Hərbi –səhra komandirinin meymunu
Hərbi-səhra
komandirinin balaca, suyuşirin ipək meymunu yenə də
kresloda yayxanıb əyləşmiş sahibinin çiyinlərində
gəzirdi. Meymunun başa düşdüyü o idi ki, komandir
dincəlməyə başlayıb. Son aylarda onun
başının ağasının dincəlməyi getdikcə
mərasim şəklini alırdı. Həftə səkkiz, mən
doqquz qərargahda məclislər qurulur, süfrələr
açılırdı. Xüsusi zövqlə bəzədilmiş
və üstü hər cür naz-nemətlə doldurulmuş
bu şah süfrələrində dadlı yeməklər,
şirniyyatlar, çərəzlər, meyvələr, bahalı
içkilər, siqaretlər bir-birilə bəhsə girirdi. Məclislərdən
musiqiçilər, meyxanaçılar, rəqqasələr,
yüngül, dingiş qadınlar əskik olmurdu.
Meymun az vaxtda çox
görüb-götürmüşdü, öz yerini
yaxşı bilirdi. Döyüş mövqelərindən top,
güllə səsi eşidiləndə elə ki,
görürdü qərargahda ara qarışıb məzhəb
itib, ortada həyəcan, qanqaraçılığı var,
tez aradan çıxırdı. Onun gizlənməsi
üçün böyük daldanacaq lazım olmurdu: komandirin
çarpayısının altı, şinelinin qoltuğu, meyvə
səbətinin bir küncü, dəmir sobanın arxası...
Hərdən qorxuya düşmüş meymunbala sahibinin iri
qış papağında büzüşüb asılqandan
asılırdı.
Meymunun adı “Atəş”
qoyulmuşdu. Çünki hərdən gecələr
düşmənə xox gəlmək üçün toplar
guruldamağa başlayanda “Atəş” əmrini
döyüş mövqeyinə çıxarılmış
meymun verirdi. Əhlilləşdirilmiş heyvan sahibinin əlinin
işarəsilə ciyildəyən kimi lüləsi
düşmən tərəfə tuşlanmış toplar
alışdırılırdı.
Cəmi üç
ayın tanışı və dostu olsalar da, Atəş hərbi-səhra
komandirinə adyutantı qədər yaxın idi. Sahibi meymun
dostuna bir necə kostyum tikdirmişdi. Bunların içərisində
ən fısqırığı hərbi geyim idi. Hərbi-səhra
komandiri düşməni lərzəyə gətirən
növbəti atəşfəşanlıqdan sonra Atəşə
mayor rütbəsi vermişdi və bu təltif də
xüsusi təmtəraqla qeyd olunmuşdu. Meymunun paqonlarda
parıldayan ulduzlar lap göz deşirdi.
Əvvəllər Atəş
hərbi geyimdə daha çox görünərdi. Son vaxtlar
isə onu kef məclislərinə qara kostyumda
çıxardardılar. Hətta meymunun boynunda kəpənək
qalstuk, döş cibində yaylıq da olardı.
Atəş məclisin
yaraşığı idi. O, təkcə hərbi-səhra
komandirini deyil, süfrə arxasında əyləşənlərin
hamısını əyləndirərdi. Onlar meymunla qənşər-qənşərə
əyləşib düt deyincə vurardı. Meymuna badələri
toqquşdurmağı da öyrətmişdilər.
Meymunun anaşa çəkməyi
lap dəsgah idi. Xudmani çarpayısında uzanıb nazbalışa
dirsəklənəndə forsu adamı
öldürürdü. Qıçını
qıçının üstünə elə
aşırırdı ki, lap bəzən hərbi-səhra
komandirinin meymun variantına çevrilirdi. Yüz ilin nəşəxoru
onun kimi anaşa darta bilməzdi. Elə ki, Atəş
hallanırdı, bir oyunlar çıxarırdı ki, gəl
görəsən.
Hərbi-səhra
komandirinin sərt cizgiləri olan sifətinin
qırışığını yalnız onun
hoqqabazlıqları açırdı. Meymunun siqaret
tüstülətməyi, süfrədəkilərin
başında gəzməyi, kəndirbaz hərəkətləri,
məzəli rəqsi güllələri
boşaldılmış tapançanı havada
atıb-tutmağı sahibi üçün bütün
gördüklərindən maraqlı idi. Axır zamanlar hərbi-səhra
komandiri Atəşi qadına dadandırmışdı. Hər
dəfə yanına gətirilən
ayağısürüşkən qadınla yatıb-durandan
sonra meymununu onun üstünə
salışdırırdı. Qadınlar çimçəşə-çimçəşə
olsa da, ehtiraslı heyvancığaza təslim olurdular. Hətta,
bəzən Atəşə ayrıca qadın
düşürdü. Adam güllələmiş, qan
tökmüş, kəsik baş təpikləmiş hərbi-səhra
komandiri meymunun qadına girişməsinə ləzzətlə
tamaşa eləyirdi. Atəş özünü onun
ixtiyarına buraxmış qadının alt tumanını elə
cəld və ustalıqla soyundururdu ki...
