Dünyanın ən şirin
yuxuları və yaxud çin çıxmayan yuxular
II bölüm
Əvvəli ötən şənbə
sayımızda
– Bəs sən bütün bu illər uzunu qürbət ölkələrdə nə etmisən?
– Erkən
yatağıma girib yatmışam.
“Bir dəfə Amerikada”bədii filmindən
Atam sovet sisteminin, sosializm quruluşunun ən qəddar, ən qatı düşməni idi. Heç belə görən gözü yox idi. Həmişə də deyərdi ki, bu quruluş çox gedə bilməz. Məhv olmalıdır. Beş ilə, on ilə dağılmalıdır. (Doğrudur, bu quruluş dağılmağına dağıldı. Amma ki, atamın dediyi kimi beş ilə, on ilə dağılmadı, bir xeyli çəkdi. Hər halda mən, ağlım kəsib həyat hadisələrini dərk edəndən və atamdan bu sözləri eşidəndən 20-25 il sonra dağıldı.) Mən də bu quruluşa nifrət edirdim. Və bu nifrət, bu hisslər mənə atamdan keçmişdi. 5-6 yaşımdan atam məni qarşısında oturdub, məhv olmuş millətlərdən, parçalanan ölkələrdən, unudulan dillərdən elə şeylər danışırdı ki, uzun müddət özümə gələ bilmirdim. Lap belə hönkür-hönkür ağlayırdım. Hissə qapılırdım. Hətta bu barədə mərhum şairimiz Xəlil Rza Ulutürk də öz gündəliyində yazmışdı. Barəmdə deyilən söz təxminən belə idi: “Milli özünü dərketmə hissi İsfəndiyarda hələ yeniyetmə yaşlarından çox-çox əvvəl baş qaldırmışdı. Təpədən dırnağa qədər milli vətənpərvər olan bu uşağa millətsevərlik hissi şübhəsiz ki, atasından keçmişdi”.
Çox qəribədir, deyir, aşıq gördüyünü çağırar. Yaxşı deyək ki, bu hissləri mən atamdan əxz etmişdim. Mənə atamdan keçmişdi. Çünki ağlım kəsəndən evimizə gəlib-gedənlərdən ancaq elə vətən kəlməsi, millət sözü eşitmişəm. Uşaq yaşlarından vətən, dil, millət, torpaq az qala, əstəğfürullah, mənim üçün Quran ayəsinə çevrilmişdi. Bəs bu müqəddəs hisslər atama kimdən keçmişdi, kimdən əxz eləmişdi? Və nə zaman keçmişdi? O zaman atamın neçə yaşı olardı? Atamın atası axı savadsız bir kişi olmuşdu. Heç adını da yaza bilmirdi. Alqı-satqını barmaqhesabı bilirdi.
Atamgil uzun müddət Bakının dağlıq hissəsi sayılan Mirzə Fətəli Axundov küçəsində yaşayıblar. O zaman bir neçə il idi ki, Şəkidən Bakıya köçmüşdülər. Günlərin bir günü atam babamla birgə bazara getdikləri vaxt “Bazarnı” adlanan küçədə (sonralar bu küçənin adı Hüsü Hacıyev küçəsi oldu və atam bu küçədə tikilmiş beşmərtəbəli o məşhur yazıçılar binasında otuz beş ildən çox yaşadı) Azərnəşrin qarşısında müxtəlif kitabların satıldığını görür. Və bu kitabların arasında atam çoxdan axtardığı M.F.Axundovun yenicə çapdan çıxmış bir neçə cildliyini də görür. Üzünü atasına tutub:
– Ay dədə, mənə pul ver, bu kitabları alım.
Babam heç bir söz demədən uşağı pərt eləməyib könülsüz olaraq, ona pul verir. Balaca Bəxtiyar sevinə-sevinə bu kitabları alıb zənbilə qoyur. Babam özünü saxlaya bilməyib:
– Hayındi, sən o zibillərə nə qədər pul verdin?
– Ay dədə, iki manat.
