Son zəng köynəyi
Aradan illər keçəcəkmiş və biz uzaq illərin arasına bir müddət sonra ÖMÜR deyəcəyikmiş... Və bir vaxt gələcəkmiş ki, nəhayətsiz dərəcədə böyüyən keçmiş özünü bizə xatırladanda bağrımızdan bir ah qopub, düz sinəmizi yardığı yerdən indiki zamana qədər öz şırımı ilə axıb bizi ağrıdacaqmış.
Biz, onda hələ ən böyük idealı ali məktəbdə təhsil almaq istəyi olan yeniyetmələr idik, indi isə “olum və ölüm” kəlamının arasında vurnuxaraq həyatda özünə yer etmək istəyənlər...
Sən demə, dünya bizim istədiyimiz kimi olmayacaqmış, bizi istədiyi kimi edəcəkmiş və hər şey bitəndən sonra biz hər şeyə bircə ad verməyə məcbur olacaqmışıq – TALE.
Oğlanlar hərbi xidmətə və tələbəlik həyatına atılacaq, qızların da cüzi hissəsi təhsilini davam etdirəcək, yerdə qalanlar da “ƏRstan”a gedəcəklərmiş...
Sən demə, adamları şəkil kimi ürəyindən asmalı olacaqsanmış, amma şəkilə belə baxmağa bəzən vaxtın olmayacaqmış...
Onları itirməmək üçün telefona qeyd etdiyin nömrələrdən aylarla zəng gəlməyəcək, adamlara olan sevgin ürəyində işlənməməkdən paslanacaqmış...
Bir səhər kimisə yuxuda görüb məktəb illərini xatırlayacaqmışıq. Bütün bunlar onun izahıdır ki, yuxular gündüzün əlçatmazlığına qovuşmaqdır. Amma həyat yuxu qədər şirin deyil... Təəssüf...
Qızlar uşaqlarına sevdiyi oğlanların adını qoyacaqmış, oğlanlar şəhərin tozuna bulanacaqmış, sən demə. Təzə dostlar tapanlar köhnələri unudacaq, köhnə yaraların da yeri ağrımayacaqmış.
Hərə öz “problemlərinin atı”na minib uzaqlaşacaqmış dərdlərinin yanına... Göyə baxıb göyü, yerə baxıb torpağı görməyə gözümüz olmayacaqmış...
Qızlara içdiyimiz andlar, qızların verdiyi sözlər, qurduğu xəyallar kurqanlar, qəbirlər kimi ürəyimizi qazarkən hərdən üzə çıxacaqmış... Amma nə yaxşı ki, köhnə qəbirlərə ağlayan tapılmır heç vaxt...
Hər il son zəng çalınacaq və hər il eyni doğrular müxtəlif adamların dilində yalanlaşacaqmış...
Səhər şirin çayı daha tələsik içilir, ali məktəbin yalanları da daha “ali” olurmuş, orta məktəbin nişanlanmaq vədləri burada evliliyə qədər yüksələrmiş. İllər bizi yaşatmaq üçün deyil, illər bizi qurtarmaq, tükəndirmək üçündür... Məktəbi... universiteti... ömrü...
Hərdən əlinə köhnə şəkillər düşür, baxırsan ki, şəkillərdən və xatirələrdən özgə heç nə yoxdur... Hardadır iki alıb cırdığın gündəlik vərəqləri, çəkə bilmədiyin şəkillərin cızma-qarası, müəllimlərin imzaları?
... İndi yolda qocalan, dəyişən müəllimləri görəndə adam dəhşətə gəlir. Dünya boyda da cəhənnəm olar?
Məktəbin dəyişən otaqlarını, təzə müəllimləri, təmirli dəhlizləri görməyə adamın gözü gəlmir. Adama elə gəlir ki, ustalar bizim xatirələrimizi divarlardan qazıyıblar, ləpirlərimizi döşəmədən mismar kimi çıxardıblar. Bütün bunlardan sonra təsdiq etməli olursan ki, yenilik həm də köhnəliyə xəyanətdir...
“ƏRstan”da olan qızlar, rəfiqələrindən daha dərs yerini yox, təzə uşaq yeməklərinin adlarını soruşurlar. Dünya fırlanır və hər periyodda bir az da fərqli çıxır adamın qarşısına...
Hər şeyin bu qədər dəyişdiyini anlayanda başa düşürsən ki, dünya boyda dünyada özün boyda təksən.
O gün son zəng köynəyimin üstündəki yazıları oxuyuram. Sinif yoldaşlarım, dostlarım, müəllimlərim arzularını yazıblar. Hətta son zəng günü dükana girəndə köynəyimi yazılı görən dükandar da yazıb.
“Fərid, sənə uzun ömür, can sağlığı arzulayıram” (Alim Məmmədov – sinif yoldaşım).
“Fərid, sənə həyatda uğurlar” (Baloğlanov Zərbalı – sinif rəhbəri) və s...
Həmin gecə köynəyimə özüm də bir neçə cümlə yazmışam: “Həyat bir oyundur: Hər kəsin öz rolu var. Ssenarini Allah yazır. Bir gün necə olursa olsun, ən böyük adamlardan olacam. Mənə edilənlərin qarşılığını mən, mənim etdiklərimin cavabını Allah verəcək. Bu gün məktəbdən ayrıldım, acılı-şirinli xatirəsi ilə. Təbii ki, sinif yoldaşlarımdan – Fərhaddan, Rövşəndən, Raqifdən, Aynurdan, Fəridədən, eləcə də Könül, Firəngiz, Vəfa, Ələkbər müəllimdən ötrü darıxacağam. Əlvida, bu məktəbdə yaşadığım illərə, aylara, eşqlərə, davalara”.
İndi dörd il əvvəl yazılmış bu Otello monoloquna bənzər cümlələrə
baxanda gülürəm.
O ideallar, o xəyallar necə də bəsit, amma maraqlıdır. 4 ildə nələr olub, nələr görmüşəm – müşahidələrim,
qənaətlərim, nəticələrim,
səhvlərim və
s... Səhvlərim mənə səhv etdiyimi öyrədib. Amma yenə də içimdə həmin oğlan, həmin Otello yaşayır. Amma daha həmin monoloq yoxdur. Bəlkə də həmin Otello daha xoşbəxt idi. Bəlkə də...
Fərid HÜSEYN
525-ci qəzet.- 2009.- 31 dekabr.- S.25.