Dağ qürurlu, şəlalə
hökmlü şair Hüseyn Kürdoğlu
Mən Hüseyn
Kürdoğlunu sakit təbiətli, səmimi,
qayğıkeş bir insan və həm də coşqun təbli,
yüksək poetik istedada malik bir şair kimi
tanıyırdım. O, AMEA-nın Ədəbiyyat
İnstitutunda sayılıb-seçilən alimlərdən
biri idi.
Şair Hüseyn onu düşündürən problemlər ətrafında məntiqi əsasla mənalı şeir yazan bir qələm adamı idi. Onun şeirləri şeir yazmaq xatirinə yaranmırdı. Onların hər birində şairin qəlbindən qopan niyə və nə üçün suallarına cavab axtarılırdı. Odur ki, Hüseynin şeirləri son bənddəki bir poetik vurğu ilə sona yetmir. Poetik vurğular onun şeirlərinin hər bir bəndində öz əksini tapır. Dərin mənalı fikirlə poetik ustalığın vəhdətindən yaranan şeirlərin həm ömrü uzun olur, həm də oxucular tərəfindən sevilir, müəllifinə şərəf, şöhrət gətirir. Hüseynin şeirləri oxucuları düşündürən şeirlərdir.
1963-cü ildə nəşr edilən “Səhər nəğmələri” kitabı ədəbiyyatımıza yeni bir istedadın gəlişindən xəbər verdi. Bundan sonra Hüseyn Kürdoğlunun 20-dən artıq kitabı – “Yurdumu gəzə-gəzə” (1968), “Qaya çiçəkləri” (1970), “Doğma diyarım” (1973), “Çiçək təbəssümü” (1975), “Ata yurdum” (1978), “Dörd telli durnam” (1979), “Toy karvanı” (1981), “Durna səsi” (1985), “Quzular dağa çıxdı” (1986), “Bu dünya bir karvan yolu” (1989), “Min bir bayatı” (1992), “Yaralı torpağım, yaralı sevgim” (1997), “Ziyalımız – ziyamız” (1999), “Hər şəhid bir nəğmədir” (1999), “Yurduma qurbandır sözüm” (2005) və s. çap olunub.
Mən Hüseynlə demək olar ki, hər gün işə gələndə rastlaşar və baxışlarımızın çarpazlaşması ilə görüşür, çox hallarda kənardan hiss edilmədən bir-birimizə sakitcə baş əymək ilə sağollaşırdıq.
Hüseyn Kürdoğlu çox danışmağı sevməzdi. Buna görə də o yüngül danışıqdan, ürək bulandıran sözlərdən çox uzaq idi. Bəlkə də o müəyyən mənada öz dünyasına qapılan bir şair idi. El içində Hüseyn kimilərinə “ağır təbiətli adamdır” deyirlər. O “ağır oturub batman gələnlərdən” idi.
Hüseynin bu daxili dünyasına görə, insani keyfiyyətlərinə görə mənim ona xüsusi hörmətim və məhəbbətim var idi. Mən poeziya aşiqiyəm, mənalı poeziyanın, poetik vurğularla dolu poeziyanın! Poeziyada təbiət mənim idealımdır. Hüseyndə də təbiətlə bağlı şeirlər çox çeşidli və tutarlıdır.
Mən bir coğrafiyaçı, təbiətşünas alim kimi Hüseyn Kürdoğlunun “Çinar meşəsi”, “Yurd yeri”, “Qayaqovuşan”, “Ağ bənövşə”, “Yelləncək asmışıq tut ağacından”, “Ağ göl”, “Ellərin qəlbində yuva quranda”, “Bulaq”, “Kəklik”, “Dağlar”, “Dağ gölündə”, “Tütəkçi”, “Oxu, qaratoyuq”, “Özünü qayadan atdı bir gəlin”, “Boz qurdum, ulama Kür qırağında”, “Araz”, “Qaraqoyunluda”, “Xırman işığı” və bir çox başqa şeirlərini sevə-sevə oxumuşam.
