Tərcümeyi-halım

 

(sənədli roman- xatirə)

 

Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövqeyində dayanması ilə yaxın dövr tariximizin səhifələrinə öz imzasını həkk edib. 1990-cı illərin ortalarında – Azərbaycan xalqı üçün olduqca narahat bir dönəmdə qələmə aldığı “Tərcümeyi-halım” əsərindən parçaları oxucularımıza təqdim etməklə unudulmaz Famil Mehdini bir daha ehtiramla xatırlamağı özümüzə mənəvi borc bildik.

Xudu Məmmədov tarixi şəxsiyyət idi. Dünya miqyaslı alim idi. İnsanlığı, sadəliyi, mədəniyyəti isə ölçüyə gəlməzdi. Eyni zamanda böyük torpaq oğlu idi. Vaxt tapan kimi Bakıdan çıxar, Ağdamda, Şuşada, Gəncədə, Qazaxda, Lənkəranda olardı.

Xudu müəllimi mən çoxdan tanıyırdım. Hələ yaxınlığımız olmayan zamanlarda “Qartalın ölümü” adlı şer yazıb Xudu müəllimə həsr etmişdim:

 

Zirvədə ildırım vurdu qartalı,

Qoşa qanadları sındı dibindən.

Çırpındı, sürüşdü, dəyişdi halı,

Bir qaya asıldı hər lələyindən.

Dağ oğlu, dağ qızı oda yansa da,

Burda ağlamayıb, heç vaxt ağlamaz.

Göylər dilə gəldi: yalvar, dünyada

Yazıqsan, ömrünü uzadaq bir az.

Əks səda qopdu sal qayalardan,

Yaşamaq şirindir, göylərə yalvar

Yalvarmaq, yaşamaq...

Qartalın bu an

Odlu gözlərində qaraldı dağlar.

Qartal boylanaraq qayalar üstdən,

Əyildi uçruma: ”Bax, buna varam:

Yalvara- yalvara yaşamağı mən

Ölümdən min dəfə betər sayıram.”

 

Çox az danışardı. Danışan anda nə demək istədiyini o qədər də başa düşməzdin. Sonra fikirləşib tapardın ki, o adi, sadə sözlərlə hansı böyük həqiqətləri, dərin fikirləri ifadə edib. Çox sadə həyat sürürdü. Çox az- az hallarda təzə kostyum, ayaqqabı geyindiyini görərdin. Qarabağ hadisələri başlanan ilk günlərdən Ağdamda, ətraf ərazilərdə bir yerdə çox olardıq. Ayaqqabısı köhnə idi. Hətta ayağını döyməsin deyə ayaqqabının içinə əski parçası qoymuşdu. Bir dəfə bacanağım Elxan həkimdən pul alıb qoydum cibimə. Xudu müəllimlə görüşəndə xahiş etdim ki, bir bazara tərəf gedək. Allah, bu adam insanın ürəyini necə də oxuya bilirmiş!

Dedi: – Famil müəllim (qəribədir, o boyda insan, alim mənə müəllim deyirdi) sənin canın üçün bu ayaqqabı ayağıma elə yaxşı olur ki, onu heç bir ayaqqabıya dəyişmərəm. Çox sağ ol.

Mənə elə gəlir ki, Qarabağ uğrunda ən böyük şəhidimiz Xudu Məmmədovdur. Ölümündən düz bir gün qabaq “Qayğı” cəmiyyətinin konfransında yanaşı oturmuşduq. Əyilib qulağına dedim:

– Gəlsənə Qarabağa gedək?

Üzümə baxıb cavab verdi:

“- Ürəyim partlayır. Qarabağa nəyə gedək? İndi camaata gedib nə deyək? Verilən vədlərin heç biri yerinə yetirilmədi.

Səhərisi gün axşam evdə oturmuşdum. Rafiq Əliyev də bizdə idi. Telefon zəng çaldı. Dəstəyi götürdüm. Kim isə ağlayırdı. Özünü ələ alıb dedi:

– Famil müəllim, mənəm, Camaldı danışan, Əfətli Camal. “İspolkomda” işləyən Camal. Famil müəllim, Xudu müəllim öldü.

Mən özümü itirdim:- Sən kimsən, nə danışırsan...

Dedi: – Əşi vallah, Camalam. Üzeyir Hacıbəyov muzeyində indicə ürəyi partladı. Elə buradan, küçədən zəng edirəm.

