sürüldü.

– Bəs siz hansı konret təkliflərlə çıxış etdiniz?

– Doğrusu, Assambleyada iştirak edən 80-dən çox nümayəndə arasında seçilmək, fərqli və orijinal ideyalarla çıxış etmək o qədər də asan olmadı. Bayaq dediyim kimi, həm cəmiyyətin qadın filosoflara məxsus olması, həm də bir çox iştirakçının feminist təşkilatların rəhbəri və ya nümayəndəsi olması səbəbindən Assambleyada qadın mövzusunu prioritet etmək istəyənlər çox idi. Bunu nəzərə alaraq, mən elə birinci gün ilk çıxışımda bildirdim ki, cəmiyyət öz fəaliyyətinin əsas xəttinin feminizm deyil, fəlsəfə olduğunu təyinləşdirməlidir. Fəlsəfə individual problemlərlə deyil, universal problemlərlə məşğuldur və cəmiyyətin fəaliyyətini məhdudlaşdırmaq olmaz. Bu, feminizmi fəlsəfədən təcrid etmək və ya feminist qadınların fəlsəfi təfəkkürlərinin olmasına şübhə ilə yanaşmaq deyil. Bu, cəmiyyətin həqiqətən də fəlsəfəyə öz bəhrəsini verməsini qoruyub saxlamaqdır. Əlbəttə, təklifim bir çox iştirakçı tərəfindən çox böyük etirazla qarşılandı. Bəziləri bunu hətta təhlükəli bir addım hesab etdi və demək olar ki, Assambleya bitənə qədər hər iki gün mənim bu təklifimə dönə-dönə qayıtdılar. Lakin sevindirici haldır ki, cəmiyyətin təşkilatçıları mənim təklifimin onların məqsədləri ilə üst-üstə düşdüyünü bildirdilər və buna dəstək verdilər.   

Assambleyanın ikinci günündə cəmiyyətin əsas prioritet mövzuları müzakirə olundu və mən də iki mövzu təklif etdim. Bunlardan birincisi, sivilizasiyaların, mədəniyyətlərin dialoqunu, fəlsəfi təfəkkürlərin müqayisəsini ehtiva edən Şərq və Qərb problemidir ki, bu çərçivədə aparılacaq araşdırmalar, təşkil olunacaq beynəlxalq konfrans və forumlar müasir dövrdə artan qarşıdurmaların həllində və daha çox kompromislərin tapılmasında müsbət rol oynaya bilər.

Digər təklifim rasional və irrasional təfəkkürlərin, mistika və dinin müqayisəsi kimi məsələləri ehtiva edən ağıl və ruh problemi oldu. Başqa sözlə desək, bu, insan fenomeninə daha dərindən bir yanaşmadır. İnsan ruh və bədəndən ibarətdir və bunlar arasında harmoniya yaratmaqla kamillik zirvəsinə çatmaq mümkündür.   

– Assambleyadan hansı təəssüratla dönmüsünüz?

– Əlbəttə, belə mötəbər bir tədbirdə azərbaycanlı nümayəndənin də iştirakı çox əhəmiyyətli idi. Bayaq dediyim kimi, postsovet ölkələrindən çox az ölkə iştirak edirdi və bunlardan birinin də Azərbaycan olması xoş bir hal idi. Bu baxımdan, həm böyük məsuliyyət, həm də qürur hiss edirdim. Bununla yanaşı, bu, dünyanın müxtəlif ölkələrindən gəlmiş həmkarlarınla görüşmək, həmin dövlətlərin problemləri ilə tanış olmaq, fərqli şəraitlərin formalaşdırdığı təfəkkürləri müşahidə etmək, aralarında müqayisələr aparmaq, fərqli və ümumi cəhətləri araşdırmaq üçün çox əlverişli bir fürsət idi. Maraqlıdır ki, Assambleyaya dünyanın faktiki olaraq dörd tərəfindən gələnlər olsa da, dominant təfəkkür Qərbə məxsus idi. Son vaxtların tədqiqatlarından çıxış edərək bildirmək olar ki, bu, mənbəsiz və ideyasızlıqdan sönməkdə olan bir təfəkkürdür.