Mən ana təbiəti poeziyaya gətirən və onu duyaraq, dərk edərək tərənnüm edən şairlərin şeirlərini çox sevirəm. Hüseyn Kürdoğlu da bu cərgəyə daxil olan şairlərdəndir. Zəngin təbiəti duymaq, onu sevmək və onu həyatda, işdə, əməldə qorumaq lazımdır. Təbiəti qorumaq hər bir insanın, hər bir namuslu vətəndaşın qəlbində, vicdanında olmalıdır. Təbiət qansızlar, amansızlar, rəhimsizlər əlindən kasıblayır, deqradasiyaya uğrayır, bəsitləşir, təbii gözəlliyini itirir. Təbiətə edilən zülüm qısa bir müddətdə onu törədən insanların və ya onların gələcək nəsillərinin başına dağ kimi uçur, onları sel kimi süpürərək bir dəfəlik aparır.
Şair Hüseyn uşaqlıq illərini dağlar qoynunda keçirmişdi. O, daima təbiətlə uzbəüz durub, görüb, düşünüb, nəticə çıxarıb. Bu səbəbdən də onun şeirlərində təbiət ən ali yerlərindən birini tutur. Dağların gözəlliyini saymaqla qurtarmaq olmaz. Onun gözəlliyi qarlı zirvələrdə, uçurumlu yamaclarda, coşqun çaylarda, Kəsmə şikəstədə olduğu kimi gah zilə qalxan, gah da bəmə enən şəlalələrdə, bal arısının zümzüməsində, qartallarda, çiçəkli çəmənlərdə, ceyranlı düzlərdədir.
Mil, Muğan, Şirvan düzənliyini vəsf edən
Səməd Vurğun demişkən yay kimi dartılan, ox kimi
süzən ceyranlar idi. 1940-1950-ci illərə qədər
aranda ceyranlar qoyun sürüsünə qarışaraq birgə
otlayırdılar. Çobanlar istədiyi vaxt onları
ovlayırdılar. İnsanlar düzlərə
yaraşan ceyranları ovlayaraq onların axırına
çıxdılar. Onlar get-gedə ceyranlara qarşı
amansızlaşdılar. Zalım ovçular qanunsuz ov edəndə
yüksək dağların zirvələrini dağ
keçisiz, meşələri əliksiz, düzləri
ceyransız qoydular. İnsanlar ana təbiətə
yağı kəsildilər. Düzlər
kasıblaşdı, Ağ gölün, Sarı gölün
su aynası ceyran gözünə həsrət qaldı.
İnsanların təbiətə göstərdiyi bu
zülmü görən Hüseyn yazmışdı:
Yaman divan tutdu ceyrana yağı,
Demədik heyifdir ceyran, a
yağı!
Bir yolluq kəsildi Mildən,
Muğandan,
Qamçıya sap oldu ceyran
ayağı.
Kim dağlarda
olubsa, saf havanın, sakit təbiətin qoynunda əlik səsi,
maral nəriltisi, yaxud da bülbül cəh-cəhi eşidibsə
həmin günlər onlara təkrar olunmaz mənəvi
zövq verib.
O cümlədən də kəkliyin qaqqıltısı,
bülbüllərin oxuması.
Mən
ekspedisiya vaxtı dağlarda kəklik səsi eşidəndə
ayaq saxlayır, onlara qulaq asır və hədsiz zövq
alırdım.
Kəklik dağlar gözəlidir. Kəkliyin oxuması dağları da darıxmağa
qoymur.
Təbiəti
qorumaq, onun gözəlliyini saxlamaq işində Hüseyn
Alışanov da öncül olmuşdu. Hələ tələbə
ikən yazdığı şeirlərindən birində
üzünü təbiətə qənim kəsilənlərə
tutub deyirdi: “Onu haylamağa dilim gəlmədi, Rastıma
düşsə də əlim gəlmədi, Demə ki
ovçusan, hanı kəkliyin”.
