Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(əvvəli ötən şənbə
sayımızda)
Hörmətli oxucular, ötən məqalələrdə ayrı-ayrı ölkələrlə təhsil sahəsində əməkdaşlıq əlaqələri barədə məlumat vermişdik. Bu məqalədən başlayaraq Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi sizinlə bölüşəcəyəm.
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra dünyanın bir sıra təşkilatları ilə təhsil sahəsində əməkdaşlıq əlaqələri xeyli genişlənmişdir. Bu gün Təhsil Nazirliyi dünyanın 20-dən artıq beynəlxalq təşkilatı ilə ümumilikdə 70-dən çox birgə layihə və proqramlar həyata keçirir.
Xüsusi vurğulamaq istərdim ki, daha sıx və səmərəli əməkdaşlıq əlaqələri yaratdığımız beynəlxalq təşkilatlardan biri UNİCEF-dir (BMT-nin Uşaq Fondu). Bu təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Ötən 16 il ərzində UNİCEF-lə Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etmiş, 1998-ci ildən isə daha dinamik xarakter almışdır. Səmərəli əməkdaşlıq Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrin də kəmiyyət və keyfiyyət baxımından artmasına gətirib çıxarmışdır.
UNİCEF-lə Təhsil Nazirliyinin birgə fəaliyyəti Azərbaycan Hökuməti ilə həmin təşkilat arasında imzalanmış beşillik fəaliyyət planları əsasında həyata keçirilir. Sonuncu fəaliyyət planı 2005-2009-cu illəri əhatə etmişdir. Əməkdaşlığın ümumi prinsiplərini və strateji istiqamətlərini əks etdirən həmin fəaliyyət planına əsasən hər il üçün Təhsil Nazirliyi və UNİCEF-in birgə fəaliyyət planı təsdiq olunmuş və həyata keçirilməkdədir. Əhəmiyyətli bir cəhəti də qeyd etmək istərdim ki, illik fəaliyyət planları təsdiq edilməmişdən əvvəl geniş bir konfrans təşkil edilir, bütün maraqlı tərəflərin, o cümlədən QHT-lərin iştirakı ilə fəaliyyət planına daxil ediləcək məsələlər müzakirə olunur, rəy və təkliflər nəzərə alınmaqla növbəti il üçün plan hazırlanır. Belə yanaşma əməkdaşlığın daha sistemli şəkildə qurulmasına, həyata keçirilən birgə layihələrin çevik idarə olunmasına və səmərəli həyata keçirilməsinə zəmin yaradır.
Bütün fəaliyyəti uşaqlarla bağlı olan, uşaqların kədəri və sevinci ilə yaşayan, ən çətin anlarda uşaqlarla birgə olan UNİCEF təşkilatı Azərbaycanda öz missiyasını uğurla yerinə yetirir, uşaqların hüquqlarının qorunması, sağlamlığı və inkişafı sahəsində son dərəcə böyük əhəmiyyət kəsb edən birgə layihələr həyata keçirir. Belə uğurlu əməkdaşlığın yaranmasında həmin təşkilatın Azərbaycan nümayəndəliyinə rəhbərlik etmiş Akif Saatçıoğlu, Hanaa Singer, Məhəmməd Bendris və hazırda UNİCEF-in ölkəmizdəki rəhbəri Mark Herevard, eləcə də təhsil proqramları üzrə rəhbər işləmiş Gülanə Hüseynovanın xidmətlərini xüsusi vurğulamaq istərdim.
Azərbaycanda UNİCEF-lə birgə həyata keçirdiyimiz layihələrin əsas məqsədi məktəblərdə şəxsiyyətyönümlü təlim mühitinin yaradılması, şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi və həyati bacarıqlara malik olan şəxsiyyət kimi formalaşmasıdır. Təsadüfi deyildir ki, təhsilin məzmununun yeniləşdirilməsi, yeni nəsil dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, müəllimlərin ixtisasının artırılması, müasir təlim texnologiyalarının tətbiqi, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemin tətbiqi, məktəbəqədər təhsilin inkişafı və digər sahələrdə Təhsil Nazirliyinin həyata keçirdiyi islahatyönümlü tədbirlərdə UNİCEF fəal tərəfdaş kimi iştirak edir.