Tez küçəyə çıxdıq. Taksiyə oturub muzeyə getdik. Gedib gördük heç kimsə yoxdur. Qapı bağlı, işıqlar yanmır. Birdən ağlıma gəldi ki, yaxındakı məscidə gedək. Getdik, gördük ki, Camal, Bəxtiyar Vahabzadənin oğlu, Nurəddin Rzayevin qardaşı dayanıblar məscidin həyətində. Xudu müəllimin hələ soyumamış meyidi isə xərəkdə bir tərəfdə qoyulmuşdu. Hər ikimiz meyidi qucaqlayıb göz yaşları tökdük. Elə bil yatmışdı. Əli, üzü hələ soyumamışdı. Öyrəndik ki, Xalq Cəbhəsi tərəfdarları muzeyin zirzəmisində iclas keçirirlərmiş. Nəsə mübahisə olub. Xudu müəllim bir az əsəbiləşib (onsuz da son aylar çox əsəbi idi). Qəfildən iflic olub. Dərhal da keçinib. Cəbhəçi “məsləkdaşları” meyidi orada qoyub qaçıblar. Həmin adamlar sonralar özlərini bəy adlandırırdılar...

Üç- dörd illik mətbuat fəaliyyətim nəzərə alınmazsa ancaq bir yerdə- Bakı Universitetində işləmişəm. Həyatın təzadlarının böyük bir hissəsini burda görmüşəm. Xeyirxahlarım da olub, bədxahlarım da. Ancaq axırıncıları unutmağa çalışmışam. Bəlkə ən böyük mənəvi zərbəni də burada almışam. Ən böyük mənəvi qələbəni də burada çalmışam.

Aspiranturada oxumaq fikrim olmayıb. Buna məni, həqiqi qayğı göstərənim Şirməmməd Hüseyn məcbur edib. Axırıncı gün sənədlərimi özü aparıb verib aspiranturaya...

Mən həyatda çox az qayğı görmüşəm. “Atalıq qayğısı”, “Qorki qayğısı”, daha nə bilim hansı sözlər mənim üçün boş şüar təsiri bağışlayıb. Doğrudur, əl uzadanlarım olub. Ancaq həyatda nəyə nail olmuşamsa, ancaq və ancaq öz gücümə nail olmuşam. Bir dəfə də olsun başımı sığallayan, qolunu çırmayıb qabağıma düşən olmayıb. İşim çox çətinliklə, ürəyimin ağrıları, əsəblərimin yerindən oynaması hesabına düzəlib.

Universitetin jurnalistika fakültəsindəki digər iki kafedra bizim kafedranın bazası əsasında yaranıb. Ona görə də kollektivimiz çox da böyük deyil. Dosent Nəsir İmanquliyev ağsaqqalımızdır. 50 il mətbuatda rəhbər vəzifələrdə işləyib. 1946-cı ildə jurnalistika kafedrasının bünövrəsi qoyulandan da burada yarım ştat işləyir. Universitetin axırıncı kursunda ikən mən Nəsir müəllimin redaktorluq etdiyi “Bakı” axşam qəzetində fəaliyyətə başlamışam. Bunun da maraqlı tarixçəsi var.

Diplom müdafiəm çox təntənəli keçdi. Müdafiənin bu səviyyədə keçməsini görən bir qarabağlı qəzet redaktoru məndən soruşdu:

– Bizim redaksiyada işləyərsənmi?

– Bəli, işləyərəm.

– Onda bir gəl, söhbət edək.

O vaxt Nəsir müəllim də məni “Bakı” qəzetində işə dəvət edirdi. Ancaq getmək istəmirdim. Bir neçə gündən sonra həmin redaktorun yanına getdim. Ayağa qalxıb məni hörmətlə qarşıladı. Yenə müdafiəmi tərifləməyə başladı. Xoş sözlərlə məni utandırdı. Amma axırda dedi ki, bir həftə sonra gəlim. Bir həftədən sonra məni ayağa qalxmadan qarşıladı. Ordan- burdan söhbət saldı. Yenə söhbəti diplom müdafiəsi üstünə çıxartdı. Ancaq bu dəfə tərifin duzu bir qədər az oldu. Yenə üç-dörd gündən sonra gəlməyimi xahiş etdi. Üç- dörd gündən sonra yenə görüşəsi olduq. Ümumi mövzularda söhbət etdik. Hiss etdim ki, danışmağa çətinlik çəkir.

Özümü saxlaya bilməyib dedim:

– Hörmətli filankəs müəllim, birinci dəfə məni əla qarşıladınız. İkinci dəfə yaxşı, indi isə orta səviyyədə. Hiss edirəm ki, nəsə çətin vəziyyətdə qalmısınız. Elə isə xahiş edirəm, fikrinizi mənə açıq deyəsiniz.

Nəhayət çox tərəddüdən sonra açıq dedi:- Bilirsən, doğrusu işə götürmək isləyirdim. Eşitdim sən də qarabağlısan. Qorxuram söz-söhbət olar.

Ayağa qalxıb xudahafizləşdim: – İstəmərəm ki, mənə görə sizə söz gəlsin.