Babam təəssüflə başını bulayıb:
– Ay ağıl, iki manat o zibillərə verməkdənsə, üstünə dörd manat iki abbası da qoyub, iki girvənkə ət alıb, qoyardım qarnıma. Yoxsa o aldıqların nə zibilə dərmandır. Havayı yerə pul xərcləyirsən.
Atam pərt olur. Bu onun atasının elmə, ədəbiyyata baxışları, kitaba olan münasibəti.
Atam
danışırdı ki, 1932-1933-cü illər idi. Məşhur
Şəki üsyanı yenicə
yatırılmışdı. Amansızcasına
yatırılmışdı. Hətta
deyilənlərə görə, bir neçə gün
hökumət üsyançıların da əlinə
keçmişdi. Poçt, bank və digər
hökumət idarələri üsyançıların əlində
də olmuşdu. O zaman atamgil hələ Bakıya köçməmişdilər.
Şəkidə yaşayırdılar. Şəkinin Yuxarı Baş deyilən məhəlləsində
yaşayırdılar. Ətraf hər yan
dağ idi. Rus əsgərləri ilə bərabər
elə özümüzünkülər də, öz
satqınlarımız da, üsyançıları bir-bir,
iki-bir tutub, babamgilin yaşadığı dağın ətəyinə
gətirib, elə oradaca güllələyirdilər. Atam danışırdı ki, hər gün gecə-gündüz
güllə səsləri eşidilirdi. Heç
kimə aman vermirdilər. Hamını
ucdantutma güllələyirdilər.
Günlərin
bir günü babam həyətdə odun yarırmış. Balaca Bəxtiyarda
onun yanında dayanıb tamaşa edirmiş. Yenə kimlərisə güllələyirmişlər.
Babam öz hirsini, hikkəsini odun yarmaqla
çıxarırmış. Birdən
güllələnməyə gətirilənlərdən biri
gözdən yayınıb üzüyuxarı dağa tərəf
qaçmağa başlayır. Arxadan ona
güllə atırlar. Bizim məhəlləyə
çataçatda arxadan onu vururlar. Üzü üstə
yıxılan oğlan bircə kəlmə söz deyir: “Ah, ay
dədə...” Açılan güllələrdən
biri də atamın düz ayaqları altına gəlib
düşür. Atam diksinir. Babam çox qorxur. Baltanı bir tərəfə
atıb, Bəxtiyarı qucağına alaraq cəld evə tərəf
gedir ki, can verən oğlanı uşaq görməsin. Atam birdən babama baxanda onu ağlayan görür.
Babam baxışlarını qaçıraraq,
güllə səsləri gələn tərəfə
baxıb, “kökünüz kəsilsin”, sonra üzünü
göyə tutub “ya Rəbbim, sən bu zülmü
götürmə” deyir.
Heç nə başa
düşməyən Bəxtiyar:
– Ay dədə, kimin
kökü kəsilsin – , deyə
soruşur.
– Heç, ay oğul. Böyüyəndə özün başa
düşərsən. Özün hər
şeyi görərsən.
Atam bu əhvalatı
mənə danışanda bütün bu olub-keçən
hadisə kino lenti kimi gözlərim önündən gəlib
keçdi. Bütün bu əhvalatı tam təfərrüatı
ilə gördüm. Hətta o can verən cavan oğlan
da gözlərim qarşısında canlandı. Sanki iniltisini də eşitmişdim. Babamın gözlərinin dolması, güllələnənlərə
görə saqqalı uzunu göz yaşı tökməsi,
atamınsa atasına sığınması gözlərim
qarşısından gəlib keçdi. Atam
mənə bunu danışanda hətta o atılan güllə
səslərini də elə bil ki, eşitmişdim.
