Əsrin böyük səadəti
– Xalq Cümhuriyyəti dövründə ədəbiyyat
Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkəmizdə ictimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda böyük bir canlanmaya təkan verdi. 1918-1920-ci illərdə Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadıqzadə, Əli Yusif poeziya sahəsində uğurlar qazandılar. Məhəmməd Hadi “Əsgərlərimizə, könüllülərimizə”, “Məfxureyi-aliyəmiz”, “Şühədayi- hürriyyətimizin əhvalinə-ithaf” kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması uğrunda millətini mübarizəyə səsləyir.
“Şühədayi-hürriyyətimizin
əhvalinə-ithaf” şeirlərində 1918-ci ildə erməni
daşnaklarının törətdikləri qanlı cinayətlərdən,
erməni-müsəlman faciəsindən, tökülən
günahsız qanlardan sarsılmış şair bu yolda şəhid
olanlarımızı ağlayır:
Sizin məzarınız iştə qülubi-millətdir,
Bu sözlərim ürəyimdən gələn həqiqətdir.
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynəti-cahani
fəna.
Sizinlə buldu bu millət həyati
–püriqbal.
Sizinlə buldu bu millət
şərəfli istiqlal.
“Əsgərlərimizə,
könüllülərimizə” şeirində müstəqillik
uğrunda mübarizədə igid vətən
oğullarına üz tutur, onları vətənpərvər
olmağa, torpağı, milləti, dövləti qorumağa
çağırır.
M.Hadinin bu sətirlərində
M.Ə.Rəsulzadənin “Ah, Azərbaycan! Biz sənin
haqqını tələb etmək deyil, yalnız adını
söyləmək üçün... nə qədər
töhmətlərə məruz qaldıq...” kəlmələrində
yaşayan bir ruh, amal, ideya var. M.Hadi bolşeviklərin hakimiyyətə
gəlməsinə, Xalq Cümhuriyyətinin süqutuna
dözməyərək Gəncə üsyanında
yaxından iştirak etmiş, bu amal, məqsədə xidmət
etmiş, bu yolda həlak olmuşdur.
Türkçülük,
turançı ideyaları ilə köklənmiş Abdulla
Şaiqin yaradıcılığında Xalq Cümhuriyyətinə
bəslənən hörmət və ehtiram əsasdır.
“Yeni Ay doğarkən”, “Marş”, “Vətənin yanıq səsi”,
“Arazdan Turana” şeirlərində vətəndaş şairin
qəlbinin səsi duyulur. Bu şeirlərdə azad, müstəqil
dövlətə, Xalq Cümhuriyyətinə sevgi
yaşayır.
Milli ədəbiyyat tarixində
“istiqlal şairi” kimi tanınan Əhməd Cavadın “Türk
ordusuna”, “Şəhidlərə”, “Azərbaycan
bayrağına”, “Elin bayrağı”, “İngilis”,
“İstanbul”, “Bakı deyir ki” və s. şeirlərində
ölkədə milli azadlıq uğrunda gedən mübarizələr
tərənnüm olunur, bu yolda canını qurban verənlərə
hörmət və ehtiram göstərilir. Bu şeirlərdə
“Bir kərə yüksələn” və bir daha enməyən,
onu endirməyə çalışanlara qarşı
xalqın apardığı mübarizə, bu mübarizədə
“müvəqqəti məğlubiyyət”, beşiyində
boğulmuş müstəqil Azərbaycan dövlətinin
bayrağının 70 ildən sonra yenə başımız
üstündə dalğalanması həqiqəti
yaşayır, xalqın mübarizə dolu həyatı,
qanı- canı bahasına əldə etdiyi müstəqilliyə
yenidən qovuşması, milli duyğular yaşayır, bu
gün də şairin “Azərbaycan bayrağına” şeri,
buradakı milli qürur, milli dövlətçiliyimiz
atributlarından biri kimi öyülən bayraq, şeirdəki
hər vaxt, hər zaman özünü qoruyub saxlayan
müasirlik hissi – qan bahasına əldə edilmiş dövlətə,
onun bayrağına hörmət və ehtiramdan
yoğrulmuş misralar yada düşür:
Türküstan yelləri
öpüb alnını,
Söylüyor dərdini
Üç rəngin əksini
Quzğun dənizdən,
Ərmağan yollasın
yara, bayrağım!
Əhməd Cavad
yaradıcılığında ölkəni yenidən
işğal edən rus imperiyasına nifrət hissi var.