Birbaş “Bakı” qəzeti redaksiyasına, Nəsir İmanquliyevin yanına gəldim. Gülümsünüb dedi:

– Hə, gəldin?

– Bəli, gəldim.

– Səhərdən gəl otur şöbədə.

Beləliklə işə başladım. Heç üç-dörd gün keçməmişdi ki, birləşmiş qəzet-jurnal muhasibliyindən zəng vurdular:

– Niyə gəlib əməkhaqqınızı almırsınız?

Dedim:

– Yəqin dolaşıq salırsınız, mən təzə işləyirəm.

Dedilər:

– Əmriniz bir ay əvvəldən verilib. Gəlin bir aylıq əməkhaqqınızı alın.

İyirmi ildən çoxdur ki, yenə Nəsir müəllimlə işləyirik.

Ceyran Əbdürrəhimova ilə tələbə yoldaşı olmuşuq. Jurnalistika üzrə ilk professor qadındır. Dosent Mahmud Mahmudov nəşriyyat işləri üzrə mühazirələr oxuyur, ixtisas kursları aparır. Dosent Akif Rüstəmov orta, müəllim Zaur Babayev isə cavan nəslin nümayəndələridir. Rəhmətlik professor Nurəddin Babayev məndən əvvəl bir neçə il kafedranın müdiri işləyib. Hamımıza yaxından köməkliyi olub. Rəhmətlik Mir Cəlal müəllim deyərdi ki, insanı üç şey cavan saxlayar: həmişə gözəllər arasında olmaq, cavanlar arasında olmaq, ailə səmimiyyəti. Xoşbəxtlikdən bunların hər üçü mənə nəsib olub.

Həyatım, mühitim haqqında danışarkən son illər Azərbaycanda baş verən hadisələrdən, qondarma Dağlıq Qarabağ problemləri ilə faciələrdən yan keçə bilmərəm. Nəinki yan keçə bilmərəm, əksinə, gərək yazıma bu hadisələrlə başlayaydım.

Bu dövr Azərbaycan tarixində bir tərəfdən şərəfli, digər tərəfdən bəlkə də ən dəhşətli bir dövrüdür. Vətənim və millətim qarşısında kiçicik xidmətlərim sırasında Əsgəranda camaatımızın kütləvi surətdə qırılması üçün əvvəlcədən düşünülüb qurulmuş faciənin qarşısının alınmasında başqa yoldaşlarımla bərabər göstərdiyim fəaliyyəti heç də aşağı tutmuram. 1988-ci il fevralın 21-də axşam oğlum Nərimanla birlikdə Bakıdan Ağdama gəldik. Xankəndində (Stepanakertdə) qatı millətçi ermənilərin təşkilatçılığı ilə Azərbaycan əleyhinə xeyli vaxt idi ki, mitinqlər başlanmışdı. Ağdamda camaat bərk həyəcanlanmışdı. Bu həyəcanı daha da qızışdırmaq üçün daşnaklar muxtəlif millətçi şüarlar səsləndirirdilər, azərbaycanlılara qarşı açıq təcavüz siyasətinə başlayırdılar. Həmin gün Ağdamda camaat eşitdi ki, Moskvadan siyasi büro uzvləri-MK katibləri Xankəndinə gəlib. Ağdamda mitinq iştirakçıları belə qərara gəldilər ki, Xankəndinə sülh yürüşü təşkil edib, onlar da öz fikirlərini Moskvadan gələn numayəndələrə bildirsinlər. Doğrudan da hələ ilk vaxtlar camaat inanırdı ki, bu qatı millətçi çıxışlara, hərəkətlərə Sov.İKP MK və Sovet hökuməti son qoyacaq. Onlar, o cümlədən bizim hər birimiz bilmirdik ki, bu Moskvanın özünün iştirakı ilə qurulmuş tarixi bir cinayətin başlanğıcıdır.

1988-ci il fevralın 22-də xəbər tutduq ki, Əsgəranda, Xankəndində yerləşən polkun tankları, silahlı qüvvələri hazır dayanıb camaatın gəlməsini gözləyir. Yerli erməniləri silahlandırıblar. Cavanları, uşaqları Əsgərandan çıxarıblar. Bunu biz bilirdik, camaat isə bilmirdi. Bu, açıqca qurulmuş bir tələ idi: Ağdamlılar gəlsin. Qırğın düşsün. Adı “ermənilərə silahlı hücum” qoyulsun. Bununla da məsələ birdəfəlik həll olunsun. Deməli, Sumqayıt hadisəsinin ssenarisi əvvəl Əsgəranda nəzərdə tutulmuşdu. Sumqayıt ehtiyatda idi.

