Tərcümeyi-halım
Famil MEHDİ
(sənədli
roman- xatirə)
(İxtisarla)
Görkəmli şair-publisist, dəyərli
alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət
Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki
ədəbi-ictimai həyatında özünəməxsus yeri
olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq
yolu keçib. Mərhum şairimiz
işıqlı əməllərilə, hər zaman əsl vətəndaş
mövqeyində dayanması ilə yaxın dövr tariximizin səhifələrinə
öz imzasını həkk edib. 1990-cı illərin
ortalarında – Azərbaycan xalqı üçün olduqca
narahat bir dönəmdə qələmə aldığı
“Tərcümeyi-halım” əsərindən
parçaları oxucularımıza təqdim etməklə
unudulmaz Famil Mehdini bir daha ehtiramla xatırlamağı
özümüzə mənəvi borc bildik.
Azərbaycan
Respublikası Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutu adından başqa qələm yoldaşlarım
kimi mənə də tərcümeyi-halımı
yazmağım, həm də standartçılıqdan uzaq,
mühitim, yaradıcılığımla əlaqəli bir tərzdə
yazmağım təklif olunub. Nə vaxtdır, fikirləşirəm:
nə yazım? Haradan başlayım, harada qurtarım? Həm
də həyat və yaradıcılığımda qeyri-adi nə
olub ki? Mənim həyatım yaşıdlarımın
keçdiyi yoldan elə bir şeylə fərqlənirmi?! Əgər
fərqlənmirsə, bunun kimə xeyri ola bilər?
Bu
suallar ətrafında düşündükcə müxtəlif
illərdə yazdığım şeir və poemadan misralar
yadıma düşür.
Bu
misralar arasında bütün keçdiyim yol, sevincli-kədərli,
iztirablı, sarsıntılı günlərim gəlib
göz önümdən keçdi. Bir daha hiss etdim ki,
şeirlərim mənim tərcümeyi-halımdır.
İnamımdır, mübarizəmdir, məğrurluğumdur,
hünərimdir, canıyananlığımdır, həm də
qorxaqlığımdır, zəifliyimdir,
arxasızlığımdır, kimsəsizliyimdir. Elə
buna görə də belə qərara gəldim ki, tərcümeyi-halımı
yazım. Qoy onlarca müasirim-dostlarım,
tanışlarım, qələm yoldaşlarım
yazdıqlarımın səmimiliyinə, yaxud qeyri-səmimiliyinə
şahid olsunlar, yalanım varsa, açıq desinlər, məni
məzəmmət etsinlər, lap sənətin müttəhimlər
kürsüsünə çəksinlər. Mən həqiqəti yazacağam. Əgər bəzi
sözlərim özünütərif kimi səslənsə,
qeyri-təvazökarlıq kimi görünsə, bəri
başdan üzr istəyirəm. Ömrüm boyu gəldiyim nəticələrdən
biri də budur: qeyri-təvazökarlıq pis sifətdir, ancaq
həddən artıq təvazökarlıq da bir şey
deyilmiş!... Nə isə, keçək əsl mətləbə.
1934-cü ildə Ağdamın
Sarıhacılı kəndində doğulmuşam.
Sarıhacılı kəndi Ağdamın yuxarı
qapısı hesab olunur. Şuşaya gedən yolun
üstündə yerləşir. Artıq şəhərə
bitişməkdədir. Bir otaqdan ibarət ata evimizin baş pəncərəsi
düz Qarabağ dağlarına baxır. İsti yay gecəsində
pəncərəni açanda yorğansız yatmaq olmur. Həm
də külək, sərin meh dağların, yamacların,
bağların gül-çiçəyinin ətrini evimizə
doldurur. Kəndimizi bölüb axan Kötəl çayı
da həmin dağlardan başlayıb gəlir. Son vaxtlar bədxah
qonşular çayın suyunu nasoslarla göllərə
qaldırdığından demək olar ki, quruyub. Bununla da kəndin
sanki bütün gözəlliyi itib. Doqulduğum gün kənd
kitabında qeyd olunmayıb. Anam da dəqiq bilmir. Hər-halda
doğulduğum tarix belə qəbul olunub: 25 dekabr 1934-cü
il.
