Yasemin Bayer: “Sözlərlə xoşbəxt olur, sözlərlə hüzünlənirik”

 

Adı ədəbi mühitdə sıx-sıx hallanan, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin Türkiyədə yorulmaz təbliğatçısı, hər dəfə Türkiyədən yeni bir proyektlə dönən, daim fərqli ideyalar irəli sürən Yasemin Bayerlə fəxri üzvü olduğu Atatürk Mərkəzində görüşdük. Yasemin xanım Avropa və Şərq ədəbiyyatının gözəl bilicisidir, yazar, tərcüməçi və naşirdir. Onunla müsahibənin “525-ci qəzet”in oxucuları üçün maraqlı olacağını düşündüm.

– Yasemin xanım, həm Türkiyədə həm də Azərbaycanda yayımlanan bir çox köşə yazılarınızı, məqalələrinizi oxuyuruq. Bu arada Azərbaycan dilindən önəmli kitabları tərcümə edib,Türkiyədə yayımını təşkil edirsiniz. Alman ədəbiyyatından etdiyiniz tərcümələrdən başqa Azərbaycan ədəbiyyatıyla bağlı Türkiyədə 4 ildə nəşr etdirdiyiniz 10 kitab var. Bu qədər işi bir araya necə sığışdırırsınız?

– Nitsşe deyir ki, “İçinə qoyacaq şeyiniz varsa, bir günün min cibi vardır”. Doğrudan da elədir. İşinizi sevərək görürsünüzsə, zamansızlıq, imkansızlıq ve yorgunluq qavramları öz anlamını itirir. İnsanların üzündə bir anlıq təbəssüm yarada bilirsinizsə, bu həyata öz töhfənizi verməniz deməkdir, gördüyünüz işlərin önəmli olduğunun göstəricisidir.

Cocuqluğumdan etibarən çox sevgili ailəmdə dolu-dolu bir həyat yaşamışam. Məktəbdənkənar boş vaxtlarımda həm idman, həm sənət çalışmaları ilə məşğul olmuşam. Boş vaxtım olmazdı. Bu həyat tərzinin əslində nə qədər faydalı olduğunu illər sonra insan daha yaxşı anlayır. Biz dörd bacıyıq və hamımız eyni şəkildə böyüdülmüşük. Bu gün olduqca gənc yaşlarında itirdiyimiz anamızın və atamızın düsturları işığında həyat sürməkdən qürur duyuram. Şərq alimləri çox keçmişlərdə belə demişlər: “Bir insan həyatda bir ağac əkər, bir kitab yazar və bir oğlan övlad sahibi olarsa, cənnətə düşər.” Mən bu cümləyə bir qız övladı sahibi olmağı da əlavə edərdim. Çünki qız və oğlan övladı, hər ikisi eyni dərəcədə dəyər daşıyır. Və mən həm qızım, həm də oğlum olduğu üçün son dərəcə xoşbəxtəm. Düşünürəm ki, həyatda sahib olduğumuz şeylər önəmlidir, amma insanın arxasınca qoyub getdiyi şeylər daha önəmlidir.

– Tarixdə iz qoymuş qadınlar dedikdə kim gəlir ağlınıza? Onlardan ən çox bəyəndiyiniz və örnək aldığınız kimdir?

– Tarixdə ünlü qadınlar dedikdə ilk ağlıma gələnlər “Çörək tapa bilmirlərsə, tort yesinlər” deyən Fransa kraliçası Mariya Antuanetta, Troya müharibəsinin başlamasına səbəb olmuş Yelena, radium elementini tapan Mari Küri, Mustafa Kamal Atatürkün anası Zübeydə xanım, dünyada ilk qadın savaş pilotu Sabiha Gökçen kimi isimlərdir. Sözsüz, bu siyahıya əlavə edilə biləcək bir çox adlar da var. Amma bu adlar ilk ağlıma gələnlərdir. Bu qadınların hamısı tarixdə önəmli rol oynamışlar. Ancaq mənim təsirindən çıxa bilmədiyim, hər zaman onun kimi olmağa çalışdığım yeganə qadın gənc yaşımda itirdiyim psixologiya müəllimi anamdır.

– Türkiyədə “Azərbaycan nağılları”nı ilk dəfə siz nəşr etdirdiniz. Və Türkiyənin Mədəniyyət Nazirliyi bu nəşri bütün kitabxanalara payladı. Məktəblərdə oxunmasını tövsiyə etdi. Bundan sonra yenə ilk dəfə Azərbaycan hekayə antologiyasını hazırlayıb çap etdirdiniz. Bu antologiyaya gözəl bir poetik ad vermisiniz: “Xəzər sahilində Yerlə Göy”. Bu arada Nizami Cəfərovun “Klassiklərdən çağdaşlara” elmi əsərini, 2008-ci ilin noyabrında Bakıda Kamal Atatürkün “Nutuk”unu miniatür kitab şəklində nəşr etdirdiniz. 2008-ci ilin noyabrında İstanbulda Heydər Əliyevə həsr olunmuş kitabı yayımladınız. Və ən son türk dünyasının böyük yazıçısı İsmayıl Şıxlının məşhur “Dəli Kür” romanının tərcüməsini türk oxucuların ixtiyarına verdiniz. Doğrusu, elə bilirdim ki, bu roman Türkiyədə çoxdan nəşr olunub. Hamısı bir-birindən maraqlı, qardaş ölkədə reallaşdırılan ilk proyektlərdir. Antalogiyadan söz açmışkən, türk ədəbiyyatında antologiyanın tarixinə bir nəzər sala bilərikmi?

