Türk dünyasının
unudulmaz şairini xatırlayarkən...
MƏŞHUR KABARDİN-BALKAR ŞAİRİ QAYSIN
QULİYEVİN AZƏRBAYCANA VƏ BÜTÜN
TÜRKDİLLİ XALQLARA BÖYÜK MƏHƏBBƏTİ
VARDI
Keçən yüzilliyin 70-ci illərindən başlayaraq Azərbaycanda hər sahədə olduğu kimi, elmin, mədəniyyətin və incəsənətin də inkişafında ciddi irəliləyiş oldu. Artıq keçmiş SSRİ-nin hər məkanından məşhur yazıçı və şairlər Azərbaycanda keçirilən ədəbi konfranslarda, yubileylərdə böyük həvəslə iştirak edirdilər. Bizimlə qonşuluqda yaşayan dağıstanlı yaradıcı adamlar və Şimali Qafqazda yaşayan xalqların sənət korifeyləri Bakıya dəvət olunurdular. Onlar buradakı görüşlərdən, o zamanlar Azərbaycanın rəhbəri olan Heydər Əlirza oğlu Əliyevin göstərdiyi böyük qayğıdan hər yerdə söhbət açırdılar. Azərbaycanı, onun hər bir guşəsini özünə çox doğma yurd yeri bilən böyük söz sənətkarı Qaysın Şuva oğlu Quliyev də belə şəxsiyyətlərdən idi.
Kabarda-Balkariyanın xalq şairi, Lenin mükafatı laureatı Qaysın Quliyev deyirdi “Heydər Əliyev nəinki Azərbaycanın, Qafqazda yaşayan türkdilli xalqların ümid yeridir”.
1982-ci ilədək yubiley təntənələrində, ümumxalq konfranslarında onun xitabət kürsüsündən söylədikləri hələ də çoxlarının yadındadır. Bu söz ustasının kitabları Bakıda tez-tez nəşr olunurdu. Şeirlərini unudulmaz şairlərimiz Məmməd Araz, Tofiq Bayram, Vilayət Rüstəmzadə və digərləri böyük həvəslə Azərbaycan dilinə çevirirdilər. Biz həmin vaxtlar tələbə idik. Bu kitabları alar və böyük ləzzətlə oxuyar, polemikaya girişərdik. Çünki Qaysın Quliyev türk xalqının böyük oğullarından və şairlərindən idi. Onun yazdığı lirik, fəlsəfi şeirlər, poemalar, balladalar və roman-dastanlar özünün yaşadığı illərdə SSRİ xalqlarının bütün dillərinə, həmçinin alman, ingilis və fransız dillərinə də tərcümə edilmişdi. Onunla bağlı dostluq münasibətlərimizdən söhbət açmazdan əvvəl, ömrü odlar içində keçən şairin həyat yolundan bəzi səhifələri, azacıq da olsa, vərəqləmək maraqlı olardı.
Qaysın Quliyev 1917-ci ildə noyabrın 1-də Balkariyanın dağ kəndlərindən olan Yuxarı Çegemdə dünyaya gəlib. Çox erkən, iki yaşı olanda atasını itirib. Hər bir yazdığı şeirdə, xüsusən uşaqlıq illərindən bəhs edən “Çegem poeması”nda əməkçi insanların xeyirxahlığından və igidliyindən söhbət açanda öz valideynlərini də onlardan ayırmayıb. Kəndli ailəsində böyüsə də, onun ədəbiyyata çox böyük marağı olub. Yuxarı Çegem kəndi Kabarda-Balkariyanın paytaxtı olan Nalçik şəhərindən 4-5 kilometr aralıda, mənzərəli bir ərazidə yerləşir. Nalçik isə o illərdə ümumən Qafqazın mərkəzi sayılan Tiflisdən 330 kilometr aralıdır. Qafqaz tarixindən bilirik ki, bura müharibələr meydanına çevrilsə də, neçə-neçə şöhrətli rus yazıçılarının da ilham mənbəyi olub. Lev Tolstoy, A.S.Puşkin, M.Y.Lermontov və digər rus ədibləri Qafqazla bağlı xeyli əsərlər yazıblar.