Ailədə
6 nəfər olmuşuq: atam, anam, dörd uşaq. Böyük
çətinliklərlə
qarşılaşmışıq. Xüsusilə müharibə
illərində. Həmin illərdə Karyaginin (Füzulinin)
taxılı olmasa, bəlkə bütün Qarabağ
camaatı batardı. Həftədə, on gündə bir
adamlar atlanıb Karyaginə gedər, olan
qızıl-gümüşünü, paltar-palazını, gəbəsini
buğdaya, arpaya dəyişib gətirərdi. Bizdə də
belə idi. Həm də kasıb qohum-əqrəbaya, kənd
adamlarına əl tutmaq lazım gəlirdi. Adamlar pencər yeməkdən
şiş gətirmişdilər. Əziz nənəm bizimlə
bir yerdə qalırdı. Onun da inəyi,
camışı sağılırdı. Səhər-səhər
sağıb növbəyə dayanan əlsiz-ayaqsızlara
verir, aparıb südə bir az un çalır, yaxud pencər
töküb pörtlədir və yeyirdilər. Kənddə
bir ailə vardı. Vaxtilə rayonda rəhbər işlərdə
işləyirdilər. Obadan aralı gözəl daş ev
tikdirmişdilər. Darvazalarının başına
qızıl ulduz vurulmuşdu. İşə faytonla gedib-gələrdilər.
Camaata o qədər qaynayıb-qarışmazdılar.
Müharibə vaxtı kişilər cəbhəyə getdi.
Ailə üzvləri hara isə köçdü. Yalnız
bir qadın üç uşağı ilə
qalmışdı. Evdə nə vardısa
satmışdılar, dilənçi kökünə
düşmüşdülər. Biz obadan aralı, camaatdan
uzaq, həmin evin yanında qoyun-quzu otaranda bəzən
uşaqlar çıxıb yanımıza gələrdilər.
Cibimizdəki əl boyda çörəyi onlarla bölüb
yeyərdik. Bir neçə gün uşaqlar görünmədi.
Gedib pəncərədən baxdıq gördük ki, ana da,
uşaqlar da yan-yana uzanıblar. Çağırdıq cavab
vermədilər. İçəri keçdik. Məlum oldu ki,
uşaqların üçü də acından-xəstəlikdən
ölüb. Ana isə sağdır. Qaçıb kənd
qocalarına xəbər verdik. Üçünü də
arabaya qoyub yaxın təpənin döşündə bir yerdə
basdırdılar. Belə bir vaxtda atam bəzən öz
gödəkçəsini, hətta ayağımıza iri olan
çarığını bizə geyindirir, dərsdən
qalmağa qoymurdu... Boğazının yeganə isti şərfini
açıb mənə vermişdi ki, apar məktəbdə
qızıl orduya yardıma yazdır. Mən də aparıb
yazdırmışdım.
Elədiklərini
heç vaxt üzümüzə vurmazdı. Yalnız bir
söz deyərdi: “Ata olarsınız, özünüz bilərsiniz
ki, ata nə deməkdir.” Hərdən axşam bizi oturdub
öyüd-nəsihət verərdi və məcbur edərdi
ki, dəftərə yazıb əzbərləyək. Həmin
nəsihətlərdən: “Hər adamla dostluq eləməyin.