Hərbi-səhra komandirinin əsəbləri
pozulmuş, içi-içalatı bir-birinə
qarışmışdı. Daha ağzının ləzzəti
qaçmışdı, istədiyini yeyə bilmirdi,
canının təpəri günü-gündən
azalırdı. Yaşı qırxı təzəcə adlasa
da, gendən baxan ona azı iyirmi yaş artıq verərdi. Sanki
o, meymun vasitəsilə dünyadan güc və həzz
almağa çalışırdı. Elə bil meymun məhz
onun yerinə “Atəş” əmri verir, geyinir, yeyir, içir,
kef çəkirdi. Meymunu bəsləmək elə
özünü bəsləmək kimi görünürdü
ona.
Hərbi-səhra
komandiri üç il bundan qabağa qədər
yaşadığı kiçik şəhərdə
aptekçi kimi tanınırdı, dərman işinə
baxırdı. Hərbi təlimi yalnız əsgərlikdə
görmüşdü. Ancaq xaraktercə möhkəm idi,
gözünün qorxusu yoxdu. Elə ki, Qarabağ
uğrunda qonşu Ermənistanla münaqişə başladı
və sürətlə qızışdı, bir də onda
ayıldı ki, qonşu ölkə ilə həmsərhəd
olan öz bölgəsində əsgərlərə
başçılıq edir. O zaman mərkəzi hökumət
dişsiz olduğuna görə bütün cəbhə boyu
münaqişənin ağırlığı
könüllü özünümüdafiə dəstələrinin
üzərinə düşmüşdü. Hər gün
güllə, top səsləri eşidilirdi, ölən,
yaralanan, əsir, itkin düşən olurdu. Qarşı tərəfdə
də vuruşmanı idarə edən hərbi-səhra
komandirləri idi. Bu qarşıdurmanın özəl cəhətləri
vardı. Döyüş bitən kimi tərəflər rabitə
vasitəsilə əlaqəyə girir, əsirləri, meyidləri
ya pula, ya benzinə, ya da başabaş dəyişirdilər.
Hər iki tərəf gülləni, tüfəngi, topu,
qumbaranı, zirehli maşını, hətta tankı rus
ordusundan satın alırdı. Rus generalları səxavətlə
hər iki tərəfi silahlandırırdı. Bu hərbi
ticarətin başında daha çox hərbi-səhra
komandirləri dururdu. Vətənpərvər əhalidən,
idarələrdən, təşkilatlardan, xeyriyyə cəmiyyətlərindən
ianə, yardım kimi toplanan pullar onların əlində cəmləşirdi.
Onlar da getdikcə qənimətlər, toplanan pullar, qeyri-məhdud
səlahiyyətlər hesabına idarəolunmaz fiqura
çevrilirdilər, güllələnməyə qədər
cəza verə bilirdilər. Hətta bəzən hər iki tərəfin
səhra komandirləri mərkəzə tabe edilmək
üçün öz hökumətləri tərəfindən
sıxışdırılanda qabaqcadan razılaşıb
xırda qələbə hücumları və ya geriçəkilmələr
təşkil edirdilər. Belə dava-dava oyununda ayaq altda
qalanlar, yaralananlar, ölənlər hesaba alınmırdı.
Bizim hərbi-səhra
komandiri daha yorulmuşdu. Getdikcə yaxşı başa
düşürdü ki, bu vuruş acı bağırsaq kimi
uzanacaq. Çünki qarşıdurmanın taleyi, deyəsən,
vuruşan tərəflərin əlində deyildi. Ancaq
başqa həmkarları kimi o da hökmlərindən əl
çəkmək istəmirdi. Axıra qədər
vuruşmaq istəyirdi, harda qırıla-qırıla... Hətta
təxribat olacağından qorxub evinə də getmək istəmirdi.
Gedəndə də yüngülcə arvad-uşağa
baş çəkib geri dönürdü. Onun ev işlərinə
baxanlar var idi. Yan-yörəsində silah alverini, əsgərlərin
ərzaq, geyim, başqa xırım-xırda məsələlərini
yoluna qoyanlar öz yerlərini möhkəmlətmişdilər.
Əlinin altında işləyib pul-para qazananların, ona
arxalanıb ora-bura əl atanların sayı barmaq
hesabını çoxdan keçmişdi.
Evinə getməyi seyrələndən
bəri hərdən onun xanımı bir-iki saatlığa
olsa da, qərargaha gəlib ərinə baş çəkərdi.
Son aylarda o da buralarda görünmürdü. Bir dəfə
o, ərinə demişdi ki, buranın şəraiti ər-arvadlıq
deyil.
Hərbi-səhra
komandiri kreslodan qalxıb köməkçisini səslədi.
