Ruh, can və yenidən bədənlənmə
Türkcəmizdə vətəndaşlıq haqqı qazanmış “ruh” sözcüyünün Müqəddəs Oxuda fərqli mənası var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur – “ruh”. Məsələn, rus dilində “dux”, “duşa” sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz isən bunları birləşdirib ümumilikdə hər ikisinə “ruh” deyirik.
Ayələrin birində belə bir ifadə keçir: “Və səndən Ruh barədə soruşarlar. De “Ruh Rəbbimin əmrindən, işindən... Sadəcə az verilmiş sizə elmdən” (“əl-İsra” – Gecə yolçuluğu, 85).
Ayədə ifadə olunan hikmətdən ilk qavrayışda bunu tutmaq olur ki, insan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində İlahini dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar – təfəkkürə sığmaz anlayışlardan ibarətdir ki, bunlardan biri də ruhdur. Və ruh Rəbbimizin işindən olduğuna görə bu barədə düşünməyə də bilərik.
Bu ayədən çıxış edən ilahiyyatçıların böyük əksəriyyətinin dediyinə görə, ruh barədə müəyyən qənaətlər əldə etməkdən ötrü düşünməyə belə dəyməz. Məncə, həmin ayə başqa cür düşünmək üçün də müəyyən impuls verir. Çünki ayədə deyilir ki, “sadəcə az verilmiş sizə elmdən”. Belə çıxır, elmdən çox verilsəydi, deməli, bu barədə hansısa axtarışlar aparmaq mümkün olardı. Və bunu duymamaq çətin deyil ki, ayədə eyni zamanda ruhun nə olduğunu anlatmaqdan ötrü insanın dünyagörüşü və dünyaduyumunu artırmaq istiqamətində bir təşviq də var.
Elə bilirəm insanın yaradılışı haqqında Quran ayələrinə müraciət etsək müəyyən qənaətlərə gəlmək üçün imkan qazanmış olarıq.
Ayələrdə insanın yaranması prosesinin ən müxtəlif mərhələlərinə dair məlumatlar var. Amma bu da Quran məlumatıdır ki, insanın yaradılışında işlənən materiallar içində yer materialları (torpaq, su, nütfə və s.) olmuşsa da yaradılışa başlanması prosesi yer üzündə baş verməmişdir. Harada, niyə, necə suallarına cavab uzun bir söhbətin və təxminlərin mövzusudur. Mətləbdən yayınmadan bildirək ki, onun yaradılışında istifadə olunan ilkin material ərəbcəsi “nəfs” olan, bizim “can” deyə tərcümə etdiyimiz materialdır. Ilk insan cütü indi bilinən insan qiyafəsinə düşməzdən öncə can cütlüyünü təmsil edib: “Ey insanlar, çəkinin Rəbbinizdən, O varlıqdan ki, sizi tək bir candan yaratmış. Bundan onun tayını yaratmış da hər ikisindən çoxlu sayda kişilərlə qadınları hasilə gətirmiş O...” (Nisə – Qadınlar, 1). Ayədə çoxlu sayda kişilər və qadınların bu can cütlüyündən törəmə olaraq yaranmasına diqqət çəkilir. Və yaradılış prosesindən məlumdur ki, həmin o “çoxlu sayda kişilər və qadınlar”ın da yaranmasında ilkin olaraq o can materialı iştirak edib.
İnsanın yaradılış prosesində Rəbbimizin ona görkəm verdiyi, Öz ruhundan ona üfürdüyü də yer alır (Səcdə, 9). İnsanın fiziki hərəkəti və ağlının işə salınması faktiki olaraq bu ruhla yüklənmədən sonra başlayır.
Ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizika elmi də hələlik dəqiq qənaətlərə gələ bilmir. İmanımız bizə bunu deyir ki, enerjinin ilkin mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın Özüdür. Əslində Onun dərkinə müqəddəs Kitabımızda xeyli təşviqlər olduğuna görə, biz ruh deyilən nəsnənin də dərkinə hər zaman bu kontekstdə çalışmalıyıq. Ancaq bütövlükdə Tanrını dərk məsələsində olduğu kimi, ruhun da tam anlamda dərki müşküldür, insan təfəkkürünə sığmazdır. Və ruhun mahiyyəti barədə insan təfəkkürünün acizliyi də, elə bilirəm, bundan doğur. Bəs insan dünyasını dəyişəndən sonra canın və ruhun aqibəti necə olacaq?