“Göygöl” şeirinin ideya məzmununda azadlıq göynərtisi,
müstəqillik arzusu, milli-istiqlal yanğısı ilə
yanaşı üsyankar bir qəlbin səsi duyulur.
Türkçülük,
turançılıq ideyalarına gənc yaşlarından
böyük səmimi rəğbəti olan Cəfər
Cabbarlı milli hərəkatın genişləndiyi ilk illərdə
“Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini
yazdı və bu əsərlər Türkiyədə baş
verən inqilabi-tarixi hadisələri, türk xalqının
öz suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda mübarizəsini
əks etdirirdi.
Milli hökumətin
yarandığı illərdə parlamentdə stenoqraf işləyən
C. Cabbarlı dramaturgiya, eləcə də lirik
yaradıcılığını davam etdirir, milli dövlətçiliyi,
vətənin, torpağın gözəlliyini tərənnüm
edir. İlk şeirlərində-”Azərbaycan
bayrağına”, “Sevdiyim”, “Sevimli ölkəm”, “Salam” və s.
şeirlərində Xalq Cümhuriyyətinin şirin
dadını duyan, bu dövlətin məhəbbətini qəlbində
yaşadan vətənpərvər qəlbin səsi duyulur.
Bayrağımız, türkçülük,
turançılıq məfkurəsi ön planda verilir.
Şairin “Azərbaycan bayrağına” şeiri şairin
“azadlıq və istiqlal” sevgisini orijinal formada əks etdirən
əsərlərdən” biri kimi yüksək qiymətləndirilir.
“Azərbaycan
bayrağına” o, şeirində üç rəngi – Azərbaycan
bayrağının rəmzlərini bədii şəkildə
verir:
Bu göy boya Göy
Moğoldan qalmış
bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya
İslamlığın sarsılmayan imanı,
Ürəklərə
dolmalı!
Şu al boya
azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət
bulmalı!
Səkkiz uclu şu
yıldız da səkkiz hərfi od yurdu,
Əsarətin gecəsindən
fürsət bulmuş quş kibi
Səhərlərə
uçmuşdur.
“Sevdiyim” şeirində də
şair üçrəngli bayrağa, vətənə
müqəddəs hisslərlə yanaşır, bu bayraqda
türkçülük, turançılıq
ideyalarını ümumiləşdirir.
Xalq Cümhuriyyətinin
köməyini, dövlətin qayğısını üzərində
hiss edən, onun dəstəyi ilə xaricdə təhsil alan,
elmə, biliyə yiyələnən Əli Yusifin “Azərbaycanlıya”,
“Bayraq”, “İdeal”, “Bir türk yanqısı deyir ki”,
“Qarabağ xainlərinə” və s. şeirlərində xalq,
millət, vətən sevgisi əsasdır. “Əli Yusifin
şeirlərini səciyyələndirən başlıca
keyfiyyət onların canlı hiss və təəssüratlardan
qaynaqlanması, yüksək mübarizlik əhval-ruhiyyəsinin
məhsulu olmasıdır. Bu cəhət bir tərəfdən
şairin fitri poetik keyfiyyətlərinin göstəricisi kimi
özünü büruzə verirsə, qarşı tərəfdən
onun yazılarının Cümhuriyyət idealları ilə
bağlılığından mayalanır”.
Repressiya qurbanı olmuş,
həbsxanalara salınmış Umgülsüm Sadıqzadənin
“Əsgər anasına”, “Çəkil, dəf ol”, “Bir
mayıs günündə”, “Yolunu bəklərdim” şeirlərində
azadlığını, müstəqilliyini əldə
etmiş Azərbaycan xalqına, onun yenicə qurduğu azad,
müstəqil, suveren dövlətinə məhəbbət, Vətənin
sabahı üçün narahatlıq, xalqına çətin
anda köməyə gələn, onu düşmən
caynağından qurtarmağa çalışan Türk ordusunun
arxa, dayaq olmasından ürəyində qürur hissi
doğması, dili bir, qanı bir türk-Azərbaycan
xalqının hiss və duyğuları, bu tarixi həqiqətlərin
xalqın ruhunda, yaddaşında buraxdığı dərin
izlər yaşayır. Onun şeirlərində eyni zamanda
ölkədə Xalq Cümhuriyyətinin süquta
uğraması, başımıza gətirilən müsibətlər,
tarixi ədalətsizliklər öz əksini
tapmışdır.
Məmməd Səid Ordubadi,
Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əli
Şövqü, Davud Ağamirzadə və başqa sənətkarlarımız
Xalq Cümhuriyyətinin yaşadığı dövrün
ümumi mənzərəsini poeziyada verdiyi kimi, bu illərdə
bədii nəsr yaradıcılığı ilə məşğul
olan Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy
Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla
Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi
tanınmış ədiblər də öz
yaradıcılıqlarında bunu əks etdirirdilər.