Köməkçi içəri girən kimi sual gözləmədən
sanki əzbərlədiyi cümlələri hüdüləyib
tökdü:
– Komandir,
mövqelərimizdə sakitlikdir. Rubengil xeyir işimizdən xəbərdardır.
Bu gecə atışma olmayacaq.
O, köməkçidən
yeni bir şey eşitməyib qımışdı.
Çünki Rubenlə özü
danışmışdı. İrişə-irişə dedi:
– Toya
başlayırıq?
Köməkçi
qancıqlandı:
– İndi bəyi
hamama aparacağıq. Sağdış-soldış onu
gözləyir. Gəlinin paltarı da hazırdır. Axşam
saat altıda gəlini gətirəcəklər.
Hərbi-səhra komandiri gərnəşdi:
– Gecikdirməyin.
Toy gərək bəyin
adına layiq olsun.
– Baş üstə, komandir!
Bəy elə bəydir ki...
Həmişə köməkçisinə
ələkçinin qıl verəni kimi baxan və hərdən
onun yastı danışığına qıdığı tutan
komandir, sanki məzə üçün çımxırdı:
– Çərənləmə!
Buyur, bas bayıra!
Köməkçi
qaş-göz oynatdı, quyruğu olsaydı, quyruq
bulayardı.
Atəş köməkçinin
him-cimini göydə tuturdu. Sanki bu günün xüsusi
gün olduğunu və belə vaxtda şən və
qıvraq görünməyin vacibliyini yaxşı
anlayırdı. Bütün meymunlar kimi Atəşin də
ağzı açılanda dişləri çöldə
qalırdı. İndi də elə idi. Amma bu mənzərəni
görüb “Meymun dişlərini ağardır” demək
olmazdı. Bu görünüşün təsvirinə iki
söz lazım idi: “Meymun gülür”.
Atəş gülə-gülə
hoppanıb köməkçinin qucağına mindi və
onlar qapıdan çıxdılar.
Yəqin ki, başa
düşdünüz?! Axşam Atəşin toyu olacaqdı.
Meymun toyu olsa da, hazırlıq zamanı mərasimin
bütün incəlikləri nəzərə
alınmışdı. Köməkçi Atəşi bəy
hamamına aparırdı. Hamam uzaqda deyildi, qərargahın həyətində
idi. Ara qarışandan sonra əhalisi
köçürülmüş bu balaca kəndin ən
böyük evində yerləşən qərargahın
geniş, bağ-bağatlı həyətində bir azdan iri
süfrə açılacaqdı, bəylə gəlin toy
libasında süfrənin başında əyləşəcəkdi,
musiqiçilər mərəkə qaldıracaqdı,
aşbazlar tər tökəcəkdi, xidmətçilər
var-gəl etməkdən yorulub əldən düşəcəkdi,
Atəş həm bəylik, həm də meymunluq edəcəkdi,
buranın yolunu yaxşı tanıyan gənc fahişə gəlin
rolu oynayacaqdı, araq su yerinə axacaqdı, videokamera,
fotoaparat vurhavur işləyəcəkdi, sağlıqlar səhra
komandirində başlayıb, bəylə gəlində
qurtaracaqdı və axırda toplardan yaylım atəşi
açılacaqdı.
Bu tamaşa hərbi-səhra
komandirindən ötrü qurulurdu. İdeya müəllifi də
onun özü idi.
“Allah mübarək eləsin!”
– deyə hərbi-səhra komandiri dodaqaltı
mızıldana-mızıldana əlini saqqalına çəkib
güzgünün qabağına keçdi və
güzgüdə özünə baxa-baxa indikindən tamamilə
fərqlənən köhnə görkəmini və
keçmiş şəkillərini xatırladı. İlahi,
insanın belə düşməsi, bədən üzvlərinin
eyni vaxtda qocalması nə asan məsələ imiş. Dəyişən
təkcə onun görkəmi deyildi, bütün həyatı,
düşüncələri idi. Gör, zəmanə hara gəlib
çıxmışdı ki, dünənin sıravi bir
aptekçisi rus generalları ilə çaşka-loşka olub
onlardan tank, top satın alırdı və o, əlinin
içi kimi yaxşı bilirdi ki, həmin o silah-sursata verilən
pul onların əsl qiymətinin heç yüzdə biri də
deyil. Hər iki vuruşan tərəfə su qiymətinə
silah-sursat satılması onu çoxdan şübhəyə
salmışdı. Hətta o, tam inanırdı ki,
satışdan yığılan pullar generalların öz
cibinə gedir. Bu özü də xüsusi siyasətlə
aparılan bulaşıq bir işə oxşayırdı.