Sonralar o, Moskvada teatr
institutunda və ədəbiyyat institutunda ali təhsil
alıb. Böyük Vətən müharibəsi başlayanda
cəbhəyə göndərilib və mərdliklə
vuruşub. Ancaq müharibədən dönəndə ona
doğma Çegemə getməyə icazə verməyiblər.
Çünki onun mənsub olduğu balkar türklərini
İ.V.Stalin 1944-cü ildə Orta Asiya səhralarına
sürgün etmişdi. Şimali Qafqazda türkdilli
xalqların heç biri qalmamışdı. Ona görə də
Qaysın Quliyevin yaşadığı bu ağrı onun hər
bir şeirində özünü büruzə verir. Yalnız
1957-ci ildə öz doğma yurdlarına qayıda bilən
balkarlar sanki yenidən doğuldular. Axı, almanlar bu torpaqlara
hücum etmişdilər və balkarlar da onlarla kişi kimi
döyüşmüşdülər. Yeri gəlmişkən,
Elbrus (balkarca Minqi Tao) dağına gedən yolda bir azərbaycanlı
şəhid əsgərin məzarı üstündə abidə
qoyulub və səyyahlar (turistlər) hamısı
düşüb o məzar üzərinə güllər
düzürdülər. Bu haqda bir az sonra.
Qaysın Quliyevin ilk şeirlər
kitabı 1940-cı ildə “Salam, şəhər” adı
altında nəşr edilib. Sonralar onun “Dağlar”, “Yaralı
daş”, “Lenin haqqında dağlı poeması”, “İnsanlar
arasında yaşayıram”, “İnsan. Quş. Ağac”, “Ot və
daş” (ingiliscə) və digər kitabları işıq
üzü görüb və müəllifinə şöhrət
gətirib.
Onun 35 ilə
yazdığı “Qış idi” romanı dərin fəlsəfi
düşüncələrin məhsuludur. 1987-ci ildə
işıq üzü görən bu romana, “İnsan. Quş.
Ağac” (1985) kitabındakı şeirlər və poemaya
görə o, 80-ci illərin sonunda Lenin mükafatına layiq
görülüb. Ancaq o vaxtlar artıq şair vəfat
etmişdi. Mükafatı onun vəfalı ömür-gün
yoldaşı Elizat xanıma təqdim etdilər.
Böyük şair
Qaysın Şuva oğlunu ilk dəfə 1976-cı ilin
yayında Nalçik yaxınlığında olan Həsəniyyə
kəndində görmüşdüm. Hər yay çox
sevdiyim Jeleznovodsk (Dəmirlisu) şəhərinə istirahətə
gedirdim. Adı istirahət idi. Bu qədim türk
yurdlarını gəzməyi xoşlayırdım.
Buradakı türk yer adları əsasən XIX yüzillikdən
sonra dəyişdirilib. Nə qədər dəyişsələr
də, indi də o adların çoxu işlədilir. Məsələn,
Beştau, Məşuq, Bostançı və sair. Biz – yeddi gənc
istirahət etdiyimiz “Dağ havası” sanatoriyasında “Ədəbiyyatçılar
dərnəyi” yaratmışdıq. Hər şənbə və
bazar günləri gəzməyə getdiyimiz yerlərdə
yaradıcılığını sevdiyimiz şair,
yazıçı və aktyorlarla görüşməyi də
planlaşdırırdıq. Xəbər tutduq ki, Həsəniyyə
kəndində Qaysın Quliyevin şeir gecəsi olacaq. Biz də
orada iştirak etmək istədik. Qaysın Quliyev əzəmətli
görünüşə malik, qamətli bir insan idi.
Qafqazın qranit qayaları kimi dik dayanıb şeir oxuyurdu.
