Kamillik zirvəsi
Ömrünü sözə,
sənətə, ədəbiyyata
həsr etmiş insanlar haqqında söz söyləməyin
özünəməxsus çətinlikləri
var. Bu mənada ki, bir yandan
sözə bələd
olan fikir sahibi haqqında söz söyləməli,
o biri yandan
da sözün estetik dəyərini bu müstəvidə çözməli olursan.
Tanınmış tənqidçi-ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor Cəlal Abdullayev haqqında düşünəndə
istər-istəməz bu
məqamı xatırlamalı
olursan. Çünki bu imzanın arxasında çağdaş
ədəbi-nəzəri fikrin
inkişafında kifayət
qədər xidmətləri
olan bir şəxs dayanır.
Ömrünün səksəninci ilinə
qədəm qoymuş
professor Cəlal Abdullayev haqqında danışmaq Azərbaycan
ədəbi tənqidi
və ədəbiyyatşünaslığının
çağdaş mərhələsini
vərəqləmək və
bu mənzərəni
bütün yönlərilə
seyr etmək anlamına gəlir. Onun adı Azərbaycan
ədəbi tənqidi
və ədəbiyyatşünaslığının
görkəmli nümayəndələri
olan Əkbər Ağayev, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Şamil Salmanov, Akif Hüseynov, Pənah Xəlilov, Xalid Əlmirzəyev, Təhsin
Mütəllibov və
başqa alimlərə bir sırada çəkilməkdədir.
Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının
ədəbi-tənqidi axtarışları
xalq ədəbiyyatının
ilk qaynaqlarından tutmuş çağdaş
ədəbiyyatın nəzəri
problemlərinə qədər
bir çox mühüm problemləri əhatə etməkdədir.
Onun tədqiqatlarında Xətib
Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin
Nəsimi, Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli,
Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri
və ədəbi-bədii
irsi bu və
ya digər şəkildə araşdırmaya
cəlb olunmuşdur. Daha çox Səməd Vurğun irsini araşdıran tədqiqatçının yazılarında
iyirminci yüzilin bu böyük poeziya ustadına çılğıncasına vurğunluq
və aludəçilik
qabarıq hiss olunur. O yalnız yazılarında deyil, mühazirələrində, adi
söhbətlərində belə
Səməd Vurğuna
olan sevgisini ifadə və təlqin etməyə, şairə qarşı haqsız hücumların qarşısını almağa
çalışır. O bu
vurğunluğun təbii
yekunu kimi “Səməd Vurğun və folklor” (1962) mövzusunda namizədlik,
“Səməd Vurğunun
sənətkarlığı” (1974) adlı doktorluq dissertasiyaları müdafiə
etmişdir. Alimin “Səməd Vurğunun
poetikası” (1976), “Səməd
Vurğunun sənət
dünyası” (1986) monoqrafik
tədqiqatları, çoxlu
sayda məqalələri
böyük şairin
yaradıcılıq irsinin
araşdırılmasına həsr edilmişdir. Ədəbiyyatşünasın tədqiqatlarında Səməd
Vurğun sənətinin bədii sirlərinin açılmasına,
onun poetik fərdiyyətini səciyyələndirən
məqamların aşkarlanmasına
daha çox ağırlıq verilmişdir.
Cəlal Abdullayevin elmi axtarışlarının
əsas istiqaməti poeziya ilə bağlıdır. Tədqiqatçının
poeziyaya həsr olunmuş məqalələrinin
bir qismi “Lirika və zaman” (1982) adlı məqalələr toplusuna
daxil edilmişdir. Müxtəlif məcmuə,
toplu və dərgilərdə dərc
olunmuş çoxlu sayda məqalələri isə hələ də nəşrini gözləməkdədir. Son illərdə
böyük Azərbaycan
dramaturqu Hüseyn Cavidin yaradıcılığına
daha çox diqqət yetirən tədqiqatçının oxuculara
təqdim etdiyi “Hüseyn Cavid” (1997) monoqrafiyası ədəbi-bədii
irsə yeni təfəkkür işığında,
milli-nəzəri müstəvidə
yanaşmanın elmi təzahürü kimi
maraq doğurmaqdadır.
Hüseyn Cavidin böyüklüyünü
yaradıcılığında ciddi sosial-siyasi problemlər qaldırması
ilə yanaşı, həmçinin əyilməz
şəxsiyyəti ilə
tamamladığını səciyyələndirən
tədqiqatçının qənaətincə, onun yazılarında türk dünyasını düşündürən
ən mühüm məsələlər
bədii ifadəsini tapmışdır. Cəlal
Abdullayevin elmi araşdırmaları içərisində
ali məktəblərin
humanitar fakültələri
üçün hazırlanmış
ədəbiyyat tarixi dərslikləri əhəmiyyətli
yer tutur. Bu mənada “Azərbaycan sovet ədəbiyyatı” (1988) və
“Müasir Azərbaycan
ədəbiyyatı” (2007) dərsliyi
xüsusi qeyd olunmalıdır. Alimin son
tədqiqatlarından olan,
ali məktəblərin
humanitar fakültələri
üçün nəzərdə
tutulmuş iki cildlik “Müasir Azərbaycan ədəbiyyatı”
adlı dərslikdə
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından
bu günədək olan zaman kəsimində
ədəbi-bədii düşüncə
tarixi ciddi, sistemli şəkildə araşdırılmışdır.
Adı çəkilən dərsliyin
elmi redaktoru və əsas müəlliflərindən biri
olan professor Cəlal Abdullayevin iyirminci yüzil Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri
Cəfər Cabbarlı,
Hüseyn Cavid, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Ənvər Məmmədxanlı, Bəxtiyar Vahabzadə, Nəbi
Xəzri, Xəlil Rza Ulutürk və digər müəlliflər haqqında
yazdığı elmi
oçerkləri, habelə
ədəbiyyatın müxtəlif
dövr və mərhələlərini əks
etdirən icmal yazıları istər məzmunu, istərsə də ədəbi fakta yanaşma tərzinin özünəməxsusluğu
ilə seçilməkdədir.
Hər bir alimin yaradıcılıq
uğurları yalnız
yazdığı tədqiqatları
ilə deyil, həmçinin yetirmiş
olduğu alimlərin sayı, sanbalı və elmi nüfuzu
ilə ölçülür.
Bu mənada professor Cəlal Abdullayevin bilavasitə qayğısı və himayəsi ilə yetişən onlarla alim bu gün
Azərbaycan filoloji fikrində öz sözü, mövqeyi olan ədəbi nəsli təmsil etməkdədir. Professor Cəlal Abdullayevin elmi-pedaqoji fəaliyyəti
Bakı Dövlət Universiteti ilə bağlıdır. O bu universitetdə təhsil almış, bütün ömrü boyu burada çalışmış,
baş laborantlıqdan
professorluğadək yüksəlmişdir.
Alimin otuz ildən artıq BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasına
rəhbərlik etməsi
bu nüfuzlu təhsil ocağında elmin, tədrisin güclənməsində əhəmiyyətli
rol oynamışdır.
Ömrünün kamillik
zirvəsini yaşayan
professor Cəlal Abdullayev hələ neçə-neçə bitməmiş
tədqiqatlarını
tamamlamaq, yeni-yeni araşdırmalara imza atmaq əzmindədir. İnanırıq ki, o, elmi-pedaqoji fəaliyyətini bundan sonra da uğurla
davam etdirəcək, çağdaş nəzəri
fikir tarixini öz dəyərli araşdırmaları ilə
zənginləşdirəcəkdir.
Vaqif Sultanlı
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 29 dekabr.- S.4.