UNİCEF-lə birgə həyata keçirilən layihələr ümumilikdə 300-ə qədər məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisəsini, 25000-ə qədər uşaq və şagirdi, 8500-ə qədər valideyni, 3500-ə qədər müəllim və tərbiyəçini, 860-a qədər mütəxəssisi əhatə etmişdir. Ümumilikdə 300-dək təlim kursu və treninq keçirilmişdir. 100 minədək nüsxədə müxtəlif məzmunlu təlim materialı, milyonlarla nüsxədə bukletlər hazırlanmış və məktəblərə paylanmışdır. Onu da qeyd etmək lazımdır ki, UNİCEF-lə birgə həyata keçirilən layihələr çərçivəsində ölkə təhsilində yeni təcrübənin, müasir təhsil texnologiyalarının, innovasiyaların tətbiqi imkanlarının genişlənməsi ilə yanaşı, bu təşkilat tərəfindən təhsilin inkişafına maddi dəstək də göstərilmiş, ötən müddət ərzində həmin təşkilat tərəfindən reallaşdırılan layihələrə 5 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti sərf edilmişdir.
İndi isə UNİCEF-lə birgə həyata keçirdiyimiz ayrı-ayrı layihələr barədə fikirlərimi diqqətə çatdırmaq istərdim.
“Erkən uşaqlıq dövründə qayğı və inkişaf, daha yaxşı valideynlik təşəbbüsü” layihəsi. Bu layihənin məqsədi erkən yaş dövründə uşaqların sağlamlığı, təhsili və inkişafı sahəsində səylərin əlaqələndirilməsi, bu sahədə vahid sistemin yaradılması, məktəbəqədər təhsilin prioritet rolunun qəbul edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir. Layihənin ilkin mərhələsində 4 uşaq bağçası (Bakı şəhəri 183 nömrəli və Təhsil Nazirliyinin “Qərənfil”, Sumqayıt şəhər 47 nömrəli və Xızı uşaq bağçaları) pilot müəssisə kimi müəyyənləşdirilmiş, həmin məktəbəqədər tərbiyə müəssisələri uşaqların inkişafı, sağlamlığı, qidalanması, psixo-sosial qayğı, erkən təlim, ətraf mühitin mühafizəsi məsələlərini əhatə edən təlim materialları ilə təmin edilmişdir.
Layihə çərçivəsində erkən uşaqlıq dövründə qayğı və inkişaf üzrə “Uşaq və ailə inkişaf proqramı” işlənib hşazırlanmışdır. Proqram 160 uşağı, 100 valideyni, 35 tərbiyəçini əhatə etmişdir. Proqram çərçivəsində erkən uşaqlıq dövründə qayğı və inkişaf üzrə tədqiqatlar, seminarlar, tərbiyəçilər və valideynlər üçün treninqlər təşkil olunmuşdur.
Respublikanın 14 rayonunda erkən uşaqlıq dövründə qayğı və inkişaf imkanlarını təmin edən 33 Uşaq İnkişaf Mərkəzi yaradılmışdır. Mərkəzlər məcburi köçkün uşaqlarının zəruri inkişaf və əyləncə imkanlarının reallaşdırılması məqsədilə müxtəlif avadanlıqlar, təhsil və inkişafla bağlı materiallarla təmin edilmişdir. Həmin Mərkəzlərin fəaliyyəti 3-6 yaşlı 2600 məcburi köçkün uşaqları, 260 nəfər tərbiyəçini, 3000-dən çox valideyni əhatə etmişdir. Tərbiyəçilər üçün treninqlər, müxtəlif təlim sessiyaları, məcburi köçkün əhalinin məskunlaşdığı rayonlarda rayon təhsil şöbələri rəhbərləri üçün zona müşavirələri keçirilmişdir. Ümumdünya Ərzaq Proqramının köməyi ilə 33 Mərkəzin uşaq və təçrbiyəçiləri mütəmadi olaraq ərzaqla təmin edilmişdir.
Layihənin həyata keçirilməsi nəticəsində valideynlər və tərbiyəçilər uşağa qayğı üzrə vərdişlərə və erkən təlim təcrübəsinə yiyələnmişlər. Həyata keçirilmiş təlim tədbirləri nəticəsində valideyn-uşaq, tərbiyəçi-valideyn, tərbiyəçi-uşaq münasibətlərinin dinamikasında müsbət dəyişikliklər baş vermişdir. Pilot uşaq bağçalarının təlim materialları ilə təmin edilməsi, yeni təlim modellərinin tətbiqi uşaqların bacarıq və istedadının üzə çıxarılmasına əlverişli şərait yaratmış, ümumilikdə pilot məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların cəlbini xeyli yaxşılaşdırmışdır. Proqramın monitorinqi göstərmişdir ki, layihədə iştirak edən uşaqlar daha çox inkişaf etmiş, təhsilin keyfiyyəti yüksəlmişdir.
