Sözün ucalığında yeri-göyü tutan şair

 

Ömrünün əlli sənəsini başa vurmuş istedadlı şair Ramiz Qusarçaylının yaşının üzərinə dekabrın 25-də bir il də əlavə olundu. Şairin həyatı üçün diqqət çəkən məqamlardan biri kimi belə bir ənənəvi yaş fürsətindən istifadə edərək onun mənalı və məzmunlu poeziyası haqqında bəzi düşüncələrimi oxucularla bölüşməyi qərara aldım. Bizim günlərin böyük şairi, ictimai poeziyası, qlobal səciyyəli şeirləri ilə səs-səda doğuran, ədəbiyyatşünasların, söz-sənət adamlarının diqqət mərkəzində olan, oxucu sevgisi qazanan filosof-şair və onun poeziyası haqqında yazmağa özümdə bir ehtiyac duyurdum.

Ramiz Qusarçaylının nəşr olunmuş hər kitabı, hər bir şeiri həmişə oxucuların marağına səbəb olmuşdur. Qusarçaylı poeziyasının sirri-sehri, maraq kəsb edən əlamətləri çoxdur. Şairin ayrılıqda götürülmüş hər bir şeirində onun üslub bənzərsizliyini, oxucu ilə ünsiyyətə girmək məharətini, forma və məzmum novatorluğunu müşahidə etmək mümkündür.

Onun “Azərbaycan bayrağı” şeirini oxuduqca vətənini, xalqını sonsuz məhəbbətlə sevən bir insanın ürək çırpıntılarını, həyəcanlarını duyursan. O, həyəcanlıdır, eyni zamanda böyük bir ordunu, kütləni arxasınca aparacaq qədər inamlı və qətiyyətlidir. Şeirin sonuncu bəndində Azərbaycan bayrağının, Azərbaycan xalqının bir əbədi zəfər çalacağına böyük və sarsılmaz inam ifadə edilir:

 

– Sənsən azadlıq eşqim,

sənsən Hürr, – deyəcəyəm,

Ən son nəfəsimdə də sənə

şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa

pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən

düşən torpağı.

Azərbaycan bayrağı!!!

Azərbaycan bayrağı!!!

 

Bu misraların alovunda yana-yana, yaşadığımız zamandan çox-çox əvvəli, çox-çox sonranı görə-görə, ağacı, otu, çiçəyi, daşı sevə-sevə, özünə qayıda-qayıda bir ömrü yaşamaq olar, quşların dilini, daşların sirrini bilmək olar, dünyanın sirr-sovundan agah olmaq olar. Bu poeziyanın sehrində həyatı və insanları sevməyə, üçrəngli bayrağa, dağa-daşa üz sürtüb, vətən torpağını gözünə çəkib bəxtəvər-bəxtəvər ölməyə nə var ki!

Yüzilliklər boyu insanı kəşf edən, onu öyrənən poeziya insanda yaşayıb onun mənəviyyatını bütövləşdirir, həyat idealını yaradır. R.Qusarçaylının şeirləri insanın ovqatını öz ruhuna kökləməklə poeziyanın bu əzəli və əbədi vəzifəsini ləyaqətlə yerinə yetirir.

Forma rəngarəngliyi, dil novatorluğu ilə seçilir Ramiz Qusarçaylı yaradıcılığı. Bu poeziyanın dil-üslub, sənətkarlıq baxımından geniş təhlilə ehtiyacı vardır. Lakin bu poeziyanın ən böyük üstünlüyü onda dövrümüzün, zəmanəmizin olaylarına birbaşa münasibət ifadə edilməsindədir. Təhlil edənlər də bu poeziyanı iki yerə ayırırlar: təbiətdən, gözəllikdən, sevgidən danışan bənövşə kimi kövrək, sakit poeziya, bir də ictimai kəsəri ilə insanın qəlbini yerindən oynadan, itaətə, rəzalətə güclü nifrət, xalqın, sadə insanların azadlığına, xoşbəxtliyinə böyük inam, iradə, tükənməyən arzu-istək ifadə edən, ildırım gurultusuna, ulduz-ulduz səpələnən şimşək qığılcımlarına bənzəyən fəlsəfi şeirləri. Bəlkə də, şair fəlsəfi şeir yazmaq niyyətində olmur, ürəyindən süzülüb gələni deyir, həyatı necə dərk edirsə, insanı necə qavrayırsa, elə də yazır və öz səmimi duyğuları ilə hamının qəlbində yer tuta bilir.

