“Mərzili kəndi və mərzililər” kitabı
çapdan çıxıb
Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun və jurnalist Asif Mərzilinin “Mərzili kəndi və mərzililər” adlı kitabı işıq üzü görüb. Kitabda Azərbaycan xalqının etnogenezisində, maarifində və mədəniyyyətində önəmli yer tutan Mərzili obasının və oba camaatının yaşam yolu əksini tapıb. XVII, XIX, XX yüzilliklərdə Qarabağda, onun bir hissəsi olan Mərzilidə baş verən olaylar, insanların həyat salnamələri oxuculara təqdim edilib. Müəlliflərin “Giriş əvəzinə” qələmə aldıqları yazıda Mərzilinin igid oğulları, mərd qızları, aşıqları, qonaqpərvərliyi, təbiətinin gözəlliyi vəsf olunur. “Kəbirli eli” başlıqlı yazıda Qarabağın qədim ellərindən olan Kəbirlinin yaranma tarixi, bu torpaqlar uğrunda gedən mübarizələr, elin görkəmli şair və yazıçıları, XVIII yüzilliyin sonu, XIX yüzilliyin əvvəllərində burada mövcud olan obaların adları öz əksini tapıb. “Mərzili obasının tarixi”ndə bu kəndin yaranma tarixindəki ziddiyyətli fikirlər, obanın tarixinə dair bəzi bilgilər yer alıb. “Mərzili obasının tayfa-tirələri” yazısında adlı-sanlı nəsillər, soyadlar, əhalinin yaşam tərzi, məşğuliyyətləri və digər mövzularla bağlı məlumatlar oxucuların ixtiyarına verilib. Obanın tarixinə aid sənədlər orijinaldan fotosurəti ilə “Mərzili rəsmi sənədlərdə” bölümündə yer alıb. Buraya şəhadətnamələr, göndərişlər, aktlar, çıxarışlar, əfv fərmanları və digər sənədlər daxildir. Kitabda Mərzili torpaqlarının, ərazisinin xəritəsi də yer alıb. “Mərzili sovet dönəmində” bölümündə obanın sovet dönəmindəki inkişaf dövrü əksini tapıb. Bu bölümün tərkibində “Dağ-aran Mərzili”, “Sovetləşən Mərzili”, “Kəndin ilk dövlət əmlakı”, “Köhnəliyə əlvida”, “Təhsil vacib amilə çevrildi”, “İqtisadi dirçəliş”, “Düzən ərazidə yeni məskən” yazıları təqdim olunub. “Mərzili Qarabağ müharibəsində” yazısında mənfur ermənilərin 1992-ci ildə kəndi işğal etmələrindən söz açılıb. Nəşrdə yer alan “Mərzili ziyalıların çiynində” yazısında bu kəndin adlı-sanlı ziyalılarının yetərincə çox olduğu və bu insanların sənaye, iqtisadiyyat, elm sahələrində məsul vəzifələrdə çalışdıqları öz əksini tapıb.
Kitabdakı digər bölümlərdə də kənd haqqında maraqlı bilgilərə rast gəlmək olar.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2009.- 29 dekabr.- S.7.