Lirik və dostluq duyğulu şeirlərini oxucular onunla birlikdə
təkrarlayırdılar. Biz yeddimiz də şairə
yaxınlaşdıq. Özümüzü təqdim etdik. Azərbaycan,
Naxçıvan adlarını eşitcək görkəmli sənətkarın
üzü sevinclə işıqlandı. Dedi ki, Səməd
Vurğun mənim ən çox sevdiyim və etibar etdiyim
şair dostum olub. Yadımdadır, ilk dəfə Səmədlə
1938-ci ildə Bakı-Moskva qatarında tanış olmuşduq.
Payızda onun yubiley şənliklərində Bakıda
olacağam, dəvət ediblər. Böyük şairimizin
anadan olmasının 70 illiyi təntənəli qeyd ediləcək.
“Naxçıvan da dağlar diyarıdır, ya yox?” – şair
soruşdu. “Dağlar diyarıdır, özü də qranitdən
də möhkəm dağları, quşqonmaz qayaları var”,
– deyə cavab verdim. Şairin Naxçıvanla bağlı
sualları çox idi. Mən də həvəslə cavab
verirdim. Həyatın bərkinə-boşuna düşməyən
bu dilli-dilavər cavanı diqqətlə süzdü. Bizi
Nalçikə, Çegem şəlalərinə baxmağa dəvət
etdi. O biri il Çegemə getdik və onun dünya turistlərini
heyrətdə qoyan məşhur şəlalələrinə
baxdıq.
Qaysın Quliyevin şeirlərindəki
sevgi, dostluq duyğularının içində qəribə,
çox xəfif, gizli bir kədər var. O kədərin
özü bizim üçün olduqca maraqlı idi.
Çünki aşkarda olmasa da (qadağan edilmiş mövzu
idi), gizlində yaşlılar bizə
danışırdılar ki, sovet hökuməti Stalin
dövründə balkarları çox incidib,
çoxlarını məhv edib. Zarafat deyil. Bütün xalq
13 illik sürgündə “xalq düşməni”
damğasıyla nələr çəkmişdi, Allah bilir.
1980-ci ildə şairin şeirlərini qəzetlərdə
tez-tez verirdilər. 1983-cü ildə “Literaturnaya qazeta”da
poeziya səhifəsində Qaysın Quliyevin dostlarına
Moskvanın Kreml xəstəxanasından yazdığı
şeirlər adamı birtəhər edirdi. Bu gün də
oxuyanda o şeirlərdəki fəlsəfi kədər, qəm
canlanaraq, insanı təsirləndirir. Qaysın Quliyev
yazırdı: “Əgər sən məni ən ağır
vaxtda xatırlamısansa, dostumsan”. Xalq şairi və bir
çox mükafatların sahibi olan Qaysın Quliyevin çox
sadə, xeyirxah və səmimi insan olduğunu
görüşüb tanış olduğumuz Həsəniyyə
kəndindən bilirdim. Bu şeirlərin təsiri ilə bir məktub
yazıb Yuxarı Çegem kəndinə göndərdim.
Bilirdim ki, şair 1980-ci ildən ata ocağında
yaşayır. Çox sevirdi sıldırım qayalarında
qartallar oynaşan Çegem kəndini. Bir müddətdən
sonra məktubuma cavabı, özünün diktəsi ilə,
həyat yoldaşı Elizat xanım Moskvadan
yazmışdı. O yazırdı ki, şair tezliklə
sağalacaq və özü sizə cavab yazacaq. Elizat
xanımın yazdığı məktublar onun
özünün də sənət adamı olduğundan xəbər
verirdi.
1984-cü il mayın 29-da
yazırdı: “Bizim əziz dostumuz Musa Rəhim oğlu!
Bağışlayın ki,
uzun müddətdir məktublara cavab verə bilmirik. Çoxlu
səbəblər var. İndi Qaysın yenidən Moskvada Kreml
xəstəxanasında yatır. Həkimlər çox
çalışırlar, bilmirəm kömək edə biləcəklərmi?
Allaha Qaysın Quliyevi sevənlər adından yalvarıb dua
edirəm ki, kömək olsun. Ümid edirəm və
inanıram!
