Əminə Dilbazi – Azərbaycan rəqs sənətinin şah əsəri

 

... – Əminə xanım, necəsiniz?

– Mənmi? Mən ömrümdə deməmişəm ki, pisəm. Mən həmişə demişəm ki, yaxşıyam. Baxmayaraq ki, heç də həmişə yaxşı olmamışam. Xəstə də olmuşam, başıma min bir müsibət də gəlib... Amma mən həmişə demişəm ki, yaxşıyam. Hər zaman hər cür təhlükədən xilas ola bilmişəm. Allahım məni hər zaman qoruyub, hifz edib.

... Əminə xanımla ilk görüşümüzdə də, sonrakı görüşlərdə də – hər dəfə görkəmli sənətkar, artıq ömrün və sənətin yüksək zirvələrində qərar tutmuş sevimli Əminə Dilbazi bizi coşqun sevinc və hərarətlə, gülərüzlə, mehribanlıqla qarşılayırdı. Bizimlə çox mehribanlıqla görüşürdü. Onun vaxtilə heyranı olduğumuz, “fəza”ya qalxarkən möcüzələr göstərən, təkcə biləkdən barmağının ucuna qədər olan kiçik bir hissəsi belə ayrıca bir ansambl, orkestr sambalı, təmtərağı, cah-cəlalı ilə nəhəng sənət yaradan əlindən öpürdük. O, bizi yanında oturdur, xoş sözlər söyləyir, bir-birimizdən hal-əhval tuturduq. Bizim üçün onun danışdığı hər şey maraqlı olduğundan sözünü kəsməməyə çalışır, arada bir özü nəfəs dərmək üçün dayanıb fasilə edəndə suallar da verirdik. Əminə Dilbazi çox sadə söhbətlər edir, uşaqlıq illərini xatırlayır, başına gələn maraqlı əhvalatlardan danışırdı. Onun şirin, maraqlı söhbətlərini daha da ləzzətli edən bir amil də odur ki, 90 yaşlı rəqqasə dadlı-duzlu Qazax ləhcəsindən çox az kənara çıxırdı. Bu bizi ona xüsusilə valeh edirdi. O, çox tez-tez məzəli zarafatlar edir, özü demişkən, kəndçi dili ilə desək, bizə sataşırdı.

Hal-əhval tutanda onun dediyi “... ömrümdə deməmişəm ki, pisəm” sözləri bizi çox mütəəssir etmişdi.

İnsanda eşqə, ruha, həvəsə, enerjiyə baxın!

Bir əsr ömür yaşayasan, bir an ruhdan düşməyəsən!

Bir əsr ömür yaşayasan, sözün məcazi mənasında daim at belində olasan!

Bu ruhun və bu eşqin sahibi, əlbəttə, hər zaman qalib olmalıdır!

Əminə Dilbazi Azərbaycan mədəniyyətinin rəqs növü üzrə şah əsəridir. Əminə Dilbazi Azərbaycan rəqsinin şah əsəridir. Əminə Dilbazi doğrudan da Azərbaycan incəsənətində ən vergili, ən istedadlı, ən qeyri – adi və ən möcüzəli sənətkarlardan biridir. Hesab edirik ki, onun haqqında indiyədək yazılanlar və çəkilənlər çox azdır. Bundan sonra da Əminə Dilbazi sənəti Azərbaycan rəqsinin ayrıca bir qolu kimi elmi şəkildə öyrənilməli və tədris edilməlidir. Bu Azərbaycan mədəniyyətinin, o cümlədən və xüsusilə, Azərbaycan rəqs sənətinin inkişafına sanballı bir töhfə və əsaslı bir xidmət olardı.

O, indi rəqs etmir, möcüzələr yaratmır, böyük-böyük salonları fasiləsiz alqış sədaları altında titrətmir...

O, indi danışır...

Amma eşq həmin eşqdir, həvəs həmin həvəsdir. Bir az da həsrət var, bir az da nisgil var. Və adama elə gəlir ki, bu həsrət onu elə ömrü boyu izləyib. O həsrətin içində bir az da qorxu olub, bir az da üsyan olub. Hər halda həyat eşqi və qələbə arzusu hər şeyə və o cümlədən bütün başqa hisslərə və başqa cazibələrə qalib gəlib.

O, zirvənin 90-cı pilləsində məğrurcasına qərar tutub. Artıq 91- ə keçmək üzrədir. Geriyə, ətrafa, “aşağılara”, yollara, cığırlara boylanır. Özü buludlardan yuxarıda olduğu halda buludlardan aşağıları da seyr edir. Və danışır. Amma...

Bir əsrlik ömrün öz istedadı sayəsində yaratdığı möcüzələrin xatirəsini neçə müddətə danışmaq olar ki!