Havayı silah-sursat paylamazlar. Onluq nə qalırdı? Sadəcə
vəziyyəti idarə etmək. Ən dəhşətlisi o
idi ki, dünənin vətənpərvər döyüşçüləri
artıq boşalmışdılar, münaqişə həyatına
öyrəşmişdilər. Eyni yerdə lövbər
salıb su kimi iylənirdilər. Elə bil işlərinə,
evlərinə qayıtmaq hissinə
yadırğamışdılar. O, silah yoldaşlarına
baxıb düşünürdü ki, bu adamlar burada,
döyüş həyatında ötəri sərbəstlik,
azadlıq və səlahiyyət qazanıblar, komandirlərindən
başqa heç kimdən asılı deyillər. Yalnız
silahdan möhkəm yapışıblar. Silah təkcə
düşmənə tuşlanmır. Silah
qarşısında düşmən də, dost da eyni qorxunu
keçirir.
Həyətdən
qarışıq musiqi səsləri eşidilməyə
başladı. Musiqiçilər alətlərini kökləyirdilər.
O, güzgüdən, daha doğrusu, öz aləmindən
ayrılıb əynini dəyişdi, üst-başını
səliqəyə saldı. Zarafat deyildi, toy
başqasının olsa da, hamının bir gözü ona
zillənəcəkdi. Oxuyan da, oynayan da, sağlıq deyən
də, arada-bərədə gəzənlər də onun
xoşuna gəlməyə çalışacaqdı.
Qərargahın həyətindəki
ağacların geniş və sıx kölgəsi havanın
bürküsünü tam sındırmamışdı.
Avqustun çıxmağına beş-altı gün
qalırdı.
Toyun başlanma vaxtı
ötürdü, ancaq ona xəbər gətirəcək
köməkçidən səs çıxmırdı.
Birdən-birə onun hövsələsi
daraldı, ratsiya ilə köməkçisini
çağırdı. Köməkçi içəri girib
özünü günahkar kimi göstərdi.
Yazıq-yazıq dilləndi:
– Biz hazırıq, amma gəlini
rayonun mərkəzindən gətirib
çıxartmayıblar. Deyirlər, gəlin hələ
hamamlanır. Tapşırdım tələsdirsinlər...
İndilərdə gələrlər.
Hərbi-səhra komandiri
soruşdu:
– Bəs bəy hardadır?
– Atəşin bəy
paltarını geyindirmişik – köməkçi cəld
cavab verdi.
– Toyu başlayırıq! –
O, bu kəlməni lap “Hücuma başlayırıq!” tonunda
dedi. Sonra bir az laqeyd şəkildə əlavə etdi:
– Bərk acımışam.
Atəşi bəy taxtında oturdaq. Gəlin də...
haçan gələr gələr.
Hərbi-səhra komandiri
köməkçisi ilə həyətə
çıxdı. Toya yığışmış təxminən
iyirmi beş-otuz yaxın döyüş yoldaşı və
onun məclislərini görmüş musiqiçilər
ayağa qalxıb farağat dayandılar. Həm onlar, həm
musiqiçilər hətta toyda da komandirdən çəkinirdilər.
Xüsusilə də komandirləri ayıq olanda. Adətən
yemək-içmək məclisi qızışandan sonra
canlarına istilik gəlirdi.
Hərbi-səhra komandiri
keçib süfrənin başında əyləşdi və
ondan sonra hər kəs məclisdə öz yerini tutdu. Köməkçinin
işarəsilə musiqiçilər “Vağzalı”ya dəm
verdilər. Başçıları ritmlə əl
çalmağa başlayan kimi məclisdəkilər ona
qoşuldular. Alqışlar musiqini müşayiət edirdi.
Musiqiçilər daha da qızışıb
çalğılarında xırdalıqlara baş vururdular.
Bəy, yəni Atəş tək-tük
bəyə qismət olan bahalı və şıq geyimdə
meydanda göründü. Sağdış və soldış
onu “bəh-bəh”lə gətirib taxtında əyləşdirərək
çəkildilər.
Musiqiyə ara verildi. Meymun
ki, meymun, yerini rahatlayan kimi bu boyda dəmdəsgahı
üç qəpiklik eləyib, görməmiş kimi
süfrənin üstündəki meyvəqabına əl
atdı. Deyəsən, o da bərk acıbmış. Bir
göz qırpımında götürdüyü bananı
içəri ötürə-ötürə bic-bic ətrafı
süzdü və ona uzadılan yuxaya bükülmüş
lüləkababı alıb rahathülqum kimi asanca çeynəyib
içəri ötürdü. Sonra dalını məclisdəkilərə
göstərib, bir əlini yanına döyəclədi. Bu
azmış kimi çevrilib, əlini şalvarının
qabağında gəzdirərək şelləndi. Başda
komandirləri olmaqla məclisdəkilər pıqqıldaşdılar.
Bu, Atəşin dəfələrlə göstərdiyi təlxəkliklərdən
biri kimi həmişə hamını
güldürürdü.
