Gözəllik, müdriklik, bir də sadəlik

 

(Aida xanım İmanquliyevanın ad gününə sözardı)  

 

Qərbi Avropa filosoflarından biri deyərmiş ki, güclü iradə məntiqli düşüncə tərzilə qovuşanda, liderlik keyfiyyəti aşkarlanır. Yazılarımın birində isə belə cümlə işlətmişdim: “Mən müdrik insanla, xüsusilə müdrik azərbaycanlı ilə fəxr edirəm”. Məhz bu duyğular məndə görkəmli şərqşünas-alim, böyük Azərbaycan qadını Aida İmanquliyeva haqqında ürək sözlərimi qələmə almaq ehtiyacı yaratdı.

Sovet Birliyi dönəmində həmişə mənə elə gəlirdi ki, şərqşünaslıq kişi işidir və bu gün də həmin dövr üçün bu fikirdəyəm, çünki müşahidələrimə və qənaətlərimə görə şərqşünas – qadının o vaxtlar – dövlətin humanitar sahələr üzrə elmi də siyasiləşdirdiyi zəmanədə – yaxşı ədəbi-tarixi əsər yazmağa gücü, iradəsi, səbri yetərincə olmaz. Özü də mövzusu yeni dövr – mühacirat ədəbiyyatı ola!

Səmimi etiraf edirəm–Aida xanımın elmi fəaliyyəti mənim bu qənaətimi alt-üst elədi.

Cəmi 52 il yaşadı o. İndi onun 70 yaşı olardı.

Tale ona çox üstünlüklər bəxş etmişdi, təkcə uzunömürlülükdən başqa. Təəssüf... Ona görə təəssüf ki, müdrik və savadlı tədqiqatçı-alim, mehriban insan və əsl pedaqoq Aida İmanquliyeva doğma Azərbaycanımıza çox töhfələr verə bilərdi...

Güclü iradə də Allah vergisidir. Bioloqlar onu çox vaxt genlə əlaqələndirirlər. Ona görə də eşidəndə ki, Aida xanım Azərbaycan mətbuatının patriarxlarından biri, çox hörmətli Nəsir müəllimin qızıdır, onda məsələ tamam aydınlaşır.

Tale mənə nə qocaman jurnalist Nəsir İmanquliyevlə, nə də görkəmli ərəbşünas Aida İmanquliyeva ilə şəxsən yaxın tanışlıq qismət edib, amma uzun illər humanitar sahədə olduğumdan, söz sənəti sahəsində qazandığım dost-tanışlarla ünsiyyət vaxtı haqqında çox-çox ləyaqətli fikirlər eşitdiyimdən, sanki Nəsir müəllimlə yüz illərin tanışıyam. İlk gənclik illərində mətbuatda çalışmağım və bugünədək qazandığım həyat təcrübəm birmənalı şəkildə təsdiq edir ki, Nəsir İmanquliyev görkəmli redaktor idi. Otuz il Bakı kimi çox geniş və zəngin infrastruktura malik böyük regionun mətbu sözü onun imzası ilə işıq üzü görüb. Azərbaycan və rus dillərində dərc olunan həmin “Bakı” – “Baku” qəzetləri Azərbaycan jurnalistikası tarixinə sözün əsl mənasında fərqli qəzet kimi daxil olmuşdur. Həm axşam qəzetlərinin özünəməxsusluğu baxımından, həm texniki tərtibat seçimi, həm də mövzu rəngarəngliyi, janr müxtəlifliyi, cəsarətli və kəsərli müxbir sözü, novatorluğu ilə. Çünki o qəzetin redaktoru zövqlü, ötkəm və prinsipial jurnalist Nəsir İmanquliyev idi.

Bu gün Azərbaycan mediasında peşəkarlıqları ilə seçilən bir çox qələm sahibləri məhz onun tələbələridir.                      

Maraqlı və çox xarakterik bir detal xatırladım. Bu fikri Nəsir müəllimin tələbəsi olmuş ayrı-ayrı jurnalistlərdən eşitdiyimdən, “sənədliliyinə” şübhə etmirəm, ona görə də sizlə bölüşürəm. Nəsir müəllim gələcək jurnalistlərə tövsiyələrini özünəməxsus formada sirayət etdirərmiş. Məsələn, o gələcək həmkarlarına deyərmiş: ”Təsəvvür edin ki, qatarla Bakıdan Moskvaya gedirsiniz, kupedə sizdən əlavə neftçi-mühəndis, həkim və kimyaçı ixtisasında səfər yoldaşlarınız var. Bax, siz jurnalist, bu müxtəlif peşə sahiblərinin hər üçü ilə onların peşə səviyyəsində iki gün söhbət etməyi bacarmalısınız”.