UNİCEF-in iştirakı və maliyyə dəstəyi ilə 2007-ci ildə Nazirliyin nümayəndə heyəti Ukraynada “Erkən yaş dövründə uşaqların inkişafı” mövzusunda keçirilən iki həftəlik beynəlxalq seminarda iştirak etmiş, beynəlxalq təcrübə ilə tanış olmuşdur.
Eyni zamanda 2008-ci ildə bu təşkilatın təşəbbüsü ilə Nazirliyin geniş tərkibli nümayəndə heyəti London şəhərində keçirilən bir həftəlik beynəlxalq seminarda iştirak etmiş, beynəlxalq inkişaf tendensiyaları nəzərə alınaraq “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı” çərçivəsində Azərbaycanda bu sahənin gələcək inkişafı üçün aşağıdakı strateji fəaliyyət istiqamətləri təqdim edilmişdir:
–məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi;
–məktəbəqədər təhsil müəssisələrinin idarə olunmasının təkmilləşdirilməsi (əks-mərkəzləşmə, yerli icra və bələdiyyə orqanlarının, valideynlərin, icmaların cəlb olunması);
–məktəbəqədər alternativ qeyri-hökumət xidmət modellərinin yaradılması;
–yeni maliyyələşdirmə mexanizmi, (maliyyələşdirmənin diversifikasiyası və çevikliyi);
–məktəbəqədər təhsildən istifadə imkanının artırılması (qısamüddətli qrupların yaradılması, xidmətlərin diversifikasiyası, inkluziv təhsil);
–məktəbəqədər təhsilin məzmununun yeniləşdirilməsi (yeni kurikulum, yeni metodologiyalar, monitorinq və qiymətləndirmə);
–tərbiyəçilərin yeni modellər üzrə ixtisaslarının artırılması;
–tərbiyəçi və müəllimlərin ixtisaslarının təkmilləşdirilməsi üçün yeni kurikulumun hazırlanması;
–məktəbəqədər təhsilin ictimai statusunun artırılması;
–məktəbəqədər müəssisələrdən istifadə imkanlarının artırılması (2010-cu ilin sonundək əhatə səviyyəsinin 30%-ə çatdırılması);
–məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramının həyata keçirilməsi üçün sektorlararası fəaliyyət planının hazırlanması.
Onu da qeyd etmək lazımdır ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində məktəbəqədər təhsil üzrə yeni kurikulumun hazırlanması prosesinə UNİCEF tərəfindən beynəlxalq məsləhətçi xidməti cəlb olunmuşdur, eyni zamanda maarifləndirmə tədbirlərinin həyata keçirilməsində də bu təşkilat fəal iştirak edir.
“Fəal təlim və məktəb rəhbərliyi” layihəsi. Layihənin məqsədi fəal/interaktiv təlim texnologiyasının pedaqoji prosesdə tətbiqi, bu sahədə müəllimlərə lazımi bacarıqların aşılanması, mövcud təcrübənin monitorinqi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olmuşdur. Yeri gəlmişkən, diqqətə çatdırım ki, Azərbaycanda ilk dəfə olaraq fəal/interaktiv təlim texnologiyasının müəllimlərin təcrübəsinə gətirilməsi UNİCEF-in fəaliyyəti ilə bağlıdır.
Layihənin həyata keçirilməsi məqsədilə Bakı Avropa Liseyi, Şəki şəhər 10 nömrəli, Qəbələ rayonu Vəndam kənd 1 nömrəli, Quba rayon 2 nömrəli, Masallı rayonu Köhnə Alvadı kənd məktəbi olmaqla 5 pilot müəssisə müəyyənləşdirilmişdir. Pilot məktəbləri İKT və digər avadanlıqlarla təmin edilmişdir. Layihə çərçivəsində fəal təlim üzrə 30 müxtəlif təlim kursları təşkil edilmişdir. Layihə 567 müəllimi, 6100 şagirdi, 224 valideyni, 107 mütəxəssisi əhatə etmişdir. 25 min nüsxədə müxtəlif növ təlim və tədris materialları çap olunmuş və məktəblərə paylanmışdır.
Pilot məktəblərində fəal/interaktiv təlim texnologiyasının tətbiqi şagirdlərin təlim prosesinə daha fəal cəlb olunmasına, onların tənqidi və məntiqi təfəkkürünün inkişafına, şagirdlərdə zəruri kompetensiyaların formalaşmasına və nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə zəmin yaratmışdır. Onu da qeyd etmək lazımdır ki, fəal/interaktiv təlim texnologiyasının pilot məktəblərində tətbiqi təcrübəsi, sonradan qeyri-pilot məktəblərdə də bu texnologiyaların uğurla tətbiqinə zəmin yaratmışdır.