Onun misralarında dünyanı və insanları haraylayan çılğın, cəsarətli və qubarlı bir şair ürəyi döyünür. Həm də bir vətəndaş, bir vətən təəssübkeşinin ürəyi. Onun kövrək şair gözü ilə gördükləri, həssas şair qəlbi ilə duyduqları, cəmiyyətdə acı-acı müşahidə etdikləri, arzusu, sevgisi, nifrəti Təngə dərəsinin bulaqları kimi sinəsindən qaynayır, sözə, misraya çevrilir, qəlibdən-qəlibə düşür, orijinal bədii formalarda təzahür edir:

 

Özünə qurduğu tora bax, oyun,

Oyunda göstərir gücünü millət,

Kəlbəcər oyundu, Qarabağ oyun,

Sökür çadır-çadır içini millət...

 

Adama elə gəlir ki, şair heç şeir yazmaq fikrində olmayıb, sadəcə alışan, yanan ürəyindən gələnləri hayqırır, insanları silkələyir, düşündürür, heyran qoyur. Oxucu bunları sevə-sevə, düşünə-düşünə oxuyur, şair qələminin möcüzəli sıçrayışları, keçidləri onu haldan-hala salır, yeni hisslər, həyəcanlar yaradır və özündə də nə isə bir xeyirli, dünyanı kökündən dəyişə bilən qeyri-adi möcüzə etmək həvəsi oyadır... ona görə də bu şeirlər müasirdir və həmişə də müasir olacaqdır.

Bir gün VI sinifdə M.Aslanın “Ağla, qərənfil, ağla” şeirini öyrəndikdən sonra şagirdlərimə Ramiz Qusarçaylının “Namus” şeirini oxutdum. Bir insanın, atanın faciəli taleyi, ürək dağlayan fəryadı, acı duyğuları və bu ağlasığmaz məhkumiyyət uşaqların da qəlbini acıtdı, hamının gözü doldu, şeri oxuyan qızın getdikcə yüksələn səsi titrəyəndə bu sinfə rəhbərlik edən Azər müəllim içəri otaqdan çıxıb həyəcanlı şəkildə “ Axı, bu şeir mən boyda adamı yerindən edirsə, qəlbimi yaralayırsa, məni ağladırsa, bəs bu qədər dərdi içinə salıb şeir qoşan adamın ürəyi necə dözür buna?”

Maraqlı burası idi ki, “Namus”, “Endirin göyləri, endirin yerə”, “Qəm zəmisi”, “Qəbul otağında ağlayan əlil” və s. şeirləri oxuyanda mən də bu şeirləri – dərdləri yazan şairin – əziz Ramiz Qusarçaylının can və ürək sağlığı üçün qayğılanmışdım... Qəhəri boğazımızda düyünləyən, böyük-böyük dərdləri, insanların bir-birinə münasibətindəki faciəvi cəhətləri güzgü kimi əks etdirən, yarandıqları şəraitin bütün əlamətlərini daşıyan bu şeirlərin müəllifi nə çəkir, görəsən? – düşünmüşdüm.

Bu şeirlərin mühüm bir cəhəti onların konkret bir əhvalatla bağlı olmalarıdır. Götürək “Qəbul otağında ağlayan əlil” şerini. Qəbul otağı da, orada gözləməkdə olan ümidsiz, əsəbi, narahat, narazı insanlar da gözümüzün önündə canlanır. Sonra isə hisslərin-kədərin, ümidsizliyin hərəkəti başlayır. İnsana və onun taleyinə qəddar münasibət tam və dolğun şəkildə təsvir edilir. Əslində, sadə bir əhvalatdır, bir əlil bir məmurun qəbuluna düşmək üçün gözləyir. Hər kəsin addımbaşı rastladığı, müşahidə etdiyi yüz mənzərədən biri. Lakin bu “sadə” görüntüdəki psixoloji vəziyyətin bütün dərinliyi ilə sözə çevrildiyi bu şeirdə millətin yaralarını açıb göstərməklə şair böyük bir əzəmət yaradır. Şeir əvvəldən-axıra əl-ayağını Qarabağ uğrunda gedən döyüşlərdə itirmiş, indi on ildən bəri özünün sürgünə dönmüş elində, zindana dönmüş evində yalan vədlərlə qəlpələnən, məhrumiyyətlər içərisində çapalayan bir əlilə və ya əlillərə deyilən ağıdır. Şair əlilin dərdinə şərik olur, onunla həmdərd olduğunu deyir:

 

Sən əldən əlilsən, ayaqdan əlil,

Mən yad əlindəki vətəndən əlil,

Şairinki sözdü, şairinki dil,

Neynim ki, yanında dilim qısadı.

Mən sənin yanında dil əliliyəm,

Torpaq əliliyəm, gül əliliyəm...