Sonra meymun əlini onun
üçün süzülüb hazır qoyulmuş badəyə
atdı. Bu da tanış nömrə idi. Sağlıq deyilən
kimi badəni başına çəkəcəkdi və
arağın acılığından zingildəyə-zingildəyə
ağzına duzlu bir şey atıb gəvələyəcəkdi.
Belə də oldu. Buranın adamları üçün
tanış sima olan müəllim-tamadanın dediyi
sağlıqdan sonra Atəş arağı başına
çəkdi və süfrədən götürdüyü
duzlu xiyarı ağzına atdı.
Musiqiçilər yenidən
tüğyan etməyə başladılar. Hamı yemək-içməyə
girişdi. Xidmətçilər qaynaşırdı.
Növ-növ yeməklər süfrəyə
daşınırdı. Sağlıqlar, mahnılar, oyun
havaları növbəyə düzülmüşdü.
Atəşi də kişi
saysaq, məclis kişi məclisi idi. Ona görə də
arada şit, biədəb sözlər eşidilirdi. Hərbi-səhra
komandirinin özü də ağızdan yava idi. O, hətta
sevimli meymununu da tez-tez söyüşlə yuyub sərirdi.
Tez-tez məclisə
girib-çıxan köməkçi çox narahat
görünürdü. Toyun məsuliyyəti onun boynunda
olduğuna görə Atəşə, musiqiçilərə,
xidmətçilərə, aşpazlara, əl-ayaq verənlərə
göz qoyurdu, buyruq buyururdu, iradlar edirdi. Amma onu ən çox
hövsələdən çıxaran gəlinin gecikməsi
idi. Gəlini gətirməyə gedənlər onun ratsiya
çağırışına nə qədər “Gəlini
gətiririk!” desələr də, gəlin gəlib
çıxmırdı. Gah deyirdilər gəlin hamamdadır,
gah deyirdilər gəlin gözəllik salonundan
çıxmayıb, nə bilim, paltar belə gəldi,
ayaqqabı elə getdi. Yazıq lap başını
itirmişdi.
Bu vaxt sərxoş hərbi-səhra
komandiri ayağa qalxmaqla musiqiçilərə “Dur” işarəsi
verib, üzünü köməkçiyə tərəf
tutaraq qışqırdı:
– Ə, boşboğaz,
hanı gəlin? Harda qaldı o şortu?
Atəş də ciyildədi.
Sanki o da bəy kimi gəlinin gecikməyindən qəzəblənmişdi.
Köməkçi
başını aşağı dikib dodaqlarını
sürüdü:
– Komandir, bəlkə
özüm gedim gəlin maşınının dalınca?
Komandiri onun təklifini sanki
eşitməyib zarafata keçdi:
– Ə, görmürsən,
Atəş qızıxıb arvad istəyir?!
Atəş yenə ciyildədi.
Məclisin sahibi sözünə
davam etdi:
– Eşitdin? Bəy
sözümü təsdiq edir. Heç olmasa bu yazığa
bir baş anaşa doldurun, çəkib uysun.
Atəşin “bəy”
sözünə hələ qulağı öyrəşmədiyinə
görə deyiləni başa düşmədi və xumar
gözlərini məclisə dolandırdı. Sanki, komandirinin
dediklərini ona başa salacaq adamı axtarırdı. Atəş
həmin adamı tapmasa da, çıxış yolunu tapdı.
Sıçramaqla yerindən tullanıb, musiqiçilərin
qabağına gəldi. Musiqiçilər bu anı
çoxdan gözləyirdilər. Atəş dingildəyə-dingildəyə
həmişə oynadığı “Tərəkəmə”sini
tələb edirdi. Ona təzəcə
eşilib-bükülmüş anaşa uzatdılar və Atəş
papirosu damağına qoyan kimi onu alışdırdılar. Atəş
uyuşdurucudan dörd-beş qullab aldı. Oyun havası
çalınan kimi meymun qollarını açıb ortaya
düşdü. Mən bu səhnəyə indi də
videokassetdə tamaşa edəndə “Tərəkəmə”
sümüyümə düşür. Atəş arabir elə
akrobatik hərəkətlər edib, elə
sındıra-sındıra oynayır ki, məclisdəkilərin
hayıl-mayıl olub ona ürəkdən əl
çaldıqlarına baxdıqca yerində dingildəyirsən.
Mən də o toyda olsaydım, Atəşi
alqışlayardım.
Köməkçinin
yüngül işarəsilə musiqiçilər “Tərəkəmə”dən
zənci rəqsinə keçdilər. Bu rəqs
çalınanda Atəş əsl meymunluq eləyirdi. Zəncilər
kimi gah əzilib-büzülür, gah da
atılıb-düşürdü. Bəlkə də ona
görə ki, meymunların əksəri qaradərili
olduğu üçün rəqs məsələlərində
onlar irq baxımından zəncilərə oxşamağa daha
çox üstünlük verirlər.
