Ötən ilin son “Qobustan”ı

 

JURNALIN YENİ SAYI BÖYÜK RƏSSAM SƏTTAR BƏHLULZADƏYƏ HƏSR EDİLİB

 

Bu günlərdə “Qobustan” jurnalının yeni sayı çap olunub. Jurnalın üz qabığında rəssam Səttar Bəhlulzadənin “Çiçəklənən düzənlik” əsəri öz əksini tapıb. Dərginin məşhur sənətkar Səttar Bəhlulzadəyə həsr olunmuş bu sayı rəssamın 100 illiyilə bağlı “Ön söz”lə açılır. “Sən xoşbəxtsən, qardaşım!”, “Rənglər şairi” yazıları xalq şairi Rəsul Rzanın qələmindən çıxıb. “Səttar Bəhlulzadə sənəti haqqında” yazısı rəssamın öz dəsti-xəttilə verilib. “Səttar Bəhlulzadə fenomeni”ndə əməkdar incəsənət xadimi Ziyadxan Əliyev böyük rəssam haqqında fikirlərini bölüşüb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dissertantı Gülşən Sultanovanın “Şöhrət və ya unudulan adampyesinin səhnə təcəssümü” məqaləsi Nazim Hikmətin bu əsərinin səhnəyə qoyulmasından danışır. “Sənətçilər Səttar Bəhlulzadə haqqında” yazısında məşhur rəssamların S.Bəhlulzadə haqqında fikirləri yer alıb. “ O gözəl anlar!..” yazısını Bakı Musiqi Akademiyasının dosenti Elnarə Haşımova- Kəbirlinskaya əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın 75 illiyinə həsr edib. Qaçay Köçərlinin “Qum burulğanında bitən tut ağacı”, Nazif Qəhrəmanlının “Quba teatrı haqqında düşüncələr” də dərginin bu sayında yer alıb. Kəmalə Ələsgərlinin “Ziya axtarışında”,Nəzakət Azərin “Sonuncu dərviş”, Məryəm Əlizadənin “Rejissor haqqında paradoks” məqalələri də bu sayda təqdim olunub. Sənətşünaslıq namizədi, dosent Bayram Hacızadənin “S.Bəhlulzadənin karikatura yaradıcılığı” rəssamın karikatura janrındakı əsərlərindən bəhs edir. N.İ.İbrahimqızı Müjganın “Fərəh Üsulinin yaradıcılığında orta əsr Şərq miniatür sənəti”, Esmira Nəzərlinin “Şair qəlbli təbiət aşiqi”, rəssam-sənətşünas Nigar YunusunSehrli Səttar fırçası” da maraq doğuran yazılardır. Vaqif Əlixanlının tərcüməsində Timur Zülfüqarovun “Qəfəsdə kəklik” əsəri bu sayda özünə yer tapıb. İmruz Əfəndiyevanın “75 yaşın ucalığında” yazısı əməkdar incəsənət xadimi Oqtay Abasquliyevin 75 illiyinə həsr olunub. Sənətşünas Nuranə Səlimlinin “S.Bəhlulzadə və Azərbaycan poeziyası”, Ələkbər Salahzadənin “Ayaq üstə bir əncir ağacı”, dissertant Samir Sadıqovun “S.Bəhlulzadə və heykəltəraşlar”, fotojurnalist Mir Ələkbər Ağasıyevin “Böyük rəssamla görüşüm” yazıları da unudulmaz rəssamla bağlıdır. Aydanın “Avara”nın dünya səyahəti” məqaləsi məşhur hind filmi Avara haqqındadır. Dərginin sonunda dissertant Xədicə Əsədovanın “Azərbaycan xalçalarında qadın obrazı” yazısı yer alıb.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 31 dekabr.- S.23.