“Xudu Məmmədov adına mükafat aldığım
üçün böyük
qürur hissi keçirirəm”
Görkəmli alim, İstanbulun Yeditəpə Universitetinin professoru Kamil Vəli Nərimanoğlu qış tətili ilə əlaqədar Bakıdadır. Bu günlərdə o, “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən Xudu Məmmədov adına Beynəlxalq Mükafata layiq görülüb. Professorla söhbətimizə də onun indiyədək aldığı mükafatlar haqqında sualımızla körpü salmağa çalışdıq.
– Kamil müəllim, öncə sizi Xudu Məmmədov mükafatı almağınız münasibətilə təbrik edirik. İndiyədək çoxmu mükafat almısınız? Çoxsaylı mükafatların mövcud olduğu Azərbaycanda Xudu Məmmədovun adını daşıyan ödül sizin üçün hansı önəm kəsb edir?
– Təbrikiniz üçün
təşəkkür edirəm.
İndiyədək mənə
çox ödüllər
təqdim olunub. Türk dünyasının
mərkəzi sayılan
və Azərbaycandan on dəfə böyük olan Türkiyədə çox
önəmli mükafatlar
almışam. Orada Türk Dil Qurumunun,
Atatürk Kültür
Mərkəzinin fəxri
üzvüyəm. Türkiyə
Cümhuriyyətinin “Şərəf
və ləyaqət” nişanına, bir çox qurumların mükafatına layiq görülmüşəm. Bir
sıra başqa respublikaların elmlər akademiyasının, xüsusilə
Çingiz Aytmatov Akademiyasının həqiqi
üzvüyəm. Doğrusu,
mən Azərbaycandan
mükafat gözləmirəm.
İstəmirəm ki,
mənim bu sözlərimi küskünlük,
inciklik kimi başa düşsünlər.
Əlbəttə ki, hər bir insanın
içərisində əməyinin
qiymətləndirilməsi istəyi
var. Sadəcə, məndə bu hiss ödənilib daha artıq Azərbaycandan mükafat gözləmirəm. İndiyədək
Azərbaycanda böyük
qürur duyduğum iki mükafat almışam. Birincisi, Alim Qasımovla bağlı yazdığım
yazılara görə
mükafat almışam.
Çox sağ olsun, Mailə Muradxanlının rəhbərliyi
ilə keçirilən
bu müsabiqədə
mənim də adım seçilmişdi.
Buna görə çox sevinmişdim. Çünki Alim Qasımovun yaradıcılığını
çox sevirəm. O,
Azərbaycanın gəlmiş-keçmiş
ən böyük sənətkarlarından biridir.
İkinci fəxr etdiyim, mənim üçün çox böyük önəm kəsb edən ödül isə bu günlərdə aldığım Xudu Məmmədov mükafatıdır.
Bu mükafatla təltifləndirildiyim üçün
ilk öncə şair, alim qardaşım Elçin İsgəndərzadəyə minnətdaram.
Türk dünyasının
inkişafında onun böyük xidmətləri
var. Elçin İsgəndərzadənin Azərbaycanın
iki dəyərli oğlu-Xudu Məmmədov
və Şahmar Əkbərzadənin adına
mükafat təsis etməsi bu şəxsiyyətlərin adının,
xatirəsinin yaşadılması
naminə görülən
çox gözəl işdir. Mənim fikrimcə, Xudu Məmmədov Üzeyir Hacıbəylidən sonra
Azərbaycanın ən
böyük ziyalısıdır.
Mən bunu qətiyyən Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin, Sabirin, Müşfiqin, Səməd Vurğunun çiyninin üstündən
demirəm. Ancaq əgər bir adamın mədəniyyətə,
tarixə baxışını
zirvə kimi götürsək mənim
üçün bütün
dahilərimizin xidmətləri
unudulmamaqla, Üzeyir bəy bir zirvədir,
Xudu Məmmədov da başqa bir
zirvə- yeni dövrün zirvəsi. O,
əslində Azərbaycan
xalq hərəkatının
ilk şəhididir. Azərbaycanda Nobel mükafatını almağa
layiq olan, alim idi. Xudu
müəllimin arxasında
nə Mason təşkilatı, nə
Avropa Birliyinin liberal qurumları, nə də özünün yaşadığı
ölkənin akademiyası
vardı. Amma o, Nobel mükafatını
haqq edirdi. Odur ki, ondan
sonra kristalların quruluşuna əsərlər
həsr eləyənlər
bu mükafatı aldı, amma Xudu müəllim ala bilmədi. Amma bu, dərd deyil. Əsas dərd odur ki, biz onu
itirdik. Xudu müəllim Azərbaycan
üçün daha çox şeylər edə bilərdi. Amma bununla belə
yenə də ondan əsərləri, məktəbi qaldı. Səyavuş Dadaş, Rafiq Əliyev, İlham Əhmədov kimi onlarca insan
tanıyıram ki, onlar Xudu müəllimin
tələbələri, onun
böyük məktəbinin
davamçılarıdır. Ardıcılları Xudu müəllimin vergül qoyduğu yerdən onun metodunu davam
etdirərək Azərbaycan
sənətindən həmişə
nə isə oğurlamağa çalışan
istər fars, istər erməni, istərsə də rusa zorla mənimsədiklərinin
onlara aid olmadığını
sübut edən formullar, strukturlar, quruluşlar tapdı. Bu da Xudu müəllimin
məktəbinin qələbəsidir.