İndi deyə
bilmərəm ki, bu bir kəlmə “kökünüz kəsilsin”
sözləri atamın həyatında böyük rol
oynayıb. Bəlkə onun həyatında daha başqa şeylər
olub. Deyə bilmərəm. Bu sözlər isə babamın siyasətə, rus
imperiyasına qarşı olan fikri, düşüncəsi,
baxışı olub. Mən yenə deyə
bilmərəm ki, bu sözlərlə babam böyük bir kəlam,
hikmət söyləyib. Yox, əlbəttə
yox. Bu adi savadsız qoca bir kişinin
zülmə, zorakılığa qarşı olan etiraz
sözləri idi. Hətta atam deyirdi ki,
babam bu sözləri göz yaşlarını uda-uda, qorxudan
yavaş səslə demişdi. Amma məncə,
hər halda, bu sözlərin atama müəyyən qədər
təsiri olub.
Amma babam bilmədi
ki, onun dediyi “kökünüz kəsilsin, ya Rəbbim, sən
bu zülmü götürmə” sözləri düz 51 ildən
sonra onun öz nəvəsinə – mənə deyiləcək. 1984-cü ildə
Əfqanıstanda sovet ordusu heç cür ipə-sapa yatmayan əfqan
mücahidlərinə divan tuturdu. Qan su
yerinə axırdı. İşğalçı
sovet qoşunları hər gün onlarla, lap belə yüzlərlə
əfqan mücahidlərini dağın-dərənin dibinə
gətirib güllələyirdi. Heç onları da bizdən
az qırmırdılar. Əli
silahlı bir neçə zabit dostlarımla yol getdiyim zaman
bizdən qorxaraq atasına sığınmış bir
oğlan uşağı gördüm. Gözləri
yaşla dolmuş bir kişi də
uşağın başını sinəsinə sıxaraq,
bizə baxıb birdən – “kökünüz kəsilsin, ya Rəbbim,
sən bu zülmü götürmə” dedi və cəld
çıxıb getdi. Amma o kişi bilmədi
ki, mən farsi-dəri dilini bilirəm və hər şey də
başa düşürəm. O kişinin bu sözləri
sanki, karlı bir şillə kimi qulağıma dəydi. Mən
bu sözləri haradasa eşitmişəm axı... Yadıma
salmağa çalışdım... Aha... Yadıma
düşdü. Axı bunu mənə
atam danışmışdı. Bu sözləri
babam demişdi. Bu onun gördüyü bir
əhvalat idi. Bu da mənim, onun nəvəsinin
törətdiyi, gördüyü və başına gələn
əhvalat. İndi isə onun öz nəvəsi,
Azərbaycana soxulan o rus əsgərlərinin nəvələrinə
qoşularaq, yad bir ölkəni işğal etməyə gəlmişdi.
Və bu hadisənin də üstündən düz 17 il sonra mən BMT-də səfir işlədiyim
zaman imperiyanın nələr törətdiyini vaxtı ilə
bizim öz başımıza gətirilən o qanlı
müsibətləri dünyanın ən uca tribunasından
çıxış edərkən arxamda sanki babamı hiss
edirdim. O zaman elə bilirdim ki, babam üzünü atama tutub
deyir: “Sağ ol, ay bala, sağ ol ki, uşağı belə
böyütmüsən, belə tərbiyə vermisən”. Onun vaxtı ilə “kökünüz kəsilsin”
sözlərini onun nəvəsi indi başqa cür deyirdi.
Başqa dildə deyirdi. Başqa
formada deyirdi. Məna isə eyni idi.
“Mən atamı
ötmüşəm, məni ötür övladım
Bu belə də
olmalı, axı dünya fırlanır”.
B. Vahabzadə
Yox, yox ay ata, sən
düz demirsən. Yenə də səninlə mübahisə
edirəm. Sən öz atanı
ötmüsən. Buna heç şəkk-şübhə
də yoxdur. Amma mən bundan sonra lap belə iki yüz il də yaşasam, sənin yarına da
çata bilmərəm. Çünki... sən
elə sənsən.
İndi isə
xatirələr cığırı ilə dünənimə
qayıdıb, olub keçənləri bir-bir vərəqləyirəm. Bir daha
götür-qoy edirəm. Xatirələrimin
toz basmış vərəqləri arasında bəzi məqamlar
daha aydın, daha qabarıq nəzərə çarpır.
