Ziyarətiniz qəbul olunsun

 

Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyində

 

REPORTAJ-EKSKURSİYA

 

Günümüzün gəncliyi gündəlik qayğılarla yüklənən, gerçək və bəzən də uydurma problemlərin məngənəsində sıxılan cəmiyyətin bir hissəsidir. Görünür, elə bu səbəbdən də hazırkı gəncliyin milli-mədəni dəyərlərin, maddi mədəniyyət nümunələrimizin önəmli bir qisminin toplandığı muzeylərə münasibəti də bütövlükdə cəmiyyətin yanaşmasından çox da fərqlənmir. Bəlkə biganəlik, inkarçılıq baxımından bu münasibət daha da xoşagəlməz və arzuolunmazdır. Gənclərin çoxunda mədəni sərvətlərimizin cəmləndiyi muzeylərə qarşı laqeydlik hiss olunur. Xüsusən görkəmli şəxsiyyətlərin ev-muzeylərinin ziyarətçiləri sırasında gənclər nadir hallarda gözə dəyirlər. Oxucularımızı muzeylərə qiyabi ziyarətə aparacaq reportaj-ekskursiya silsiləsi hazırlamaqla ilk növbədə gənclərdə maraq oyatmaq, onların diqqətini cəlb etmək niyyətindəyik. Ümidvarıq ki, indi ilk nümunəsini təqdim etdiyimiz bu yazılar silsiləsi gənclərimizin bir çoxunda Azərbaycan muzeylərilə əyani tanış olmaq, maddi-mədəniyyət abidələrimizin, dəyərli şəxsiyyətlərimizlə bağlı xatirə əşyalarının qorunduğu və sərgiləndiyi məkanlarımıza baş çəkmək istəyi yaradacaq.

Cəlil Məmmədquluzadə Azərbaycanda böyükdən kiçiyə hər kəsin yaxından tanıdığı və sevdiyi şəxsiyyətlərdəndir. Bu gün Mirzə Cəlilin heç olmasa bir əsərini oxumayan çətin tapılar. Bu dahi şəxsiyyətin yaratdığı obrazlar bu gün də aktualdır, elə yüzillər sonra da aktual olacaq. Ölməz əsərlər müəllifinin həyat və yaradıcılıq yoluna bir daha nəzər salmaq üçün onun Ev-Muzeyinə yollanırıq. Muzeyin yerləşdiyi bina XIX əsrin axırları, XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət abidəsidir. Süleyman Tağızadə 56 ünvanında yerləşən evdə Mirzə Cəlilin ömrünün mühüm bir dövrü keçib. Evin keçmiş ünvanı Köhnə Poçt küçəsi 64 olub. Cəlil Məmmədquluzadə 1921-1932-ci illərdə bu evdə yaşayıb. 1922-ci ildə isə Xalq Komissarları Sovetinin qərarı ilə həm mənzil, həm də redaksiya kimi rəsmən Mirzə Cəlilə verilib. “Molla Nəsrəddin” jurnalı da bir ara bu mənzildə işıq üzü görüb. Muzeyi digərlərindən fərqləndirən başlıca cəhət odur ki, burada Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın vəfatından (1955) sonra başqaları yaşayıblar. Həmidə xanım əlyazmaları Nizami adına Ədəbiyyat Muzeyinə təhvil verib, bu əlyazmalar uzun müddət o muzeyin damında saxlanılıb. Ədibin Ev-Muzeyi 16 iyul 1978-ci il tarixli qərarla yaradılıb. Bundan sonra Həmidə xanımın muzeylərə təqdim etdiyi eksponatlar geri qaytarılıb. Bu da çox əziyyətli bir iş olub. Açılış mərasimi xeyli sonra gerçəkləşib.

Muzey 5 zaldan ibarətdir. Hazırda muzeyin direktoru Pərixanım Mahmudovadır. Bizə isə Xatirə xanım bələdçilik etdi.

