"Erməni xalqının "Koroğlu" adında eposu olmayıb"

 

Bunu ermənilərin özləri də etiraf edirlər

 

1-ci yazı

 

Tanınmış alim, professor Azad Nəbiyevin yaradıcılığını araşdıran filologiya elmləri doktoru Ramil Əliyev bu qənaətə gəlib ki, A.Nəbiyev folklorumuzu siyasi-mənəvi problem səviyyəsində mənimsəyən ermənilərə cavab verən ilk araşdırmaçılardandır. Onun siyasi folklor sahəsindəki araşdırması "Milli təəssübkeşlik, yoxsa erməni saxtakarlığı" adlanır: "A.Nəbiyev tariximizi, musiqimizi, ərazimizi, folklorumuzu mənimsəmək istəyən mənfur qonşularımıza tutarlı faktlarla cavab verir. Erməni separatçılarının Azərbaycan elminə qarşı terroru maddi və mədəniyyət abidələrinin saxtalaşdırılması, öz adlarına çıxılması ilə başlayıb. Onların siyasi terrorçuluğu hələ X yüzilin əvvəllərində baş vermişdi. Onlar Balkanlardan Zaqafqaziyaya köç edəndə bu yerlərdə albanlarla rastlaşmışdılar. Heç bir kökü, mənşəyi olmayan, yaxud naməlum olan bu xalq alban mədəniyyətini, alban əlifbasını oğurlamaqla özlərinə saxta mədəniyyət, əlifba düzəltdilər, Qarabağ ərazisindəki alban çarlığını ələ keçirib dövlət qurmaq istəsələr də, əməlləri baş tutmadı. Öz etnik köklərini müəyyənləşdirə bilməyən bu qaraçı tayfalarından törəyənlər bu dəfə də albanların assimilyasına məruz qaldılar və özlərinə saxta dil, mədəniyyət, əlifba, tarix, folklor quraşdırmağa başladılar. Köçürüldükləri yerlərdə yerli etnosların mədəniyyətinə əl uzatdılar, özlərinə "milli mədəniyyət" yaratdılar".

A.Nəbiyev ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinin və mədəniyyətimizi saxtalaşdırmanın 3 mərhələ üzrə baş verdiyini bildirir. Birinci mərhələ çox keçmiş zamanları əhatə edir: "İkinci mərhələ isə I Pyotrun siyasəti ilə bağlıdır. O, ölkəsini müsəlman dövlətlərinin əhatəsindən ayırmaq üçün sərhədlərə ermənilərin yerləşdirilməsini əmr etmişdi. Həm də bu illərdə ermənilərin daimi yaşayış məskənləri yox idi. Buna görə də Rusiyanın himayəsi altında sərhəd Azərbaycan torpaqlarında yerləşmək onların ürəyindən oldu. Bu hadisə 1830-1920-ci illərə qədərki dövrü əhatə edir. Bu illərdə İran və Türkiyədən ermənilər gətirilib Azərbaycan torpaqlarına yerləşdirilmişdilər. İran və Türkiyə ermənilərinin aralarında olan toqquşmanın və hücumların nəticəsində 1850-1852-ci illərdə Türkiyə erməniləri tərəfindən 47 iranlı erməni (o cümlədən 12 qadın, 4 uşaq) öldürülmüşdü, buna cavab olaraq iranlı ermənilər Türkiyədən gəlmiş 12 erməni qadının başını kəsmişdilər (bu məlumatı A.Nəbiyev Gürcüstan Respublikası Mərkəzi Dövlət Arxivində saxlanan 247 H-li fonddakı 2-ci qovluqdan, 6-cı vərəqdən götürüb). Ermənilərin öz aralarındakı vuruşmalarının qarşısını almaq üçün 1831-ci ilin yanvarında Türkiyədən gəlmiş 487 ailə Şuşaya köçürülmüşdü. Müxtəlif illərdə isə onlar Azərbaycanın Qarabağ, Zəngəzur, Göyçə, Gəncəbasar, Şəki-Oğuz torpaqlarında yayılmağa başladılar, 1880-ci illərdən başlayaraq azərbaycanlılarla ermənilər arasında torpaq davaları başladı.

