Niyə “Yarımçıq
əlyazma”?
YARIMÇIQ SEVGİ
İsa Muğannanın təbirincə söyləsək, “zaman o zaman idi ki”, mən məhləmizdən Əntiqə adlı bir qızı sevirdim. Ona yazdığım mesajların heç bir faydası olmurdu, etdiyim eşq elanlarına, yazdığım məhəbbət şeirlərinə gülüb keçirdi. Bu dövrdə soyuq bir qış axşamında televizorun qarşısına keçib kanalları vərəqləyən zaman AzTV-də professor Kamal Abdullanı gördüm. Əl saxlayıb qulaq verdim. “Əntiq” sözünün etimologiyasını açırdı. Professora diqqətlə qulaq asaraq bütün dediklərini yadda saxladım. Səhəri gün Əntiqə xanımdan adının mənasını bilib-bilmədiyini soruşdum. Bu barədə məlumatının az olduğunu görən kimi axşam Kamal müəllimdən əxz elədiklərimi tutuquşu kimi təkrarlamağa başladım. Qız heyrətə gəldi. “Sən bütün bunları hardan bilirsən?”
Kamal müəllimin adını çəkmədim.
Hansısa kitabdan oxuduğumu deyib qürrələndim. Qız,
yalan olmasın, bir saat məni
heyrətlə sorğu-suala
tutdu. Bu söhbət mənim Əntiqə ilə ən uzunömürlü
ünsiyyətim oldu. Kamal Abdullanın körüklədiyi ünsiyyət
tonqalı mənim istedadsızlığım ucbatından
yarıda söndü.
YARIMÇIQ GƏNC
Bir dəfə onu Beynəlxalq Mətbuat Mərkəzində gördüm. Dağlıq Qarabağa səfərdən qayıtmışdılar. Səfərin digər iştirakçıları – Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli də ordaydı. Birdən cavan birisi ayağa qalxıb təhrikedici sözlər dedi. Kamal müəllim həmin gəncin üstünə yeridi. Əli ilə onu hədələdi də. Polad Bülbüloğlu özünəməxsus incəliklə ayağa qalxıb onu sakitləşdirdi. Onda xeyli təəccüblənib gülmüşdüm. Sonra öz-özümə fikirləşdim. Bax, məsələn mən bir cavan oğlan, yeri gələndə kiminsə acı sözünü uduram. Birinə cavab qaytaranda, beşinin sözünün qabağında, osmanlı türkləri demişkən, “altdan alıram”. Deməli, mən yarımçıq gəncəm. Amma Kamal Abdulla yeri gələndə ayağa durub kiməsə barmaq silkələyə, “çıx bayıra, görüm nə deyirsən” deyə bilir. Ümumiyyətlə...
(Bu yerdə əlyazma kəsilir, müəllifin fikri yarımçıq qalır. Onun nə demək istədiyi bizə məlum olmur. Eynən “Yarımçıq əlyazma”dakı kimi)
Qəribədir deyilmi?
Daha sonra şeirlərini
oxudum. İnsan iztirabını, mənəvi
çıxılmazlığını ifadə edən:
Unutmağa kimsə yox
Kimsə yox xatırlamağa
misraları mənə Füzulinin:
Nə yanar kimsə mənə
atəşi dildən özgə,
Nə açar kimsə qapım
badi-səbadan qeyri –
beytini xatırlatdı.
Onu ovqat adamı adlandıra bilərik. Hansısa tədbirdə gözünü
uzaqlara zilləyib mübhəm sükuta da dala bilər.
Ayağa qalxıb alovlu çıxış
da yapar. “Qəribədir, deyilmi?” şeirində yazdığı
kimi:
Evimin bir tərəfi
Yazdır günəş
çıxıbdır
O birində
şaxta qış
Qəribədir, deyilmi?
...
Bu boyda ev qalıbdır
Qışla yaz arasında
Elə bil yol azıbdır
Mövsümlərin içində.
YARIMÇIQ MƏNTİQƏ ETİRAZ
Bəzi dostlarda
qəribə bir fikir formalaşıb. Məsələn, tutaq ki, sən deputat,
hansısa universitetin rektoru, hansısa nazirliyin mətbuat xidmətinin rəhbərisənsə,
deməli, yaxşı
heç nə yaza bilməzsən. Bu tipli “sosial cırnama”larla
uzağa getmək olmaz. Məncə, istedad varsa, tutduğu mövqe adama ancaq və
ancaq vaxtını almaq baxımından zərər vura bilər ki, bu məsələdə də, deyəsən Kamal müəllim kürəyini yerə vermək istəmir.
Sübut kimi onun son illərdə kəmiyyət və keyfiyyət baxımından
uğurlu əsərlərini
göstərə bilərik.
Adam tanıyıram, iş
yox, güc yox, həftədə bir dənə köşəni birtəhər
yazır. (Məsələn,
mən.) Amma bu kişi bu
qədər işin arasından vaxt tapıb ağır-ağır
mövzularda əsərlər
yazır. Onu elə birinci buna görə təbrik edibən keçirəm “Yarımçıq
əlyazma” haqqında
qeydlərə.
“YARIMÇIQ ƏLYAZMA”
Əvvəla onu qeyd edim ki,
bu yazı ədəbi-tənqid yazısı
deyil. Sadəcə olaraq mən bir qələm adamı kimi təsirləndiyim bir əsər haqqında sizinlə fikrimi bölüşmək istədim.
