Elm sahəsində plagiat
problemi
Son günlər ölkəmizdə elmi araşdırmalar, xüsusilə elmi dərəcələrin verilməsi sahəsində mövcud olan nöqsanlar ən yüksək səviyyələrdə müzakirə edilməkdədir. Dəfələrlə toxunduğumuz bu ağrılı problemin bir sıra tərəflərinə öz münasibətimizi bildirmək istərdik.
ELMİ ARAŞDIRMALARIN İLK MƏRHƏLƏSİ
Hələ Sovet dövründən Elmlər Akademiyasının ayrıca bir quruma çevrilib təhsildən uzaqlaşması elm və təhsilin vəhdətini pozmuş, xüsusilə gənclərin elmi proseslərə qoşulmasına sədd çəkmişdir. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi-tədqiqat mərkəzləri məhz universitetlərin nəzdində fəaliyyət göstərir. Ona görə də, tələbələr çox erkən elmi yaradıcılığa cəlb olunur. Bugünkü hər bir referat özündə sabahkı geniş tədqiqatın rüşeymini daşıyır. Təəssüf ki, ölkəmizdə bu məsələ olduqca yarıtmaz vəziyyətdədir. Tələbələrin yazmalı olduğu kurs və buraxılış işlərinin, magistr dissertasiyalarının onlara satılması hamının bildiyi bir faktdır. Bunun qarşısını almaq üçün universitetlərin elmi potensialı güclənməli, Elmlər Akademiyasının alimləri tədris prosesinə, xüsusilə tələbələrin elmi yaradıcılıqla məşğul olması işinə cəlb olunmalıdır. Bakı Dövlət Universitetinin və Elmlər Akademiyasının binalarının sıx yaxınlığı bunun üçün olduqca yaxşı bir şərait yaradır.
Təbii ki, tələbələrin elmi yaradıcılığı yalnız kurs işləri və sairə ilə məhdudlaşmayıb, daha intensiv xarakter daşımalı, yazılan işlərin oğurlanıb yenidən satılmasının qarşısının alınması üçün onlar kompyuterlərin yaddaşına köçürülməli, hər bir oğurluğun həm kafedra və dekanlıq, həm də rektorluq tərəfindən açılmasına xidmət edən bir tərzdə proqramlaşdırılmalıdır. Burada universitetlərarası əməkdaşlıq da faydalı ola bilər. Məsələn, Misir Ərəb Respublikasında tələbəyə hər hansı bir mövzu verilərkən, həmin mövzunun digər universitetlərdə işlənib-işlənməməsi mütləq universitetlərarası əməkdaşlıq prinsipi ilə yoxlanılır. Ölkəmizdə isə eyni bir kafedrada bir buraxılış işi bəzən dəfələrlə “müdafiə olunur”.
Ən böyük problemlərdən biri də yalançı alimlərin auditoriyalara yol açması, müqəddəs dərs saatlarını boş söhbətlərlə başa vurulmasıdır. Hər bir səviyyəsiz auditoriya saatı elmimizə, mənəviyyatımıza və gələcəyimizə xəyanətdir. Buna görə də, mövcud texniki vasitələrdən istifadə etməklə dərs saatlarının əyaniləşməsi günümüzün vacib tələbinə çevrilib. Digər tərəfdən, tələbələrə müasir təhsil sisteminə xas müəllim seçmək şansının verilməməsi də qüsurlu haldır. Məhz buna görə də, təhsil sahəsindəki islahatlar yarımçıq xarakter daşıyır və nəticə isə heç də həmişə arzuedilən olmur.
TƏDQİQAT, TƏRTİBAT
YOXSA TƏRCÜMƏ?
Elmimiz qarşısında duran əsas problemlərdən biri dissertasiya mövzularının düzgün seçilməməsi ilə bağlıdır. Elmi əsərlərin yeniliyinin düzgün anlaşılmaması bir çox hallarda elmi tədqiqat əvəzinə ortaya tərtibat və tərcümə əsərlərinin çıxması və bu əsərlərin də dissertasiya kimi müdafiə edilməsi ilə sonunclanır. Bəzən dəfələrlə işlənmiş mövzular yeni ad altında təqdim olunur, dissertant elmə heç bir yenilik gətirmədən deyilən fikirləri təkrarlayır. Təəssüflər olsun ki, bu cür dissertasiyalar bəzən heç bir çətinliklə üzləşmədən uğurla “müdafiə edilir”. Hətta çətinlik yaransa belə, dissertant əvvəl-axır dəyərsiz tədqiqatını işə keçirə bilir. Halbuki həqiqi istedadlar elmi işlərini müdafiə etmək üçün xeyli çətinliklərlə qarşılaşırlar. Bu yerdə məşhur bir deyim yada düşür: “İstedadlara yol verin, istedadsızlar özləri özlərinə yol açacaqlar”.