A.Nəbiyev daha sonra bu qənaətə gəlir ki, 1880-ci illərdən başlayaraq onlar mənəvi mədəniyyətimizə - aşıq havalarına, dastanlarımıza, xalq şeiri nümunələrinə, nağıllarımıza, xalq mahnılarımıza göz dikməyə başladılar, onları da erməniləşdirmək istədilər. Onlar tarixən yaşadıqları ərazilərdə də fars, yunan, Bizans mədəniyyətini oğurlamaqla məşğul idilər. Yeni ərazilərdə bu işi sistemli şəkildə etmək üçün türk mədəniyyətindən faydalanmaq qərarına gəlmişdilər. Odur ki, Göyçə kimi türkün qədim mədəniyyət mərkəzində sənətin bütün növlərinə əl uzatdılar: "Ozan mədəniyyətindən istifadə edib "qusan sənətini" ortaya çıxartdılar. Tarixi inkişafın mərhələlərini başa düşməyərək ozan sənətinin aşıq sənətinə keçdiyi anlarda özlərinin ozan sənəti ilə bağlılığını iddia edib tez-tələsik Azərbaycan aşıq sənətini təqlid etməyə başladılar. "Azərbaycan dilini iyrənc şəkildə təhrif edən bu üzdəniraq "ifaçılar" yanşaqlıqdan, təlxəklikdən o tərəfə getməsələr də, özlərini "şöhrətli aşıq", "dastançı" kimi təqdim etməkdən çəkinmədilər, Azərbaycan xalqının bir çox nağıl, dastan, əfsanə və rəvayətini ermənilərin xeyrinə təhrif etməyə başladılar".

Onların yalançı "dastan qoşmaq" məharətinin üstü açılanda "ara, qanmadım" deyərək azərbaycanlıların ayağına yıxılır, gülünc vəziyyətdə aşıq meydanını tərk edirdilər. Məhz onların "fəaliyyəti" nəticəsində neçə-neçə dastan təbdil, tərcümə adı altında erməniləşdirilmişdi. R.Əliyev bildirir: "Azad Nəbiyev bu dastanlardan yalnız ikisini misal gətirir. Bunlardan biri "Əsli-Kərəm"dir. Alban mədəniyyət elementlərini güclü mühafizə edən bu dastanın erməniləşdirilməsi onlara öz "tarixlərinin" qədim olmasını sübut etmək üçün gərək idi. "Əsli-Kərəm" erkən orta yüzillərə məxsus dastan yaradıcılığının nümunələrindən biridir. Onun bütün variantlarında Əsli alban mənşəli bir obraz kimi verilir. Lakin ermənilər onu albanlıqdan çıxararaq erməniləşdirib, alban keşişini də erməni keşişinə döndəriblər. Bununla da özlərinin erkən orta yüzillərdə yerlərini möhkəmlətmək qayğısına qalıblar. Onlar "Əsli-Kərəm"i erməni dastanı kimi təqdim etməkdən də çəkinməyiblər".