Atəş oynaya-oynaya gəlib
hərbi-səhra komandirinin çiyninə tullandı və
yerini rahatladı. İndi o, sağlıq deyəcəkdi.
Meymun ona uzadılmış badəni alıb, ara verə-verə
ciyildədikcə tamada guya bu sevimli məxluqun
dilmanclığını edəcəkdi. Məsələn,
bugünkü sağlığın tərcüməsi belə
başlayırdı:
– Əziz qonaqlar! Ey bizdən
törəyənlər! Başda sevimli komandirimiz olmaqla
hamınızı toyumda görməkdən məmnunam. Zəhmət
çəkib toyumda iştirak etdiyiniz üçün
bütün dünya meymunları adından hamınıza təşəkkür
edirəm. İlk meymunam ki, siz mənə toy edib gözəl
bir xanımla evləndirirsiniz...
Hər məclisdə Atəşin
sağlığının məzəli hissəsi xüsusi
düzülüb-qoşulurdu və vəziyyətə
uyğunlaşdırılırdı.
Bu dəfə sağlıq
toy mövzusundan kənara çıxmırdı. Tamadanın
naqqallığı davam edirdi:
– Meymunlar arvad məsələsinə
insanlardan fərqli yanaşırlar. Ancaq mən öz
Allahımıza and içib söz verirəm ki, yataqda öz
xanımıma hörmətlə yanaşacaq, onun qadın
hüquqlarını pozmayacağam. Meymunlar kimi öz
arvadımı cəld və çevik altıma basıb
işini bitirməyəcəyəm. Əvvəlki vərdişlərimdən
əl çəkib, xanımımı onun icazəsilə
soyunduracaq, yatağa uzadacaq...
Tamada danışdıqca Atəş
başını bulayıb, onun dediklərinə züy
tuturdu. Həyətin çölündən eşidilən
maşın siqnalının səsi sağlığı
yarımçıq qoydu. Hamının qulağı şəkləndi.
Kimsə
qışqırdı:
– Gəlini gətirdilər!
Məclis uğuldadı. Guya
fövqəladə bir şey baş vermişdi.
Buradakıların hamısı gəlini yaxşı
tanıyırdı, təkcə onu gəlin paltarında
görməmişdilər. Qadının, necə deyərlər,
dəyişəyi, qabı, “upakovka”sı ayrı idi. O, dəfələrlə
başının dörd-beş nəfərlik kəpənək
dəstəsilə hərbi-səhra komandirinin lirik məclislərinin
altından girib üstündən
çıxmışdı. Hətta Atəş də onun
dadına baxmışdı. Günlərin bir günü kefi
duran komandir öz sevimli meymununa arvad axtardığını
deyəndə şəstlə Atəşə ərə getməyə
razı olduğunu bildirən elə bu xanım olmuşdu. “Bir
kişi tapılmadı gəlinlik paltarı geyindirsin mənə,
əlac meymunçaya qalıb” – bu sözləri də o
demişdi. Onda hərbi-səhra komandiri onlara xudmani bir toy edəcəyini
boynuna götürmüşdü.
“Vağzalı” məclisin səsini
batırdı.
Həyət
qapısının arxasındakı əsas fiqur sanki musiqi səsinə
can atdı. Qapı açıldı. Yüngül, nazik
paltarda içəri girən yaraşıqlı cavan qadın
beş-altı addım atıb dayandı, nə baş
verdiyini anlamağa çalışdı. Məclisin
aurası deyəsən onu vurdu, üzündəki təbəssüm
dondu. Gözü itik axtardı.
Həmin anda komandir də
çaşbaş düşdü. Başını sirkələyib
beynindən sərxoşluq dumanını qovmağa
çalışdı. Boğazı tutulduğundan səsini
çıxarda bilmədi. Qadını yaxşı tanıyan
köməkçi komandirin ağzına baxdı.
Özbaşına nəsə bir hərəkət etməyə
cəsarəti çatmadı. Məclisdəkilərin bəziləri
qadınla göz-gözə gəlməməkdən
ötrü başlarını aşağı saldılar.
Musiqi səsi də öləziyib kəsildi.
Son aylarda qadın görən
kimi üstünə cummağa öyrədilmiş Atəş
sahibinin çiynindən yerə tullanıb qadına sarı
götürüldü. Meymun ona çatan kimi qadının
ağappaq qıçlarını ehtirasla öpməyə,
ağzının suyunu tökə-tökə onun dizlərini
yalamağa başladı. Qadın Atəş barədə
az-maz eşitmişdi, onun varlığından qiyabi xəbəri
vardı. Hətta ərinin əhlilləşmiş meymununu
görmək də istəmişdi. Ona görə də meymun
onun üstünə gələndə özünü itirmədi.
Ancaq meymunun ildırım sürətilə ona
sarmaşmağı qadını təəccübləndirdi
və qorxutdu.