Görürəm ki, yox...30-35 il bundan əvvəlki
mübahisələrimə indi xəyalən qayıdıram. Ata, istədim ya istəmədim indi də sənin xəyalınla
mübahisə edirəm. Sənə... indi
deyiləsi daha çox sözüm var. İndi hər şeyi
atasız qalandan sonra daha aydın başa düşürəm.
Sən düz deyirdin. Sənə
indi haqq qazandırıram. Ay ata, o zamanlar bəzən sən
bizə, biz övladlarına görə bizi bu ərsəyə
gətirib çatdırmaqdan ötrü yeri gələndə
susurdun, dözürdün, bəzən lap belə
barışırdın da. İçini yeyə-yeyə
barışırdın. Istəmədən
barışırdın. Amma geri çəkilmirdin.
Sussan da mövqeyindən dönmürdün.
Amma çox vaxt dözmürdün. Sözünü deyirdin. Qiyam
qaldırırdın, üsyan edirdin. Etdiyin
bu qiyam isə içində olan hikkənin, hövrün,
daxilindəki tüğyan edən təlatümün bir
damlası, püskürən odun bir
qığılcımı idi. O qığılcım
ki, 50-ci illərdə universitet auditoriyalarında tələbələr
qarşısında alışıb, 80-cı illərin
sonlarında bütün milləti bürüyən oda, alova
çevrilmişdi.
lll
Atam 1950-ci ildən
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) ədəbiyyat fakültəsində dərs
deyirdi. Onun bu
ali təhsil ocağına gəlişi də
çox qəribə alınmışdı, xeyirxah bir
insanın köməyi vasitəsilə olmuşdu. Bəlkə də, bu indi hamıya çox qəribə
görünə bilər, qeyri-adi görünə bilər.
Amma o dövrdə bu ən adi insani bir hərəkət
idi. Universitetdə oxuduğu illərdə
atamın ən sevimli müəllimi, gözəl insan,
atamın təbirincə desək, paklıq mücəssəməsi
olan Mir Cəlal Paşayev idi. Mir Cəlal
müəllimin də ən sevimli tələbəsi elə
atam idi. Atam 1947-ci ildə Universiteti qurtaran ili Mir Cəlal müəllim onu yanına,
kafedrasına çağırıb deyir ki, səni
aspiranturada saxlamaq istəyirəm. Aspiranturada cəmi
bir yer var, o da sənindir. “Ay oğul, get sənədlərini
hazırla. O yeri sənin üçün saxlamışam”.
Sonra iş elə gətirir ki, Mir Cəlal müəllimin atam
üçün saxladığı o yeri universitetə olunan
böyük təzyiqlər nəticəsində alıb bir nəfər
“filankəsin qızı”na verirlər. Aspiranturaya o qız qəbul olunur. Mir Cəlal müəllim pərt olur, yaman tutulur.
Hər nə qədər
çalışırsa, atam üçün əlavə bir
yer ala bilmir. Atamı yanına
çağırıb deyir ki, ay oğul, sən narahat olma,
heç fikir də çəkmə, mən sənin
üçün əlavə bir yer alacağam. Mütləq alacağam.
Atam təyinatı
üzrə işləmək üçün Göyçay
rayonuna orta məktəb müəllimi gedir. Heç iki ay
dərs deməmişdi ki, atamı rayon partiya komitəsindən
axtarırlar ki, təcili Bakıya qayıtsın. Mir Cəlal Paşayev təcili teleqram göndərib
ki, “aspiranturaya qəbul olunmusan, təcili Bakıya qayıt”.
Atam
Göyçaydan Bakıya birbaşa Mir Cəlal müəllimgilə
gəlir. Mir
Cəlal müəllim qapını açıb atamı
görən kimi qucaqlayıb öpür, deyir: “Ay oğul, səni
təbrik edirəm, aspiranturaya qəbul olunmusan”.