Birgə layihə çərçivəsində ümumtəhsil məktəblərində, ixtisasartırma və yenidənhazırlanma, ilkin müəllim hazırlığı müəssisələrində fəal təlimin tətbiqi üzrə müəyyən təcrübə toplanmışdı. Lakin bu sahədə aparılan işlərin daha da genişləndirilməsi zərurəti nəzərə alınaraq, 2004-cü ilin noyabrında Təhsil Nazirliyi ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən “Fəal/interaktiv təlimin Azərbaycanda tətbiqinə dair milli siyasətin hazırlanması” mövzusunda 2 günlük konfrans keçirilmişdir.
Konfransda fəal təlim üzrə gələcək istiqamətlərin müəyyənləşdirilməsi üçün 30 nəfərdən ibarət işçi qrupu yaradılmış, həmin qrup tərəfindən konfransın materialları təhlil edilmiş, “Fəal/interaktiv təlim texnologiyasının Azərbaycanda tətbiqi ilə bağlı fəaliyyət istiqamətləri” hazırlanmış və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmişdir. Sənəddə fəal/interaktiv təlim texnologiyasının tətbiqi üzrə idarəetmə, təhsil üzrə tədqiqatlar, müəllim hazırlığı və ixtisasartırma sahələrində həyata keçiriləcək konkret vəzifələr müəyyənləşdirilmişdir: Eyni zamanda fəal/interaktiv təlim texnologiyasının tətbiqi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi, daha çox regionların və ümumtəhsil məktəblərinin layihəyə cəlbi qərara alınmışdır.
2006-2009-cu illərdə Bakı şəhərinin, Şəki, Qəbələ, Quba, Masallı, Füzuli, Əli Bayramlı, Ucar, İsmayıllı, Lənkəran rayonlarının müəyyənləşdirilmiş pilot məktəblərinin, Azərbaycan Müəllimlər İinstitutu və onun filiallarının, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri, pilot rayon təhsil şöbələri və məktəb rəhbərləri üçün təlimlər keçirilmişdir.
Təqdirəlayiq haldır ki, UNİCEF-in təşəbbüsü ilə ilk dəfə olaraq ölkəmizdə fəal təlimlə bağlı tədris vəsaitləri hazırlanıb çap edilmişdir və hazırda müəllimlərlə keçirilən treninqlərdə həmin vəsaitlərdən səmərəli istifadə olunur.
UNİCEF-in müəyyənləşdirdiyi üç (Lənkəran, Quba, Füzuli) və Təhsil Sektorunun İikişafı Layihəsi çərçivəsində müəyyənləşdirilmiş üç pilot rayonlarının (Ucar, İsmayıllı, Şirvan) ibtidai sinif müəllimləri üçün təşkil edilmiş seminarlarda fəal təlim metodları haqqında müəllimlərə nəzəri və praktiki bacarıqlar aşılanmışdır. Bundan əlavə, məktəblər bir sıra əyani vəsaitlərlə təmin edilmişdir. Lənkəran, Quba və Füzuli rayonlarının pilot məktəblərində aparılan ilkin qiymətləndirmə nəticəsində əldə edilən nəticələr məktəblərin müəlimlərinin inkişaf planlarının hazırlanmasına zəmin yaratmışdır.
“Təhsil sistemində məlumatların və təhlillərin təkmilləşdirilməsi” layihəsi. Layihə çərçivəsində təhsilin keyfiyyət məsələlərini əhatə edən “Təhsildə nailiyyətlərin monitorinqi” sorğusu aparılmış, məktəb, rayon və Nazirlik səviyyəsində təhsilin idarə olunmasının səmərəliliyinin artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, UNESCO ilə birlikdə “Təhsil hamı üçün –2000” proqramı üzrə doqquz zona treninqi təşkil olunmuş, Respublikanın bütün təhsili idarəetmə orqanları əhatə olunmaqla 450 mütəxəssis idarəetmə üzrə təlimlərə cəlb olunmuşdur. “Təhsil hamı üçün” proqramının məqsədlərinə dair Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə hesabat hazırlanmışdır.
“İnkişaf üçün təhsil və Uşaq Hüquqları Konvensiyası” layihəsi. Layihənin məqsədi ümumtəhsil məktəblərində uşaq hüquqlarının təbliği və öyrədilməsi, müəllimlərin fəaliyyətində və şagirdlərə münasibətində nəzərə alınması olmuşdur. Layihə çərçivəsində tədqiqat və sorğular keçirilmiş, təlim kursları təşkil edilmişdir. Müəyyənləşdirilmiş pilot məktəblərin 100 müəllimi, 100 valideyni, 2000 şagirdi təlimlə əhatə olunmuşdur. 22 min nüsxə müxtəlif məlumat və təlim materialı çap olunmuş və məktəblərə çatdırılmışdır.