Ruh
birbaşa Tanrının özünə qayıdır, hər
can isə ona qayıda bilməz. “Can” sözü Müqəddəs
Oxu orijinalında “nəfs” sözü ilə ifadə olunur.
Bu, bizim çox zaman mənfi mənada
anladığımız kimi “nəfs”, “tamah” mənasını
vermir. Tanrı lütfünün mütləq mənada hakim kəsildiyi
bir fəza sistemi var ki, adına “cənnət” deyilir.
Yalnız paklanmış, arınmış canların həmin
məkana daxil olma məsələsi var. Fəqət
Tanrının insanı yaratdığı zaman canına
üfürdüyü o ruh isə birbaşa Tanrının
özünə qayıdır. O çirkab götürmür, ilahi materialdır və
hər bir insanda var. Təfəkkürümüzə təkan
verən, bizi hərəkətə gətirən bu daimi
enerjinin insandakı müvəqqəti fəaliyyət yeri
cismani varlığımızdadır. İnsan
dünyasını dəyişən zaman həmin o enerjinin
bir hissəsi birbaşa Allaha qayıdır, digər hissəsi
isə canı hərəkətdə saxlamaqla fəaliyyətini
sürdürür. Yalnız paklanmış canlar birbaşa cənnətə
gedir, təmizlənməmiş canların isə din
anlamında aqibəti cəhənnəmlikdir.
Elmi ədəbiyyatda belə
bir termin var – reinkarnasiya (ruhun təkrar qayıdışı
və bədənlənməsi). Ənənəvi İslam
bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi
məşhər günü təssəvvürlərinə
zidd məzmundadır. Bu təsəvvürlərdə yer alan
başlıca məqam ondan ibarətdir ki, bütün insanlar
həmin gün dirçəlib və bir yerə
toplaşıb məhz bir dəfə yaşadıqları
dünyadakı əməllərinə görə Tanrı
qarşısında hesabat verməlidirlər. Hind
düşüncəsində isə belədir ki, hər bir
insan paklanmaya qədər bizim ruh dediyimiz canı təkrar-təkrar
dünyaya qayıdır, arınma prosesini keçə-keçə
nəhayət tam paklanmış vəziyyətdə cənnətə
doğru yönəlir. Və bu düşüncə yiyələrinin
əqidəsincə, cənnət Allahın mütləq mənada
lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm
isə yaşadığımız dünyadır. Adəmin cənnətdən
qovulması və yer üzünə göndərilməsini də
misal çəkirlər. Ki, o əgər cənnətdən
qovularaq yer üzündə yaşamağa məhkum olunubsa,
deməli, yer üzündəki həyatın özü cəhənnəm
timsallı bir ömür möhlətidir və s.
Təbii ki, Quran məntiqi
baxımından dünya həyatının bu cür
qavranılması yanlışdır. Yoxsa ki, Rəbbimiz istəkli
bəndələri olan inananlara müqəddəs
Kitabımızda belə bir dua reseptini rəva görməzdi
ki, onlar “Rəbbimiz! Bizə dünyada da gözəllik ver,
axirətdə də...” (“əl-Bəqərə” – İnək,
201) deyələr.
Ancaq elə ayələr də
var ki, bunlardan reinkarnasiyanın məşhər
inanışına zidd olmadığı fikrinə də dəstək
almaq mümkündür. Məsələn, Rəbbimizin belə
bir buyruğuna qulaq kəsilək: “Bir təqdirə
bağladıq aranızda ölümü. Qabaqlanan da deyilik o
şeydə ki, yerinizə sizin kimi başqa kimsələr gətirək,
sizi bir də yaradıb yetişdirək siz bilməyən nəsnədə”
(“əl-Vaqia” – Olacaq, 60-61). “Sizi bir də yaradıb yetişdirək
siz bilməyən nəsnədə” ifadəsi belə bir fikrə
işıq tuta bilər ki, bu, elə həmin
reankarnasiyadır. Yəni insanın canı indiki həyatında
dərk etmədiyi bir şəkildə kiminsə bədənində
olacaq. Və yəni təkrar-təkrar həyata qayıdacaq.
