Müəllimlər İnstitutunun 80 illiyi
qeyd olunub
Dünən Azərbaycan Müəllimlər
İnstitutunda bu təhsil müəssisəsinin
80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış
edən təhsil naziri Misir Mərdanov
deyib ki, ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyətə başlayan
və bu gün də öz işini uğurla davam etdirən Müəllimlər
İnstitutu ölkənin
pedaqoji kadr potensialının gücləndirilməsində,
onun elmi-metodiki səviyyəsinin yüksəldilməsində
mühüm rol oynayır.
İnstitutun rektoru, professor Aqiyə Naxçıvanlı bildirib
ki, müxtəlif adlar altında fəaliyyət göstərən
Müəllimlər İnstitutu
həmişə öz
vəzifələrinin öhdəsindən
şərəflə gəlib.
Hazırda bu təhsil ocağının
çox geniş profilli ali
məktəbə çevrildiyini
vurğulayan rektor qeyd edib ki,
institut bir tərəfdən ölkənin
böyük müəllimlər
ordusunun təkmilləşdirilməsi
və yenidən hazırlanması işini
həyata keçirir,
digər tərəfdən
müxtəlif ixtisaslar
üzrə ilkin pedaqoji kadrlar hazırlayır: “Bu gün
ölkə məktəblərinin
ibtidai sinif müəllimlərinə, uşaq
bağçalarının tərbiyəçilərə ehtiyacının 60-70 faizini
məhz Azərbaycan Müəllimlər İnstitutu
və onun filialları ödəyir.
Hazırda filiallarla birlikdə
institutda bakalavr pilləsində 8 minə yaxın tələbə və 100 nəfərdən
artıq magistr təhsil alır. Onlara 21 fakültə, 56 kafedra, 42 kabinet, 21 kompyuter zalı, 12 kompyuter mərkəzi, çoxsaylı fənn kabinetləri xidmət göstərir. İnstitutda milli fənn
kurrikulumlarının orta
məktəblərdə tətbiqini,
təhsilin idarə edilməsini, məktəb
rəhbərlərinin idarəçilik
fəaliyyətinin elmi
əsaslara söykənməsini
təmin etmək məqsədilə ixtisasartırma
kurslarının tədris
proqramlarının yeniləşdirilməsi,
onların məzmununa
elmi yeniliklərin daxil edilməsi sahələrində məqsədyönlü
işlər aparılır”.
Millət vəkili
Fəttah Heydərov qeyd edib ki,
son bir neçə ildə Azərbaycan Müəllimlər İnstitutu
və digər ixtisasartırma təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmlənməsi,
müasir avadanlıq və texniki vasitələrlə təchizi,
kadr tərkibinin keyfiyyətcə yaxşılaşdırılması
ixtisasartırma tədbirlərinin
yeni forma və məzmununda təşkilinə
əlverişli şərait
yaradıb: “Bu gün təhsildə əsas məqsədlərdən biri
də yüksək ixtisaslı müəllim kadrların hazırlığından,
tədris prosesində
tədrislə praktik iş arasında daha sıx əlaqələrin
formalaşmasından, gələcəkdə
məzunların işlə
təmin olunmalarının
həllinə köməklik
göstərməkdən ibarətdir”.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun sözlərinə
görə, müasir
dövrdə elmi-texniki
nailiyyətlərdə, ictimai–siyasi baxışlarda meydana çıxan sürətli inkişaf və modelləşmə
cəmiyyətin yeni dinamik inkişaf səviyyəsini meydana çıxartdı. Bu yeni
inkişaf isə sərhədləri aşdı.
Başqa
sahələrdə olduğu
kimi təhsil sahəsində də nümunəvi təcrübələrin
mübadiləsinə, inteqrasiyaya
ehtiyac yarandı.
Bu mühit inkişaf
etmiş ölkələrdə
təhsil almağa həvəsli, azad düşüncəli və
daha ağıllı gənclər yetişdirdi.
Milli Məclisin
elm və təhsil daimi komissiyasının sədri, Şəmsəddin
Hacıyev deyib ki, hazırda Azərbaycanın əksər
ali məktəbləri
kimi Azərbaycan Müəllimlər İnstitutu,
onun filialları Bolonya prosesinə qoşulub. Bolonya prosesinin üstünlükləri
çoxdur. Lakin bu prosesin həyata keçirilməsi üçün
müəllimlər də
işlərinə yaradıcı
yanaşmalı, təhsilin
köhnə metod və üsullarından əl çəkməlidirlər.
S.QARAYEVA
525-ci qəzet.- 2009.- 11 dekabr.- S.2.