İnsan hüquqlarına dair beynəlxalq aktların öyrənilməsi istiqamətində ”Heç bir uşağı nəzərdən qaçırmayaq” layihəsi çərçivəsində “Uşaq haqları əlifbası” 3200 nüsxədə çap olunmuş və təhsil müəssisələrinə paylanmışdır. Uşaq hüquqlarının tədrisi üzrə müəllimlər üçün “Uşaq haqları və onların tədrisi”, “Uşaq haqları ilə tanışlıq və biliklərin uşaqdan-uşağa ötürülmə üsulları”, “Uşaq Hüquqları Konvensiyası və onun ümumtəhsil məktəblərində tədrisi” adlı vəsaitlər hazırlanmış və məktəblərə paylanmışdır.
“Gənclərin sağlamlığı və inkişafı” layihəsi. Layihə çərçivəsində 21 rayonda Gənclər Resurs Mərkəzi yaradılmış, audiovizual və kompüter avadanlığı ilə təchiz edilmişdir. Həmin mərkəzlərdə 3000-dən çox uşaq və yeniyetmə kompüterdə işləmək bacarıqlarını mənimsəmiş, sağlam həyat tərzi, həyat vərdişləri və uşaq hüquqları ilə bağlı biliklərə yiyələnmişlər.
“Valideyn-Müəllim
Assosiasiyası (VMA)” layihəsi. Bu layihənin məqsədi
şagirdlərin inkişafı sahəsində bütün
maraqlı tərəflərin səylərinin birləşdirilməsi,
təlim-tərbiyə prosesinə valideynlərin daha fəal cəlb
olunması, ümumtəhsil məktəblərindəki
mövcud problemlərin həlli istiqamətində layihə və
proqramların həyata keçirilməsi, təhsilə
ictimai dəstəyin göstərilməsidir.
Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyası valideyn və müəllimlərin
könüllü birlliyi nəticəsində yaranan ictimai qurumdur.
Milli VMA UNİCEF və Təhsil Nazirliyinin “Ümidli gələcək”
Gənclər Təşkilatı ilə birgə həyata
keçirdikləri proqram çərçivəsində
2003-cü ildə yaradılmışdır. Layihə çərçivəsində
Azərbaycanda ilk dəfə olaraq Bakı, Qəbələ,
Şəki, Masallı və Qubada 5 pilot məktəbində
VMA yaradılmışdır. Pilot məktəblərin 6 minədək
müəllimləri, şagirdləri, valideynləri
üçün təlimlər keçirilmiş, maarifləndirmə
işləri aparılmışdır. Müsbət təcrübə
nəzərə alınaraq, 2003-cü ilin sonuna artıq 20 məktəbdə
VMA yaranmışdı.
2004-cü ildə VMA-nın
I Milli konfransı və təsis konfransı
keçirilmişdir. Konfransda təşkilatın strukturu, səlahiyyətləri
müəyyənləşdirildi. 2005-ci ilin aprelində VMA Ədliyyə
Nazirliyi tərəfindən qeydiyyata
alınımışdır.
İndiyədək 1000-dən
çox məktəbdə valideyn-müəllim
assosiasiyaları yaradılmışdır. Digər məktəblərin
də bu prosesə qoşulması tendensiyası ildən-ilə
artır.
Uşaqlara aid qərarları
qəbul edən təşkilatlar qarşısında,
icmalarda, məktəblərdə uşaqların dəstəklənməsi,
valideynlərə öz uşaqlarını müdafiə və
inkişaf vərdişlərinin əldə edilməsində
kömək göstərilməsi, valideyn və ictimaiyyətin
məktəblərə cəlb olunması, onların məktəbə
köməyinin gücləndirilməsi, təlim-tərbiyə
prosesinin təkmilləşdirilməsi, şagirdlərin məktəb
həyatının daha səmərəli təşkilinə
kömək edə biləcək layihələrin dəstəklənməsi
üçün fondların və resursların
yaradılması və digər bu kimi sahələr VMA-nın
əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Azərbaycanın müxtəlif
bölgələrində fəaliyyət göstərən
VMA-ların fəaliyyəti nəticəsində ötən
müddətdə bir sıra əhəmiyyətli layihələr
həyata keçirilmişdir. Belə ki, Qəbələ
rayonu Vəndam kənd 2 nömrəli məktəbdə məzunların
köməyi ilə idman zalı, BMLK-da müasir tipli idman zal,
qış oranjereyası tikilib istifadəyə verilmiş,
Masallı rayonu Musaküçə kənd orta məktəbində
yaradıcı müəllim və istedadlı şagirdlərin
stimullaşdırılması proqramı hazırlanıb həyata
keşirilmiş, məktəbə su xətti çəkilmiş,
Qəbələ rayonu Vəndam kənd 1 nömrəli məktəbin
istiliklə təminatı həyata keçirilir. Məktəbətrafı
icmanın və valideynlərin səyləri nəticəsində
Bakı şəhəri 46 nömrəli məktəbdə
müasir tələblərə cavab verən kitabxana
yaradılmışdır.