İllər
ötəcək, şair Hüseyn ömür boyu hər
daşını, qayasını, gülünü,
çiçəyini vəsf elədiyi Laçın
dağlarında qəhərdən boğula-boğula bir
qaçqın qızın dilindən kəkliyə deyəcək
ki, “oxuma, kəklik, oxuma”, çünki “qarşıda
yağı gizlənib”. Əgər o sənin səsini eşitsə,
“məni də, səni də vurar”.
Bu yağı
sadəcə təbiət qənimi ovçu deyil, torpaq qənimi,
Vətən düşməni erməni daşnakdır. Şair kövrək
duyğularla kəkliyə müraciətlə deyir ki,
“Sən bu dağın
nazlı quşu,
Mən bu dağın
qaçqın qızı,
Düşmən
aldı yurdumuzu.”
Şair müvəqqəti
itirilmiş torpağa dözə bilmir. O həyat yoldaşına
deyir ki, mənim kəfənimi tikə-tikə, boynunu bükərək,
telini üstümə tökərək ağla. Məni sağ ikən, ölməmiş ağla.
Şairin fikrincə insan vətənini itirəndə
o diri də olsa ölü hesab edilməlidir.
Kəfənim tikib ağla,
ağla, yar!
Boynunu büküb ağla,
ağla, yar!
Hörükdən aç
telini, telini,
Üstümə
töküb ağla, ağla, yar!
Budur vətən itkisinin
şairin sinəsinə çəkdiyi sağalmaz dağ! Bir qeyrətli vətən övladı kimi vətən
itkisinə laqeyd qalmamış və əksinə onu
ömürlük sinəsinə çəkilmiş dağ
hesab etmişdi. Şair o sinə dağını
özü ilə o dünyaya apardı...
Şair
Hüseyn Kürdoğlu bütün Laçın əhalisi
kimi doğma vətəni itirmişdi. Bu bütün namuslu
azərbaycanlılar, xüsusilə şair Hüseyn
üçün böyük dərdə çevrilmişdi.
Vətəni əldən getdiyindən Hüseyn
həyatda özünə yer tapa bilmirdi. Bununla
əlaqədar narahatlıq onun qəlbinə hopmuşdu, onun
düşüncələrini fəth etmişdi.
Quş bir
yaşıl budaqdan uçandan sonra bir yuvaya qonmalıdır. Quşun
qonmağa yuvası olmalıdır. O havada vurnuxa-vurnuxa,
göydən yerə həsrətlə baxa-baxa özünə
qonmağa yer axtarır. Əgər quşun
qonmağa bir yuvası yoxdursa deməli o quş
yuvasızdır, yersizdir, yurdsuzdur, vətənsizdir.
Dahi şairimiz Rəsul Rza
“Füzuli” poemasında vətəndən uzaq
düşmüş Vətənsiz Məhəmməd
Füzulini yada salaraq yazmışdır: “Torpaqsız insan da
yuvasız quşdur, ömrün boranından necə qorunsun? Qanadlı bir quş da nə qədər uçsa,
axırda gərəkdir bir yerə qonsun”. Hüseyn də
özünü yuvasız quş kimi havadan asılı bir
insan hesab edirdi: “Elin yuvası dağıldı, ölə
bilməm el içində”.
Düzdür
Azərbaycan hamımızın doğma vətənidir. Hamımıza
orada yer var, isti yuva var. Ancaq biz hamımız etiraf etməliyik
ki, vətənin qibləgahı insanın doğulduğu evin
astanasından başlanır. İnsan üçün
doğma astana yoxdursa demək o adam vətənsizdir,
sərgərdandır.
Dumana, borana,
yağışa qalmış,
Xilası bir
qanlı vuruşa qalmış.
Qurd da viranədə yuva
bağlamaz,
Viranə
yurdumuz bayquşa qalmış.
Bu fikir
Hüseyndə dərin iz buraxdığından şairdə
olan qapalılıq daha da güclənmişdi. O həyatda özünə
yer tapa bilmədiyindən həyat onu sıxırdı. Hüseyn özünü göydə qanad
çalan, lakin qonmağa yer tapa bilməyən qartala bənzədirdi.