A.Nəbiyev qeyd edir ki, uzun illər bu işə laqeyd baxmış, "Əsli-Kərəm"in erməni məişəti ilə bağlılığını təkzib edən faktları toplamamışıq. Onlar isə bizim biganəliyimizdən istifadə edərək "Əsli-Kərəm" operasını da, onun müəllifi Ü.Hacıbəyovu da "erməniləşdiriblər". Ermənilər tərəfindən oğurlanan digər dastanımız "Vanlı Göyçək"dir. Bu dastanı XIV -XV yüzillərdə Şirvanda yaşayan Aşıq Köçər yardıb. Dastanın adı da onun xalq arasında yayılan ayamalarından birilə- "Vanlı Göyçək" adı ilə məşhurlaşıb. Xalq ona "Səsli Göyçək", "Aşıq Göyçək" adlarını da verib: "Aşıq Köçər Molla Qasımın və Yunis İmrənin davamçılarından biri olub. A.Nəbiyev "Vanlı Göyçək" dastanının bir neçə variantının olması haqda məlumat verir. Bu dastanın ustadnamə və duvaqqapması yoxdur, Şirvan dastanları tipindədir. Erməni "dastanşünasları" habelə XIV-XV yüzillərdə yaşamış Vanlı Köçərin yaradıcılığını XVIII yüzil erməni şairi Nahapet Kuçakın adına çıxıb, Köçərin şeirlərini erməniləşdirərək təhrif ediblər". Bu yerdə Azad Nəbiyev özümüzdən olan "mütəxəssislərimizin" bəzən bu işə yardımçılığını da qeyd edir. 1982-ci ildə çap edilmiş "Azərbaycan aşıqları və el şairləri" (I cild) və 1983-cü ildə çap olunan "El çələngi" kitablarında erməni "aşıqlarının əsərləri" Azərbaycan aşıq sənətinin nümunəsi kimi təqdim edilib. Azərbaycan-erməni ədəbi əlaqələrindən bəhs edən özümüzün alimlərimiz erməni hoqqabazlığını görüb susub, ya da müəyyən səbəbdən üzə vurmayıblar. Ancaq ermənilər qorxub çəkinmədən Molla Cüməyə, Aşıq Məhəmmədə, Aşıq Həmayıla divan tutmağa cəhd göstəriblər, onların şeirlərini təhqiredici şəkildə təhrif etməyə çalışıblar. Aşıq Nəcəf kimi qüdrətli sənətkarın kürəyinə qaynar samavar bağlayıb, "azərbaycanlıların aşıq havalarını indi çal" deyib qətlə yetiriblər".

A.Nəbiyev qeyd edir ki, Azərbaycan mənəvi mədəniyyətinin - folklorunun saxtalaşdırılması və mənimsənilməsinin üçüncü dövrü 1920-1990-cı illəri əhatə edir. Bu dövr qlobal saxtalaşdırma dövrüdür. Onlar saxtalaşdırdıqları və mənimsədikləri folklorumuzu Əlyazmalar İnstitutu - Matedaranda saxlamaqdadırlar. Hətta sovet hakimiyyəti illəri ərzində azərbaycanlı alimlərə ora daxil olmaq imkanı verilməyib: "Hətta erməni həyasızlığı o yerə gəlib çatıb ki, Nəsimini erməni şairi kimi təqdim ediblər. H.Manandyan və H.Acaryanın "Erməni xalqının fədailəri (1155 - 1843)" (Vağarşabad, 1903, 721 s.) kitabında Nəsimi erməniləşdirilib, folklor nümunələrimizi də adlarına çıxıblar. Bu gün dünya folklorşünaslığında "Koroğlu" dastanının 100-dən artıq variantları var. Bunlardan "biri" də erməni "variantı"dır. Bu variant 20-ci illərin sonlarında A.Xodzkonun mətni əsasında hazırlanıb. Onlar məşhur koroğluşünas alimimiz Vəli Xuluflunun üzərinə böhtanlar ataraq onu millətçilikdə ittiham etdilər. Ona görə ki, Vəli Xuluflu onların yeni "dastan yaratmaq" fəaliyyətindən xəbərdar idi. X.Samuelyan 1941-ci ildə nəşr olunmuş erməni "Koroğlu"sunun müqəddiməsində yazırdı ki, Koroğlu azadlığın rəmzi kimi türk variantında türk, gürcü variantında gürcü, özbək variantında özbək, erməni variantında ermənidir. Sonralar X.Samuelyan bu yanaşmanın sovet ideologiyasının məhsulu olduğunu görüb, dastanı erməni qusanlarının təbdil, tərcümə yolu ilə yaratdıqlarını etiraf etmişdi: "Erməni xalqının "Koroğlu" adında eposu olmayıb. Bu, erməni qusanlarının Azərbaycan aşıqlarının repertuarından sonralar götürərək düzüb-qoşduğu uydurmadan başqa bir şey deyil".                

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 29 dekabr.- S.14.