Meymun qadının alt
paltarına əl atıb aşağı çəkəndə
qadın müqavimət göstərərək qıyya
çəkdi. Bu dəhşətli səs məclisdəkiləri
içki havasından və donuqluqdan ayıltdı.
Hərbi-səhra komandiri
yerindən sıçrayıb, on-on iki addımlıqda onu
haraylayan arvadına çatınca meymun qadının alt
tumanını iti diş-dırnağı ilə cırıq-cırıq
edib yerə atdı. Atəş əvvəllər də onu
özünə yaxın buraxmaq istəməyən fahişələrin
alt tumanlarını cırıb dağıdırdı. Bundan
buradakıların xəbəri var idi. Özünü itirən
komandir meymunun paltarından yapışıb özünə
tərəf necə dartdısa, bəyin pencəyinin düymələri
qırıq-qırıq oldu və pencək onun əlində
gəldi. Meymun qadının bir qıçından möhkəm-möhkəm
yapışdı. Həmişə yiyəsinin bir
sözünü iki eləməyən Atəşin bu dəfə
tərsliyi tutmuşdu və sürüşkən
balığa dönmüşdü. Deyəsən,
arağın və anaşanın təsirindən
ağlını itirmişdi bədbəxt.
Adamlar biri-birinə dəydi.
İrəli duran yox idi. Arvadına toxunmamaqla Atəşlə
süpürləşən komandirə necə yardım edəydilər?
Meymun əllərini dişdəm-dişdəm
eləyib qanatsa da, hərbi –səhra komandiri yeni həmləsində
Atəşi arvadından güc-bəla aralayıb
üç-dörd addım kənarda yerə
çırpdı və belindəki tapancasına əl
atdı. Yiyəsi silahı qoburdan çıxardıb ona
tuşlayana qədər meymun tapancanı tanıdı və
bir anlıq kövrək baxışla qatili olacaq insana
baxmağa və ciyildəməyə macal tapdı. Amma bu
ciyiltidə dünənəcən “Atəş” əmrini
bildirən səsdən əsər-əlamət yox idi. Birinci
güllə Atəşi qarnından tutdu, çünki o,
yıxılıb arxası üstə qalmışdı.
Yaralı ölgün-ölgün tərpəşincə
qisasçı ikinci gülləni onun nişan alınması
çox asan olan tərpənməz gicgahına sıxdı.
Atılan üçüncü, dördüncü, beşinci
güllə artıqdı, Atəş bayaqdan
ölmüşdü. Meymunun aşsüzənə
dönmüş bədənindən şoruldayan qan ortada
göllənirdi. Yazığın bəylik köynəyi və
qısa şalvarı qana bulaşmışdı. Səhra
komandirinin cırmaqlanmış və dərin dişlənmiş
sol əlindən qan damcılayırdı. Onun əlindən
damcılayan qanın meymunun qan gölünə düşməsi
deyəsən, adamları üşəndirirdi. Heç kəs
cınqırını çıxartmırdı. Komandirin
arvadı baş vermiş hadisəni bir dilbilməz
heyvancığazın vəhşiliyi və
hoqqabazlığı kimi qavrayırdı, o qədər də
pisikməmişdi, key-key ətrafındakı adamları
gözdən keçirirdi. Ancaq hərbi-səhra komandiri və
onun adamları əhvalatın arxasında nələr
yatdığını bircə-bircə bildiklərinə
görə sınmışdılar.
Komandir qanrılıb
arvadına baxmaq istəyəndə hasarın o üzündən
maşın siqnallarının səsi gəldi. Onun
arvadından başqa bu siqnalların nə hoqqa olduğunu
buradakıların hamısı başa düşdü. O, cəbhədə
olduğu son üç ildə belə bir axmaq vəziyyətə
heç düşməmişdi. Bu biabırçı səhnədən
çıxmaq, heç olmasa, olmuşları keçmişə
çevirəcək onca dəqiqəlik qabağa qaçmaq,
yaddaşını əzən düşüncələri
unutmaq nə qədər çətin idi. Nə varmış
əsgərlərə əmr verməyə, güllə, top
atdırmağa, tank sürdürməyə?!
Gəlin və onun
başındakı dörd-beş özükimilər
hay-küylə həyətə girdi. “Atəşim məni
bağışlasın, çox gözlətdim onu. Hanı mənim
sevgilim?” – deyə çığıran gəlin şaqqanaq
çəkdi. Ancaq o və onu gətirənlər heykələ
dönmüş adamların arasında quruyub qaldılar. Bir
an sonra gözləri alacalanmış gəlin Atəşi qan
içində gördü və dərhal xoşagəlməz
bir əhvalatın baş verdiyini anladı. O, hərbi-səhra
komandirinin yanında dayanmış qadına nəzər yetirəndə
dalağı sancdı ki, hər halda burada nə olubsa, onun
ucbatından olub. Bir istədi, səhra komandirinin
könlünü almaq üçün özünü o yerə
qoymayıb öldürülmüş meymuna – bəyə
canıyananlıq eləsin, yalançı vay-şivən
salsın, tamaşa düzəltsin, ancaq çəkindi,
susmağa üstünlük verdi.