– Türk ədəbiyyat tarixində ən əski antologiya 13–14-cü əsrlərdə 83 şairin bir-birinin əsərlərinə yazdıqları nəzirələrdən təşkil olunmuşdur. Bu söz yalnız indilərdə həyata vəsiqə qazanıb. Qədimlərdə divan ədəbiyyatına aid əsərlərin antologiyası “məcmuə”, tənzimat dönəmindən sonrakı antologiyalar isə “müntəbaxat” və “nümunələr” adlandırılırdı. Bu gün antologiya əvəzinə “seçmələr”, “güldəstə”, “seçki”kimi kəlmələr də işlədilir. Keçmişdən bu günə Türkiyədə çoxlu sayda antologiyalar nəşr olunub. “Xəzər sahilində Yerlə Göy” Türkiyədə yayımlanan ilk Azərbaycan hekayə antologiyasıdır. Bu kitabın vasitəsilə seçdiyim bir çox Azərbaycan yazıçısı ilk dəfə Türkiyədə öz oxucusunu tapmış oldu. Bu kitabı ərsəyə gətirib yayımladığım üçün böyük məmnunluq hissi keçirirəm.

– Türkiyədə ən son nəşr etdirdiyiniz kitab İsmayıl Şıxlının “Dəli Kür” romanı oldu. Səhv etmirəmsə, təsbit olunmuş qaydalara görə kitabın adı “Coşqun Kür” kimi çevrilməliydi...

– Əslində Türkiyə türkcəsində kitabın adı “Coşqun Kür” deyil, “Coşqun Kura” olmalıydı. “Dəli Kür” başlığı kitabı əlinizə aldığınızda bir çox assosiasiyalar doğurur; həm çəkici, həm də maraq doğuran bir başlıqdır. İsmayıl Şıxlının dili elədir ki, onu daha böyük coğrafiyalarda asanlıqla qavraya bilirlər. Ona görə də xüsusi, köklü dəyişikliklərə ehtiyac qalmır. Eyni şəkildə kitabın bir çox yerlərində həm kəlmələri, həm də deyimləri Azərbaycanda işlənildiyi kimi saxladım. Bunun iki səbəbi vardı: birincisi, Türkiyə türkcəsinə çevirdiyim zaman onlar eyni dadı, qoxunu, rəngi vermirdi. İkincisi isə, düşündüm ki, bu gözəl deyimlərin Türkiyədə də işlədilməsi xoş olardı. Xüsusilə bəzi şeirlərdə tərcüməyə heç ehtiyac duymadım. Məsələn:

 

“Ay Sənəm, Sənəm,

Dərdini çəkən,

Bil, mənəm, mənəm”

 

Burada “mənəm” yerinə “bənim” demək heç qulağa yatmırdı. Amma bəzi hallarda uyğunlaşdırdığım yerlər də oldu:

 

“Şəkidən furqon gəlir,

Atları yorğun gəlir,

Bir gecə mehman etsən,

Gör neçə çervon gəlir”.

 

Buradakı “furqon” sözünü “fayton”la, “çervon”u isə “qızıl onluq”la əvəzlədim, bu da gördüyünüz kimi obyektiv səbəblərdən qaynaqlanırdı. Qazax ləhcəsində işlədilən kəlmələri mümkün olduqca saxlamağa çalışdım. Məsələn, “başını orda islat, burada qırxdır” deyimini, “acele etmək” şəklində verəcəyim halda yazarın dilinə xələl gələcəyini düşünərək, olduğu kimi saxladım və səhifənin altında izahat verdim. Qazaxda çox işlədilən “ay gədə”, “ay qağa”, “ayə” səsləniş biçimlərinə toxunmadım. Bir əsəri tərcümə edərkən və ya uyğunlaşdırarkən mümkün olduqca əsərin orijinalının dilinə sadiq qalmağa çalışıram.

– Ötən il Bakı Slavyan Universitetində tələbələrə dərs verdiniz. Müasir türk ədəbiyyatını tədris etdiyiniz tələbələrə hardasa bütün türkiyəli yazarların əsərlərini oxutdunuz. Jurnalistika bölümü tələbələrinin məqalələrini Türkiyə qəzetlərində çap etdirdiniz. Tələbələrlə əlaqələriniz davam edirmi?