Çay süfrəsi
arxasında oturanda Mir Cəlal müəllimin həyat
yoldaşı Püstə xanım atamı öz oğlu kimi
qucaqlayıb deyir ki, ay Bəxtiyar, bəlkə də Mir Cəlal
səni aspiranturaya qəbul olunmağına səndən də
çox sevinir. Çünki bu iki-üç ayı bu kişi səndən ötrü o qədər əziyyət
çəkib ki... Vallah nə gecəsi var idi, nə
də gündüzü. Çox
şükürlər ki, qəbul olundun. Deyirdi
ki, axı mən bu uşağa söz vermişəm. Axı bu yerə o layiqdir. Mir Cəlal
müəllim isə deyir ki, mən heç bir əziyyət-filan
çəkməmişəm. Sadəcə
olaraq, haqqın nahaqqa qurban getməməsinə
çalışmışam, ona da nail olmuşam. Belə
ədalətsizliyə mən heç vaxt razı ola bilməzdim.
Kiçik bir haşiyə
1981-ci il
aspiranturaya qəbul imtahanı verirdim. Cəmisi
bir yer var idi. Obyektiv olaraq, onu deməliyəm
ki, pis hazırlaşmamışdım. Bütün
suallara cavab verirdim. Amma mənim rəqibim
olan Kürdəmirin hansısa kəndindən gəlmiş
müəllim daha hazırlıqlı idi. Haradan
sual verirdilərsə, dərhal cavab verirdi. Lap necə deyərlər, ağzı ilə quş
tuturdu. Mənə əla qiymət
yazdılar, ona isə yaxşı. O bir qədər
tutuldu. Amma heç nə demədi.
İmtahandan çıxanda, gülümsəyərək, mənim
əlimi sıxıb “təbrik edirəm” dedi.
Ax... xəcalətimdən
yer ayrılmadakı ki, yerə girim. Oğlanın
üzünə baxa bilmədim. Cəld
Akademiyadan çıxıb evə gəldim. Atam gülə-gülə məni təbrik edəndə
bütün əhvalatı açıb ona
danışdım. Bir qədər fikrə
getdi. Sonra dedi ki:
– Oğul, əgər həqiqətən
bu belədirsə, ikinci imtahana getmə. Adam
haqqı nahaqqa verməz.
lll
... Atam
aspiranturanı müvəffəqiyyətlə bitirir. Səməd Vurğundan müdafiə edir. Elmi rəhbəri də elə unudulmaz alimimiz Mir Cəlal
müəllim özü olur. Sonralar
universitetdə qalıb dərs deməyinə də Mir Cəlal
müəllim kömək edir. Atam
40-cı illərin sonlarından ta təqaüdə
çıxana qədər universitetdə dərs deyir. Adi bir müəllim kimi. Nə
dekan olur, nə kafedra müdiri. Nə
baş müəllim olur, nə də prorektor. Adi bir professor kimi dərs deyir.
lll
Bir dəfə Mir Cəlal
müəllim atamı yanına kafedraya
çağırıb:
– Bəxtiyar, mən sənə
bir böyük kimi, bir ata kimi deyirəm. Mühazirələrinə
fikir ver, artıq-əskik danışma. Sənə
deməliyəm ki, artıq nəzarət altındasan, istədikləri
vaxt səni də apara bilərlər (Bu o vaxtlar idi ki,
Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov, Kamal,
Hacı, Azər və digərləri siyasi məhbus kimi yenicə
həbs olunmuşdu. Gülhüseyn
Hüseynoğlunun başçılığı altında
“İldırım” təşkilatı yaratmışdılar.
Atam da bu təşkilatın fəal üzvlərindən
biri idi). Sənin haqqında da artıq
material toplayıblar. Səndən donos
yazıblar. Özü də çox pis
yazıblar. Başa düş, vəziyyət
təhlükəlidir. İnan ki, səni
övladlarım qədər sevirəm. Bizə
gedib-gələn uşaqsan. Səni onlardan
ayırmıram. Məndən sənin barəndə
xasiyyətnamə istəyiblər. Mən
də yazmışam ki, Bəxtiyar haqqında deyilənlər
hamısı böhtandır, yalandır. O tələbələrin
qarşısında heç bir antisovet, millətçilik
ruhunda mühazirələr oxumur. Amma Bəxtiyar, bu gün mən
səni birtəhər qoruya bildim. İnan ki, hər
şeyi öz üzərimə götürdüm. Məndən də şübhələnə bilərlər.