Deməli, onun hökmünə düşənlər də istər-istəməz onunla bərabər sönməyə məhkumdurlar. Bununla belə, onu da aydın sezmək və müşahidə etmək mümkündür ki, bu, axtarışda olan, yeni ideyalarla canlanmaq, yeni bir həyat qazanmaq istəyən bir təfəkkürdür. Bir baxımdan, Qadın filosoflar cəmiyyətinin yaranmasının yazılmayan və dilə gətirilməyən səbəblərindən biri də, ola bilsin ki, məhz budur. Eyni zamanda, qeyd etdiyim kimi, burada keçmiş müstəmləkə dövlətlərin, yəni daha çox Qərbin təsiri ilə böyüyən və düşünən xalqların nümayəndələri iştirak edirdi. Məsələn, heç kimdə təəccüb doğurmurdu ki, seneqallı və ya tunisli bir alim Qərbə məxsus və məhz Qərbdə aktual olan problemləri müzakirə edir. Amma Cənubi Afrikalı qadının öz ölkəsindəki problemdən danışması heç kimin marağına səbəb olmadı. Yəni məkanından, regionundan, yaşadığı problemlərindən asılı olmayaraq, təfəkkürlərdə Qərbçilik sindromu sezilirdi. Bəlkə də buna milliyyətsizləşmə desək daha doğru olardı. Əbu Turxan yazırdı ki, “əvvəl yalnız Şərq var idi, Qərb yox idi. İndi yalnız Qərb var, Şərq yoxdur”. Təbii ki, söhbət coğrafi məkanlardan deyil, təfəkkür tərzlərindən gedir. Yəni əgər illər əvvəl bütün aparıcı ideyaların mənbəyi Şərq idisə, fəlsəfi sistemlərin, məktəblərin yaranmasında Şərq fəlsəfəsi, müdrikliyi bir təməl rol oynayırdısa, bu gün Şərq, demək olar ki, Qərbin kölgəsinə çevrilməkdə, onun yedəyində nəyə isə çatmaq arzusundadır. Assambleyada mən bunun canlı şahidi oldum. Lakin onun da şahidi oldum ki, Qərbin Şərqə ehtiyacı günü-gündən artır. Düzdür, Qərbə yalnız Şərqin ruhu lazımdır. Amma məncə, Şərq öz ruhunun qədrini bilsə, öz mahiyyətini daha dərindən dərk etsə, Qərbin özü ona bir vasitəçi ola bilər.    

– Könül xanım, siz gənc fəlsəfə elmləri doktorusunuz. Bu gün Azərbaycanda gənclərin fəlsəfi təfəkkür səviyyəsi barədə nə deyərdiniz?  

– Təsadüfi deyil ki, bu yaxınlarda işıq üzü görmüş “Gəncliyin fəlsəfəsi” adlı sonuncu kitabımda mən məhz bu problemə toxunmuşam, gəncliyə xas bir sıra xüsusiyyətlərin ən primitiv səviyyədən ən ali dərəcəyə qədər yüksəlməsini, cəmiyyətin gənclərin həyatında necə bir əhəmiyyətə malik olmasını şərh etmişəm. Belə hesab edirəm ki, Azərbaycanın həmişə qürur duya biləcəyi gəncləri olub və olacaq. Bu gün də, Azərbaycanı beynəlxaq səviyyəli konfranslarda layiqincə təmsil edən, tanınmış xarici jurnallarda, toplularda maraqlı məqalələri ilə çıxış edən istedadlı, savadlı gənclərimiz var. Bəzi gənclər öz fəlsəfi görüşlərini, ideyalarını elmi tədqiqat işləri, bəziləri də bədii janr vasitəsilə çox gözəl ifadə edirlər. Ümumiyyətlə, gəncliyə xas axtarış, yaradıcılıq, öyrənmək istəyi, arzusu Azərbaycan gənclərində də var, hətta artıqlaması ilə. Lakin bu, məsələnin yalnız bir tərəfidir. Digər tərəfi isə bu arzuya sərf olunan vaxtın, bacarığın, enerjinin düzgün yerə istiqamətlənməsidir. Bu baxımdan, zənnimcə, müəyyən problemlər də vardır.