Cəlil Məmmədquluzadə
hekayələrində qadın azadlığı (“Konsulun
arvadı” “Xanın təsbehi”, “Qəssab”) problemlərinə
toxunur. “Zırrama” hekayəsində mənfi əxlaqi keyfiyyətlər
tənqid olunur. Ə.Haqverdiyevin “Mirzə Səfər”, Seyid
Hüseynin “Həzin bir xatirə”, “İsmailliyə” hekayələri
diqqəti cəlb edir. “İsmailliyə” hekayəsində ədəbiyyatşünaslar
Seyid Hüseynin “bu tarixçənin istiqlal və azadlıq hərəkatı
ilə bağlı məqamlarına diqqət yetirildiyini, “əslində
İsmailliyənin simasında” yazıçının
bütün ruhu və qəlbi ilə bağlı olduğu
doğma Azərbaycanın obrazını
yaratdığını bildirirlər.
Abdulla Şaiqin “Əsrimizin
qəhrəmanları” romanının bir hissəsini
Cümhuriyyət dövründə qələmə
aldığı, bu əsrdə birinci dünya müharibəsi,
çar Rusiyasının tənəzzülü, Oktyabr
inqilabı dövründə yeni nəsli
düşündürən və narahat edən problemlərin
diqqət mərkəzinə çəkildiyi qeyd edilir.
Ağababa Yusifzadənin
“Sınan qanad” romanında xalqın, millətin
qayğılarını bir vətəndaş kimi irəli
çəkmək məsələləri, vətənin azad
və abad yaşaması, qurulması ideyaları verilir.
Tədqiqatçılar
Hüseyn Cavidin “İblis” faciəsinin “bu illərdə cərəyan
edən hadisələrin ümumi ruhundan və mahiyyətindən
qaynaqlan”dığını bildirir: “Dramaturq I Dünya
savaşının ağır siyasi böhranının və
erməni-daşnak birləşmələrinin fitvası ilə
törədilmiş Mart faciəsinin onun şüurunda və
dünyagörüşündə yaratdığı
güclü təəssüratın təsiri ilə belə
bir əsərin yaradılmasını vacib hesab etmişdir”.
Milli birlik, mənəvi
bütövlük ideyaları üzərində qurulan
dövlətin tərəfdarı olan Cəlil Məmmədquluzadənin
“Anamın kitabı” pyesinin ədəbi tənqiddə dərin
təhlili verilmişdir: “Böyük mütəfəkkirin
fikrincə, birliyi və bütövlüyü olmayan millətin
iqtisadi, siyasi, mənəvi güc, qüdrət sahibi
olması, tarix səhnəsində uzun müddət duruş gətirməsi
mümkün deyildir. Dramaturq pyesdə bir ananın
övladları olan Rüstəm bəy, Mirzə Məhəmmədəli,
Səməd Vahid timsalında köləlik və əsarətin
millətin xarakterində qoymuş olduğu acı nişanələrə
diqqəti yönəldə bilmişdir. Eyni zamanda, müəllif
millətin ruhuna hopdurulmuş yabançı xislətləri
diqqət mərkəzinə çəkməklə kifayətlənməmiş,
bu bəlalardan xilas olmağın yollarını göstərmişdir”.
Azərbaycan ədəbiyyatı
tənqidi və ədəbiyyatşünaslığı
Cümhuriyyət dövründə özünəməxsus
inkişaf yolu keçib. “Bu özünəməxsusluq, hər
şeydən öncə, ədəbi irsin milli-nəzəri
fikir müstəvisində təhlil və tədqiqinin
aktuallıq kəsb etməsi, həmçinin ədəbiyyatşünaslığı
məşğul edən problemlərin daha operativ şəkildə
diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir.
Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən
klassik ədəbi irsin tədqiqi istiqamətində
mühüm addımlar atılmış, digər tərəfdən
çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş,
həmçinin ədəbiyyatın nəzəri-estetik
problemlərinin araşdırılması ilə bağlı
müəyyən işlər görülmüşdür”.
Məmməd Əmin Rəsulzadə
milli azadlıq yolunda əldə edilən müvəffəqiyyətlərin
qazanılmasında bədii ədəbiyyatın rolunu belə
dəyərləndirir: “Azadlıq və istiqlaliyyət əsas
süngüləri ilə yox, ədəbiyyat və incəsənət
vasitəsi ilə əldə olunur” və “Qurtuluş
günü” məqaləsində yazır: “Ey millətin
lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini,
ülvi niyyət və məqsədlərini
oxşayınız, kəndisinə millət sevgisi, vətən
məhəbbəti, hürriyyət eşqi təlqin ediniz”.