İcmadaxili əməkdaşlığı
stimullaşdırmaq məqsədilə Quba şəhər 2
nömrəli məktəbin VMA və məktəb rəhbərliyinin
təşəbbüsü ilə məktəb əsaslı təmir
edilmiş, burada “İlin ən yaxşı icma üzvü”,
Quba şəhər 1 nömrəli məktəbdə
“İlin fəal valideyni”, “İlin fəal şagirdi”, “İlin
fəal müəllimi” nominasiyaları təsis edilmişdir.
Quba rayonu 1 nömrəli Qırmızı qəsəbə məktəbində
məzunların sponsorluğu ilə ibtidai sinif şaqirdlərinin
isti yeməklə qidalanması təmin edilmiş, idman
zalı üçün trenajorlar alınmışdır.
Bakı şəhəri “İstedad” Beynəlxalq Təhsil
Kompleksində (134 nömrəli məktəb), Şəki
şəhər 10 nömrəli məktəbdə “İlin ən
yaxşı şagirdi” mükafatı təsis edilmiş və
qaliblərə təqaüdlər ayrılmışdır.
VMA-lar “Məktəb
uşağın dostudur” layihəsinin əhatə etdiyi məktəblərlə
əlverişli təlim və inkişaf mühitinin
formalaşmasında da fəal iştirak edirlər.
Əlbəttə, VMA-nın
ölkənin bütün ümumtəhsil məktəblərində
yaradılması əsas hədəflərdəndir. Artıq
təşkilatın növbəti illər üçün
Strateji inkişaf planı hazırlanmış və 2009-cu il
dekabrın 19-da keçirilən geniş konfransda təqdim
edilmişdir.
“Mina Təhlükəsinə
dair Maarifləndirmə” Layihəsi. Layihə çərçivəsində
2004-cü ilin mayında Təhsil Nazirliyi ilə UNİCEF
arasında sərhədyanı ərazilərdə və məcburi
köçkün düşərgələrindəki orta məktəblərdə
mina təhlükəsinə dair maarifləndirməyə dair
Anlaşma Memorandumu imzalanmışdır. Layihə çərçivəsində
xüsusi fakültativ kursun tədrisinə
başlanmış, metodik vəsaitlər, təlim
materialları hazırlanmış və məktəblərə
paylanmışdır, eləcə də məktəb rəhbərləri,
müəllimlər üçün təlim seminarları
keçirilmişdir.
2005-2006-cı dərs ilindən
Laçın, Cəbrayıl, Kəlbəcər və
Şuşa rayonlarının, habelə Naxçıvan
MR-ın Ermənistanla sərhəddə yerləşmiş
ümumtəhsil məktəblərinin IV və VI siniflərində
fakültativ məşğələlərə
ayrılmış vaxt hesabına həftədə 1 saat
olmaqla “Mina təhlükəsinə dair maariflənmə”
adlı kurs tədris edilir.
“Məktəb-uşağın
dostudur” layihəsi. Layihənin əsas məqsədi 5 strateji
istiqamətdə tədbirlərin həyata keçirilməsindən
ibarətdir:
1.Bütün şagirdlərə
bərabər imkanların yaradılması. Məktəb
sağlamlıq imkanından, ailənin sosial statusundan, gender və
sair amillərdən asılı olmayaraq bütün
uşaqlar üçün xoş rəftar edilən, bir məkan
olmaqla yanaşı, onlara öz imkanları daxilində zəruri
biliklərə yiyələnmək üçün əlverişli
mühitə çevrilməli, burada hər bir fərdə təhsil
alması üçün şərait
yaradılmalıdır.
2.Səmərəlilik: Bu
strategiya məktəblərdə səmərəli idarəetmənin,
fəal/interaktiv təlim texnologiyalarının tətbiqini, təlim
nəticələrinin düzgün qiymətləndirilməsini
təmin etməklə keyfiyyətli təhsil, keyfiyyətli tədris
prosesi, keyfiyyətli məzmun, keyfiyyətli mühit, keyfiyyətli
müəllimlər, keyfiyyətli nəticələr kimi məqsədləri
əhatə edir.
