Tərcümeyi-halım
(sənədli roman-xatirə)
Görkəmli
şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli
ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam
olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında
özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və
yaradıcılıq yolu keçib. Mərhum şairimiz
işıqlı əməllərilə, hər zaman əsl vətəndaş
mövqeyində dayanması ilə yaxın dövr tariximizin səhifələrinə
öz imzasını həkk edib. 1990-cı illərin
ortalarında – Azərbaycan xalqı üçün olduqca
narahat bir dönəmdə qələmə aldığı
“Tərcümeyi-halım” əsərindən parçaları
oxucularımıza təqdim etməklə unudulmaz Famil Mehdini
bir daha ehtiramla xatırlamağı özümüzə mənəvi
borc bildik.
(Əvvəli olub)
Bir neçə kəlmə
də demokratik hərəkata münasibətim haqqında. Əlbəttə,
bu haqda çox yazılıb və yazılmağı da
vacibdir, lazımdır. Təəssüf ki, bu böyük hərəkata
bir çox halda hərə öz şəxsi nöqteyi-nəzərindən
və ya mənsub olduğu partiyanın, cəmiyyətin,
qrupun mövqeyindən yanaşır. Bu isə tarixi hadisələri
saxtalaşdırmağa, təhrifə gətirib
çıxarır. Mənim fikrimcə, Azadlıq hərəkatının,
demokratik hərəkatın 1988-ci ildən
başlandığını iddia edənlər və bunu
ayrı-ayrı adamların adına yazanlar səhv edirlər.
Azərbaycanda azadlıq hərəkatının, xalq hərəkatının
tarixi qədimdir. O, bir gün də olsun dayanıb-
durmayıb, təbii ki, dövrlə, zamanla bağlı muxtəlif
formalarda təzahür edibdir. Eləcə də qatı
imperiya şəraitində. Bu dövrdə Azadlıq hərəkatı,
demokratik hərakat ideoloji aləmə, bədii
yaradıcılığa, ədəbiyyat, incəsənət
əsərləri vasitəsilə, müəyyən ədəbi-
bədii priyomlar, mənzərələr, lövhələr,
obrazlar vasitəsilə aparılırdı. Üzeyir bəyin
“Koroğlu” operası, Qara Qarayevin “İldırımlı
yollarla” baleti, Cahangir Cahangirovun “Füzuli” kantatası daha
geniş mənada insan azadlığı, demokratik ideyalar
uğrunda mubarizənin ən yaxşı forması deyildimi?!
Səttar Bəhlulzadənin sırf Azərbaycan lövhələri
yalnız Azərbaycan təbiətini sevməyə,
qorumağamı çağırırdı?! Mirzə Cəlilin
ömrünün son on illərindəki məşhur hekayələri,
xüsusilə felyetonları, xaricdə M.Ə.Rəsulzadənin,
Əlibəy Hüseynzadənin, Əhmədbəy Ağayevin
kəskin ehtiraslı məqalələri, nitqləri,
çıxışları bu mübarizənin əks- sədası
sayılmamalıdırmı?
Yaxud böyük Hüseyn
Cavid, Yusif Vəzir Cəmənzəminli, Mikayıl
Müşfiq, Əhməd Cavad demokratiya və azadlıq
uğrunda mubarizənin qurbanları olmadılarmı? Görkəmli
dahi alim Vəkil Çobanzadənin cinayət qovluğundan Xətainin
dili haqqında 15 çap vərəqi həcmində
kitabı dəlil- sübut kimi
saxlanılmamışdırmı? Filosof- alim, publisist Heydər
Hüseynov rus imperiyasına qarşı iyirmi beş il
mübarizə aparmış Şeyx Şamilin yolunda məcburiyyət
qarşısında qalıb, özü özünü
asıb öldürmədimi? Süleyman Vəliyev əsirlikdən
sonra ikinci dəfə Sibirə niyə
sürülmüşdü? Səməd Vurğunu, Rəsul
Rzanı tez-tez çağırıb niyə incidirdilər? Hətta
50-ci illərin ilk vaxtlarında Səməd Vurğunu niyə
həbs etmək istəyirdilər? Mirzə İbrahimovu dil
haqda fərmanına görə, Bəxtiyar Vahabzadəni
“Gülüstan” poeması üstündə niyə dara
çəkirdilər? Bundan bir qədər əvvəl ali məktəb
tələbələri və aspirantlarının bir dəstəsini,
Gülhüseyn Hüseynoğlunu, İsmixan Rəhimovu, Kərim
Rəfiyevi və başqalarını, 70-ci illərdə
universitet müəllimi Əbülfəz Elçibəyi bəs
nə üstdə həbs etmişdilər?
