Dünya Ədəbiyyatı Kitabxanasından növbəti 6 kitab təqdim olunub

 

Bugünlərdə 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanasına (DƏK) daxil olan növbəti 6 kitabın təqdimatı keçirilib. Nəşrlər sırasına A.S.Puşkinin, Y.Əmrənin, Nazim Hikmətin seçilmiş əsərləri, L.Tolstoyun seçilmiş əsərlərinin birinci cildi, Daniel Defonun “Robinzon Kruzo” əsəri “İngilis ədəbiyyatı antologiyası” daxildir. Xəzər Universitetində keçirilən təqdimat mərasimində çıxış edən Kitab Klubunun direktoru Elxan Rzayev DƏK-ə abunə yazılışının uğurla getdiyini bildirib. E.Rzayev indiyədək abunənin əsas hissəsinin aparıldığını, insanlarda kitaba, xüsusən dünya ədəbiyyatına marağın daha da artdığını söyləyib.

Bakı Slavyan Universitetinin (BSU) prorektoru Asif Hacıyev indiyədək 70-dən artıq kitabın nəşrə hazır olduğunu bildirib: “Onlardan 30-u nəşriyyata təqdim edilib. Tərcümə edilmiş daha 20 kitab üzərində işlər davam edir. Nəşrə hazırlanan 70 kitabdan 40-a yaxını orijinaldan yeni tərcümə edilib”. Prorektor DƏK toplusunun hazırlanması üçün BSU-da şərait yaradıldığını, ayrıca otaqlar ayrıldığını, avadanlıqlar alındığını çıxışında önə çəkib.

“Tutu”nəşriyyatının direktoru Tərlan Qorçu, “Şərq-Qərb” mətbəəsinin nümayəndəsi Rövşən müəllim dünya ədəbiyyatı toplusunun nəşrini dövlət tərəfindən aparılan əhəmiyyətli kimi dəyərləndirib.

Xatırladaq ki, bundan əvvəl DƏK-dən Anton Çexovun, Jül Vernin, Vilyam Şekspirin seçilmiş əsərləri, Sədi Şirazinin “Gülüstan”, “Bustan”, Homerin “İliada” “Odisseya” poemaları nəşr olunub.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 25 dekabr.- S.7.