Bu gün – dekabrın 26-da onun 90 yaşı tamam olur. Yeri gəlmişkən, yəqin ki, bu sətirləri oxuduqdan sonra rəqs kraliçası özünəməxsus həvəslə, şuxluqla, şövqlə, özünə yaraşan cəldliklə, dərin yumorla və bu günədək böyük sevgi ilə qoruyub saxladığı şirin Qazax ləhcəsində “Ə, ağrın alem, qızdan, qadından da yaşmı soruşarlar, qızın, qadının da yaşınımı söylüyəllər, a qıvlasız?” – deyə etirazını bildirəcək...

Əminə Dilbazinin ömrü gözəl (Bu söz nə qədər adi və sadədirsə, o qədər də qeyri-adi və qeyri-sadədir (mürəkkəb yox!), bu söz nə qədər gözəldir! Təəssüf ki, biz onu hər yerdə, hər zaman və hər şey üçün işlətdiyimizə görə, onun özünün rəqs qədər ilkin gözəlliyinə də qəsd eləmişik!), zərif, təntənəli və təmtəraqlı, dağ çayları kimi çağlayan, hiss və həyəcanları tüğyan eləyən, insanın üz-gözünü, ondan da çox könlünü oxşayan xəfifcə meh altında asta-asta ləpələnən şehli çiçək dənizi qədər gözləri, ürəyi və beyni bihuş eləyən bir rəqsə bənzəyir. Başlayan, lakin bu dəfə, hətta heç zaman sona çatmayan Azərbaycan rəqsi!

Rəqs ömrü!

Ömür rəqsi!

Onun başlanğıcı var. Məlumdur! Lakin sonu olmayacaq.

Əgər insanın fiziki ömrünün sonunda bir nəhəng nida işarəsi mümkündürsə də, Əminə Dilbazi rəqs – ömrünün, ömür-rəqsinin sonu, sonuncu akkordu yoxdur. Və yaxud olsa da, bu son – Yer kürəsi tək o qədər nəhəngdir ki, onu bizim kimi adi adamların görməsi üçün o qədər kiçiltmək lazımdır və ya onun kiçilməsi və görünməsi üçün ondan o qədər aralanmaq lazımdır ki, əlini günlük əvəzinə gözlərinin üstünə qoyub rahatca süzüb-seyr edə biləsən... Lakin, bu mümkünmü?!

Son yoxdur! Ona görə ki, zirvə adlanan yüksəkliyin də ən uca zirvələrini o, elə fəth edib ki, bunun son olması üçün həmin ən ucalıqlara yeni qədəm basılmalı, yeni nöqtə qoyulmalıdır. Bu təzələnmə hələ yoxdur. Azərbaycan xalqı ruhən buna qadir olsa da, tezliklə həmin yeni rekord yaranacaqsa da belə, Əminə Dilbazi böyüklüyünə zərrə qədər xələl gətirməyəcək. Yeni incilər köhnə, əvvəlki daş-qaşın da qiymətini, dəyərini bir daha nümayiş etdirəcək. Artıq müqayisə imkanı olacaq!

Müqayisə üçün daha yeni nümunələr olacaq!

Əminə Dilbazi zirvəsinə yüksəlmək üçün Əminə Dilbazi qədər də istedadlı, zəhmətkeş və inadkar olmaq lazımdır! Ax, nə qədər də primitiv və şablon bir cümlə! Lakin primitivlik və şablon içində böyük bir həqiqət gizlənir. Əslində elə Əminə xanımın da bu dünyada ən böyük missiyası primitivlik və şablon, məlumatsızlıq və savadsızlıq, nadanlıq və cahillik toru içində itib-batan milli rəqslərimizi yerin təkində xammal şəklində olan qızıl topaları kimi zərif və qüdrətli əllərinə götürərək, üzünün toz-torpağını silib, təmizləyib, onun əsl simasını, əsl gözəlliyini öz ölkəmiz və millətimiz qarışıq dünyaya göstərməsi, ölməz bir zərgər dəqiqliyi ilə torpaq altından çıxarılmış zər qırıqları üzərində işləyib onlara yeni surət, yeni forma, yeni gözəllik, yeni şəkil, yeni nümunə, yeni məzmun və yeni həyat verməsi oldu.

Zər qırıqlarından zər-ziba düzəltmək!

Daş-kəsəkdən daş-qaş eləmək!

Əslində “Əminə xanım yox ikən var olan Azərbaycan rəqslərinin tarixində yeni bir mərhələ açıb” – deyən həmkarımızla razılaşmaq çətindir. Azərbaycan rəqsi Əminə Dilbaziyə qədər yox deyildi, var idi. Necə ki, Azərbaycan musiqisi Üzeyir bəyə qədər də mövcud idi. Necə ki, Azərbaycan xalçası Lətif Kərimova qədər də var idi. Necə ki... onlarla misal çəkmək olar. ... Və Azərbaycan rəqsi də Əminə Dilbaziyə qədər var idi. Lakin Üzeyir Hacıbəyli bütövlükdə Azərbaycan musiqisi ilə nə etdisə, Əminə Dilbazi də ayrılıqda Azərbaycan rəqsi ilə onu elədi. Hətta o, Üzeyir bəyin mahnısına belə quruluş verdi...