Deməli hələ imperiya
dövründə dil- agızların
qıfıllandığı illərdə mübarizə
davam etmiş, hətta ən yaxşı oğullar bu yolda
canlarından keçmiş, lakin məslək və əqidələrindən
dönməmişlər.
Daha sonrakı illərdə
bu mübarizə Əliaga Kürçaylının, Xəlil
Rzanın, Məmməd Arazın, bir qədər qeyri –
tevazökarlıq olsa da Famil Mehdinin, onların muxtəlif illərdə
ardinca gələn Fikrət Qocanın, Ramiz Rovşənin və
başqalarının ən yaxşı mubariz publisistik ruhlu
şer və poemalarında ardıcıl, fəal davam etdirilməmişdimi?
Bu cümlələr sualdan çox təsdiqdir və mən
onların həqiqiliyini, doğruluğunu məmnuniyyətlə
təsdiq edib imza atıram.
Bu da həqiqətdir ki,
1985-ci ildən sonrakı yeni dövr, şərait, demokratiya və
azadlıq uğrunda mübarizənin xarakterini dəyişdi.
Bir qədər qəribə səslənsə də bu
mübarizənin dolayısı yolla ilk məkan vericisi
Qorbaçov oldu, onun aşkarlıq siyasəti oldu. Təsəvvür
edin ki, 1985-ci ildə Sovet mətbuatı ilk dəfə partiya
rəhbərini, birinci şəxsi tənqid etdi. “İzvestiya”
qəzetində Qorbaçov haqqında tənqid
göründü. Hökumət başçısı tənqidə
hədəf oldu. Hətta siyasi büronun unvanına tənqidlər
eşidildi. Bu həqiqətən yeni dövrün
başlanğıcı idi və bundan sonrakı dövrlərdə
yerlərdə siyasi büronun, Qorbaçovun və
başqalarının tənqidini mən qəhrəmanlıq
hesab etmirəm. Keçmiş respublikaların hamısında
olduğu kimi Azərbaycanda da köhnə sistemin
dağılması, xalqın demokratik və azadlıq hərəkatının
açıq ümumxalq hərəkatı səviyyəsinə
qalxmasına şərait yaratdı. Burada Azərbaycan
demokratik qüvvələrinin (bu qüvvələrin
yalnız Azadlıq meydanına çıxanlardan ibarət
olduğunu düşünmək yanlış fikirdir),
xüsusilə Xalq Cəbhəsinin böyük rolu oldu. Cəbhə
xalqın böyük bir hissəsini ayağa qaldıra bildi. Əlbəttə,
burada Qarabağ amili böyük əhəmiyyət kəsb
etdi. İlk vaxtlar ümumxalq mütəşəkkilliyini təmin
edən əsas amil oldu. Bu mənada 80-ci illərin ümumxalq
hərəkatı uzun illər aparılan mübarizənin
yeni şəraitdə qanuni davamı və yeni, açıq,
geniş, daha mubariz forması idi. Təsadüfi deyildir ki, hətta
yazıçı və şairləri qeyri fəallıqda
günahlandıranlar özləri də bir çox halda
şerə, bu ilahi mənəvi qüvvəyə müraciət
edirdilər.
1988-ci ilin yanvarın
ortalarında Dağlıq Qarabağda şovinist-millətçilik,
torpaq iddiası ilə mitinqlər başlanan ilk həftələrdə
mən Ağdamda idim. Dağlıq Qarabağdan kütləvi
şəkildə qovulan azərbaycanlıları isti-isti
öz ocaqlarına qaytarırdıq. Gözəl insan,
böyük vətəndaş alim Xudu Məmmədov, Zeynal Məmmədov
və mən bütün günü qıç qatlamağa
vaxt tapmırdıq. Həyatımızı risk
qarşısında qoyub erməni kəndlərindən, hətta
Xankəndinin mitinq gedən küçələrindən
keçib camaatımıza köməyə gedirdik. Öz ev-
eşiyindən qovulanların, hətta uşaqlarını,
qardaş bacılarını itirənlərin ah-naləsi ərşə
qalxırdı. Biz onların dadına çatmaq istəyirdik.
Bu işdə dövlət adamları bizim qüvvəmizə
daha çox bel bağlayırdı. Doğrudan da camaat bizi
eşidib evlərinə qayıdırdı. Bunun
üçün maşınlar təşkil edir, onları
müşayiət edən milis nəfərləri
ayırırdıq, tələblərini nəzərə
alıb Dağlıq Qarabağın azərbaycanlı kəndləri
yanında milis postları yaradılmasına nail olurduq.