Sizə isə əziz
dostumuz, onun ingiliscə nəşr edilmiş “Ot və daş”
şeirlər kitabını göndərirəm. Nəsə
fikirləşib, bu kitabı göndərdim”.
Bilirdim ki, yaralı daşın
özü elə Qaysın Quliyevdir. Onu türk olduğuna
görə başqalarının vasitəsilə çox
incidirdilər. Və şair özündən çox həyat
yoldaşını, oğlu Axmatı
düşünürdü. Əgər başına bir iş
gəlsə, onların vəziyyəti necə olacaqdı... Şeirlərində
siyasi motivləri sətiraltı misralarda yazan şair gizlincə
təqib olunurdu.
6 iyun 1985-ci ildə “Sovetskaya
Rossiya” şairlə müsahibə çap etmişdi. Elə
həmin gün də radio, televiziya və qəzetlər
Qaysın Quliyevin vəfatı barədə xəbər verdilər.
Dərc edilən müsahibə bir növ şairin oxucularına
son müraciəti kimiydi. Aradan bir neçə ay keçəndən
sonra Elizat xanım və oğlu Axmatdan məktub aldım. Elizat
xanım yazırdı ki, bu müddətdə başı məhkəmələrə
qarışıb. Qaysının Moskvada yaşayan bədxahları
onlara qarşı qərəzli bir kampaniyaya başlayıblar.
Elizat xanım Kabarda-Balkar
Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində
işləyirdi, Axmat isə Nalçik universitetinin ikinci kurs tələbəsi
idi. Onlardan tez-tez məktublar alırdım. Bu qədər gərginliyə
baxmayaraq, onlar Azərbaycanın Qarabağ dərdinə şərik
olur, doğma respublikamızın ayrılmaz hissəsi olan
Naxçıvandan ötrü bərk narahatlıq
keçirdiklərini bildirirdilər. Bu baxımdan Axmatın məktubundan
bəzi cümlələr həmin yanğının bariz
nümunəsidir: “...Naxçıvana görə çox
narahatıq. Sakitlikdirmi? Kaş ki, belə olsun. Bizdə də
gərginlik var. Balkarları sıxışdırırlar... Belə
bir məqamda mən istəyirəm ki, Ümumdünya Türk
Qurultayı Nalçikdə çağırılsın... Dünyaya
Qaysın Quliyev kimi böyük türk oğlu bəxş
etmiş balkarlar öz türk qardaşlarından kömək
gözləyirlər...”
Məktub çox genişdir
və bir tələbə gəncin o illərdə vətəni
üçün çəkdiyi ürək
ağrısını ifadə edir. Məktub 5 may 1992-ci ildə
yazılıb. Axmat Qaysın Quliyevin oğlu idi və
xalqının təəssübünü verə bilməzdi.
...Yolum Şimali Qafqaza
düşəndə iki yerə baş çəkməyi
özümə borc bilirəm. Biri Azərbaycanı və onun
ayrılmaz hissəsi Naxçıvanı ürəkdən
sevən Qaysın Quliyevin ata ocağının həyətindəki
bağda olan məzarı (şair, öz vəsiyyətinə
görə, yaşadığı ata evinin bağında dəfn
olunub), o biri isə Elbrus dağına gedən yolun kənarında
torpağa tapşırılan azərbaycanlı şəhid əsgərin
məzarıdır. Öz şeirlərində çörəyi
və kitabı çox müqəddəs bilən şair
Qaysın Quliyevin “Çörək və kitab” adlı əsəri
var. O, vəsiyyət eləmişdi, sinədaşına
qızılgül və qələm rəsmi həkk etsinlər.
Qızılgül gələcək nəsillər
üçün məhəbbətin, qələm isə elmin
simvolu idi.
Böyü şair
dünyanın, o cümlədən Qafqazın bütün gənclərini
xoşbəxt görməyi arzulayırdı.
Musa QULİYEV,
AMEA Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi
işçisi
525-ci qəzet.- 2009.- 8 dekabr.- S.7.