Ağıl var, düşüncə var, qeyrət var, lakin vətən
müvəqqəti olsa da yoxdur!
Bu
düşüncələr şairin qəlbini göynədir
və onu hansısa bir viran qalmış evin küncünə
sıxırdı. Odur ki, öz daxili dünyasınla vətənə
qayıtmaq hissləri həyatdan küskün şairi
caynağına alıb göylərin yeddinci qatına
qaldırmışdı.
Bu şairin son
vaxtlar yazdığı şeirlərdə özünü
çox qabarıq şəkildə göstərirdi. Müasir həyatın
uçurumu qarşısında dayanmış şair
Hüseyn Kürdoğlu qəflətən aramızdan getdi.
Onun yeri cənnətlik olduğu
üçün də cənnətə getdi. Ancaq şair biz dostlarını ağır psixoloji gərginlikdə
qoyub getdi. Bizim heç birimiz Hüseynin
belə tezliklə aramızdan getməsini gözləmirdik.
Allah təla
bütün haqq dünyasına göndərilmişlərə
rəhmət eləsin, içində də bizim sevimli
dostumuza, sirdaşımıza, şair qardaşımız
Hüseyn Alışanov – Kürdoğluna.
Xalq şairi Bəxtiyar
Vahabzadənin məsləhəti ilə şərti olaraq
ancaq Kürdoğlu təxəllüsünü öz üzərinə
götürmüş Hüseynə, Azərbaycanın
Laçın rayonunun Əhmədli kəndində dünyaya
göz açmış şair Hüseyn Alışanova
dönə-dönə rəhmət diləyirəm.
Mən böyük ürək
açıqlığı ilə deyirəm ki, Hüseyn Həsən
oğlu Alışanov ömrü yazdığı elmi əsərlərində,
şirin şeirlərinin bəndlərində, dostların qəlbində
və bir də Dəli dağın zirvəsində, Həkəri
çayın coşğun sularında, Laçının
yalçın qayalarında, hər il təkrarən
açıb solan çiçəklərində, əliklərin
məsum baxışında, arıların şirinli-şəkərli
balında yaşayır.
Hüseynin
yüksək insani keyfiyyətləri, elmi əsərləri və
poetik yaradıcılığı bizə yadigar kimi qalıb. Biz bu yadigarları əzizləyə-əzizləyə,
hər an tumarlaya-tumarlaya
saxlayacağıq. Vətən naminə,
insanların mənəvi qida alması, tariximizin daha da dərinə
kök salması naminə.
Hüseyn
bütün varlığı ilə insanları, həyatı,
Azərbaycanı sevdiyi kimi təbiəti də ürəkdən
sevir və onu tutarlı şeirləri ilə qoruyurdu. Əli Turxan demişdi:
“Milli ruh məhəbbətlə ağlın ittifaqından
yaranır”. Hüseyn Kürdoğlunda vətənə
məhəbbət onun Milli ruhundan və ağlının zənginliyindən
yaranmışdı. Onun Milli ruhu və
ağlı onun poeziyasının kökündədir. Hüseyn xalqımızın qeyrətli oğlu idi.
Doğma Vətənin
itirilməsi hər bir vicdani vətən övladı
üçün ağırdır. Laçının
itirilməsi Hüseynin sanki ürəyində bir
düyün, beynində sağalmaz yara yaratmışdı.
Hüseyn Laçınsız yuvasız qartal
idi. Vətənsizlik dərdi içəridən
Hüseyni didirdi, ürəyini ovurdu, fikrini-zikrini
ovsunlayırdı.
Şair
şeirlərindən birində dünyasını dəyişmiş
atasının məzarından üzr istəyərək deyir
ki, “Ey qəhrəman ata, keç günahımdan, qoruya bilmədim
məzarını mən” (səh. 156).
