Musiqi və efir mədəniyyəti
Pisi söyməkdənsə, yaxşını öymək
yaxşıdır.
Əbu Turxan
Televiziya, mənəviyyat və bədii-estetik
aura
Son vaxtlar televiziya verilişlərinin milli mənəvi dəyərlərə uyğunluğu, ideya-bədii dəyəri, tərbiyəvi və ya anti-tərbiyəvi funksiyası haqqında müzakirələr artmışdır. Daha doğrusu, bu sahədəki vəziyyət elə dözülməz hala çatmışdır ki, hətta ən liberal və tolerant şəxslər də dilə gəlmiş, çıxış yolu barədə düşünməyə başlamışlar. “Kütləvi mədəniyyətin” efiri bürüməsi, əksinə, milli mənəviyyatı ifadə edən sanballı verilişlərin azlığı açıq-aşkar bir disbalans yaratmışdır. Hətta bəzi televiziya kanallarının guya mənəviyyat məsələlərinə həsr etdikləri verilişlər də bir növ şou səciyyəsi daşıdığına görə, daha çox dərəcədə mənəviyyatsızlıq təlqin edir. Necə deyərlər, “üzrü qəbahətindən daha betər”. Yəni mənəvi nihilizm mövqeyindən yayınlanan belə verilişlərdə mənəvi prinsiplər özü gülüş hədəfinə çevrilir. Biz bilərəkdən ad çəkmirik. Çünki bu cür proqramların müəllifləri də əslində həmin o şouları hazırlayanların özüdür. Onların isə prinsipi, məqsədi bundan ibarətdir ki, tənqid, hətta təhqir olunmaq da populyarlaşmağın bir vasitəsidir. Ən əsası gündəmdə olmaqdır. Bax, həmin bu səbəbdən də biz anti-mənəvi yönlü verilişləri tənqid etməkdənsə, onların adını çəkmədən, diqqəti onlara qarşı qoya biləcəyimiz pozitiv mündəricəli, yüksək bədii-estetik səciyyəli verilişlərə yönəltmək istərdik. Amma təəssüf ki, bütün efir məkanında bu cür verilişləri barmaqla saymaq olar. Bununla belə, nə yaxşı ki, tək-tük də olsa, bədii, intellektual və mənəvi meyarlar baxımından yüksək olan verilişlər hər halda vardır.
Demək olar ki, bütün televiziya kanallarında ən çox görünən və deməli, gənclərimizə ən çox təlqin olunan şəxslər musiqiçilər, müğənnilərdir. Əlbəttə, gözəl musiqi nümunələri, istedadlı müğənnilər kifayət qədər çoxdur. Televiziyanın funksiyalarından biri də zəngin milli mədəniyyətimizi, o cümlədən musiqi mədəniyyətini təqdim etmək və insanların bədii zövqünü oxşamaqdır. İctimai Televiziyada və AzTV-də muğamatın, saz sənətinin və müasir musiqinin təbliğinə dair gözəl verilişlər az deyil. Lakin özəl televiziya kanallarının çoxunda biz müğənniləri təkcə ifaçı kimi, sənətkar qismində deyil, həm də və daha çox dərəcədə çalıb-oxumaq əvəzinə, danışan, millətə əxlaq dərsi deyən “fikir sahibləri” qismində görürük. Əlbəttə, onların sənəti barədə, ifalarının bədii-estetik prinsiplərə uyğunluğu barədə də danışıla bilər. Lakin bizi təəccübləndirən onların efirə öz peşələrinə uyğun olmayan, fərqli ampluada çıxmaları, jurnalist və aparıcı kimi çıxış etmələridir. Görəsən, televiziya kanallarının ideya yönəldiciləri bu məsələdə hansı məntiqdən çıxış edirlər? Əgər tamaşaçıların həyat və məişətlə bağlı söhbətlərə ehtiyacı varsa, onu nəyə görə mütəxəssislər deyil, şoumenlər və artistlər aparmalıdır? Həm də əxlaqi-mənəvi aspektdə yox, məzhəkə formasında ?!
Bir daha təkrar edirəm ki, heç kim musiqili verilişlərin əleyhinə deyil, əksinə, yüksək bədii-estetik nümunələr təkcə zövqü inkişaf etdirmir, həm də mənəvi yüksəlişə xidmət edir. Sadəcə olaraq, şouları ixtisar edə bilmək üçün, mənəvi səfalət yayan verilişlərin tamaşaçılarını didaktik moizə yolu ilə deyil, açıq rəqabət yolu ilə daha yüksək səviyyəli verilişlərə cəlb etmək tələb olunur. Bax, buna görə də, mənəvi-estetik prinsiplər uğrunda mübarizədə üstünlük qazanmaq əzmində olan, rəqabətə davamlı verilişlər dəyərləndirilməli, onlara yaşıl işıq yandırılmalıdır.