Azərbaycan elmində, xüsusilə humanitar sahədə “bu mövzu Rusiyada və yaxud ərəb ölkələrində işlənib, Azərbaycanda isə işlənməyib” arqumenti hökm sürür. Nəticədə dissertasiya işi elə həmin əsərlərin tərcüməsinə çevrilir. İndi dünyanın bir çox elmi tədqiqat mərkəzi arasında mübadilə imkanlarının artdığı, hər bir kəsin asanlıqla dünyanın hər hansı bir regionunda gedən elmi prosesləri izləmək şansının olduğu bir zamanda bu problem birdəfəlik həll olunmalı, Azərbaycan üçün yenilik anlamı dünya səviyyəsində yenilik gətirmə tələbatı ilə nəticələnməlidir. Bu tələbat elmimizə xas digər bir bəlanı, plagiat azarını da cilovlayar. Bəzən nəinki xaricdə yaşayan alimlərin əsərləri oğurlanır, hətta bir institutda, bir şöbədə, bir kafedrada işləyənlərin öz həmkarlarının zəhmətinin məhsuluna yiyələnməsi də baş verir. Eləcə də dünyasını dəyişmiş alimlərin haqqı da layiqincə qorunmur. Buna görə də, müəllif haqları məsələsi bir daha gündəmə gəlməli, plagiatla məşğul olanlar cəzalanmalıdır.
Plagiat problemi elm sahəsində digər ağrılı məsələni – həmmüəlliflər məsələsini ortaya gətirir. Məsələ burasındadır ki, plagiatla məşğul olan başabəla alimlər özlərini sığortalamaq üçün bəzən nüfuzlu şəxsləri özlərinə həmmüəllif olmağa razı sala bilirlər. Bununla da onlar bir tərəfdən oğurluqlarının üstünün açılmasının qarşısını alır, digər tərəfdən isə başqasının zəhməti hesabına özlərinə arxa, himayədar qazanırlar. Halbuki dünya praktikasında həmmüəlliflər tərəfindən yazılan əsərlərdə hər bir kəsin yazdığı fəsil, bölmə ayrıca göstərilir.
Azərbaycanda həmmüəllifliyin digər nöqsanlı tərəfi rəhbərlikdə təmsil olunan şəxslərin sıravi işçilərin zəhmətinə şərik çıxmasıdır. Bu, mənə vaxtilə gördüyüm bir karikaturanı xatırladır. Həmin şəkildə bir nəfər arıq, sümükləri çıxmış kişi velosiped sürürdü. Şişman bir kişi isə onun tərkində oturmuşdu. Karikatura “həmmüəlliflər” adlanırdı.
FƏRD yoxsa MƏKTƏB?
Təəssüflər olsun ki, Azərbaycanda elmin inkişafında fərdiçiliyə meyl bir çox hallarda məktəb yaratmaq istəyini üstələyir. Elmdə fərdiçilik qol-budağı olmayan, əvvəl-axır qurumağa məhkum bir kötük kimidir. Məktəb isə budaqları şaxə verən, bəhrəsi tükənməz iri gövdəli, bol bəhrəli bir ağacdır. Gəlin etiraf edək ki, alimlərimizin bəzilərinə cılız paxıllıq hissi xasdır. Bu paxıllıq nisbətən gənc kadrların, istedadların boğulmasına yönəlir, onların irəli getməsinə, öz potensialını aça bilməsinə maneçilik törədir. Sovet dövründə elmi məkanın nisbətən genişliyi bu halı bir qədər cilovlayır, öz ölkəsində şəraiti olmayan alimlər Moskvaya, Kiyevə və s. üz tuturdular. Müstəqillik dövründə isə ayrı-ayrı alimlərin müəyyən elm sahələrindəki monopoliyası dözülməz həddə çatıb. Nəticədə bir sıra elm sahələrində dünya səviyyəsində tanına biləcək kadrların yetişməsi ləngiyir. Elmimizdə müasir dövrün tələblərindən geri qalan köhnə nəslin və əl-ayağı bağlı yeni nəsilin mövcudluğu əbədi və əzəli atalar və oğullar problemini ölkəmizdə eybəcər bir şəklə salıb. Öz şöhrət hay-küyünün harayına qalan və təəsüflər olsun ki, bir çox hallarda geniş imkanları olan və mühüm elm sahələrini nəzarətdə saxlayan alimlər elmimizin əsas bəlasıdır. Təbii ki, alim məhz yetişdirmələri ilə tanınır. Yetişdirmələr və yetişdirmələrin yetişdirmələri ona əbədi bir ehtiram gətirir. Bu olmayan yerdə elmin inkişafı da şübhəli və perspektivsizdir. Məsələn, dünyaca məşhur olan Peterburq şərqşünaslığının çoxsaylı dəyərli alimləri ilə yanaşı bu gün dünya səviyyəsində etiraf edilən iki məşhur nümayəndəsi var. Bunlardan biri Miçiqan universitetinin professoru, İslam Ensiklopediyasının 3-cü nəşrinin sufizm bölməsinin məsul redaktoru Aleksandr Knış, digəri isə məşhur quranşünas alim, “Quran və onun dünyası” əsərinə görə bir çox beynəlxalq mükafatlara layiq görülmüş, o cümlədən Səudiyyə kralının qızıl medalını almış Yefim Rezvandır.