Eləyəndə axıra kimi eləyin. Əlinizdəki bir
tikə çörəyin kəsib çoxunu dostunuza verin,
azını özünüz götürün.” “Bir yerə
qonaq gedəndə özünüzü qaydaya salın ki, gecə
yarı deməyəsiniz: “İtinizin qabağına durun, su
başına gedim.” Çox istəyirdi ki, kənddə
hamımızın ayrıca evimiz, qapı-bacamız olsun. Etirazımızı
belə bir misalla dəf etdi: “Külək əsəcək
alma ağacından alma yerə düşəcək. Uşaqlarınız
bu bir almanın üstündə dalaşacaq. Sonra
arvadlarınız dalaşacaq. Sonra özünüzün
aranız sərinləyəcək.” Mənə torpaq sahəsi
götürdü. Son vaxtlar göz xəstəliyinə
tutulmasına, pis görməsinə baxmayaraq gözəl bir
bağ saldı. Ölüm ayağında iki şey
arzuladı. Birincisi dedi ki, öz suyumuzdan (Kötəl
çayının suyunu nəzərdə tuturdu. Axır
vaxtlar daha çox mineral su içirdi) içmək istəyirəm.
İkincisi dedi ki, mən hələ bağ salacaqdım,
ağac əkəcəkdim. Kötəlin suyundan içməsi
ilə dünyasını dəyişməsi bir oldu. Mən
sonralar onun xatirəsinə və nəvələrinin
torpağa bağlanması üçün orada ev tikdirdim. Atamın
son sözləri də ürəyimdə şeirə
çevrildi:
Yorub
yollar gəldim qışın qarında,
Öpüb
qucaqladım, üzünə baxdım.
Titrədi
son sözü dodaqlarında:
“Ağac
əkəcəkdim, bağ salacaqdım...”
Atamın
ömrünün son vaxtları mənim aspirantura illərimə,
onun məsləhəti ilə ailə qurduğum və ilk
uşağın- Şamilin dünyaya gəldiyi günlərə,
ən başlıcası isə müdafiə etdikdən sonra
ağır xəstəliyim vaxtına düşür. Ona
görə də heç bir köməklik göstərə
bilmədim. Yeri gəlmişkən həmin ağır
günlər haqqında, namizədlik müdafiəsi ərəfəsində,
qışın qarlı-şaxtalı bir günündə xəbər
gəldi ki, kişinin vəziyyəti çox
ağırdır. Yolları qar basdığından avtobuslar
işləmirdi. Birtəhər Şamaxıya gəldim. Raykomun
birinci katibi işləyən qohumum Rəşidin
maşınını alıb yola düşdüm. Dəfndə
iştirak etdim. Bir neçə gün qalıb geri
qayıtdım.
Müdafiəyə
bir həftə qalmış ürəyimdə şiddətli
ağrı başladı. Azərbaycanda hamının
“Loğman” deyə çağırdığı
yazıçıların həkimi Veyisov gəldi. Baxdı, dərman
yazdı və dedi: “Tərpənmək olmaz. Sakit
uzanmalısan...” Hər gün də gəlib baş çəkirdi.
Vaxt yaxınlaşırdı. Universitetdən zəng edir, gəlir,
əhvalımdan xəbər tuturdular. Müdafiəni başqa
vaxta keçirmək istəyirdilər, qoymadım. Müdafiə
günü dedim, paltarımı verin, geyinirəm. Dedilər,
olmaz. Rayondan gəlmiş qohumların, evdə ailə üzvlərinin,
heç kimin sözünə baxmadım. Geyindim, məni
taksiyə oturdub universitetə gətirdilər. Pilləkənlərı
necə çıxdım, Allah bilir. Elmi Şura üzvləri
dilxor idilər. Sədr professor Əlövsət Abdullayev
(Allah rəhmət eləsin) başqa məsələləri
dayandırıb müdafiəyə başladı. Ürək
döyüntüsü nəfəs almağa belə aman
vermirdi. Elmi Şura üzvlərinin razılığı ilə
çıxışımın mətnini şair Xəlil Rza
oxudu. Xəstə olduğum günlərdə tez-tez yanıma
gəlirdi. Hətta çıxışımın mətninin
hazırlanmasına da kömək etmişdi. Müdafiə
birtəhər keçdi. Evə qayıtdım. Deyirlər,
Veyisov eşidəndə ki, mən ayağa qalxmışam,
iki əli ilə başını tutub: “Evə salamat
qayıtmayacaq...” Amma Allahın köməkliyi ilə
qayıtdım.