– Rədd olun başımdan!
Hərbi-səhra komandirinin
bu bağırtısı bayaqdan gözə görünməməkdən
ötrü buradan qeyb olmaq, buxarlanmaq, hətta qarışqaya,
milçəyə, parabüzənə, ağac qurduna
çevrilmək istəyənlərin hamısının
ürəyindən oldu. Bircə dəqiqədən sonra həyətdə
onunla arvadından başqa heç kəs
qalmamışdı.
Çox qəribədir ki, hərbi-səhra
komandiri də bir anlıq yay havasında uçan, tərpəşən,
ağaclara yapışan həşəratları ondan
qaçıb gizlənməyə çalışan
döyüşçülərinin cırtdan
görüntüsünə oxşatdı.
Qulağının dibində vızıldayan haf, onun
bütün çikini-bikini bilən köməkçisini
xatırlatdı. Komandir uşaqlıqda yaşıdları
kimi çöldə-bayırda haf tutanda bu boşboğaz həşəratın
dalına çöp soxub havaya buraxardı və ona elə gələrdi
ki, haf bundan həzz alır. Yəqin haflar uşaqların
onların başına gətirdikləri oyundan ləzzət
almırmışlar, tutulanda ölümdən yaxa qurtarmaq
üçün özlərini belə göstərirlərmiş.
Əgər elə deyildisə, indi ondan əl çəkməyən
haf nə istəyirdi? Yoxsa, bu həşərat vaxtı ilə
incitdiyi hafların törəmələrindən idi? Ulu
babalarının incik ruhunu ovutmaq üçün qəzəblə
vızıldayıb onu məsxərəyə qoyurdu? Bəlkə
o, özü-özündən xoflanırdı? Yəni,
ütük köməkçi elə cəsarətlənib ki,
haf cildinə girib ona dirsək göstərir?
İndi hökm sahibindən
adi ərə çevrilmiş hərbi-səhra komandiri əmr
verməyə kimsənin olmadığı bir məkanda xeyli
miskin görünürdü. Əynində hərbi geyim
olmasaydı, o, bir neçə il əvvəlin
aptekçisiydi ki, vardı.
Arvadı ərinin əsəblərinin
pozulduğunu bildiyindən sanki heç nə
olmayıbmış kimi dedi:
– Nahaq meymuna baş
qoşdun! Allahın qanmaz məxluqudur, nə elədiyini
bilmir.
Hərbi-səhra komandiri
mağmın-mağmın dilləndi:
– O, meymun deyildi, mən idim.
Mən özümü güllələdim.
Araya sükut
çökdü.
Qadın sükutu
sındırdı:
– Neçə həftədir
evə gəlmirsən. Bilirəm, macalın yoxdur. Nigaran
qalmışdım, ona görə sənə baş çəkdim.
Hərbi-səhra komandiri
alnını ovuşdurdu:
– Mən dostlarımı,
tay-tuşlarımı, cavanları başıma
yığıb silahın tətiyinə barmaq qoyanda elə
bilirdim tezliklə qalib gələcəyik. Ancaq
yanılırmışıq. – O, ah çəkdi. – Eh...
– Yorğunsan, – arvad ərinin
qılığına girməyə çalışdı –
gedək evimizə, heç olmasa bir gecə dincəl!
Ər, sanki deməyə
başqa söz tapmadı:
– Gedək, onsuz da bu gecə
atışma olmayacaq.
Günəş batmaqda idi...
Həmin gecə saat birə
işləmiş hərbi-səhra komandiri cəbhənin təxminən
iyirmi kilometrliyində yerləşən evindən top səslərini
eşitməyə başladı. Ratsiya ilə
özününkülərdən öyrəndi ki, top atan
düşmən əsgərləridir. O, qarşı tərəfin
səhra komandiri Rubenlə əlaqəyə girmək istədi.
Ruben dərhal xəttə çıxıb, yaxşı
bildiyi Azərbaycan dilində dedi:
– Ara, narahat olma,
gördüm sizdən səs çıxmır, dedim Atəşin
toyunun atəşfəşanlığını özüm
eləyim. Keçən dəfə bizim Qraqın1 ad
günündə sən bizi qabaqlayıb toplardan yaylım atəşləri
açdırmışdın. Borcundan çıxıram.
– Hə, – səhra komandiri
könülsüz dilləndi, – deyirlər Qraq qoçaq itdir.
Top səsləri kəsiləndən
sonra səhra komandiri eyvana çıxıb siqaretini
alışdırdı.
1. Qraq – ermənicə “Atəş”
deməkdir.
2009-cu ilin yayı
Əjdər OL
525-ci qəzet.- 2009.- 5
dekabr.- S.28.