3.Sağlamlığın
qorunması: Məktəb tibbi və sanitariya xidmətini təmin
etməklə, yoluxucu xəstəliklərin
qarşısını almaqla, istilik sisteminin işlək
şəkildə olmasını təmin etməklə məktəbdə
sağlam tədris mühitinin yaradılmasına nail olur, bu da
son nəticədə şagird nailiyyətlərinə
müsbət şəkildə təsir edir.
4.Uşaqların müdafiəsi:
Məktəb təhlükəsiz və etibarlı yer olmaqla
yanaşı, şagirdləri hər cür zorakılıqdan
və hüquq pozuntularından müdafiə edən bir məkandır.
Burada fiziki cəza və hədə-qorxu tətbiq olunmur və
məktəb hüquqi məkana çevrilir.
5 Ailələrin cəlb
edilməsi: Məktəbdə valideynlərlə, digər ailə
üzvləri ilə, təhsil prosesinin digər
iştirakçıları ilə, cəmiyyətin nümayəndələri
ilə məsləhətləşmələr aparılır
və sıx əməkdaşlıq edilir. Dialoq
aparılması üçün əlverişli imkanlar
yaradılır. Məktəb öz fəaliyyətində ailəyə
və cəmiyyətə əsaslanır.
“Məktəb
uşağın dostudur” layihəsi məktəblərdə əlverişli,
cəlbedici, maraqlı tədris mühitinin
yaradılmasını da nəzərdə tutur. Təcrübə
göstərir ki, maraqlı təşkil edilən tədris
mühitində şagird nailiyyətləri də yüksəlir,
məktəbə davamiyyət artır və həmçinin,
cəmiyyət tərəfindən məktəbə olan
münasibət müsbət istiqamətdə dəyişir.
Layihə ilkin mərhələdə
Quba rayonunun 2, 3, 4, Qırmızı qəsəbə 1
nömrəli və Rustov kənd məktəblərini,
Füzuli rayonu Böyük Bəhmənli, Kərimbəyli,
Aşağı Kürdmahmudlu kənd, Horadiz,
Qayıdış-3 qəsəbə məktəblərini və
Lənkəran şəhər 3, 4, 5, 8 nömrəli və
Haftoni qəsəbə məktəblərini əhatə
etmişdir.
2008-ci ildə müstəqil
beynəlxalq ekspert tərəfindən Layihənin monitorinqi aparılmış
və müəyyənləşdirilmişdir ki, məktəblərdə
şagirdlərin inkişafı sahəsində ciddi nailiyyətlər
əldə edilmiş, müəllimlərin
yaradıcılıq və təşəbbüskarlıqları,
tədris prosesinə və şagirdlərə
yanaşması müsbət istiqamətdə dəyişmiş,
valideynlər məktəbə daha fəal cəlb olunmuş,
təhsil müəssisələrində əlverişli təlim
və inkişaf mühiti yaradılmışdır.
Layihə çərçivəsində
ümumtəhsil məktəblərinin keyfiyyət
standartlarının hazırlanması istiqamətində beynəlxalq
məsləhətçinin dəstəyi ilə mütəxəssislər
üçün seminarlar keçirilmişdir. Təhsil
Nazirliyində “Ümumtəhsil məktəbləri
üçün keyfiyyət standartları”nın işlənib
hazırlanması məqsədilə işçi və
ekspert qurupları yaradılmış, keyfiyyət
standartları hazırlanmışdır. İşçi
qurupunun üzvləri UNİCEF tərəfindən 2009-cu ilin
aprel ayında İsveçrənin Cenevrə şəhərində
təşkil edilən Şərqi Avropa və MDB ölkələri
üçün “Məktəb uşağın dostudur”
mövzusunda seminarda iştirak etmiş, bu sahədə
mövcud təcrübə və yenilikləri öyrənmiş,
Azərbaycanın Keyfiyyət standartlarını həmin
seminarda təqdim etmişdir. Hazırlanmış keyfiyyət
standartları seçilmiş on məktəbdə sınaqdan
keçirilmiş, nəticələr təhlil edilmiş və
sənədin son variantı işlənmişdir.
“Quş qripinə
qarşı mübarizə” layihəsi. Layihə çərçivəsində
şagirdlər üçün 1,5 milyon nüsxə buklet və
plakat çap olunmuş, müəllimlər üçün
vəsait hazırlanmışdır. Müəllimlər
üçün təlim proqramları hazırlanmış,
2006-2007-ci illərdə Bakıda və Azərbaycanın
rayonlarında riskli ərazilərdə yerləşən 1400
məktəbdə müvafiq təlimlər
keçirilmişdir.
“Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrində
uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)” çərçivəsində
UNİCEF-in mütəxəssisləri ilə birlikdə
monitorinq mexanizmi yaradılmış, tədqiqat
aparılmış, məlumat bazası, fərdi qayğı
planları, alternativ qayğı üzrə standartlar,
Transformasiya üzrə baş plan hazırlanmış, beynəlxalq
ekspert xidmətinin təşkili üzrə tədbirlər həyata
keçirilmişdir. De-institutlaşdırmanın əhatə
etdiyi uşaqlar üçün qayğı və reabilitasiya
mərkəzlərinin yaradılması, Azərbaycanda Uşaq
Müdafiə Sisteminin təşkili sahəsində, Bakı
Dövlət Universitetində sosial işçilərin
hazırlanmasında da UNİCEF tərəfindən müntəzəm
dəstək göstərilir. Eyni zamanda Proqramın həyata
keçirilməsinə yardım məqsədilə UNİCEF
tərəfindən 2006-2008-ci illərdə 2 nəfər,
hazırda isə 1 nəfər məsləhətçi
ayrılmış və maliyyələşdirilmişdir.
“Azərbaycan
Respublikasında xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin
təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu
illər)” çərçivəsində UNİCEF-lə
birlikdə Azərbaycanda inkluziv təhsil təcrübəsi tətbiq
edilməyə başlanmışdır. Məhz bu əməkdaşlığın
nəticəsidir ki, hazırda 200-dən çox xüsusi
qayğıya ehtiyacı olan uşaq cəmiyyətdən və
yaşıdlarından təcrid olunmaqdan xilas olmuş,
onların adi həyata inteqrasiyasına, inkişafına və
hüquqlarının təmin olunmasına şərait
yaranmış, öz həmyaşıdları ilə birlikdə
təhsil almaq imkanı əldə etmişdir.
2006-cı ildən Təhsil Nazirliyi BMT-nin Qlobal Fondu ilə birlikdə “Azərbaycanda QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” Layihəsini həyata keçirir. Layihə çərçivəsində UNİCEF-lə sıx əməkdaşlıq şəraitində “Həyati bacarıqlara əsaslanan təhsil” üzrə Milli Konsepsiya, ibtidai, əsas və orta təhsil pillələri üçün proqramlar, həmin pillələrin hər biri üçün ayrılıqda müəllimlər üçün tədris vəsaitləri hazırlanmış və məktəblərə çatdırılmış, beynəlxalq məsləhətçi xidməti cəlb edilmiş, müəllimlər üçün treninqlər təşkil edilmişdir. Ötən dərs ilindən ölkənin bütün məktəblərində kursun tədrisinə başlanmışdır.
UNİCEF-in əsas fəaliyyət istiqamətlərindən biri də təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlarla bağlı Azərbaycanda respublika və beynəlxalq səviyyəli konfransların təşkili, eyni zamanda müxtəlif aktual məsələlərlə bağlı Təhsil Nazirliyinin və təhsil müəssisələri mütəxəssislərinin beynəlxalq təcrübənin öyrənilməs məqsədilə xarici ölkələrə səfərlərinin təşkilidir. Qeyd etmək istəyirəm ki, ötən illər ərzində UNİCEF Təhsil Nazirliyi ilə birlikdə 50-dək konfrans təşkil etmiş, 100-dək mütəxəssisin dünyanın müxtəlif ölkələrinə öyrədici, təlim və təcrübə mübadiləsi səfərlərini təşkil etmişdir.
UNİCEF-in təhsil sahəsində fəaliyyətinin daha bir istiqaməti təhsilin ayrı-ayrı problemləri ilə əlaqədar sorğu və tədqiqatların aparılmasıdır. Nazirlik üçün əhəmiyyətli amil ondan ibarətdir ki, aparılan tədqiqatların nəticələrinə əsasən hazırlanmış hesabatlar və beynəlxalq təcrübəyə uyğun işlənmiş tövsiyələr gələcək fəaliyyət planlarının hazırlanmasında istifadə edilir.
Təqdirəlayiq
haldır ki, UNİCEF-lə həyata keçirilən birgə
layihələrin davamlılığı təmin edilir. Bir
sıra layihələr uğurla başa
çatdırılmış, əksər layihələr isə
davam etməkdədir. Perspektivdə yeni layihələrin
başlanması da nəzərdə tutulur. Hesab edirəm ki,
UNİCEF-lə Təhsil Nazirliyi arasında yaranmış səmərəli
əməkdaşlıq və həyata keçirilən layihələr
bundan sonra da Azərbaycanda təhsilin inkişafına xidmət
edəcəkdir.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 26 dekabr.- S.10-11.