Yurd-yuva həsrəti ilə
qovrulan şair ürək ağrısı ilə deyir: “Bir
xınalı daşa baş qoyub öləm, dinləyə-dinləyə
torağayları”. Vətən itkisində
Hüseyni yandıran cəhətlərdən biri də odur
ki, vaxtı ilə şairin doğma kəndinə gəlib dilənən
ermənilər işğal etdikləri obanı
darmadağın etmişlər.
Namərdlər nə günə
qoymuş, ay Allah,
Gəlib diləndiyi
mərdanə kəndi. s. 357
Şair vətən
yolunda vuruşmaq, düşmənə qalib gəlmək
arzusunda idi, lakin ixtiyar yaş buna imkan vermirdi. Şair bu
münasibətlə yazmışdı.
Yad bir hava çalmadı mənim
bu könül sazım,
Vətən
çeşmələrində axır həzin avazım.
Qoca vaxtıma
düşdü, şəhid ola bilmədim,
Budur əlimdən gələn:
yurduma şeir yazım.
Şair öz poetik
yaradıcılığından razı
qaldığını bildirərkən yazmışdı:
Dağların
dastanıdır yazdığım başdan-başa,
Dağlar
başında bir gün göyə qalxar heykəlim. (səh. 359).
Bəli,
şair, sən öz poetik yaradıcılığınla vətən
dağları zirvəsində yer tutaraq göylərə
ucalmaq haqqını qazanmısan.
Şair
Hüseyn Kürdoğlunun vəfatından sonra çap olunan
“Yurduma qurbandır sözüm” kitabında toplanan hər bir
şeiri, xüsusən bayatıları həyəcansız
oxumaq mümkün deyil. Bayatı yazanların düşüncəsində
dolaşıqlıq olmur, hər şey aydın ox kimi düz
və bir istiqamətlidir; şair bu bayatıları
Laçınsız, Şuşasız, Ağdamsız illərin
ağrı-acısı ilə qələmə alıb.
Dağlarda qarmı qalar,
Söyləsəm
qara dərdim.
Qəlbimdə gizləmişdim,
Tez
çıxdı üzə dərdim.
və ya
Qışa dönmüş
ömrümün
Şerimdə
yazı qaldı.
Şair iş başında
olarkən kiməsə deyir:
Ayırma sözdən məni,
Bu gün qələm
üstəyəm.
Laçın yada düşəndə
şair belə yazıb:
Göllərə qırov
düşdü,
Xəyalıma
ov düşdü.
Laçının həsrətindən
Qanıma alov
düşdü.
Bu dünya mərdi
dağlar,
Məhşəri
gördü dağlar.
Dağlardan uca qalxıb,
Laçının
dərdi, dağlar.
Vətən
oğullarını vətənin qisasını almağa
çağıran Hüseyn belə yazmışdı:
Yurdumuzu dağıdan,
Sevinər bu
ağıdan.
Qəbrimə ağı demə,
Get qisas al yağıdan.
Hüseyn bir cənnət
quşu kimi bizim aramızdan qəflətən uçub getdi. Şair bu işıqlı
dünyadan getməmişdən dedi:
Dağ kükrər,
başdan yanar,
Od saçar, daşdan yanar.
Kövrəkdir məzar
daşım,
Ağlama,
yaşdan yanar.
Yazı bağlar,
Ha gözlər yazı
bağlar.
Kürdoğlu el dərdini
On ildir
yazıb ağlar.
Laçının
işğalı şairi kökündən silkələmiş,
onun daxili dünyasına dağ çəkmişdi. O, sağlığında
heç cürə Laçını azğın, layiqsiz,
murdar ermənilərin işğal etməsi ilə
barışmayıb. Şair Hüseyn
Kürdoğlu öz diyarını, dağılmış
od-ocağını şeirində tam açıqlayır.
Vətənpərvər Hüseyn Kürdoğlu yazır:
Bilirsənmi nə
növrağım dağılmış,
Behiştdən də gözəl
idi Laçınım,
Ata yurdum
dağım-dağım dağılmış!