Bu problemlərin birincisi, bəlkə də elə ən əsası bu gün Azərbaycan gəncliyinin təfəkküründə şouçuluq həvəsinin üstünlük təşkil etməsidir. Düzdür, musiqi və mədəniyyət sahəsində bu, özünü daha çox büruzə verir. Lakin diqqətlə müşahidə etsək eyni təhlükəli ənənənin artıq fəlsəfə sahəsində də ayaq açdığını görərik. 1-2 günlük şöhrət naminə yad mədəniyyətdən götürdükləri və millilikdən uzaq olan qeyri-adi addımlarla “bomba partlatmaq” ən böyük hünər sayılır. Məqsəd nə fəlsəfədir, nə də istedadın öz millətinə ən yüksək səviyyədə xidməti. Məqsəd sadəcə öz etirazı ilə, üsyanı ilə özündən əvvəl olan hansı isə qaydaları pozmaq və bununla da gündəmdə olmaqdır. Gəncliyin çılğın xüsusiyyətinə və üsyankar ruhuna xoş gələn bir haldır. Lakin bir neçə vacib şərt vardır ki, bunlar unudulmamalıdır. Birincisi, nə qədər ki, bizdən əvvəlkiləri qəbul etməyib, onları yıxaraq (!) öz yeniliyimizi təqdim etmək mövqeyindən çıxış edəcəyik, biz elə başlanğıc nöqtədə yerimizdə saymalı olacağıq. İkincisi, nə qədər ki, özümüzə məxsus müdriklikdə yeni potensialları kəşf etmək yerinə, milli təfəkkürü başqa xalqa məxsus bir təfəkkür tərzi ilə əvəz etmək, Qərbə məxsus dəbdə olan ideyaları süni şəkildə mənimsəmək və təbliğ etmək niyyətindən əl çəkməmişik, kökü, məqsədi, forması, vahid sistemi olmayan “yamaqlı” bir təfəkkürlə kifayətlənməli olacağıq. Məsələn, bu gün Azərbaycan gəncliyinə belə bir ənənə hakim kəsilib: Qərb mədəniyyətini və təfəkkürünü ideallaşdıraraq onu təqlid etmək, özünü ona uyğun dəyişmək və buna mane olan hər bir milliliyi, adət-ənənəni, dini-etiqadı ağına-bozuna baxmadan yıxmaq, məhv etmək. İlk baxışda çox cəlbedicidir və bu səbəbdən həvəskarların da sayı günü-gündən artır. Lakin bu addımın təhlükəli bir tərəfini ya görmək istəmirlər, ya də görə bilmirlər. Bayaq dediyim kimi, bu gün özü tükənmə təhlükəsini yaşayan və Şərq təfəkküründə xilas yolu axtaran Qərb təfəkkürü nə təqlid üçün, nə də yeni addımlar üçün sağlam bir nümunə və mənbə deyil. Məsələn, Qərbin artıq illər əvvəl yaşadığı və hazırda bunun əziyyətini çəkdiyi nitsşeçilik ənənələrini bu gün bəzi tədqiqatçılar Azərbaycanda yaymağa çalışırlar. Lakin burada yaddan çıxan bir cəhət var. Alman, ingilis və ya ərəb fəlsəfəsinə məxsus ən proqressiv ideyaları belə qəbul etməklə nə alman olmursan, nə ingilis, nə də ərəb. Üstəlik öz milli köklərini, milli dəyərlərini də yıxdığına və itirdiyinə görə, “köksüz alaq otundan” fərqin də qalmır.

 

 

Bünyadzadə Könül

 

525-ci qəzet.- 2009.- 25 dekabr.- S.6.