Yaxud da: “Necə dana bilərsiniz Tanrını, ölülərdiniz,
sizə həyat verdi O, yenə ölüldər də yenə
dirildər, yenə də siz Ona qaytarılarsız” (“əl-Bəqərə”
– İnək, 28). Bu ayədə də dünyaya təkrar
gediş-gəlişlərə işarə kimi səslənən
hikməti duymamaq mümkün deyil. Canın təkrar
qayıdışına dair anlaya bildiyimiz digər ayələrə
də baxaq: “Dedilər: “Rəbbimiz! Sən bizi iki dəfə
ölültdün, iki dəfə diriltdin. Etiraf eylədik
suçlarımızı. Varmı bir çıxış
yolu?” (“əl-Mumin” – İnanan, 11). Bu ayədən belə
çıxır ki, ola bilsin can dünyaya təkrar
qayıdışlarında heç təkamül prosesi
keçməsin. Elə böyük günah işlətsin
ki, təkrar bədənlənməsində çox
aşağı mərtəbəyə enmiş olsun.
Məsələnin bu cür dərki təbii ki, hind düşüncəsindən fərqli bir baxışa, daha geniş və mükəmməl bir dəyərlər sisteminə əsaslanır. Müqəddəs Oxuda cəhənnəmin təsviri verilən çoxsaylı ayələrdə suç yiyələri belə bir yalvarışda bulunurlar ki, Tanrı onları bir daha dünya həyatına qaytarsın. Və hər belə yalvarışa Tanrıdan rədd cavabı gəlir.
Məşhər – insanların bir yerə toplaşıb əməllərinə görə haqq-hesab veriləcəyi gündür. Hesab edirlər ki, əgər məşhər günü varsa və insanlar əməllərinə görə cavab alacaqlarsa, niyə Tanrı onları öldürəndən sonar bir daha dünya həyatına qaytarmalıdır. Elə bilirəm, Tanrı iradəsilə bağlı məsələlər var ki, biz də bu iradənin sərhədsizliyini, heç şübhəsiz, qəbul etməliyik. Çünki bu da müqəddəs Oxu məntiqinin təlqin etdiyi bir inanışdır.
Canların təkrar bədənlənməsi mütləq mənada onların paklanmasını ehtiva etmir. Müqəddəs Oxuda belə bir müddəa yoxdur ki, canlar mütləq və tam mənada təmizlənmə prosesini başa vurmalıdır. Yalnız pak canların cənnətə düşməsindən söhbət gedir. Arınmağa macalı olmayan canların ilkin gedəcəyi yer isə cəhənnəm olaraq vurğulanır.
Qiyamət günü ilə bu dünya arasında “bərzəx” deyilən bir dövr var. Canların təkrar bədənlənməsi məsələsi varsa, bu proses həmin dövrdə – qiyamət gününə qədər olan zamanda baş verəcək. Bu fərziyyənin lehinə olan bir ayədə deyilir: “Başınıza nə müsibət gəlirsə bu sizin öz əlinizin qazandığı üzündən. Və bağışlar bir çoxunu” (Şura, 30). Bəzən düşünməli olursan, əgər başımıza gələnlər yalnız öz əlimizin qazancıdırsa, onda anadan şikəst doğulan körpənin günahı, günahsız bir bəndənin qəfil fəlakətə düçar olma səbəbi nədir? Bu fərziyyəyə əsaslanıb demək olar ki, bizdən ötrü ədalətsiz görünən aqibətlər öncəki bədənlənmə pilləsində insanın törətdiyi hansısa ağır cinayətlərin nəticəsində hasil olur və həmin o ruh dediyimiz can yeni bədənlənmə dövründə cəhənnəm əzabı çəkir.
Bu sətirlərin müəllifinin qənaətincə, ilahi hikmətlər reinkarnasiya məsələsini istisna etmir və bunu eyni zamanda mütləqləşdirmir də. Mütləqləşdirilməyi Quranın universal məntiqinə zidd olardı. Və bu məntiqlə Tanrı seçimincə olan bəzi istisnaları da qəbul etməmək sadəcə mümkün deyil.
Müqəddəs Oxuda insanın heyvana dönməsi, insanlıqdan çıxması məsələsi də var. Bu da yenə onun həyatda işlətdiyi suçların nəticəsi olaraq məhz dünya həyatında verilən bir cəza kimi anlaşılmalıdır. Rəbbimiz buyurur: “...Qovulmuş meymunlar olun” söyləmişdik onlara. Bunu etdik onların çağdaşlarına, xələflərinə bir görk cəzası, çəkinənlərəsə bir öyüd olaraq” (“əl-Bəqərə – İnək, 65-66). Bu da İlahinin Öz iradəsilə kimlərisə heyvana döndərməsinə aid konkret bir Oxu ayəsi.
Nəriman QASIMOĞLU
525-ci qəzet.- 2009.- 31 dekabr.- S.20.