... Zərdən danışmışkən...

Dilimizə fars və ərəb dillərindən keçmiş “zər” sözünün bir neçə mənası var. Fars dilindən aldığımız “zər” qızıl deməkdir.

Əminə Dilbazi Azərbaycan rəqslərini qızıl qiymətinə mindirib.

Əminə xanımın rəqsləri qızıl kimidir.

Əminə xanım Azərbaycan rəqs sənətində qızıl nümunələr, qızıl meyarlar və qızıl qaydalar yaradıb.

Dilimizə ərəb dilindən keçmiş “zər” sözünün bir mənası “toxum səpmə”, “əkmə” deməkdir.

Əminə Dilbazi Azərbaycan incəsənətinin, rəqs sənətinin tarla və zəmilərinə elə incilər səpib, elə toxumlar əkib, elə şedevrlər bitirib ki, bu tarla və zəmilərin məhsulunu Azərbaycan xalqı durduqca toplayacaq, dərəcək, barınacaq, bəhrələnəcəyik.

Əminə xanım rəqs sənətində elə inci toxumlar yaradıb ki, dünyanın özü dağılmasa, heç bir başqa fəlakət onun ilkinliyini, orijinallığını və təbiiliyini yox edə bilməz.

Əminə xanım rəqs sənəti tarlasında, milli rəqs zəmilərimizdə elə toxumlar səpib, elə kollar – sünbüllər becərib, elə məhsullar yetişdirib ki, təbiətin heç bir qüvvəsi onları bizim əlimizdən ala, onların bizə – Azərbaycana və Azərbaycan xalqına məxsus olduğunu dana, inkar edə bilməz.

Ərəb dilindən bizə keçmiş “zər” sözünün daha bir mənası isə 107 santimetrə bərabər olan uzunluq ölçüsüdür. Bu barədə düşünəndə isə yada “METR” düşür. Bəli, METR – müəllim, ustad Əminə Dilbazi elə Azərbaycan rəqs məktəbi yaradıb ki, onun neçə-neçə yetirməsi hələ uzun illər bu məktəbi yaşadacaq, o sənəti yeni-yeni zirvələrə qaldırmaqda davam edəcək. Ən maraqlısı, ən ecazkarı və ən rəmzi olanı isə odur ki, METR – müəllim, ustad Əminə xanımın “metr”i, etalonu 1 metr – yəni 100 sm deyil, 107 sm-dir. Yəni adi ölçü, adi metr, adi etalon deyil, zərdir, incidir, qızıldır!

 

Bu əsl METRin metridir.

Bu əsl zərgərin zəridir.

Bu əsl ustadın dərsidir.

Bu Əminə Dilbazi sənətidir!

 

O indi rəqs etmir. Möcüzələr yaratmır. Böyük-böyük salonları fasiləsiz alqış sədaları altında titrətmir. Amma...

Amma onun indi daha möcüzələr yaratmaması barədə deyilən də mübahisəli fikirdir. Əminə xanım təxminən 3 yaşından üzü bəri ötən 87 il ərzində yaşadığı, xatirələrlə çox zəngin olan, keşməkeşli həyatını az qala bütün təfərrüatlarına, detallarına qədər xatırlayır. Bu isə 90 yaşında bir insan üçün əslində möcüzə deyilmi? Bu heç də yeganə möcüzəsi deyil Əminə xanımın. Onun bütün həyatı – 3 yaşından bəri ötən 87 il başdan-başa qeyri-adi hadisələrlə doludur...

Təəssüf ki, bu yazıda biz onun xatirələrini verə bilmədik. Lakin onun fikirləri ilə tamamlamaq istərdik. Bu sözlər həm də Azərbaycan qadınının vüqar və qürur nümunəsini ifadə edir: “Başım o qədər müsibətlər çəkib... Amma əyilməmişəm, sınmamışım, yolumdan sapmamışam. Ömrüm boyu xalqıma xidmət etmişəm. Xalqım da məni sevib, ucaldıb, həmişə əziz tutub. Mir Cəfər Bağırovdan İlham Əliyevə qədər – mənim xatırladığım 75 il ərzində Azərbaycanın bütün rəhbərləri məni şəxsən tanıyıb, hörmət edib, əməyimi, sənətimi həmişə qiymətləndiriblər. Ötən günlərimi xatırlayanda düşünürəm ki, mən mənalı və qiymətli bir ömür yaşamışam. Dilbazilər nəslinin adını bir az da məşhurlaşdırmışam, bir az da ucaltmışam. Millətimə və dövlətimə də layiqincə xidmət etmişəm. Mən çox xoşbəxt sənətkar və çox xoşbəxt anayam, çox xoşbəxt insanam...”

... Yubileyin mübarək, xoşbəxt sənətkar!

Ad günün mübarək, xoşbəxt ana!

Bayramın mübarək, xoşbəxt insan!

 

 

Kərim KƏRİMLİ,

 

Azər ALLAHVERƏNOV

 

525-ci qəzet.- 2009.- 26 dekabr.- S.20.