GİRİŞ OTAĞI yazıçının uşaqlıq, gənclik, yaradıcılığını əks etdirən eksponatlarla zəngindir. Otağa daxil olan kimi sol tərəfdə divardan üstündə ağ süfrə və meyvə vazası olan komod qoyulub. Komodun üstündən divarda çərçivədə yazıçının doğum haqqında şəhadətnaməsi, Naxçıvanda doğulduğu evin rəsmləri, seminariyadakı ¹1565 şəxsi işi və oranı bitirmək haqqında attestat, qiymət cədvəli var. Digər divarda vitrində Sofokl, Şekspir, Qoqol, Krılov, S.Ə.Şirvaninin əsərləri, “Çay dəstgahı” əsərinin əlyazması (1889-cu il 29 dekabr), “Danabaş kəndinin əhvalatları”, “Molla Nəsrəddin”in iki nömrəsi yer alıb. Vitrinin üstündə Mirzə Cəlilin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mola Pənah Vaqif haqqında dediyi sözlər və onların rəsmləri var. Başqa bir vitrində “Qeyrət” mətbəəsində “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi, əməkdaşlıq etdiyi və ədibin “Poçt qutusu” hekayəsinin ilk dəfə çap olunduğu “Şərqi-Rus” qəzeti, Şövqi Novruzovun “Şərqi-Rusun çağırışı”, Abbas Hacıyevin “Tiflis ədəbi mühiti”, C. Məmmədquluzadənin “Saqqallı uşaq” (rus dilində) kitabları qoyulub.

QONAQ OTAĞInın mərkəzində üstünə ağ əl işi olan süfrə salınmış, üzərində yemək dəstləri qoyulmuş masa yerləşir. Masa ilə üzbəüz ev əşyaları qoyulan servant, servantın künclərindəki rəflərdə Həmidə xanımın nəvəsi Mina Davatdarovanın muzeyin açılışında hədiyyə etdiyi çaydan, digər rəfdə isə sonradan bağışladığı süd qabı var. Otağın küncündə üstünə kiçik samovar olan şkaf qoyulub. Divarlarda ədibi əsərlərinə çəkilən illüstrasiyalar yer alıb. İri divar saatı da buradadır.

YATAQ OTAĞInda çarpayı, yerdən qoyulmuş gecə lampası, içərisində geyimlər olan iki dolab, Həmidə xanımın güzgülü masası var. Masanın üstündə ətir qabları və digər ləvazimatlar qoyulub. Həmidə xanımın şəxsi çantasına da burada rast gəlirik. Otağın küncündə vitrində geyimlər qoyulub. Vitrinin üstündə Həmidə xanımın Kəhrizlidəki malikanəsinin rəsmi, Mirzə Cəlilin övladlarına yazdığı məktubların surəti (Həmidə xanım və övladları bir müddət Kəhrizlidə yaşayıblar) vurulub. Otağın yerinə qədim palaz salınıb.

İŞ OTAĞInın mərkəzində masa var. Təbrizdə çap olunan “Molla Nəsrəddin” jurnalının 8 sayı, “Molla Nəsrəddin”çilərin rəsmləri divarda yer alıb. Otağın bir divarı ədibin dram yaradıcılığını əks etdirir. Burada “Anamın kitabı”, “Dəli yığıncağı”, “Danabaş kəndinin məktəbi”, “Keçən günlər”, “Danabaş kəndinin əhvalatları”, “Ölülər” tamaşalarının afişaları nümayiş olunur.

REDAKSİYA OTAĞInda vaxtilə “Molla Nəsrəddin” jurnalı hazırlanıb. Yazı masasının üstündə şamdanlar, mürəkkəb qabları, bəzək əşyaları, “Molla Nəsrəddin” jurnalının bir nömrəsi var. Buradakı kitabxanada əsasən o dövrə aid ensiklopediyalar, müxtəlif nəşrlər yer alıb.

Ədibin dünya şöhrətini ifadə edən xəritə divardan asılıb (tamamlanmayıb). Oval masanın üzərində rəy kitabı qoyulub. Hədiyyə etdiyi iri saat divardan asılıb. Otağın küncündəki vitrində C.Məmmədquluzadənin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvlüyünə namizəd seçilməsi, Xalq Maarif Komisarlığının məsul işçi olması, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinə üzvlüyü haqqında vəsiqələr var. Otaqda olan digər vitrində yazıçının bel qayışları, canamaz və digər əşyalar, küncdə isə asılqan qoyulub.

 

 

Ziyarəti təqdim etdi

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 31 dekabr.- S.19.