O, öz tələbələrinin hərtərəfli olmasına tələbkarlığı və bu tələbkarlığa xidmət edən prinsipiallığı ilə nail olurdu.

Bütün bunları ona görə xatırlatdım ki, bu gün böyük hörmətlə anadan olmasının 70 illiyini qeyd etdiyimiz Aida xanım həmin o kişinin qızıdır.

Aida xanım İmanquliyevlər ailəsinin tək övladı olub. Sanki buna görə də o, ailədə həm qız, həm də oğlan uşağı kimi tərbiyə alıb. Və ailə sağlam olduğundan, bu tip müştərəklik övladda qətiyyətlik, prinsipiallıq, qarşıya qoyulmuş məqsədə nail olmaq cəhdi və liderlik xüsusiyyəti formalaşdırmışdır.

Onu yaxından tanıyan respublikamızın say-seçmə insanları Aida İmanquliyevanın xarakterindəki xarizmin məhz buradan qaynaqlandığını deyirlər.

Aida xanım sadə, mənəviyyatlı el qızı və gənc tədqiqatçı kimi yetişdiyi Ata evindən Ər evinə – ötən əsrin görkəmli klassik yazıçısı və əvəzsiz – bənzərsiz ziyalısı Mir Cəlalın ailəsinə köçür və onun həm alim, həm də şəxsiyyət kimi formalaşması prosesi çox ritmik davam edir. Ömür yoldaşı istedadlı fizik, özü kimi yaraşıqlı, sadə və müdrik Arif Paşayevlə bir damın altında yaşadıqca bir-birlərini daha bütöv tamamlayırlar.

Aida İmanquliyeva təkcə Azərbaycan deyil, ümumiyyətlə, sovet ərəbşünasları pleyadasına məxsus alimdir. O, doğma Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ilk qırmızı diplomlu məzunlarındandır. Ziyalı mühitimiz bilir ki, Şərqşünaslıq fakültəsinin həmin buraxılışı çox güclü məzunları ilə bu günədək elm və təhsil sistemində xatırlanılr. Aida İmanquliyeva həmin istedadlı məzunlardan biridir. Respublikamızda şərqşünaslıq üzrə ilk elmlər doktoru da Aida İmanquliyevadır. Bugünkü gənc nəslə daha aydın olsun deyə, bir qədər açıqlayım; söhbət o dövrdən gedir ki, ali təhsil almaq hədsiz dərəcədə fəxarətli, tanınmış ailənin övladı olub, əlaçı oxumaq isə çox prinsipial məsələ idi. Yəni məşhur redaktor və universitet müəllimi Nəsir İmanquliyevin övladı gərək imtahan suallarına “beş”dən yuxarı cavab verəydi ki, ona sadəcə, minnətsiz “əla” qiymət yazılaydı. Çünki o vaxtlardan başlayaraq, “İmanquliyev” soyadı Aida xanım üçün məşhur “əlahəzrət dayı”nın sehrli və keçərli sözü deyildi, savad ölçüsü, mədəniliyin, prinsipiallığın və liderliyi ələ almağın keyfiyyət nişanı idi. Bu gün o təvazökar xanımın qısa, lakin çox şərəfli ömür yoluna nəzər salanda, müəllimləri, tələbə dostları, iş yoldaşlarının xatirələrini dinləyəndə, görkəmli şərqşünas alimlərin elmi əsərlərini vərəqləyəndə bütün bunların reallığına heç bir şübhə qalmır.

Aida xanım SSRİ ilə bir adı olan, məşhur ərəb dili müəllimi Ələsgər Məmmədovun tələbəsi olub. Görkəmli şərqşünaslar: Rüstəm Əliyev və İosif Braginski onun elmi axtarışlarına rəhbərlik edib və ən prinsipial cəhət isə odur ki, gənc aspirant elmi mövzu seçəndə asan yolla getməyib. Niyə? Yuxarıda bəzi mətləbləri açıqlamışam. İndi əlavə edəcəklərim dediklərimə başqa yöndən aydınlıq gətirəcəkdir. Əvvəllər İqnati Kraçkovskinin tədqiqat sahəsi olmuş ərəb mühacir ədəbiyyatını elmi mövzu seçmək asan deyil. Buna ancaq özünün nəzəri səviyyəsinə arxayın aspirant cürət edə bilərdi. Ərəbcədən əlavə, həm də Avropa dillərində yazan, XIX-XX əsrlərdə Cənubi Amerkaya mühacirət etmiş, əsasən Suriya və Livan əsilli ədəbiyyatçıların yaradıcılığını tədqiqat obyekti kimi müəyyənləşdirmək ancaq poliqlot istedadına malik ədəbiyyatçılara məxsus qərar ola bilərdi. Başqa sözlə desək, İqnati Kraçkovskidən sonra elmi söz demək məsuliyyəti, Avropa dillərinə və dünya humanitar fikir tarixinə bələd olmağın çətinliyi gənc aspirantdan ciddi hazırlıq səviyyəsi və istedad tələb edirdi. Aida xanım nə edəcəyini yaxşı bilirdi...