– Bəli, tələbələrimizlə birgə çox əsərlər oxuduq, araşdırmalar və təhlillər apardıq. BSU-dakı ab-hava, qaynar tələbə həyatı gənclərin layiqli vətandaş kimi yetişməsində böyük rol oynayır. Mən gənclərə həm çox inanır, həm də çox güvənirəm. Hər gələn nəsil öncəki nəsildən daha irəli görüşlü olur. Doğru olan da budur. Mən bunu öz uşaqlarımda müşahidə etmişəm. Onlardan sonra tələbələrim gəlir. Mən gənclərə nəsihət vermək istəmirəm, ancaq uşaqlığımda nənəmin mənə söylədiyi bir hekayətlə mesaj verərdim: Ata ilə oğul gəzməyə gedirlər. Balacanın ayağına tikan batır. Həmin anda qarşı dağdan “ah” səsi eşidilir. Oğlan: “kimdir o?” deyə qışqırır. Yenə “kimdir o?” səsini eşidir. Oğlan hirslə bu dəfə “sən qorxaqsan!” deyə bağırır. Və anında “sən qorxaqsan!” səsi gəlir. Ata gülümsəyərək oğluna deyir: məni diqqətlə izlə, oğlum. Və yüksək səslə bağırır: “Həyatı çox sevirəm!”. Qarşı dağdan eyni səs gəlir: “həyatı çox sevirəm!”. Ata: “Sənə heyranam!”. Əks-səda: “Sənə heyranam!”. Ata: “sən mükəmməlsən!”. Əks-səda: “Sən mükəmməlsən!”. Ata sevgiylə oğlunun əlini tutur: “Bax, oğlum, bu əks-səda təbiət hadisəsidir. Amma həyatı anladır. Həyatdan nə istəyirsənsə, öncə onu sən verməlisən. Sevilmək istəyirsənsə, öncə sən sevməlisən. Hörmət görmək istəyirsənsə, öncə sən hörmət göstərməlisən. Anlayış gözləyirsənsə, öncə sən anlayış göstər. Həyatda qarşılaşdıqların sənin verdiklərindən başqa bir şey deyil”. Bu əslində çox bəsit və sadə bir hekayətdir, amma çox önəmli mesajlar verir. Mən gənclərə əsla olduqları yerlə kifayətlənməmələrini, çox çalışmalarını, olduqları kimi görünmələrini, öz ölkələrinə, millətinə, ailəsinə, köklərinə sahib çıxmalarını tövsiyə edərdim. Yaxşı təhsil almış, doğru yola istiqamətlənmiş gənclik millətin ən önəmli qüvvətidir.

– Ötən günlərdə TMMOB Memarlar Odası Ankara Şöbəsinin təsis etdiyi “Uşaq Kitabları Yarışması”nda ödül aldığınızı eşitdik.

– TMMOB Memarlar Odası Ankara Şöbəsinin təsis etdiyi və Türkiyədə çox prestijli olan “Şəhərimi oxuyuram” adlı Uşaq Kitabları yarışmasına Azərbaycandan Reyhan Şıxlinskayanın yazdığı “Yaşıl gözlü qız” hekayəsi ilə qatıldıq və üçüncülük mükafatını aldıq. Yarışmanın mövzusu uşaqlar və memarlıq sənəti ilə bağlıydı. Mənim Türkiyə türkcəsinə uyğunlaşdırdığım bir əsərin Türkiyədə belə ciddi bir qurumun mükafatını almasından dolayı böyük məmnunluq duydum. Bu əsər çox yaxın bir zamanda TMMOB Memarlar Odası Ankara Şöbəsi tərəfindən nəşr ediləcək.

– Bu dəfə AYB-nin 75 illik yubiley tədbirlərinə qatılmaq üçün, Bakıya dəvətli olaraq gəldiniz. “Sərhədsiz söz” adlı tədbirin iştirakçısı olaraq söz haqqında nə düşünürsünüz?

– Sözlərlə görür, sözlərlə yaşayırıq. Sözlərlə xoşbəxt olur, sözlərlə hüzünlənirik. Zatən sözlərsiz yaşam nədir ki? “Sözün qanadları var quş kimi incə-incə, Dünyada söz olmasa, nəyə gərək düşüncə” – demiş Nizami. Söz olmasaydı, dünyadakı səssizlik çox cansıxıcı olmazdımı?

– Sizin daim yeni ideyalarınızın, təzə proyektlərinizin olduğunu bildiyim üçün soruşmaya bilmərəm. Qarşıda nə kimi planlarınız var?

– İşsiz qala bilmədiyim doğrudur. Əlbəttə, bir cox yeni layihələrim var. İnşallah önümüzdəki il bu layihələrin sevincini birlikdə yaşayarıq.

– Azərbaycan ədəbiyyatının və mədəniyyətinin Türkiyədə tanınması üçün təkbaşına gördüyünüz böyük işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Yaxşı ki, varsınız, sağ olun, Yasəmin xanım!

 

 

Etimad BAŞKEÇİD

 

525-ci qəzet.- 2009.- 26 dekabr.- S.22.