Sonra şair yazır ki, “Min
illik od-ocağım dağılmış”, “Həm məzarım,
həm qundağım dağılmış”, “Dalğa
vuruğ sağım-solum dağılmış”, “Məşhər
gəlib, uca dağım dağılmış”. Budur şair Hüseynin varlığından gələn
nida, budur Azərbaycana dəymiş yaranın ümumiləşdirilmiş
təzahürü.
Şair Hüseyn
Kürdoğlunun işğalçı ermənilərə
qarşı daxili nifrətinin atom cəmi, yığcam
hökmü:
Alınmazmı azğın
başın havası,
İntiqamdır
yaramızın davası!
Rəvadırmı
laçınların yuvası
Əsir
düşə yapalağın oğluna?!
Hüseyn
“Şair, xəyalların şirin olsa da” şeirində xəyal
qanadında dağlara çəkilib qədim bir mağaraya
sığınır, müasir dünyanın bütün səs-küyündən,
informasiya mənbələrindən ayrılır, şehli
çiçəklərin ətrinə batır,
başına dolanan ulduzları, ayı müşahidə edir,
dünyaya təzə gəlmiş topu, tüfəngi unudur. Sonra şair
gözəl nağıllar dünyasından ayrılaraq bu
günümüzə qayıdır və yenə də
itirilmiş vətən yada düşür.
Bir fayda verərmi gözəl
nağıllar,
Səngər
tutmalıyıq cəbhələrdə biz!
Bu şeirin poetik
vurğusunun birində Hüseyn yazır:
Sonuncu şeirini qaya
döşünə
Axır nəfəsində
al qanınla yaz...
Hünərin tac
olsun dağlar başına,
Sonuncu məzarı
düşmənə sən qaz!
Şair
üçün vətənin itirilməsindən ağır
əzab olmamışdır. Bu cəhətdən də Hüseyn
Kürdoğlu deyir: – “Qeyri daş qoymayın məzarım
üstə, Laçın alınmasa göz yumunca mən”.
Vətənin
itirilmiş torpaqları geri alınmalıdır ki, dirilərin
göz yaşı qurusun, dünyasını dəyişmişlərin
isə ruhu rahatlıq tapsın. Kürdoğlu dünyasını dəyişib
getdi:
Kürdoğlu gəldi,
getdi,
Qəm nədir,
bildi getdi.
Eşqini ağlar qoyub
Dünyaya
güldü, getdi.
Ey Hüseynin ruhu! Mən sənin “Yurduma qurbandır sözüm”
kitabının (Bakı, “
Hüseynin
ruhu, sənin baxışlarında yorğunluq,
üzgünlük hiss olunur. Ancaq bu
üzgünlüyün içində böyük qələbəyə
ümid və inam var.
Mən sənin
gözlərində bir vətən sevgisi, vətən həsrəti,
bir də yağı düşmənlərə tükənməz
nifrət hissi görürəm. Sənin, Mikayıl
Müşfiq demişkən – Ayna üzün o vaxt
açılacaq ki, vətən azad olacaq. O zaman sənin
doğma vətən torpağından bir ovuc gətirib qəbrin
üstə səpəcəklər.
Bu gün sənin
narahat ruhun, göydə uçaraq qonmağa bir yuva tapa bilməyən
quş kimi bizimlədir. Sənin səmada cövlan edən ruhun
vaxt gələcək ki, Laçın elinə enəcək,
qoruya bilmədiyin atanın məzarı üzərinə
qonacaq. Deyirlər tarix təzələnir,
deyirlər insan yenidən köçdüyü yerə
qayıdır. Allah aman versə sənin
ruhun bir də bu dünyaya qayıdacaq və vətənin
mamırlı daşını yumşaq yastıq hesab edib, ora
baş qoyacaq, oradan göy qübbəsinə, onun ulduzlu,
aylı səmasına tamaşa edəcək. Mən sənin narahat ruhuna səbir diləyirəm.
Budaq BUDAQOV,
Akademik
525-ci qəzet.- 2009.- 10 dekabr.- S.6.