Dedim ki, Bəxtiyarla özüm danışaram.
lll
İndi isə
ay ata, sənin vaxtı ilə tələbələr
qarşısında oxuduğun mühazirələr,
yazdığın o şeirlər mərhum alimimiz Mir Cəlal
müəllimin təbirincə desək, həqiqətən o
zaman saçılan bu qığılcım idi. O qığılcım ki,
80-ci illərin sonlarında həqiqətən də oda-alova
çevrildi. Və o məlum meydan hadisələrində
sənin oraya gəldiyini görən, meydana
yığışan yüz minlərlə insan axını əl
açıb üstünə şığıdı.
Səni az qala elə
maşınqarışıq qucaqlarına götürdülər,
qaldırıb tribunaya çıxardılar. “Bəx-ti-yar,
Bəx-ti-yar” deyə qışqırışdılar. “Səndən söz gözləyirik” – dedilər.
Hətta bir nəfər orta yaşlı bir kişi
mikrofonu əlinə alıb əsəbi halda:
– Bəxtiyar müəllim,
bizim buraya yığışmağımızı, öz
sözlərimizi demək istəyini, susmamağı,
barışmamağı, haqsızlığa qarşı
çıxmağımızı, millət, vətən deyib
hayqırmağımızı, hələ 60-cı illərdə
auditoriyalarda bizə siz öyrətmisiz, siz başa
salmısınız. Mən Ermənistan
qaçqınıyam. Orada riyaziyyat müəllimi
işləyirdim. Təhsilimi isə
Bakıda almışam. Amma öz dərslərimdən
qaçıb sizin dərslərinizdə oturardım. Sizin mühazirənizə qulaq asırdım. Bizi millətsevərlik azarına siz yoluxdurmusunuz.
“Latın dili”, “Ana dilim”, “Yollar, oğullar”... əsərlərinizlə
bizi siz xəstələndirmisiz. Səpdiyiniz
o toxumlar bu gün artıq cücərib, bar verib. İndi isə buyurun, bizi xəstələndirdiyiniz
kimi də sağaldın. Bir müalicə edin, sizdən
imdad gözləyirik – dedi.
Atam mikrofonu
götürüb:
– Barışmamalıyıq,
dözməməliyik. Bu günü biz 70 il
gözləmişik. Möhkəm olmaq
lazımdır. Geri çəkilməməliyik.
Mən çox xoşbəxtəm ki, 40 il
bundan əvvəl gizli-gizli səpdiyim o toxumlar bu gün
artıq cücərib, pöhrə verib. Möhkəm
olun. Bu bizim ölüm-dirim mübarizəmiz
olmalıdır...
Evə gələn kimi o
vaxtlar Mərkəzi Komitənin birinci katibi işləyən Ə.Vəzirov
evimizə zəng edib, qışqıra-qışqıra,
ağzı köpüklənə-köpüklənə əsəbi
halda:
– Da, da Baxtiyar, ya vse znayu.
Bütün bu ölkəni mənim üstümə sən
qaldırmısan, sən! Günahkar sənsən.
Sənin vaxtı ilə yaydığın
natsionalizm virusu bu gün artıq metastaz verib. Əgər vaxtı ilə 70-ci illərdə səni
MK, KQB məhv etsəydi, sən artıq yox idin. Tem bolee, çto ob etom bıl prikaz iz Moskvı.
O zaman naprasno Moskvaya qulaq asmadılar. Assaydılar
və səni uniçtojat etsəydilər, sən indi
artıq yox idin və bu xalq da mənə qulaq asardı.
Mən bilirəm ki...
Atam onun gəvəzələməsinə
artıq qulaq asmadı, onun sözlərini ağzında
yarımçıq kəsib dəstəyi yerinə qoydu.