Onun məktəbinin yetirməsi olan Rafiq Əliyev çox gözəl alimdir, təəssüf ki, Azərbaycanda qədri bilinmir. Onun Xudu müəllimlə
birgə bulanıq (qeyri-səlis) məntiqlə
bağlı kəşfləri
Lütfi Zadə məktəbinin davamı olmaqla yekunlaşmır, həm də yeni məktəbin konturlarını, görüntülərini
bizə təqdim edir. Yeri gəlmişkən,
Xudu Məmmədova həsr etdiyim “Görüntülü türkologiya”
adlanan kitabım üzərində son tamamlama
işləri aparıram.
Bu kitabı onun əsərlərindən, söhbətlərindən
qidalanaraq yazmışam.
Xudu müəllimin qiyməti gələcəkdə
bilinəcək. Bugünkü
dövrün problemləri
onu görməyə
mane olur. Belə böyük şəxsiyyətin
adını daşıyan
mükafatı aldığım
üçün əlbəttə,
böyük qürur hissi keçirirəm.
– Professor, hazırda
Türkiyədəki fəaliyyətiniz
və son dövrlər
üzərində çalışdığınız
elmi işlər, kitablar barəsində məlumat almaq istərdik.
–Mən hazırda İstanbulun Yeditəpə Universitetində
türk abidələri,
türk dili tarixi, Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin
müqayisəli təhlilini
tədris etməklə
məşğulam. Orada
tamamilə yeni nəfəslə dərs deyirəm, tələbələrimi
çox sevirəm. Eyni zamanda universitetlə
razılaşmalar əsasında
araşdırmalar aparıram,
uydurma erməni soyqırımı məsələsi
ilə bağlı materiallar toplayıram. Bu materiallar universitetdə arxivləşir. Gec-tez bu məsələ-erməni
yalanları elmi dairəyə çıxacaq,
onda topladığım
bu məlumatların çox böyük əhəmiyyəti olacaq.
Bununla yanaşı elmi konfranslarda da uydurma erməni
soyqırımı ilə
bağlı çıxışlar
edirəm. Bir neçə ildən sonra (bundan tez
fikirləşmirəm, çünki
bu, kifayət qədər dərin mövzudur) bu materialları qruplaşdırıb
kitab halında çap etdirməyi düşünürəm. “Erməni
soyqırımı yalanları
və ya hədyanları” adlı bu böyük kitabda həmin məlumatların, sənədlərin,
materialların, mövzuyla
əlaqədar əldə
etməyi fotoların,
şəkillərin hamısı
yer alacaq. Bu kitabı büsbütün
sənədlər əsasında
tərtib edəcəyəm.
Haqqında söz açdığım məsələ
ilə əlaqədar
oğlum Toğrul Vəlinin köməkliyi,
daha doğrusu aparıcılığı ilə
bir film də ərsəyə gətirmişik.
İstərdik ki, bu həqiqətləri Azərbaycan televiziyaları
vasitəsilə ictimaiyyətə
çatdıraq. Ancaq
Azərbaycanın televiziya
kanalları birmənalı
olaraq bizə yumşaq desək, yad münasibətləri bəslədiyi üçün
biz də bunu onlara təqdim etmək niyyətindən uzağıq. Bundan başqa erməni- Azərbaycan ədəbi əlaqələri ilə
bağlı işıq
üzü görəcək
kitabın aşıq
ədəbiyyatı ilə
bağlı hissələrini
yazıram. “Əski erməni dilinin yeni erməni dilinə çevrilməsində
türk dilinin rolu” mövzusunda ayrı-ayrı yazılar yazmağı da planlaşdırıram. Bu mülahizələrim
də ya məqalələr toplusu,
ya da kitab
şəklində öz
əksini tapacaq. “Türk poetikasına giriş” kitabımı isə artıq bitirmişəm, çapa
hazırlanır. Bundan
başqa Alim Qasımova üzümü
tutub “Səs” adlı kitab yazmışam. Bu kitab da Alim Qasımovun
tərcümeyi-halından bəhs
olunmur. Amma onun səsindən təsirlənib düşüncələrimi
qələmə almışam.
Həmin kitabda səs dünyasına daxil olub düşüncələrə
dalan bir elm və sənət adamının fikirləri
yer alıb. Onun da yaxınlarda
nəşri nəzərdə
tutulur. Sonda onu demək istərdim ki, hər şeyə rəğmən vətənimə
hər gəlişim mənə böyük sevinc bəxş edir. Çoxdan görmədiyim dostlarımla,
ləyaqətli insanlarla,
dəyərli ziyalılarla
görüşürəm, söhbətləşirəm. Bu gəlişimdə də elə oldu. İndiki gəlişimdə
isə mənim üçün xüsusi
əlamətdar hadisə
həm də görkəmli Xudu Məmmədovun adını
daşıyan mükafatı
almağım oldu.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 31 dekabr.- S.22.