Respublikada rəhbərliyin, dövlətin gündən-günə
zəiflədiyi yerlərdə, xüsusilə münaqişə
zonalarında aydın hiss olunurdu. Milis, mühafizə orqanları
açıq-açığına öz səlahiyyətini
itirirdi. Nə iş görülürdüsə, Sadıq
Murtuzayev kimilərin şəxsi qabiliyyəti,
bacarığı, ziyalıların, ayrı-ayrı rayon
orqanlarının gücü ilə edilirdi. Bu isə bəzən
hadisələrdə dönüş yaratmaq üçün
kifayət etmirdi. Dövlətin ciddi köməyi hiss olunmurdu.
Dövlətin dənizdə
batan gəmiyə oxşarlığı getdikcə daha
çox hiss olunurdu. Mən inanıram: Dağlıq
Qarabağda ərazinin Ermənistana birləşdirilməsi
kampaniyası baş qaldırdığı ilk günlərdə
Azərbaycan dövlət, hökümət, partiya rəhbərliyi
ciddi qətiyyət göstərsəydi, öz imkanlarından
az da olsa müstəqil istifadə etsəydi həmin hadisələr
dərhal yatırılar, bugünki dəhşətli faciəyə
çevrilməzdi. Bu bacarıqsızlıq, acizlik sonrakı
rəhbərliklər dövründə, nisbətən
müstəqil nəfəs almağın
mümkünlüyü dövründə daha da dərinləşdi.
Nəticədə Azərbaycanın 20 faizi zəbt olundu.
Biz rayonda ikən Bakıda
mitinqlər başlandı. Getdikcə qüvvətləndi,
genişləndi. Bu bizi xeyli ürəkləndirdi. Hətta
kövrəltdi də: “Xalq ayılıb, ayağa qalxıb.
Daha bizə ölüm yoxdu.” Camaat qarşısında mitinqlərdən
söhbət açır, tezliklə köməyimizə gələcəklərini
öz yanımızdan elan edirdik. Bu sözlərimiz camaatda
böyük əhval- ruhiyyə yaradırdı. Həmin
günlərdə Xudu müəllim imkan tapan kimi məni
götürüb kəndlərdə, zavodlarda, xəstəxanalarda,
texniki peşə və orta məktəblərdə
görüşə gedirdik. Xalq Cəbhəsi
yaradılmasının vacibliyini başa salırdı.
“Başqa çıxış yolumuz yoxdu” deyirdi. İkilikdə
Cəbhənin mahiyyətini mənə daha ətraflı
başa salırdı. Xudu müəllimin “Xalq Cəbhəsi”
tam demokratik prinsiplərə, ziyalı qüvvəsinə əsaslanırdı.
Mən “Xalq Cəbhəsi”
sözünü ilk dəfə Xudu müəllimdən
eşitmişəm. Mənə elə gəlir ki, xüsusilə
Qarabağda onun ilk təbliğatçı və təşkilatçısı
da Xudu müəllimdir. Hətta dövlət orqan
işçiləri, dövlət, partiya rəhbərlərinin
nümayəndələri dərhal xəbər tutub bu
çıxışları bizə irad tuturdular. Ancaq çəkinib
sərt danışa bilimirdilər. Çünki biz o günlər
yerlərdə çox lazım idik. Xudu müəllim
açıq cavab verirdi:
– Yaxşı bəs neyləyək?
Siz idarə edə bilmirsiniz, Azərbaycanda böyük faciə
başlayır. Biz də gözümüzü döyüb
tamaşa edək? Siz eləyə bilmirsiniz, barı qoyun xalq təşkilatlanıb
özü eləsin...
İşin çoxluğu
ilə əlaqədar mən Bakıya bir az gec qayıtdım.
Mitinq dalğasını görəndə bir daha kövrəldim.
İftixar hissi keçirdim. “Qarabağ”, “Topxana”
çıxış edənlərin bəlkə də ilk kəlmələri
idi. İlk dəqiqədən fikirləşdim: “Bu qüvvə
Qarabağa üz tutsa, orada bir erməni qalmaz. Hamısı
qaçıb Laçına keçər.” Amma
çıxışlar daha çox siyasi xarakter
daşıyır, konkret köməklik təşəbbüsləri
hiss olunmurdu.