Bu alimlərin bugünkü uğurlarında A.Xalidov, P.Qryazneviç və s. kimi Peterburq şərqşünaslarının böyük xidməti olub. Knışın və Rezvanın uğurları bütünlükdə Peterburq şərqşünaslığına, onların rəhbəri olmuş alimlərə, Kraçkovski məktəbinə də uğur və şöhrət gətirib. Yəni məktəb yaratmaq və o məktəbin bəhrəsini görmək əsl alimə xas cəhətdir. Təəssüf ki, Azərbaycanda məhz müstəqillik dövründə bu mühüm məsələ nəzərdən yayınıb, elmdə fərdiçilik əhvali ruhiyyəsi bəzi elm sahələrinin axsamasına gətirib çıxarıb.
Azərbaycan insanına xas bu cəhət, yəni özündən başqa heç kimin qabağa çıxmasına imkan verməmək az qala milli mentalitetimizə xas bir qüsur mahiyyəti kəsb edib (Məşhur qır qazanı lətifəsini xatırlayaq.) Mənə elə gəlir ki, bu qüsurun səbəbini xalqımızın uzun illər boyu əsarət altında olması ilə izah etmək olar. Kölə psixologiyasına xas olan özünəinamsızlıq, cürbəcür komplekslər, qazanılan uğuru hər an itirə bilmək qorxusu az-çox istedadı olan hər bir kadrı rəqibə çevirir, onun məhvi üçün bütün silahlar işə salınır, əvəzində istedadsız və əliəyri kadrlar əzizlənir, qabağa çəkilir, təriflənir və sairə. Bir ərəbşünas həmkarımın dediyi kimi, “konfetdən zibil, zibildən konfet hazırlanır”.
ELMİ JURNALLAR
PROBLEMİ
Elmi jurnal dedikdə, elmi məqalələri redaksiya heyəti tərəfindən oxunan jurnallar nəzərdə tutulur. Bu cür jurnallar jürisi olan (ərəbcə “muhakkəm”, ingiliscə “refereed”) jurnallar adlanır. Hər bir məqalə anonim şəkildə həmin sahənin mütəxəssisi olan iki redaktor tərəfindən oxunur. Hər iki redaktorun rəyi müsbət olarsa, məqalə nəşr edilir. Rəyin biri müsbət, digəri mənfi olduqda isə məqalə üçüncü rəyə göndərilir. Azərbaycanda elmi jurnallarda nəşr olunan məqalələrdən redaksiya heyətinin xəbəri olmur. Bu heyət, bir qayda olaraq, adlı-sanlı alimləri əhatə edir. Bir alim bəzən onlarla jurnalın redaksiya heyətində “təmsil olunur”. Amma bu, ancaq formal xarakter daşıyır. Çünki nəşr olunan məqalədən redaksiya heyətinin xəbəri olmur.
Ümumiyyətlə, nəinki elmi məqalələrin, hətta monoqrafiya və dissertasiyaların belə oxunmaması elmimizin əsas bəlalarındandır. Monoqrafiyalara və dissertasiyalara rəyi bəzən müəlliflər özləri yazır, rəyçilər isə yalnız imza atırlar. Ona görə də elm sahəsində dəyərsiz əsərlər günü-gündən artır. Hətta bəzən milli maraqlarımıza ziyan vuran əsərlər belə nəşr olunur. Çünki bayaq qeyd etdiyim kimi, bu əsərlər oxunmur.
Mənə elə gəlir ki, hər sahə üzrə bir elmi jurnal nəşr etmək Ali Attestasiya Komissiyasına həvalə edilə bilər. Bu qurumun ekspert komissiyaları həmin jurnalların redkollegiyasında təmsil olunmaqla məqalələri oxuyub rəy verdikdən sonra məqalələr nəşr olunar. Belə olduqda, məhz həmin jurnallarda nəşr olunmaq dissertantlar qarşısında bir tələb kimi irəli sürülər. Təbii ki, bunun üçün ilk növbədə dövlət yardımı və maliyyə vəsaiti lazımdır.
Bütün bunlar ölkəmizdə elm və təhsil sahəsində mövcud olan neqativ halların yalnız bir hissəsidir. Bu problemlərin həlli dövlət səviyyəsində dəstəklə bərabər, həm də hər bir alimdən öz işinə, öz elmi-tədqiqat sahəsinin gələcəyinə qayğı və vicdanla yanaşmağı tələb edir.
Aida QASIMOVA
525-ci qəzet.- 2009.- 2 dekabr.- S.2.