Pisləri tənqid etmək, hallandırmaq və bir daha yada salmaqdansa, rast gəldiyimiz yaxşı verilişlərə münasibət bildirməyi daha vacib hesab edirəm. Bu baxımdan, “Açıq dərs” verilişinin böyük maarifçilik missiyasını, onun günü-gündən püxtələşən, təhsilşünaslığı və elmşünaslığı bizim bir çox rəsmi professorlardan daha yaxşı mənimsəmiş olan aparıcısı Cəsarət Valehovun axtarışlarını, prinsipiallığını, ölkəmizdə elm və təhsilin vəziyyəti barədə həqiqətləri çatdırmaq istiqamətində məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməklə yanaşı, “Ovqat”, “Zərif çərşənbə” kimi proqramların da örnək ola biləcək cəhətləri barədə mətbuatda vaxtaşırı çıxış etmişəm.
Maarifçilik istiqamətində, “elm və təhsil” səpkisində başqa proqramlar da var. Amma əsas məsələ səviyyədə və işə yaradıcı münasibətdədir. Hər gün məktəbdən, universitetlərdən, təhsillə bağlı hər hansı bir hadisədən bəhs etmək, problemlərə toxunmadan, mahiyyətə nüfuz edə bilmədən, sadəcə təsvirçi mövqedən çıxış etmək insanları cəlb etmir və potensial tamaşaçı başqa proqramlara üz tutur.
Əlbəttə, ictimai şüurun “kütləvi mədəniyyətlə” qidalandırıldığı, şouların, məzhəkələrin baş alıb getdiyi, əksər televiziya kanallarının sanki məqsədyönlü surətdə millətin əxlaqi-mənəvi invariantlarını sarsıtmaq istiqamətində işlədiyi bir zamanda, elm, təhsil, mənəviyyat haqqında hər hansı söhbət daha məqbul görünür. Maarifləndirici verilişlərin xüsusi rolunu qeyd etməklə bərabər, musiqi verilişlərində də yüksək səviyyə və yaradıcılıq sayəsində böyük uğur qazanmaq mümkün olduğunu bu günlərdə tamaşa etdiyim bir verilişin timsalında gördüm və heyranlığımı gizlədə bilmədim.
“Bir mahnının tarixçəsi”
İctimai Televiziyada milli musiqi sənətimizin tarixi aspektdə işıqlandırılmasına həsr olunmuş belə bir proqram var: “Bir mahnının tarixçəsi”. Bu, əslində orijinal bir yaradıcılıq işidir və ənənəvi musiqili verilişlərdən çox fərqlidir. Burada musiqi ilə maarifçilik, bədii dəyərlə əxlaqi-mənəvi dəyər üzvi surətdə qovuşur. Yaxın günlərdə baxdığım növbəti buraxılışda “Söz olmasaydı” mahnısından bəhs olunurdu. Şair Ənvər Əlibəyli və bəstəkar-həkim İbrahim Topçubaşovun birgə yaradıcılıq işinin məhsulu olan bu mahnı həqiqətən gözəldir! Lakin mən mahnıdan yox, verilişin ssenarisindən, bir mahnının tarixini üzərə çıxarmaq istiqamətində aparılmış araşdırmalardan, jurnalistin öz işinə yaradıcı münasibətindən söhbət açmaq istəyirəm.
Əvvəla, “tarix” sözü verilişin adında öz əksini təsadüfən tapmayıbmış. Burada həqiqətən bir sənət əsərinin, klassik bir nümunənin yaranması və sonrakı “həyatı” tarixi yöndə izlənir, sanki yenidən işıqlandırılır. Bir mahnının müxtəlif zəmanələrdə, fərqli ifalarda və yeni ab-havada, yeni interpretasiyalarda gündəmə gəlməsi əslində həm də estetik ictimai şüurun, zövqlərin, sosial sifarişin təkamülünü, bu yoldakı qabarma və çəkilmələri müşahidə etməyə və konkret, nisbi müstəqil bir tarixçədən çıxış edərək bütövlükdə mədəni-mənəvi həyatımızın keçdiyi inkişaf yoluna nəzər salmağa imkan verir.
Hadisələrin sadəcə təsvirindən ibarət olan, yalnız xronoloji və faktiki material əsasında yazılan tarixlərdən fərqli olaraq, bu cür araşdırmalar canlı tarixin yazılmasına, başqa sözlə desək, tariximizin hansı isə bir rakursda yenidən canlandırılmasına səbəb olur. Həqiqi yüksək sənətkarlığın təqdimatı üçün bu sənətə tən gələn, incə zövqlə müəyyənləşdirilmiş bədii-estetik fon, dəvətlilərin uğurlu seçilməsi və onların çıxışlarının bir-birini vahid ideya xətti üzrə bir-birini tamamlaması, dekorasiya ilə təbii fonun harmonik vəhdəti, kompozisiya bütövlüyü və nəhayət, aparıcının yüksək peşəkarlığı – bütün bunlar başqa verilişlər üçün də örnək ola bilər.