Ancaq
səhər Veyisovun təkidi ilə məni xərəyə
qoyub xəstəxanaya apardılar. Təxminən beş ay xəstəxanada
qaldım. Dava-dərmanın heç bir köməyi
olmadı. Ürək döyünməsini hətta saymaq belə
mümkün olmurdu. Professor Cahangir Abdullayev bir dəfə Mərdəkanda
xəstəxanada mənə baxandan sonra dedi: “Köpəkoğlunun
cavanlığı gör nə deməkdir ey. Yaşlı
adam olsaydı, bu döyüntüynən ürək
çoxdan partlayardı...” Bu uzun əhvalatdır. Təfsilata
varmaq istəmirəm. Ancaq onu deyirəm ki, beş ay xəstəxana
həyatından sonra Veyisov mənə dedi: “Famil, sənin dərdinin
dərmanı vətənin havasıdır. Dərman sənə
kar eləmir. Gəl sən xəstəxanadan çıx, get əvvəl
Ağdama, bir neçə gün qalandan sonra çıx
Şuşaya. Hər şey düzələcək. İstəyirsən,
dilimdən kağız verim”, Təəccübləndim: necə
yəni Şuşa? Ürək xəstəliyi hara,
Şuşa yüksəkliyi hara? Ancaq o məni
inandırdı. Həqiqətən Şuşada iki ay ərzində
hər şey qaydasına düşdü. İndi bu cümlələri
yazıram, yenidən ürəyim ağrıyır. Axı bu
gün Ağdam da, Şuşa da düşmən əlindədir...
Belə
bir vaxtda, açığını deyim ki, uşağa
süd almağa belə pulumuz olmadığı bir zamanda mən
ata-anaya necə kömək edə bilərdim? Hələ o
günlərdə bu, dərdimin üstünə dərd gətirirdi.
Bir az babatlaşandan sonra ünvanı yazıb cibimə
qoyurdum (hər ehtimala qarşı, bir şey olsa, bilsinlər
kiməm) və universitetə gedib-gəlirdim. Burada bir gün
üzümə açıq dedilər: “Sənə işləmək
olmaz. Təqaüd düzəltmək lazımdır”. Bu
söz məni yenidən dərdə saldı. Ancaq
özümdə cəsarət tapdım. Özümü
sağaltdım. Universitetin rektoru Mehdi əliyev (Allah rəhmət
eləsin, ideal insan idi) bütün 1965-ci ili işsiz
qaldığımı eşidib məni yanına
çağırdı. Jurnalistika kafedrasına baş laborant
vəzifəsinə işə götürdü. Az sonra
müəllim, baş müəllim... Doktorluq dissertasiyası
da yazdım. Şeir kitabları da çap etdirdim...
Mən
bu cümlələri atam qarşısında
günahımı yumaq üçün yox, keçdiyim yolun
bu dəhşətli günlərini xatırlatmağı
lazım bildiyim üçün yazdım. Sonradan
keçirdiyim iztirablar hamısı ürəyimdə misralara
çevrildi. Bir də, demək istəyirəm: iradə yaman
şeydir. İnsan prinsipiallıq göstərsə,
özündə cəsarət tapsa, hətta ölümə
də qalib gələ bilər.
Anam
haqqında. Anam Şövkət Həşim qızı
Ağdamın Sarıhacılı ilə qonşu Əhmədavar
kəndindəndir. Hacı Sadıq oğlu Həşimin
qızıdır. Babam dövlətli olub. Su dəyirmanları
bu son vaxtlara kimi Kötəl çayı üstündə
işləyirdi. Kənddə ən yaxşı ev babamgilin evi
olub. İkimərtəbəli. Sütunlar üstündə. Dörd
tərəfi açıq eyvan. Binanın iki tərəfindən
yuxarı qalxmağa daş pilləkənlar. Hacı Sadıq
babam da maarifpərvər adam olub. Oğlu Rüstəm Avropa təhsili
alıb. Həşim babam isə təsərrüfatla məşğul
olub. Rüstəmbəy çox savadlı
imiş. Neçə xarici dil bilirmiş. Hətta deyilənə
görə, 20-ci ildə rus qoşunları Ağdama gəlib
camaata ultimatum verəndə əhali adından irəli
sürülən sərt tələblərlə Rüstəmbəy
çıxış edib.