Cümhuriyyət
dövründə Seyid Hüseyn “Yaşıl qələm” ədəbi-elmi
cəmiyyət yaradır. Bu cəmiyyət Məmməd Əmin
Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy
Vəzirov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd
Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və
digər ziyalıları, sənətkarları özündə
birləşdirirdi. Yusif Vəzir Çəmənzəminli bu
dövr ədəbiyyatşünaslığına dəyərli
əsərlər vermişdir. “Azərbaycan ədəbiyyatına
bir nəzər” monoqrafik tədqiqat əsəri 1919-cu ildə
İstanbulda nəşr edilmiş öz elmi-nəzəri əhəmiyyəti
ilə seçilir.
Firidun bəy Köçərli
Tiflisdə “Azərbaycan teatrının ədəbiyyatı” əsərini
rus dilində nəşr etdirir. F. Köçərli elə
bir dövrdə fəaliyyətə başlamışdır
ki, o dövrdə Rusiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşir.
Azərbaycanda milli şüur getdikcə qüvvətlənirdi.
Azərbaycanda dramaturgiya, nəsr, nəzm, realizm üslubu ilə
inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, qəzet
və jurnallar dilimizdə nəşr edilir. Azərbaycan ədəbiyyatı
tarixinin sistemli şəkildə öyrənilməyə meyl
artırdı. Firidun bəy Köçərli silsilə məqalələrini,
“Azərbaycan türklərinin ədəbiyyatı” əsərini,
“Azərbaycan ədəbiyyatı” əsərlərini yazır.
Onun ən böyük xidməti “çox əsrlik Azərbaycan
ədəbiyyatı irsini toplayıb, elmi prinsip və
ardıcıllıqla öyrənərək öz tədqiqatının
nəticələrini “Azərbaycan ədəbiyyatı” əsərində
xalqın istifadəsinə verməsi”dir.
Yusif Vəzir Çəmənzəminli
əsərlərində Nəsimi, Abbasqulu Ağa Bakıxanov,
Mirzə Fətəli Axundov, Qasım Bəy Zakir, Mirzə Ələkbər
Sabir və başqa şairlər, sənətkarlar
haqqında, onların yaradıcılığı haqqında
nəzəri fikirlərini söyləmişdir, Mirzə Fətəli
Axundov irsinə xüsusilə yüksək qiymət
verilmişdir: “Milliyyət hissi birinci dəfə olaraq bu ədibdə
oyanmışdır və intibahın dəlili olan kritisizm də
Mirzə Fətəlinin əsərlərilə
başlayır”.
Yusif Vəzir Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tədqiqatlarını yüksək dəyərləndirir: “Ədəbiyyatımızı müntəzəm bir şəklə salmaq və ümumən tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Firidun bəy ən müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi...”.
Tədqiqatçılarımız Cümhuriyyət dövrünün araşdırıcılarından Adilxan Ziyadxanın “Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat” (1919) əsərinin “milli ədəbiyyat tarixinin öyrənilməsi baxımından” dəyərli bilirlər. A. Ziyadxan Çəmənzəminlidən fərqli olaraq azərbaycanlı müəlliflərin, ərəb və fars dillərində yazıb-yaradan ədiblərin irsini milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb etdiyini bildirirlər: “tədqiqatda ayrı-ayrı klassiklərin yaradıcılığının bağlı olduqları ədəbi-kulturoloji və ictimai-siyasi mühit kontekstində təhlilə cəlb olunması bütövlükdə milli ədəbiyyatın regional çalarlarının üzə çıxarılmasına imkan vermişdir”.
Əlimərdan
bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b.
Azərbaycan ədəbiyyatını, mədəniyyətini
təbliğ etmək məqsədilə bir sıra məqalələr,
kitablar Avropada çap etdirmişlər. Bu dövrdə Abdulla
Şaiq, Cəfər Cabbarlı, Abbas Səhhət
yaradıcılığı ilə bağlı müxtəlif
məqalələr yazılmış, bu məqalələrdə
“ədəbi-estetik fikrin milli məfkurəyə
üstünlük” verdiyi, “bədii əsərləri bu
yöndə dəyərləndirmək meyli” diqqəti çəkir.
Gülxani PƏNAH
525-ci qəzet.- 2009.- 10 dekabr.- S.7.