“Tarixsiz gündəlik”in hüznlü
təsirindən çıxmamış
(Bu roman haqqında sayğıdəyər
Qulu Ağsəsin yazısını oxumaq məsləhətdir. “Tarixsiz
gündəlik” haqqında
o yazıdan daha maraqlı nəsə yazmaq mümkün deyil, məncə.) “Yarımçıq əlyazma”nın
postmodernistik aurasına
düşdüm. Bu romanı
oxumamışdan qabaq
bəzi dostların dilindən “dili qüsurludur” iradını
eşitmişdim və
“Azərbaycan dili sintaksisinin nəzəri əsasları”nı yazmış
adamın “qüsurlu” dillə nə isə yazacağına inanmamışdım, doğrusu.
Əsəri oxuyandan sonra isə belə qənaətə gəldim ki, “Yarımçıq əlyazma”
çağdaş nəsrimizin
ən koloritli dil-üslub xüsusiyyətlərinə
mənsub əsərdir.
Romanda qədim
türkcənin özünəməxsus
energetikasından ustalıqla
istifadə olunub ki, bu da
bəzən gənc qələm adamlarına dil qüsuru kimi görünüb. Əsrlərdir birqütblü
münasibət sərgilədiyimiz
tarixi-ədəbi qəhrəmanlara
fərqli dekonstruktiv yanaşma ortaya qoyulan əsərdə, bizim tanıdığımız
Şah İsmayil Xətaiyə, Dədə
Qorquda, Qazan xana, Beyrəyə, Banuçiçəyə, Burla
xatuna tamam yeni baxış var.
Təsəvvür edin ki, illərlə Şah İsmayıl Xətai haqqında dərsliklərdə, digər
kitablarda “onun həyatında qələmlə
qılınc vəhdət
təşkil edirdi” tipli cümlələr oxuyursunuz. Və birdən bir yazıçı götürüb
yazır ki, bəs deməzsənmi, I İsmayıl şeir yazmayıb, şeiri onun əvəzinə Xətayi təxəllüslü
oxşarı yazıbmış.
Hələ Şah, əsl adı Xızır olan öz oxşarına sadəlövh sual ünvanlamazmı? Ünvanlayar:
“Necə olur ki, hər gün
şeir yaza bilirsən?” Bu yerdə yadıma keçmiş
SSRİ-nin rəhbəri
Brejnevin “Mənim kitablarımı çox tərifləyirlər. Gərək
özüm də oxuyam” fikri düşdü.
“Yarımçıq
əlyazma”da bir sıra ironik yerlərə etirazlar oldu. Əvvəla onu deyim ki,
etiraz varsa, kimsə qıcıqlanırsa,
deməli, əsər
alınıb. İkincisi,
əgər biz bütün
tarixi-ədəbi qəhrəmanlarımızı
bütləşdirsək, cəmiyyətimizdəki
naqisliklərin kökünə
gedib çıxa bilməz, onu səbəblərini araşdırıb
mübarizə apara bilmərik. Hələ üstəlik son dövrlər
dünya ədəbiyyatında
baş verən ədəbi-estetik dəyərlər
qarşılığında birqütblü münasibətlə
heç nə edə bilmərik.
Elə nasir var ki, əsərindən
on dənə qəhrəmanı
çıxar at, heç
nə dəyişmir.
Yaxud da on dənə qəhrəmanından
bir bədii obraz düzəltmək mümkün olan yazıçılar da
var. “Yarımçıq əlyazma”
nın qəhrəmanları
isə hərəsi ayrı-ayrılıqda bir
dünyadır. Bu dünyalar
birlikdə əsəri
təşkil edir. Məncə, romanın ən təsirli, həyəcanlı yeri Şah İsmayılın
inzivaya çəkilirkən
öz dublikatı (Sözə bax haaa, “dublikat”! Gərək bunu yadda saxlayım.) Xızırla etdiyi söhbətdir. Onların
arasında çox ağrılı bir dialoq baş tutur. Qərarsız Xızırın təəccüblü
baxışlarla verdiyi
suallar, təcrübəli
Şahın məğlubiyyətini
dərkindəki faciəvilik,
bir sıra eyhamlı yaxud açıq məqamlar və s.
Şəxsən məni
bu roman bir oxucu kimi düşündürdü
və tariximizin, ədəbiyyatımızın dərin qatlarına enməyə (təbii ki, gücüm yetdiyi qədər), bu barədə düşünməyə, gəldiyim
qənaətlərdən sonra
isə dərindən
ah və siqaret çəkməyə vadar
etdi. Oxucuya ah və siqaret çəkdirirsə, deməli,
orda ağrı var. Əsl ədəbiyyat deyilən də elə budur.
İNSANIN DEDİYİ YARIMÇIQ SÖZ
Postmodern romanların
belə bir xüsusiyyəti var ki, o romanlardan hərə özünə
görə nəticə
çıxara bilir və bəzi məsələlərdə sual
açıq qalır.
Əsərin adı ilə bağlı mənim də fikrim belə olsun: İnsan mahiyyətcə günahkar
varlıqdır. O, bütöv
söz deyə və yaza bilməz.
Hətta bəzi orta çağ irfan şairləri möhürbənddə öz
adlarını belə
yazmırdılar. Mütləq
bütövlük və
mütləq söz yalnız qüdrətli
ALLAHA məxsusdur. Və
məhz buna görə də dünyada bütün yazıların bir adı da “Yarımçıq
əlyazma”dır.
Mövlud MÖVLUD
525-ci qəzet.- 2009.- 26 dekabr.- S.19.