Vəzirov düz deyirdi,
ümumiyyətlə, onun respublikaya rəhbərlik etdiyi bu iki
il ərzində bəlkə də, dediyi
yeganə düz söz bu idi. Həqiqətən,
vaxtı ilə atamı fiziki cəhətdən məhv etmək
üçün Moskvadan yerli KQB-yə xüsusi göstəriş
gəlmişdi. KQB atamı izləyirdi.
Maraqlıdır, bəs Vəzirov bunu haradan
bilirdi? O bu məlumatı haradan əldə etmişdi? Həm də axı o dövrlərdə Vəzirov
Moskvada komsomol işində çalışırdı.
Və elə bir dərin zəkası, savadı
yox idi ki, Moskvada kimsə bu sirri onunla bölüşsün.
Ona etibar edib, atam kimi bir dissident barəsində
onunla danışsın. Mərhum prezidentimiz
Heydər Əliyev o vaxtlar KQB-də rəhbər vəzifədə
çalışırdı və Moskvanı hər bir vəchlə
inandırmağa çalışırdı ki, “Bəxtiyar
haqqında deyilənlərin hamısı yalandır,
iftiradır, böhtandır. O nə antisovet şeirlər
yazır, nə də ki, universitetdə tələbələr
qarşısında millətçilik ruhunda mühazirələr
oxuyur.” Moskva isə təkid edirdi. Nəhayət ki, mərhum prezidentimiz Moskvanı
inandıra bildi və onun sayəsində atamı sakit
buraxdılar, ona toxunmadılar. Heydər Əliyev
atamı birtəhər Moskvanın cəngindən ala bildi.
Amma Moskva da belə asanlıqla atamdan əl
çəkmək istəmirdi. Uzun-uzadı
təkiddən sonra atamı uzun illər dərs dediyi
universitetdən xaric etdilər. Bir müddət
şeirləri çapdan çıxmadı, kitabları nəşr
olunmadı, qəzetlərə yazdığı məqalələr
çap edilmədi. Televiziya və radio
üzünə qapandı. O illər maddi durumumuz olduqca
ağır idi. Çətin idi. Yeganə evə pul gətirən atam idi, o da ki,
işləmirdi. Amma atam əyilmədi,
sınmadı. Möhkəm durdu. Şax gəzdi. Yenə də
şükür edirdik ki, nə yaxşı, atamı fiziki cəhətdən
məhv etmədilər. Bu isə mərhum
prezidentimiz Heydər Əliyevin misilsiz, əvəzolunmaz xidməti
idi. O günləri indi də xatırlayıram. Deyir, söz sözü çəkər, fikir fikri.
Və həmin o çətin, ağır
günlərdə axşamüstü qapımızın zəngi
çalındı. Qapını
açdıq. Qapımızın
ağzına ərzaqla dolu böyük bir zənbil
qoymuşdular. Zənbilin içində ət, yağ, toyuq, meyvə... Nə isə,
Allah verəndən. Bütün
bunların da altında içinə 50 manat (o vaxtın pulu ilə)
qoyulmuş bir zərf. Zənbili gətirən adam özü isə yox idi. Bunu kim
gətirib? Bilə bilmədik. Kimdən soruşduqsa
da, heç kim boynuna almadı. Həmin hadisə bir həftədən sonra yenə
də təkrarlandı. Axı bu kimin
işidir? Yenə bilə bilmədik.
Özü də ən qəribəsi bu idi ki, bunu gətirən
adam həftənin müxtəlif günləri
və günün də ən müxtəlif saatları gətirib
qapımızın ağzına qoyurdu ki, onu tutmaq
mümkün olmasın. Bəzən səhər
saat yeddidə, bəzən gecə 12-də, bəzən də
günorta hadisə təkrarlanırdı. Nə isə...
Bir xeyli müddət bu belə davam elədi.