 

Şeirdəki bütün deyimlər təzə-tərdir. “Dil əlili”, “gül əlili”, “yalan-yalan qəlpələnmək”, “abırın, səbrin sürünməsi, güllələnməsi”, “qəlbin güllələnməsi”... Məzmun dolğunluğu və forma kamilliyi, təzə, mükəmməl qafiyələr, oynaq metaforik sistem, epitet, təşbeh və mübaliğələr R.Qusarçaylının bütün şeirləri üçün xarakterikdir. Bu bənddə də cingiltili “l” samitinin alliterasiyası və incə saitlərin assonansı ahəngdarlıq yaradır, emosionallığı, giley-güzarlı duyğuları qüvvətləndirir.

Dedim ki, şeir əvvəldən-axıra ağı kimidir. Amma maraqlı budur ki, bu şeir bir motiv üstündə köklənməyib, quruluşca zəngin və mürəkkəbdir. Şair özünün əqidə və xarakter bütövlüyünə sadiq qalaraq müdriklikdən, həyatı dərkdən və insan sevgisindən doğan çılğınlıqla bürokratik maneə və ədalətsizliklərə qarşı mübarizəsini davam etdirir:

 

Yalana qarışıb məmurun başı,

Talana qarışıb məmurun başı,

Verənə qarışıb məmurun başı,

Alana qarışıb məmurun başı.

 

Şeirin dilini zənginləşdirən fiqurlar kimi anafora və epiforaları da qeyd etməmək olmaz.

 

On ildi yuxundan güllələr keçir,

Varından, yoxundan güllələr keçir,

Uzaqdan, yaxından güllələr keçir,

On ildi abrını güllələyirlər...

 

Bu misralarda epiforalarda incə saitlərin, misradaxili bölgünün birinci hissəsində isə qalın saitlərin bir-birini izləməsi ekspressivliyi gücləndirir.

Tarix boyu parçalanıb bölünən torpaqlarımızı dönə-dönə yada salan şair (“Dərbəndin içinə yıxılan daşlar”, “Aparıb assınlar Təbrizə məni”, “Göyçə harayına Borçalı yandı” və s.) bu şeirdə də Qarabağ dərdini ürək ağrısı ilə yeni obrazlarla çatdırır:

 

Sınıb şüşə kimi Şuşa ürəyim,

Qarabağ qanadım qırılıb mənim...

 

Mənə elə gəlir ki, dərdin böyüklüyünü, durumun ciddiliyini daha dürüst ifadə edən bu qədər yanıqlı iki misra tapmaq olmaz. Şuşa və Qarabağ Azərbaycana insana ürək, qartala qanad kimidir.

Ürəyini dərdlərə meşə torpağı hesab edən şair hərdən “qəm yuvası”ndan, “dərd qapısı”ndan uzaqlaşır, vətən torpağının gözəlliklərini də eyni şövqlə tərənnüm edir, “ürəyini bir çiçəyin boyundan asıb”, “gözdən qəlbəcən gül qoxusuna batmaq”la oxucusunu da bu füsunkar, əsrarəngiz dünyaya çağırır:

 

Gəl, Qız bənövşənin dol, axşamına,

Çiçək axşamına, gül axşamına,

Daş atıb qönçənin bal yuxusuna,

Bat gözdən qəlbəcən gül qoxusuna...

 

Ramiz Qusarçaylının təbiətlə bağlı şeirləri də elə azərbaycançılığı müdafiə və təbliğ edir.

Ramiz Qusarçaylının şeirlərindən torpaq ətri, çiçək ətri gəlir, Füzuli qəmi, folklor havası duyulur. Onun sözü itilikdə, kəskinlikdə Misri qılınca bənzəyir, intəhasızlıqda dalğalanan, ləpələnən ümman kimidir. Bu poeziyada “Vətən” məfhumu da, “bayraq” sözü də, bu vətənin dağının, dərəsinin, çayının, çiçəyinin illər-əsrlərlə dəyişməyən adları da gözümüzdə dəyişilir, təzələnir. Dərbənd, Şahdağ, Samur, Araz, Təngə dərəsi, Ağçay, saz, Zəminxarə, Quba... Elə bil şair bir sehrli çubuqla adını çəkdiyi varlıqlara toxunur, onların hamısı dilə gəlib öz dərdini, tarixini özü danışır... Adama elə gəlir ki, şairin öz Qubası, öz Şahdağı, öz Arazı, öz Azərbaycanı var, ya da əksinə, bunlar hamısı elə onundur...

 

 

Aynur CƏFƏRQIZI

 

525-ci qəzet.- 2009.- 26 dekabr.- S.26.