Anam da, atam kimi savadsız olub. Səhhəti imkan
verdikcə kolxozda işləyib. Xəstə olanda
kolxozda onun əvəzinə biz işləmişik: arx çəkmişik,
xəndək qazmışıq, ağac dibi belləmişik,
alaq eləmişik və s. Görünür ata yurdunun
dağıdılması ona bərk təsir etmişdi. Bunu tez-tez xatırlayır, həyəcanlanır,
kövrəlirdi. Üstəlik də
Bakıda təhsilli qardaşı çox cavanikən vəfat
etdi. Digər qardaşı Məhəmməd
müharibə başlanan günü, hələ 18
yaşı tamam olmamış, könüllü, orduya gedib.
Yalnız bircə məktubu gəlib...
Anam
lap bu son illərə kimi qardaşlarının səliqə
ilə təmiz ağa büküb sandıqda
saxladığı paltarlarını açıb
qarşısına qoyar ağlayar, bayatı
çağırar, ağı deyər, özündən gedərdi.
Daşlaşmış əllərini, barmaqlarını
açıb, üz-gözünə, sinəsinə su səpib
güclə ayıldardılar.
Anamla
bağlı bu faktlar sonradan “Səni gözləyirəm”
poemamın yaranmasına səbəb oldu. Əri cəbhədə
həlak olmuş, ömrü boyu yol gözləyən Azərbaycan
qadınının sədaqət və məhəbbəti
burada əsas yer tutur:
Oxumağımızda
anamın haqqı-sayı daha çoxdur. Hər gün
ağacı alıb əlinə, başımızın
üstünü kəsdirir: “Oxuyun”- deyirdi. Müharibənin
ağır günlərində kəndin bütün
uşaqları məktəbdən çəkildilər. Ancaq
anam bizi qoymadı bir gün də dərsdən qalaq. Hətta
tikə-tikə bölünən çörəyin
özünə düşənini bəzən yemir, səhər
heybəmizə qoyurdu ki, sinifdə çörək yeyənin
əlinə baxmayaq. Bu haqda mən “Bəs o gün nə yedin
sən?” adlı şeirdə yazmışam. Atamın köhnə
paltarlarını söküb xalam Mələklə birlikdə
bizə paltar tikirdi. Bizim təhsilimizdə, xüsusən ali təhsilimizdə
xalam Mələk Həşim qızının böyük
haqqı olub. Allah ona min rəhmət eləsin. Biz
qardaşlar, hətta qohumlar tələbə vaxtı onun Mirzə
Fətəli döngəsi 7 nömrəli həyətdəki
darkeş otağında yaşayıb oxumuşuq. Onun ən
ucuz qiymətə aldığı ətdən bişirdiyi
supu, küftə-bozbaşı yeyib yaşamışıq,
oxumuşuq.
Mən
bu cümlələri yaza-yaza qonşu otaqda anamın “ay allah”,
“öldüm, allah”, “ah-uf” fəryadını eşidirəm. Bir
yandan yaş, bir yandan da xəstəlik. Heç nə ona
kömək etmir: nə həkimin məsləhəti, nə gəlini
Ofelya Qara qızının, nəvələri Yeganə və
Nərimanın yastığının yanında
dayanmaları, nə də mənim təskinlikverici sözlərim.
Tez-tez Qarabağı xatırlayır.
Nə
demək istədiyini başa düşürəm.
Ağır dərddir: ana ağır xəstə, vətən,
qəbiristanlığımız düşmən əlində.