Amma günlərin bir günü tamam təsadüfən
qapımızın zəngi çalınan vaxt atam cəld qapını
açdı. Təxminən 11-12
yaşlarında olan bir oğlan uşağı atamı
görən kimi zənbili atıb qaçmaq istəyəndə
atam onu tutdu. Evə gətirdi. Uşaq and-aman elədi ki, bunu mənə verən əmi
tapşırıb ki, onun adını deməyim. Hətta zənbili sizə gətirməyimə
görə də mənə pul verir. Həmin
əmi indi də aşağıdadır, məni gözləyir.
Atam çox təkid edəndən sonra uşaq
balkona çıxıb, həmin adamı atama göstərdi.
Bu adam atamın ən yaxın dostu, romantik
məktəbə məxsus olan böyük aktyorumuz Həsənağa
Salayev idi. Atam Həsənağa Salayev ilə
uzun müddət dostluq etmişdi. Sonralar
atam öz təşəkkürünü Həsənağa
Salayevə bildirəndə o etiraf etmədi, boynuna almadı.
Amma yenə də bizə yardım edirdi.
Bir dəfə atam ona and içdirəndə ki, sən o
inandığımız Quran, bunu sən eləyirsən, yoxsa
yox, Həsənağa Salayev gülərək:
– Ay Bəxtiyar, tutaq ki, elə
mən edirəm, nə olsun ki, bəs kişi
kişiyə nə gündə lazım olar?
Amma heç
vaxt Həsənağa Salayev elədiyi yaxşılıq
müqabilində təşəkkür qəbul etmirdi,
heç bunu gözləmirdi də.
lll
Bir müddət
ötəndən sonra atam yenə də öz doğma
universitetinə bərpa olundu. Yenə əvvəlki
kimi, universitetdə dərs deyir, kitabları nəşr olunur,
şeirləri çapdan çıxırdı.
Günlər
ötdü, illər dəyişdi. SSRİ-nin KQB-si öz
funksiyasını itirdi. Hamını qorxu
işində saxlayan “bütlər gəldi və getdi”, atam
heç birinə inanmadı. Özlərini
əbədi bilən, dik duran başlar əyildi. Atam onlara acıdı, alqışlar bir-birinin
ardınca öz ünvanını dəyişdi. Atam o ünvanlara yox, ünvanları dəyişənlərə
qəhqəhə çəkib, güldü. Bir sözlə, hər şey dəyişmişdi.
Çox əyilən
görmüşəm,
əyilməyən başları,
Sular duruldu, gördük
dibindəki
daşları.
Ünvanını dəyişdi,
dünənin alqışları,
Niyə də dəyişməsin,
axı dünya fırlanır.
B.Vahabzadə
Amma yenə də
hərdən xəyalən o günlərimə
qayıdıram. Atalı günlərimə dönürəm.
Xatırlayıram ki, çətin günlərimiz,
ağır günlərimiz çox olub. Həqiqətən
çox olub. Çox sadə
yaşamışıq. Bəlkə sadədən
də sadə. Amma atam heç zaman bunu
özünə dərd etməyib. Atam ömrü boyu
heç kimə əyilmədən, heç kimə şikayət
etmədən bütün çətinliklərə
dözüb, tab gətirib. İndi başa
düşürəm ki, atamın belə əyilməməsinə,
möhkəm durmasına səbəb onun vətənpərvərliyi
olub. Təki Vətən sağ olsun deyərdi. Vətənin hər daşına, hər
torpağına qurban olum deyərdi. Atamın
bütün bunlara tab gətirməyinə, çətinliklərə
sinə gərməsinə dözüm, qüvvət verən
həqiqətən də Vətən sevgisi olub, millət
aşiqliyi olub. Dilindəki də həmişə
şükür kəlməsi olub. Ömrü
boyu heç bir çətinlikdən, heç bir əzabdan,
ağrıdan qorxmadı. Çəkinmədi.
Ölüm-itim onu sarsıtmadı.
Çünki özü demişkən:
Dünya quru bir səs,
Qəm çəkməyə
dəyməz.
Yüz-yüz itən olsun
Min min də
bitən var.
Şükr eyləyəlim
ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən
var.
Kişineu, 2010
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet.- 2009.- 26 dekabr.- S.24-25.