Səhər-səhər əliyalın camaat Xankəndinə tərəf istiqamət aldı. Bakıdan gələn nümayəndələr, yerli rəhbərliyin nümayəndələri, adlı-sanlı adamlar, o cümlədən Bakıda yaşayan Ağdamlı ziyalılardan Xudu Məmmədov və mən, yerli ziyalılardan Zeynal Məmmədov camaatın qabağına çıxmağı vacib bildik. Bir neçə yerdə çıxış etdik. Vəziyyəti onlara başa saldıq. İnananlar da oldu, inanmayanlar da. Xüsusilə 100-150 nəfərdən ibarət gənclər, yeniyetmələr bizə qulaq asmadılar. Qaçıb Əsgəranın ilk evlərinə yaxınlaşdıar. Hazır dayanan ermənilər dərhal uşaqlara atəş açdılar. İki nəfər – Əli ilə Bəxtiyar öldürüldü. Bir neçəsi yaralandı. Biz tərəfdən isə heç bir atəş-filan olmadı. Axı belə bir fikir də yox idi, silah da.

Camaat daha da həyəcanlandı. Yumruqlarını düyünləyib irəli getmək istəyəndə Əsgəran tərəfdən tank və ya BTR-lər (o vaxt mən onları fərqləndirə bilmədim) camaatın üstünə gəldi. Arxasında təxminən 150-200 nəfər avtomatlı və daha 100 nəfərə qədər dəyənəkli əsgər irəliləməyə başladı. Qabaqda ucaboy, ağsaçlı general (sonra öyrənəcəyik ki, o, SSRİ DTK sədrinin birinci müavini Bobkov imiş) addımlayırdı. Hərbi maşınlar və silahlı hərbçilər camaata yaxınlaşdıqda general ucadan əmr verdi:

– Beş dəqiqə vaxt verilir. Geriyə qayıdın. Yoxsa atəş açılacaq.

Tankların lülələri, avtomatlar bizə tuşlandı. Biz eşitdiklərimizin həqiqət olduğunu tamamilə yəqin etdik. Hətta binaların üstündən fotoqraflar şəklimizi çəkirdilər. Hadisənin ciddiliyini camaat başa düşdü. Öz gözləri ilə gördu. Geri qayıtmalı olduq. Tanklar və silahlı əsgərlər bizi qabağına qatıb düz Ağdamın mərkəzinə qədər gətirdi. Topun lüləsi Xudu müəllimin, Zeynal Məmmədovun, Sadıq Murtuzayevin və mənim başımızın üstündə idi. Çünki biz arxadan gəlirdik. Tankın üstündə rus əsgərləri hərdən qımışıb gülürdülər. Biz isə içəridən alışıb yanırdıq. Cilov gəmirən cavanlardan bəlkə daha çox qovrulurduq. Ancaq neynəmək olardı...Səhərisi gün SSRİ prokurorluğundan və Bakıdan gələn prokuror və milis işçilərinin sual-cavabları başlandı. Əsgərana gedənlərin şəkilləri dəlil sübut kimi stolların üstündə idi. Biz tutulanların dərhal buraxılmasını tələb etdik. Buna nail olduq. SSRİ prokurorunun muavini Katusev, ordu generalı Zaytsev (görünür, üstümüzə gələn qoşun da onun əmri ilə gəlirmiş) bildirdilər ki, bu gün-sabah millətçi ermənilərin hamısı həbs ediləcək. Hətta “Krunk”un üzvlərinin siyahısını da bizə göstərdilər. Bu gün də, sabah da keçdi, birisi gün də kecdi. Heç bir tədbir görülmədi. Daha üç gündən sonra Əsgəran ssenarisinin Sumqayıt variantı həyata keçirildi...

Mən bu haqda danışmağı bir də ona görə borc bilirəm ki, Əsgəran hadisəsindən xəbəri olmayan, orada iştirak etməyən, hətta heç bu hadisə ilə maraqlanmayanlar da bəzən deyirlər:

– Əşi o vaxt Xuraman yaylıq atmasaydı, camaatın qabağını saxlamasaydılar, bu məsələ birdəfəlik həll olunardı.

Bir daha bütün məsuliyyəti ilə bildirirəm ki, nə Xuramanın yaylığı, nə bizim çıxışlarımız camaatı yolundan saxlamadı. Olsa-olsa, onları ayıltdı. Hadisədən xəbərdar etdi. Gözünü açdı. Camaat düz Əsgərana qədər gedib çıxdı. Onları dayandıran Sovet tankları və əli avtomatlı dəyənəkli rus əsgərləri oldu. Bəli, tanklar və əsgərlər! Bunu birdəfəlik bilmək, yersiz söhbətlərə, şayiələrə son qoymaq lazımdır.

 

 

(Ardı var)

 

Famil MEHDİ

 

525-ci qəzet.- 2009.- 26 dekabr.- S.23.