Əslində
yuxarıda yazdıqlarım ata-anamdan çox özümə
aiddir. Mənim kimliyim nə karalığım haqqında
çox söz deyir. Şerimin mayasının haradan gəldiyini,
fikir və duyğularımın, hisslərimin necə
yaranıb-formalaşdığını müəyyən dərəcədə
açıb göstərir. İndi də özüm və
mühitimin tərəfləri haqqında bir qədər ətraflı
danışmaq istəyirəm.
Yuxarıda
qeyd etdiyim kimi yeddinci sinfi Əhmədavar kənd məktəbində
bitirib, Ağdam pedaqoji məktəbinə daxil oldum. Bu məktəbdə
aldığım təhsil, savad, bilik, məlumat mənim
taleyimdə həlledici rol oynadı. Oradakı polad
intizamı, pedaqoji qayda-qanunu sonralar heç yerdə görmədim.
Kənd məktəbində Müzəffər Kərimovun
ciddiliyi, prinsipiallığı, tələbkarlığı
çox xoşuma gəlirdi. Yadımdadı, bir dəfə
tarix dərsinə hazırlaşa bilməmişdim. Neft
olmadığından lampamız yanmadı, işıqsız
qalmışdıq. Səhər məktəbə gedəndə
evin taxtapüştünə çıxdım. Yekə bir
şirin nar götürdüm. Heybəmə qoyub məktəbə
apardım. Müzəffər müəllim sinfə girən
kimi aparıb stolun üstünə qoydum. Gözlədiyimin
tam əksi oldu. Jurnalda adları oxuyan kimi mənə üz
tutdu:- gəl dərsi danış,- dedi. Ayağa qalxıb
başımı aşağı saldım:- Bilmirəm.- dedim.
Qapını açıb narı kolların arasına
fırqıtdı... Maraqlı insan idi. İndi də
yaşayır.
Pedaqoji
məktəbdə isə əsl ziyalı, tələbələrlə
səmimi ünsiyyət yaradan alicənab müəllimlərə
rast gəldim. Ağsaqqallar İdris Əlimirzəyev, Kərrar
Mikayılov, Hacı Hacızadə, Əmir Əmirli,
İsmayıl Ağayev, Süleyman Məmmədov, daha sonra Nəriman
Qəhrəmanov, Hüseyn Əliyev, Əbdüləhəd
müəllim, Alı və Nuriyyə Rəhimovlar, Mahmud
Çolakov. Bunlar həqiqətən ziyalı idi.
Bütün tələbələrə öz övladları
kimi baxırdılar. Onların sırasında Kübra əliyevanı
ayrıca qeyd etmək istəyirəm. Kübra müəllimə
onlara nisbətən çox cavan idi. Sözün həqiqi mənasında
mənə analıq, bacılıq edibdir. Allah, necə də
nəcib, həssas, qayğıkeş insan idi... Pedaqoji məktəbdə
komsomol-komitəsinin katibi seçildim. Rayonun ictimai həyatında
iştirak etdim. Kommunist Partiyası sıralarına qəbul
olundum. O vaxt partiyaya çox böyük inamım vardı. Stalinin
ölümü bütün dünyanı
sarsıtmışdı. Rayon yas tutub ağlayırdı. Qəzetlərdən
oxuyurdum ki, bütün dünya Stalinə yas saxlayır. Hətta
Yunanıstanlı bir ana öz körpəsinin venasını
kəsib qanını köynəyinə boyayıb, Moskvaya
göndərmişdi ki, Stalinə sonsuz məhəbbət
nümunəsi kimi muzeydə saxlasınlar. Hələ o vaxt pərəstişin-filanın
nə olduğunu bilmirdim. Pedaqoji texnikumu fərqlənmə
diplomu ilə bitirib, 1953-cü ildə Azərbaycan Dövlət
Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə
daxil oldum.
(Ardı var)
Famil MEHDİ
525-ci qəzet.- 2009.- 12
dekabr.- S.30.