Cubran Xəlil Cubran, Əmin ibn Faris ər-Reyhani, İlya Əbul-Madai, Mixail Nuayme, “Qələm cəmiyyəti” onun əsas tədqiqat sahəsi idi. Dördcildlik “ər-Reyhaniyyət” külliyatını tədqiqata cəlb edən şərqşünas da Aida xanım İmanquliyeva olub.

Ümumiyyətlə, mühacir ərəb ədəbiyyatını tədqiq etmək üçün ancaq ərəb dilini bilmək kifayət deyildir. Hətta, ingilis dilini də bilmək bu mövzuya girişmək üçün son əsas şərt hesab olunmurdu. “Mühacir ərəb ədəbiyyatı” mövzusu kompleks yanaşma tələb edən sahədir. Yəni Qərbi Avropa və rus ədəbiyyatını yaxşı bilmək, XVIII-XX əsr dünya ədəbi cərəyanlarının nəzəri əsaslarını, həm idealist, həm də materialist fəlsəfi fikrə bələdliyi tələb edən tədqiqat sahəsidir. Çünki bir tərəfdən, Aida İmanquliyevanın mövzuya yanaşma metodunda, təfəkkür tərzində müqayisəli analizə meyil xüsusilə güclü olub, digər tərəfdən isə o, hər dəfə bu və ya digər ədəbi problemlə əlaqədar öz tədqiqat sahəsinə müraciət edəndə, əvvəlki qənaətləri ilə paralellik axtarmır, əsl alim kimi yeni mahiyyətə və onun təsdiqinə xidmət edən başqa detalları sezib qabartmağa üstünlük verirdi.

Çağdaş ədəbiyyatşünaslar – istər ərəb, istərsə də qeyri-ərəb – mühacir ərəb ədəbiyyatının nəzəri əsaslarından və ədəbi tarixindən söz düşəndə, Aida İmanquliyevanın yaradıcılığına dönə-dönə müraciət edir, elmi dəstək alırlar. Çünki sanballı şərqşünas kimi onun elmi axtarışlarının ən dəyərli cəhəti konseptual formatda olmasındadır: a) ərəb ədəbiyyatının Avropa və Amerika ədəbiyyatından təsirlənməsində mühacir ərəb ədəbiyyatı xüsusi vasitəçilik missiyası rolu oynamışdır, yəni ümumi ərəb ədəbiyyatı + mühacir ərəb ədəbiyyatı = yeni ərəb ədəbiyyatı. Və bu xüsusilik ilk növbədə janr müxtəlifliyi və yeni bədii ifadə tərzində, təhkiyə formasında təsbitlənmişdir, başqa sözlə desək, müasir ərəb ədəbiyyatı dünya maarifçi və sentimental ədəbiyyat ənənəsindən romantik və tənqidi realist ədəbiyyata doğru inkişaf yolu keçmişdir. Aida İmanquliyevanın filoloji kəşfinin çox yığcam formulu, bax, bundadır.

Alim öz qənaətlərini, ərəb gerçəkliyinin təsvir-təqdimini yeni məzmun və forma uyarlığı müstəvisində təsdiq edəndə ədəbiyyatşünas kimi, yaradıcılığına toxunduğu yazarların dil-üslub xüsusiyyətlərinə toxunanda, onların leksik-semantik zənginliyini izah edəndə isə dilçi alim kimi çox məntiqli görünür.

Məhz bu keyfiyyətlərinə görə Aida İmanquliyeva gözəllik, müdriklik, bir də sadəlik mücəssəməsi kimi həm yaxınları, həm də elm-təhsil ictimaiyyəti arasında daim seviləcək və xatırlanacaq ziyalılarımızdandır. Onun həmkarlarından biri çox yaxşı deyib: “Aida xanım... keçmiş sovet ərazisi çərçivəsində, qonşu dövlətlərdə, dünyanın ən böyük paytaxtlarında keçirilən beynəlxalq və regional konfranslarda, simpozium və yığıncaqlarda arzuolunan qonaq idi...”

Bir-birinə yaraşan iki ailənin qohumluğu nadir xoşbəxtliklərdəndir. Görkəmli şərqşünas haqqında ürək sözlərimi İmanquliyevlər və Paşayevlər ailəsini məhz bu cür xoşbəxt talelər qismində dəyərləndirmək fikrilə yekunlaşdırmaq istərdim.

Belə bir tale yaşamağa dəyər...

 

 

HİDAYƏT

 

525-ci qəzet.- 2009.- 10 dekabr.- S.4.