Bütün dünya savaşları yorular durar, siz qalxan savaşlar yorulmaz

 

Yüz ildən artıq bir dövrdə, minlərlə qurban verə-verə

azadlıq mübarizəsi aparan Güneyli bacı-qardaşlarımıza,

qürur tariximizi yazanlara

 

Bir cana min yol fərman verilər,

min yol dar ağacı qurular,

bir boyun da min yol vurular,

fərman verən dillər yorular,

boyun vuran əllər yorular,

min illər ayaqüstə, haqdan

nəğmə diləyən başsız bədənlər,

vurulub düşdüyü yerdə

nəğmə deyən başlar yorulmaz.

Yorular qısmalar, boğmalar,

heç yorulmazkən yorular

sizlərə ağlayan doğmalar,

sizlərə qoşulan nəğmələr,

ancaq sizə dəycək, toxuncaq,

siz oxuduğunuzdan da bərkdən

siz deyən nəğmələri deməkdən

siz asılan dar ağacları,

sizi döyən dəyənəklər,

sizə dəyən daşlar yorulmaz.

Bilmirəm, Tanrım necə edər,

çiynimizi necə becərər,

bircəcə anda çiynimizdən

vurulandan daha gözəl

boyunlar, başlar cücərər,

üzlər, gözlər, qaşlar cücərər,

bir gün ruh da bədəndə yorular,

qurbanlardan vətən yorular,

ancaq vətənçün vurulmağa

boy atan boyunlar, başlar,

üzlər, gözlər, qaşlar yorulmaz.

Dünya ancaq eşqlə yeni olar,

qatılaşar, eşqlə durular,

bir doğma anadan doğulanlar

bir-birini sevməkdən yorular,

ancaq vətən eşqindən doğulan,

doğmalardan da doğma olan,

doğulcaq bayraqlarla qalxan

əsl bacı-qardaşlar yorulmaz,

bütün savaşlar yorular, durar,

siz verən savaşlar yorulmaz.

 

 

Vaqif Bayatlı Odər

 

525-ci qəzet.- 2009.- 31 dekabr.- S.28.