“Bakının
İslam mədəniyyəti
əcnəbilərin gözü
ilə” mövzulu konfrans olub
Turizm İnstitutunda
(ATİ) “Bakı İslam
mədəniyyətinin paytaxtı
–2009” Mədəniyyət ili
çərçivəsində “Bakının İslam mədəniyyəti əcnəbilərin
gözü ilə” mövzusunda elmi konfrans keçirilib. Konfransda tanınmış
ziyalılar, ictimai-siyasi
xadimlər, bir sıra səfirliklərin
nümayəndələri iştirak
ediblər. Konfransda çıxış edən
ATİ-nin rektoru Cəfər Cəfərov
“Bakı İslam mədəniyyətinin paytaxtı
–2009” Mədəniyyət ili
çərçivəsində Bakıda 100-dən çox
ölkə və beynəlxalq miqyaslı tədbirlər keçirildiyini
vurğulayıb: “Azərbaycan
şərqlə qərbin
mədəniyyət və
din qovşağında
yerləşir. Bu isə ölkəmizi turizm sahəsində də cəlbedici edir. Azərbaycanda İslam mədəniyyətinin
yaranması və yayılması çox qədim tarixə söykənir. İslam mədəniyyətinin Azərbaycanda
hansı rol oynadığını bütün
dünya bilir”.
Konfransda Şimali Kipr Türk Cümhuriyyətinin
Bakıdakı təmsilçisi
Zəki Qazioğlu “Kiprin islam əsərləri
ilə Bakının İslam mədəniyyətini
əks etdirən sənət əsərləri
arasında doğmalıq
elementləri”, İran
Mədəniyyət Mərkəzinin
sədri İbrahim Nuri “Azərbaycan Respublikasının İslam
mədəniyyəti nümunələrinə
baxış” mövzularında
məruzələrlə çıxış
ediblər. Misir Mədəniyyət Mərkəzinin
rəhbəri Adel Dərviş orta əsr Bakı şəhərinin maddi və mədəniyyətində
İslam amilinin rolundan, sonrakı dövrlərdə bu mədəniyyətin ölkənin
inkişafına verdiyi
təkandan söz açıb. Konfransda xəttat Vüqar Məmmədov və rəssam Tahir Ələkbərovun əl
işlərindən ibarət
sərgi də nümayiş etdirilib.
SARA
525-ci qəzet.- 2009.- 11 dekabr.- S.7.