Məni isə ancaq və
ancaq Qarabağ düşündürürdü. Görür
və inanırdım ki, hadisələr uzandıqca biz
uduzuruq. İlk günlər Qarabağa iki minə yaxın
milis gəlmişdi. Mitinqlərlə əlaqədar onların
da çoxunu Bakıya və digər yerlərə
qaytardılar. Dövlət adamlarının bilavasitə
Ağdamda, Xankəndində məşğul olan nümayəndələri
də az- az görünməyə başladı. Beləliklə
də Dağlıq Qarabağda get- gedə daha çox sərbəstlik
yaranmağa başladı. Bakıda ermənilər əleyhinə
şüarlar, şüarçılıq artdıqca
Dağlıq Qarabağ ərazisində azərbaycanlıları
daha çox incidib qovurdular. Nə dövlət, nə də
xalq hərəkatı tərəfindən kömək gəlmirdi.
Yerli hakimiyyət orqanları qorxub yerli mütərəqqi
qüvvələrə meydan verə bilmirdilər.
Məncə iki yolun
labüdlüyü ortaya çıxırdı. Ya istefası
tələb olunan rəhbərliklə müvəqqəti dil
tapıb qüvvələri Dağlıq Qarabağda hadisələrin
qabağının alınmasına səfərbər etmək,
ya da hakimiyyəti devirib rəhbərliyi dəyişmək, ərazidə
yeni rəhbərliyin təzyiqini təmin etmək. İkincisi
nisyə söhbətidir. Çünki hələ Siyasi
Büro, sovet hökuməti qalırdı. Bu rəhbərlik
devrilsə də yenisini xalq yox, yenə Moskva qoyacaqdır. Həqiqətən
də belə oldu. Moskvanın qoyduğu rəhbərlik isə
şübhəsiz başqa sahələrdə olduğu kimi
Dağlıq Qarabağ məsələsində də
Moskvanın diqtəsi ilə oturub-duracaqdır. Doğrudan da
oturub-durdu.
Mitinq iştirakçıları
nədənsə daha çox siyasi yola üstünlük
verirdi. Belə bir fikir irəli sürülürdü ki,
dövlət məsələsi, rəhbərlik məsələsi
həll olunsa, Dağlıq Qarabağ məsələsi daha
tez və asan həll olunacaqdır. Bu fikrin
yanlışlığı o vaxt da məlum idi. Həyat da sübut
etdi ki, bu real yol deyilmiş. Birinci yola, müvəqqəti olsa
da həmrəylik yoluna isə Xalq cəbhəsi, digər
demokratik qüvvələr getmədilər. Beləliklə
özümüz də istəmədən Dağlıq
Qarabağın qurban getməsi üçün şərait
yaratdıq. Bu şərait hələ nə qədər ki
tam yaranmamışdı, hələ gec deyildi, biz Bakıda o
yolu seçdik ki, sakitlik yaransın, qüvvələr birləşdirilsin,
Dağlıq Qarabağ qorunub saxlansın. Moskvanın Azərbaycana
açıq təzyiqinin qüvvətləndiyi ilk gündən
erməniləri dəstəkləməsi, yarı razı,
yarı zorla Dağlıq Qarabağda müxtəlif qurumlar,
idarəetmə formaları yaratması qüvvələrin
birləşdirilməsini xüsusilə qarşıda qoyurdu.
Mənim Bakı mitinqində çıxışlarımda irəli
sürdüyüm tələblərlə yanaşı
qaldırdığım məsələlərdən biri də
bu idi. Həmin çıxışları o dövr
üçün tamamilə düz çıxışlar
hesab edirəm.
Hərçənd ki, belə
çıxışlar tribunadakıların bəzilərinin
xoşuna gəlmirdi. Hətta bizi mikrofona yaxın buraxmaq istəmirdilər.
Belə məlum olurdu ki, tribunada dayanacaq adamlar da,
çıxış edəcək şəxslər də
qabaqcadan planlaşdırılmışdı. Hətta od alov
içində gələn rus tanklarının lüləsinin
soyuqluğunu kürəyində hamıdan əvvəl hiss edən
mənim kimiləri də, necə deyərlər, özlərinə
yad hesab edirdilər. Bu məni məcbur etdi ki, o vaxt mətbuat
səhifəsində fikrimi açıq bildirim. Buna görə
“Bəli, yolumuzdan dönməyəcəyik” adlı məqaləmi
yazıb o vaxt yeganə kütləvi mətbuat orqanlarından
sayılan “Kommunist” qəzetində dərc etdirdim. Yenidən
Qarabağa, gözüyaşlı camaatımızın
yanına qayıtdım. Məqaləmi “redaksiyanın
sifarişi ilə” rubrikası altında dərc etmişdilər.
Açıq şəkildə bildirirəm: bu, redaksiyanın
öz “kəşfi”idi. Mən o məqaləni heç kimin
yox, öz ürəyimin sifarişi ilə
yazmışdım.
(Ardı var)
Famil MEHDİ
525-ci qəzet.- 2009.- 31 dekabr.- S.26.