Bu
verilişdə Şövkət Ələkbərova, Mənsum
İbrahimov kimi ciddi sənətkarların ifası yüksək
sənətşünaslıq səviyyəsində
işıqlandırılır, klassik ifalar qondarma deyil, həqiqi
müasirlik fonunda təqdim olunur. Bir var sənətin
özü, bir də var onun uğurlu təqdimatı, ictimai rəyin
düzgün yönəldilməsi və
formalaşdırılması. Təəssüf ki, çox
vaxt sənətkarlıq baxımından aşağı səviyyədə
olan, hətta lap tutaq ki, hansı isə cəhətlərinə
görə cazibədar olan ifaların
ümumi fonu, bədii-estetik aura və ifanı müşayiət
edən şoumen təqdimatları, verilişdə səslənən
yöndəmsiz söz və ifadələr, “ideyalar” o dərəcədə
naqis olur ki, sənət elementləri tamamilə kölgədə
qalır, tamaşaçıların zövqü tədricən
korlanır, psixikası pozulur və real mənəvi ehtiyaclar əvəzinə,
instinktlər və reflekslər işə düşür,
insan öz ali mahiyyətinə doğru yüksəlmək əvəzinə,
cismani başlanğıcına doğru sürüklənir.
Yəni təqdim olunan konkret sənət nümunəsi,
ifanın özü nə qədər əhəmiyyətlidirsə,
onun təqdimat üslubu, verilişin ideya xətti də bir o qədər
əhəmiyyətlidir.
Bizcə,
tamaşaçının diqqətini cəlb etmək
üçün bəhanə gətirilən və guya
müasirlik əlaməti olan ifrat dinamikaya, klipbazlığa,
açıq-saçıqlığa, məzhəkələrə,
şoulara ehtiyac olmadığına əmin olmaq
üçün “Bir mahnının tarixçəsi”nə
baxmaq kifayətdir.
Sadəliyin gözəlliyi
Bəli, mahnı həqiqətən gözəl idi, elə təqdim olunan bütün ifalar da. Amma bizim məqsədimiz ifa məharətindən deyil, yüksək ziyalı mədəniyyətindən və bədii özünüdərk səviyyəsində təhlil qabiliyyətindən bəhs etməkdir.
Mən yuxarıda müğənninin əsas işinin danışmaq yox, oxumaq olduğunu vurğulamışdım. Müğənni jurnalistliyinin, onların aparıcılığı ilə düzənlənən “didaktik” söhbətlərin əleyhinə fikir söyləmişdim. Amma bu o demək deyil ki, müğənnilər arasında da yüksək intellektual səviyyəli şəxslər ola bilməz. Belə şəxslər onsuz da öz missiyasını düzgün bilir və ancaq məqamında və qədərində danışırlar.
“Söz olmasaydı” mahnısından bəhs edərkən Mənsum İbrahimov diqqəti belə bir cəhətə yönəltdi ki, bu mahnının gözəlliyi onun sadəliyindədir. Müğənni bunu xüsusi vurğuladı ki, sadə əsəri yüksək sənətkarlıqla ifa etmək çox çətindir. Çünki mürəkkəb kompozisiyaya malik olan əsərin ifası yüksək texnika tələb edir. Ona görə də, belə əsərlərin ifasını ancaq müvafiq təhsil görmüş, ifaçılıq texnikasına mükəmməl yiyələnmiş şəxslər üzərinə götürür. Sadə mahnıları isə hamı oxuya bilir; texnikası olan da, olmayan da. Bax, səsin öz təbii keyfiyyəti və imkanları bu zaman yeganə meyar olur. Bu təhlil göstərdi ki, Mənsum İbrahimov gözəl səsə, yüksək səhnə mədəniyyətinə, ifaçılıq məharətinə malik olmaqla yanaşı, öz sənətini nəzəri cəhətdən də mükəmməl mənimsəmişdir və onu təkcə musiqi ilə deyil, söz və mühakimə ilə də təqdim edə bilir.
Əsl sənətkarlıq
üzdə sadə görünənin alt qatdakı dərin mənasını
üzə çıxarmaq məharətidir. Alabəzək və
qatmaqarışıq klip həvəskarlarından fərqli
olaraq, yüksək zövqlü tamaşaçı diqqətini
sadəcə sənətin özünə yönəltmək
istəyir. Onu şousuz-filansız, səsin, musiqinin öz
sehri ilə ovsunlamağa isə ancaq həqiqi sənətin
gücü çatar.
Səlahəddin XƏLİLOV
525-ci qəzet.- 2009.- 9 dekabr.- S.2.